THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Müsəlman ölkələri üçün ssenarilər: ixtilaflar və parçalanmalar

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 9 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
12902
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 7 avqust 2013 – Newtimes.az

Son zamanlar "ərəb baharı'' prosesinin fonunda müsəlman ölkələrində siyasi hadisələrin inkişaf ssenariləri ilə bağlı müxtəlif proqnozlar verilir. Yaxın Şərqdə geosiyasi proseslərin intensivləşməsi aspektində bu, böyük maraq doğurur. Meydana bir sıra suallar çıxır. Bütövlükdə müsəlman ölkələrin dövlətçiliyinin inkişafı məsələsinin aktuallaşdığı görünür.

Yaxın Şərqdə geosiyasi proseslərin dinamikası: fərqli yanaşmalar

Dünya mətbuatında müsəlman ölkələrində müşahidə edilən siyasi proseslərin analizinə həsr edilmiş məqalələrin sayı artır. Müxtəlif yanaşmalar nəzərə çarpır. "Təhrir''dən "Taksim''ə qədər baş verən hadisələrin geosiyasi qiymətləndirilməsi cəhdləri aydın hiss edilir. Burada maraq doğuran bir neçə məqam vardır. İslam aləmində son illər özünü göstərən və yüksək dinamikası ilə fərqlənən proseslərin mürəkkəb xarakterə malik olması demək olar ki, əksər ekspertlər tərəfindən vurğulanır. Lakin onların ümumi qiymətləndirilməsində qlobal geosiyasi güclərin maraqlarına daha çox üstünlük verilməsi meyli də hiss edilir.

ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma bölməsinin 2009-2011-ci illərdə müdiri işləmiş Anna-Mariya Slauxter, Romanın Kəsişən elmlər və Geosiyasət Ali Məktəbinin direktor müavini Daniele Skalea, rusiyalı analitik Yaroslav Şimov, türkiyəli yazar Mehmet Seyfettin Erol və digər tanınmış mütəxəssislərin məsələyə həsr edilmiş yazıları maraq doğurur.

Hər şeydən əvvəl, "ərəb baharı''nın məzmununun dəyişdiyi haqqında fikir söylənilir. Bu proses başlayanda Qərbdə hesab edirdilər ki, ərəb ölkələrində demokratikləşmə vüsət alır. Sonradan müxtəlif dini qruplaşmaların təşəbbüsü ələ almasından ehtiyatlanan avropalılar son məqsədini anlaya bilmədikləri inqilablar seriyasının mövcudluğundan danışmağa başladılar (bax: Даниэле Скалеа. От Тахрир до Таксим: череда восстаний в Средиземноморском регионе // ''Международная жизнь'', 31 iyul 2013). Bununla da Yaxın Şərqdə müxalif qismində çıxış edən qüvvələrə yardım etmək məsələsində tərəddüdlər meydana gəldi. Paralel olaraq ABŞ-ın regionda hansı məqsədləri güddüyü ətrafında diskussiyalar genişləndi.

Anna-Mariya Slauxter hesab edir ki, Vaşinqtonun Misirdə əsas məqsədi "liberal demokratiyanı bərqərar etməkdən ibarətdir'' (bax: Anne-Marie Slaughter. What America Wants in Egypt // Project Syndicate, 22 iyul 2013). Yaroslav Şimov isə problemə geniş aspektdə yanaşır. Onun qənaətinə görə, əsas məsələ "cəmiyyətin hakimiyyətə yadlaşması'' ilə bağlıdır ki, bu da yalnız Yaxın Şərqə deyil, həm də Qərb cəmiyyətlərinə xas haldır (bax: Ярослав Шимов. Тахрир по-eвропейски // "Радио Свобода'', 14 iyul 2013). Belə çıxır ki, "ərəb baharı'' əslində müsəlman cəmiyyətlərində uzun müddət gedən sosial-iqtisadi və mədəni-psixoloji proseslərin birbaşa nəticəsidir.

Lakin problemə yanaşma bunlarla məhdudlaşmır. Türkiyəli yazar Mehmet Seyfettin Erol maraqlı bir versiya ortaya atır. Onun mövqeyinə görə, Yaxın Şərqdə baş verənlər qlobal səviyyədə aparılan geosiyasi oyunun nəticəsidir. Belə ki, müsəlman ölkələri "mötədil İslam'' adlanan siyasi hərəkat başladılar. İlk sırada Misir və Türkiyə vardı. Bu proses İslami dəyərlərlə demokratiyanın sintezinə nail olmağı nəzərdə tuturdu. Əsas məqsəd İslam dünyasını radikal dini baxışlardan qurtarmaqdan və eyni zamanda, Qərb modeli üzrə demokratik cəmiyyət formalaşdırmaqdan ibarət idi (bax: Mehmet Seyfettin Erol. "Ilımlı İslam Projesi''nin sonu mu? // "Milli Gazete'', 18 iyul 2013).

Radikal İslam qayıdırmı?

Yaxın Şərq üçün müsbət hal olan bu proses kənardan böyük geosiyasi güclərin işə qarışması ilə tamamilə fərqli istiqamət aldı. Əsasən ABŞ və İsrailin maraqlarına uyğun olaraq radikal dini qruplaşmalar siyasət meydanına atıldı. Misir və Suriyada "Cemaati-i-İslam'' və "Pakistan Talibanı''nın təqribən eyni vaxtda peyda olması bunun əlamətlərindən biridir. Bu qruplaşmalar siyasi mühitə qarışıqlıq gətirir. Müxalifət sıralarına isə ixtilaflar salırlar.

Suriyada son zamanlar cərəyan edən hadisələrin məzmunu bu proqnozu təsdiq edir. Türkiyə mətbuatında yayılan informasiyaya görə, İraqdan kürdlər Suriyaya "əl-Qaidə''nin qolu olan "ən-Nusra'' ilə vuruşmağa gedirlər. Artıq 4 min kürdün orada olduğu bildirilir (bax: Namık Durukan. 4 bin Kürt genci Suriye'ye geçti // "Milliyet'', 31 iyul 2013). Digər informasiya mənbələrinin də verdiyi məlumatlar onu göstərir ki, Suriyada vətəndaş müharibəsi daha şiddətli hal alır. Müxtəlif etnik qruplar arasında ixtilaf siyasi müstəvidə dərinləşir. Əgər kürdlər muxtariyyət elan etsələr, bu prosesin yeni səviyyəyə qalxacağı proqnozlaşdırılır.

Təxminən buna oxşar ssenarilər Misir və Türkiyə üçün nəzərdə tutulub. Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişer "Misir Mursidən sonra'' adlı məqaləsində göstərir ki, bu ölkədə üç əsas qruplaşma mövcuddur. Bunlar "Müsəlman qardaşları'', Hüsnü Mübarəkə sadiq hərbçilər və müasir düşüncəli gənclərdir (bax: Joschka Fischer. Egypt after Morsi // ''Project Syndicate'', 26 iyul 2013).

Siyasi mübarizənin məhz bu qüvvələr arasında gedəcəyi və vəziyyətin kəskinləşməsi ehtimalının az olmadığı haqqında müəllif fikir söyləyir. Burada silahlı toqquşmaların genişlənməsi imkanından danışılır. Bunların fonunda Y.Fişer gənclərin siyasi cəhətdən təşkilatlanmasından çox şeyin asılı olacağını yazır.

Türkiyə ilə bağlı analoji ssenarilərdən söz açırlar. Hətta bəzi ekspertlər bu ölkənin Avstriya-Macarıstan, yoxsa ABŞ tipli dövlət olacağı haqqında proqnozlar verməyə başlayıblar. (bax: Станислав Тарасов, Милош Маркович. Чем станет Турция: Австро-Венгрией или США? // www.iarex.ru, 24 iyul 2013). Onlar Türkiyənin bir neçə kiçik dövlətə parçalanması və ya federasiyaya çevrilməsi ssenarilərini istisna etmirlər.

Təbii ki, bu kimi üzdəniraq proqnozlar reallığı əks etdirmir, lakin əsas məsələ – kənar dairələrin müsəlman ölkələrini necə görmək istədiklərinin tədricən üzə çıxması maraqlıdır. S.Tarasov kimilərinin Azərbaycan və Türkiyə ilə bağlı "Regnum”-da yazdığı cızma-qaralara indi "proqnostik tezisləri” əlavə olunub. Bizcə, məsələnin də mahiyyəti məhz bu istiqamətdəki fikir transformasiyalarının genişlənməsindən ibarətdir.

Digər müəlliflərin də fikirlərinə müraciət etmək olar. Lakin yazıların sayının artması problemə analitik və ekspertlərin yanaşmasının dəyişməsini ifadə etməyəcək. Müsəlman ölkələri ilə bağlı yuxarıda vurğuladığımız ssenarilərdən fərqli bir şey yazmırlar. Belə görünür ki, İslami dəyərlərə əsaslanan siyasi qüvvələrin inkişaf etməsinə imkan vermək istəməyən qüvvələr fəallaşıblar. Onlar müxtəlif üsullarla müsəlman dövlətlərin siyasi mühitinə radikal əhval-ruhiyyəli qrupları yerləşdirməyə çalışırlar.

Bu, bir sıra Yaxın Şərq ölkəsində uğur qazanmış və İslam əxlaqına önəm verən siyasi gücləri gözdən salmaq kampaniyası fonunda baş verir. Həmin aspektdə M.Erolun təhlili və gəldiyi nəticələrlə razılaşmaq olar. Əgər radikal İslamı yenidən siyasi mühitə qaytara bilsələr, müsəlman dövlətlər üçün çox çətin mərhələ başlayacaq. Dövlətçilik və demokratiyanın müdafiəsi üçün ağır mübarizə aparmaq lazım gələcək.

Məsələnin digər tərəfi iqtisadi və maliyyə böhranı içində olan Qərbin müsəlman ölkələrinin inkişafına əngəl törədə bilən hadisələri KİV-də daha çox qabartmasına bağlıdır. Belə təəssürat yaranır ki, bəzi dairələr həm İslam dünyası dövlətlərinə təsirlər edir, onların daxili parçalanması istiqamətində fəaliyyət göstərir, həm də informasiya müharibəsi vasitəsi ilə insanlarda yanlış təsəvvürlər yaratmağa çalışırlar. Bu zaman əsas olaraq dini qrupların siyasiləşməsindən istifadə edirlər. Düşündürücüdür ki, verilən proqnozların hamısında müsəlman ölkələrin parçalanması ssenariləri üstünlük təşkil edir. Səbəbi nədir? Doğrudanmı, bu dövlətlər yalnız parçalana bilərlər? Fikrimizcə, bu suallara hər kəsdən əvvəl müsəlmanlar cavab axtarmalıdırlar.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...