THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Mərkəzi Asiya: yeni müharibə gözlənilirmi?

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 2 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
13257
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 avqust 2013 – Newtimes.az

Yaxın Şərqdə silahlı toqquşmalar başa çatmamış Mərkəzi Asiyada da savaşın alovlana biləcəyindən danışırlar. Qərb ekspertləri bunun bir neçə səbəbi ola biləcəyini söyləyirlər. Müxtəlif arqumentlər gətirilir və fərqli ssenarilərdən söhbət açılır. Lakin bütün hallarda həmin regionda gərginliyin qaçılmaz olduğu təəssüratı yaranır. Görünür, yaxın illərdə bəzi dairələr növbəti qaynar nöqtənin ''istisində qızınmaq'' sevdasına düşüb.

İki ekspertin oxşar və fərqli arqumentləri

ABŞ Konqresində Mərkəzi Asiyanın təbii ehtiyatları uğrunda mübarizə ilə bağlı dinləmələr olub. Regionda yeni müharibənin başlaya bilməsi ehtimalı müzakirə edilib. Ekspert qismində çıxış edənlər – Ed Çou və Neyl Braun bununla əlaqədar proqnozlarını bildiriblər. Xatırladaq ki, E.Çou Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində (Center for Strategic and İnternational Studies) energetika üzrə mütəxəssis, N.Braun isə Alman Marşal Fondunda (German Marshall Fund of the United States) ekspertdir. Dinləmələr Nümayəndələr Palatasının Avropa, Avrasiya və yaranan təhlükələr alt-komitəsində konqresmen Dana Rohrabaherin sədrliyi ilə bu il iyulun 25-də keçirilib.

İclasın sədri dünya üzrə enerji resurslarına olan tələbatın artması nəticəsində müxtəlif regionlarda mübarizənin də gərginləşdiyini vurğulayıb. Xatırladıb ki, Mərkəzi Asiyada son illər bu istiqamətdə bir neçə təhlükəli əlamət özünü göstərib. Mütəmadi olaraq bu məsələ müzakirə edilsə də, hələlik konkret bir qərar yoxdur. Ona görə də ekspertlərin mövqelərini bildirmələrinə ehtiyac vardır.

Ekspert E.Çou hesab edir ki, Mərkəzi Asiyada enerji ehtiyatları uğrunda mübarizənin savaşa çevrilə bilməsi bir qədər şişirdilir (bax: Edward C.Chow.The Emerging Threat of Resource Wars // www.csis.org, 25 iyul 2013). Buna baxmayaraq, regionda böyük geosiyasi güclər arasında ciddi mübarizə gedir. Ekspert Dövlət Departamentinin TAPİ (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) qaz layihəsi üzrə məsləhətçisi kimi fikirlərinə əmin olduğunu da ifadə edib.

Bununla yanaşı, Mərkəzi Asiyada Qərb şirkətləri ilə Rusiya, Çin və Hindistan şirkətləri arasında rəqabətin mövcudluğunu inkar etmək olmaz. Məlumdur ki, TAPİ layihəsi Rusiyanı elə də qane etmir. ABŞ və Avropanın da bundan tam məmnun olduğunu demək çətindir. E.Çou bir məqamı vurğulayır ki, Amerika enerji marşrutlarının diversifikasiyasını dəstəkləyir. Əgər Əfqanıstanda ABŞ-ın nüfuzu yüksək olacaqsa, TAPİ kimi layihələr ona geosiyasi dividend gətirəcək. Bu da avtomatik olaraq, Rusiya və Çini Qərbə rəqib etmək deməkdir.

Bunlar göstərir ki, Mərkəzi Asiyada enerji mənbələri uğrunda mübarizədə böyük dövlətlər arasında ziddiyyətlər dərinləşə bilər. Ekspert E.Çou bunu xüsusi vurğulamasa da, irəli sürdüyü fikirlərdən həmin məqamı hiss etmək olur. Bu ziddiyyətin hətta müharibə səviyyəsinə çatması ehtimalı vardır. Əsas nüans isə ondan ibarətdir ki, Konqresdə dinləmələr Mərkəzi Asiyada enerji ehtiyatları uğrunda müharibənin olub-olmayacağı məsələsinə həsr edilib. Deməli, faktiki olaraq, bu ssenari istisna deyil. Ən azından bu regionda da Yaxın Şərqə oxşar bir vəziyyətin yaradılması təhlükəsini istisna etmək olmaz.

Digər ekspert Neyl Braunun dinləmələrdəki çıxışından da bunu duymaq mümkündür. O, problemə iki aspektdə yanaşır. Birincisi, region dövlətləri arasında yarana biləcək münaqişələr. İkincisi, Xəzər hövzəsinin enerji ehtiyatları uğrunda gedən mübarizədə meydana çıxan ziddiyyətlərin Mərkəzi Asiyaya təsiri. Hər iki aspekti ciddi surətdə nəzərə almaq lazım gəlir. Region ölkələri arasında münaqişələrin zəmini keçən əsrin 30-cu illərində həyata keçirilən düzgün olmayan inzibati bölgü zamanı qoyulub. Bu da illərlə yığılan sosial-iqtisadi və etnik xarakterli problemlər meydana gətirib. İndi onlar daha da gərginləşib.

Digər çətinliklər Mərkəzi Asiya enerji daşıyıcılarının Xəzərin dibi ilə Avropaya çatdırılmasını nəzərdə tutan layihələrlə bağlı yaranıb. Bu kontekstdə dənizin dibinin bölünməsi məsələsində ortaq razılığın olmaması öz mənfi təsirini göstərməkdədir. N.Braun hesab edir ki, həmin tendensiya getdikcə güclənə bilər və birbaşa Mərkəzi Asiyaya təsirini göstərər (bax: Neil R.Brown. Changing the Rulesin Global Resource // www.docs.house.gov, 25 iyul 2013).

Bunlarla yanaşı, ekspert E.Çounun irəli sürdüyü bir fikir maraq doğurur. O, Mərkəzi Asiyada münaqişənin neft və qaza görə deyil, içməli su mənbələri uğrunda gedən mübarizədən yarana biləcəyini söyləyir. Doğrudan da, bölgə dövlətləri arasında içməli su ilə bağlı ziddiyyətlər mövcuddur. Onlar zaman-zaman şiddətlənir. Özbəkistanla Tacikistan arasında bununla bağlı yaxın keçmişdə anlaşılmazlıq yaranmışdı. Hər iki tərəfdən sərhədçilər arasında həlak olanlar vardı. Lakin hələlik bu istiqamətdə regional səviyyədə özünü göstərə bilən hadisə baş verməyib.

Enerji daşıyıcıları ilə əlaqəli mübarizənin regionda gərginliyi artırdığı şübhə doğurmur. Ekspertlər bu prosesin fonunda narkotik maddələrin qanunsuz ticarətinin də vəziyyətə mənfi təsirinin olacağını istisna etmirlər. Bu sahədə təhlükənin əsasən Əfqanıstandan gəldiyi məlumdur. Həmin səbəbdən, mümkündür ki, enerji daşıyıcıları uğrunda aparılan mübarizə narkotik maddələrin qanunsuz dövriyyəsinin məqsədli şəkildə artırılması ilə daha da şiddətlənsin.

Nüfuz uğrunda savaş və təhlükəsizliyin təmini: uzlaşma nöqtəsi yoxdur

ABŞ Dövlət Departamentində Mərkəzi Asiyada enerji ehtiyatları uğrunda böyük dövlətlərin apardığı mübarizənin müharibəyə səbəb ola bilməsi ilə bağlı müzakirələrin təşkil edilməsi təhlükəli məqamlardan xəbər verir. Belə görünür ki, Yaxın Şərqdən sonra Qafqaz və Mərkəzi Asiyada geosiyasi proseslər kəskinləşə bilər. Heç kəs inkar edə bilməz ki, dünya liderliyi uğrunda Amerika ilə Çin arasında mübarizə gedir. Bu istiqamətdə vəziyyət getdikcə daha da mürəkkəbləşir. Əfqanıstandan amerikan əsgərlərinin çıxarılmasından sonra regionda hansı geosiyasi proseslərin cərəyan edəcəyini müəyyənləşdirmək xeyli çətindir.

Lakin Konqresdə məsələnin bu cür qoyuluşu maraq doğurur. C.Kuçera vurğulayır ki, "Amerika hökumətinin regiona əsasən silahlı münaqişələr aspektində diqqət yetirməsi təəssüfləndiricidir'' (bax: Джошуа Кучера. В Конгрессе США прошли слушания о возможности войн за ресурсы в Центральной Азии // EurasiaNet, 26 iyul 2013). Vaşinqton bölgədə demokratiyanın inkişafı ilə bağlı lazımi səviyyədə iş görmür. Bu o deməkdir ki, Qərbin Mərkəzi Asiya siyasətində öz geosiyasi maraqlarına üstünlük vermək tendensiyası hələ də digər dəyərləri qabaqlayır. Həqiqətən də, belə bir fakt varsa, həmin regionda müharibənin alovlanması ehtimalı yüksəkdir.

Başqa bir məqam Xəzər hövzəsinin enerji ehtiyatlarının Mərkəzi Asiya uğrunda gedən geosiyasi mübarizə ilə əlaqələndirilməsidir. Ekspertlərin əksəriyyəti belə bir bağlılığı istisna etmirlər. Onlar məsələnin bu aspektinə ciddi diqqət yetirirlər. Buradan belə nəticə çıxarmaq olar: Mərkəzi Asiyada ola biləcək hər hansı silahlı toqquşmanın Cənubi Qafqaza sıçrama ehtimalı vardır. Proseslərin bu istiqamətdə getməsi böyük bir geosiyasi məkanda qarışıqlıq yarada bilər. O cümlədən, mövcud münaqişələrin həlli ciddi çətinliklərlə üzləşər.

Dünyanın böyük geosiyasi güclərinin götürdükləri kursdan dönmələrini gözləməyin mənası yoxdur. Bu kontekstdə Cənubi Qafqaz və Mərkəzi Asiya üçün ortaq olan əsas təhlükə radikal dini qruplaşmaların bölgə dövlətlərinə kənardan yeridilməsi ola bilər. Yəni indi Misir və Suriyada müşahidə edilən proseslərin eynisini bu regionlarda da yaratmaq cəhdinin olması mümkündür. Bu baxımdan ABŞ Konqresində daha çox silahlı münaqişələrin meydana çıxmasının müzakirə edilməsi bir çox suallar doğurur.

Burada Rusiya və Çinin Mərkəzi Asiyada nüfuz uğrunda mübarizəni gücləndirəcəyini nəzərə almaq lazımdır. Xüsusilə, Əfqanıstandan NATO-nun çəkilməsindən sonra əvvəlcədən proqnozlaşdırılmayan hadisələr baş verə bilər. Təsadüfi deyil ki, regiona coğrafi olaraq yaxın olan böyük dövlətlər məhz bu ssenarini nəzərə alaraq indidən tədbirlər görürlər. Məsələn, Rusiyanın Əfqanıstana təkrar qayıdışı perspektivi mediada müzakirə edilir. Pekin öz növbəsində Mərkəzi Asiyaya iqtisadi, mədəni və maliyyə sahələrində ciddi surətdə nüfuz etməyə çalışır. Bütün bunlar Qərb ekspertlərinin regionla bağlı verdikləri proqnozların əsaslı olduğunu təsdiq edir. Lakin bir sual olduqca düşündürücüdür: nəyə görə bu kimi təhlillər və proqnozlarda daha çox parçalanmaya, müharibələrə, silahlı toqquşmalara üstünlük verilir? Bu kontekstdə də dini radikalizm qabardılır?

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...