THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Dağlıq Qarabağ: ədalətli həll yolunun şərtləri

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
16027
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 5 avqust 2013 – Newtimes.az

Qərbdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə marağın artdığı müşahidə edilir. Müxtəlif nəşrlərdə bu mövzuda analitik yazılar dərc olunur. Müəlliflər fərqli fikirlər ifadə etsələr də, hər biri artıq bu problemin aradan qaldırılmalı olduğu qənaətindədirlər. Bu aspektdə Aleksandros Petersenin həmin mövzuya həsr edilmiş məqaləsi maraq doğurur.

Kerriyə bəslənən ümid və gerçəklik

Cənubi Qafqazın geosiyasi dinamikasının Azərbaycanın enerji siyasəti kontekstində qiymətləndirilməsini artıq analitik və ekspertlər zəruri şərt kimi qəbul edirlər. Səbəbi Bakının sürətli inkişaf kursu seçməklə böyük bir geosiyasi məkana təsir etmək imkanı əldə etməsidir. 1993-cü ilin ikinci yarısından başlayan bu proses getdikcə daha geniş geosiyasi məkanda və böyük gücdə özünü göstərir. Qərbin nüfuzlu analitik, ekspert və diplomatlarının məhz bu bağlılıqda regionun geosiyasi mənzərəsini təhlil etməsi adi hala çevrilib. H.Kissincer, C.Fridman, C.Kuçera və başqa tanınmış Qərb analitikləri bu mövzuya müraciət ediblər. Son olaraq geosiyasət üzrə tanınmış mütəxəssis Aleksandros Petersen Dağlıq Qarabağ probleminin həlli məsələsinə Azərbaycanın regiondakı geosiyasi rolu prizmasından nəzər salmağa çalışıb (bax: Alexandros Petersen. Kerry, Go Fix Karabakh! (Hə, Kerri, Qarabağla məşğul ol!) // ''The National Interest'', 24 iyul 2013).

Əvvəlcə əksər xarici ekspertlər üçün xarakterik olan bir məqamı vurğulamağa ehtiyac duyuruq. Onlar Cənubi Qafqazın geosiyasi taleyinə bu və ya digər dairələrin maraqları kontekstində qiymət verirlər. Bu səbəbdən istənilən təhlil və proqnozda subyektiv məqam yer alır. A.Petersenin də adıçəkilən yazısı istisna deyil. Müəllif ABŞ-ın dövlət katibinə təmsil etdiyi ölkənin geosiyasi maraqlarını təmin etmək üçün yaranmış əlverişli şəraiti əldən verməmək üçün ''tələsin'', deyə müraciət edir. Ancaq məqalədə bütövlükdə regionun geosiyasi dinamikasının bir sıra mühüm cəhətlərini ifadə edən fikirlər də az deyil.

Burada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə enerji siyasətinin işığında qiymət verilir. Rəsmi Bakının təbii qazını Avropaya ixrac etmək üçün Trans-Adriatik qaz kəməri marşrutunu seçməsi Avrasiya məkanında geosiyasi dinamikanı dəyişməyə qadir hadisə kimi təqdim olunur. Azərbaycan bu seçimi ilə Qərbin enerji ilə təminatı məsələsində prinsipial mövqe tutduğunu bir daha təsdiq etmiş oldu. Hazırkı mürəkkəb geosiyasi vəziyyətdə belə bir addım kifayət qədər böyük siyasi iradə tələb edir. Buna qarşılıq olaraq bəzi dairələr regionda xaos yarada bilərlər. Müəllifin fikrincə, Amerika bu ehtimalı nəzərə almaqla hərəkət etməlidir.

Buradan görünür ki, Cənubi Qafqazda Azərbaycanın yeritdiyi enerji siyasəti qlobal miqyasda proseslərə təsir edir. Bunun etiraf olunması erməni təhlilçilərin boşboğazlığını bir daha dünyaya göstərir. Onlar regionda Ermənistanın mühüm geosiyasi oyunçuya çevrilməkdə olduğunu və böyük dövlətlərin məhz həmin faktoru nəzərə alaraq addımlar atdığını yazırlar. Guya buna görə də Qərb Türkiyə və Azərbaycana daim təzyiq göstərir. Reallıq isə tamamilə bunun əksinin doğru olduğunu sübut edir.

A.Petersen dövlət katibi C.Kerrinin ermənilərə rəğbətinin olmasına baxmayaraq, siyasətdə fərqli mövqe tutmağa məcbur olduğunu xüsusi vurğulayır. Məsələ konkret olaraq Azərbaycanın geosiyasi əhəmiyyətinin böyük olmasından ibarətdir. Bunun bir tərəfi enerji amilinə bağlıdırsa, digər tərəfi ABŞ-ın Əfqanıstandan qoşunlarını çıxarması fonunda meydana gələ biləcək bir çox faktorlarla əlaqəlidir. Dağlıq Qarabağ məsələsindən məhz bu prosesi pozmaq üçün istifadə edə bilərlər. Cənubi Qafqazda xaotik durum yaratmaqla mövcud geosiyasi balansı dəyişməyə cəhd edərlər. Nəticədə isə ABŞ və NATO bir çox imkanlardan məhrum olar.

Şübhəsiz ki, Qərb analitikinin bu ehtimalları özünü doğrultmaya da bilər. Ən azından ona görə ki, Amerika qoşunlarını Əfqanıstandan çıxarmaq üçün bir neçə varianta malikdir. Həm də Azərbaycanı bu məsələyə tərəf kimi qatmaq o qədər də uğurlu yanaşma deyil. Məlumdur ki, Rusiya və İran Xəzərdə hərbi güclərini artırırlar və birgə təlimlər keçirirlər. Onu da unutmaq olmaz ki, ''əl-Qaidə'' kimi terror təşkilatları amerikalılara yardım edən hər bir ölkəyə qarşı düşməndirlər. Bu səbəblərdən Azərbaycanı Əfqanıstandakı hərbi kontingentin çəkilməsi marşrutu qismində təqdim etməyə ehtiyac qalmır. Lakin Dağlıq Qarabağ məsələsini məhz bütövlükdə Mərkəzi Asiyada gedən geosiyasi-hərbi proseslərlə əlaqələndirmək cəhdi düşündürücüdür.

Gerçəklik nədən ibarətdir? Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Yaranmış vəziyyətdə ədalətli həll təcavüzkarın zəbt etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməsindən ibarət olardı. Bundan başlamaq əvəzinə, problemi qlobal geosiyasi mühitdə baş verən və regiondan kənarda cərəyan edən hadisələrə bağlamaq "arabanı atın qabağına qoymaq'' deməkdir. Məqalədə ABŞ-ın məsələni həll etməsi üçün hansı addımları atmalı olduğu barədə verilən "tövsiyələrin'' məzmunu da bu qənaəti təsdiq edir.

C.Kerrinin Massaçusets ştatının qubernatoru kimi ermənilərə verdiyi dəstəyi yadda saxlamaqla, A.Petersen hərbi əməliyyatlara başlamadan münaqişədə status-kvonu dəyişmək lazım gəldiyini bildirir. Ancaq necə? Burada müəllifin iki müsbət fikrini qeyd etmək lazımdır. Birincisi, ''Dağlıq Qarabağı dünya ictimaiyyəti Azərbaycan ərazisi kimi tanıyır''; ikincisi, "Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilib''. Əgər bu iki tezis danışıqlarda qeyd-şərtsiz qəbul edilərsə, təbii ki, C.Kerri tarixə düşə bilər. Əks halda, heç bir müsbət nəticə əldə etmək mümkün olmayacaq.

Geosiyasi maraqlar və ədalət hissi: uyğunlaşdırmaq mümkündürmü?

Rəsmi İrəvanın hazırda nümayiş etdirdiyi məntiqsiz və əsassız xarici siyasət kursu C.Kerrinin bu məsələdə uğur əldə etməsi şansını minimuma endirir. Erməni KİV-də gedən analitik yazılardan görünür ki, S.Sarkisyan iqtidarı Qərb və Rusiya arasında Dağlıq Qarabağ məsələsində manipulyasiya etməklə daha çox dəstək almağa çalışır. Onların nəinki Dağlıq Qarabağ və ətraf rayonlardan işğalçı qoşunu çəkmək niyyətləri yoxdur, hətta Naxçıvana iddia edirlər. Əsas kimi də Qərb və Rusiyanın regionda apardığı geosiyasi mübarizənin buna imkan verəcəyini götürürlər (Игор Мурадян. На Каспии штиль // Lragir.am, 25 iyul 2013).

Ermənistan indi Türkiyəyə qarşı ərazi iddiası irəli sürməyin yeni yollarını axtarır. Bu günlərdə həmin ölkənin baş prokuroru hətta rəsmi olaraq bildirmişdi ki, Ankara ermənilərə bəzi əraziləri ''qaytarmalıdır''. İrəvanın Gürcüstanda Cavaxetiyaya olan iddiasını da nəzər alanda, bu cırtdan dövlətlə bağlı real vəziyyətin necə olduğu haqqında təsəvvür yaranır. Sərsəm planlardan danışan Ermənistan rəhbərliyi hansı vicdanla Dağlıq Qarabağ probleminin ədalətli həlli müstəvisində danışıqlar apara bilər?

Burada yeganə yol təcavüzkara həqiqi mənada təzyiqlər edib, onu sülhə istiqamətləndirməkdir. Ancaq nə Qərb, nə də Rusiya tərəfdən belə bir addımın atıldığı hələlik müşahidə edilməyib. Bütün bunlara görə, C.Kerrinin Dağlıq Qarabağ məsələsində ermənilərlə hansı dildə danışacağı məlum deyil. A.Petersenin ədalətli arzuları, obyektiv təhlilləri və proqnozları ola bilər. Konkret olaraq isə bunların praktiki həyata keçməsi mexanizminə Amerikanın sahib olduğunu görmürük. Erməni şıltaqlığına indiyə qədər Qərb dözüb və belə də davam edir.

Bütün bunlara rəğmən, A.Petersenin yazısı Cənubi Qafqazla bağlı geosiyasi dəyişikliklərin getdiyini göstərir. Əvvəla, regionda Azərbaycanın aparıcı geosiyasi oyunçu olması qəbul edilir. Bakının yeritdiyi enerji siyasəti onunla hesablaşmaq zərurətini bir daha dünyaya anladır. Bu mənada Vaşinqtonun da Dağlıq Qarabağ probleminin həllinə münasibəti dəyişməlidir. Bunu hansı dövlət katibinin edəcəyinin elə də əhəmiyyəti yoxdur.

İkincisi, Qərbdə başa düşürlər ki, Ermənistan və Gürcüstan geosiyasi aspektdə regional miqyasda həlledici rol oynaya bilməyəcəklər. Buna onların iqtisadi, siyasi və dövlətçilik imkanları yoxdur. Bütün hallarda onlar Azərbaycanın yanında olmalıdırlar.

Üçüncüsü, Dağlıq Qarabağ məsələsinə Yaxın Şərq-Mərkəzi Asiya geosiyasi məkanı kontekstində yanaşanda meydana bir çox mürəkkəb məqamlar çıxır. Bu prosesin vəziyyəti daha da ağırlaşdıra biləcəyi ehtimalı vardır. Başqa sözlə, böyük dövlətlər öz maraqları üçün həmin münaqişədən istifadə edə bilərlər. Bu da regionu son dərəcə həssas bir duruma gətirir.

Bunlar təsdiq edir ki, Dağlıq Qarabağ probleminin yeganə həll yolu ədalətli mövqe tutmaqdan keçir. Digər bütün variantlarda regionda gərginliyin yüksəlməsi qaçılmaz ola bilər.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...