THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Türkiyə: "Gezi parkı" olaylarının dərsləri

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8637
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 31 iyul 2013 – Newtimes.az

Mediadan dəyərləndirmələr; iqtidarın "komplo teori'' suçu

Medianın Türkiyədəki sözügedən hadisələri dəyərləndirməsini, şərti olaraq, iki qrupa bölmək olar: 1. xarici medianın olaylara münasibəti; 2.Türk mediasının özünün hadisələrə yanaşması və onu işıqlandırma tərzi. Zənnimizcə, Türk mediası olayların sürdüyü bütün dövr ərzində Qərbin nüfuzlu media qurumlarının ciddi təsiri altında idi və bu təsir bu gün də qalmaqda davam edir (bu qənaətin nədən qaynaqlqndığını yeri gəldikcə aydınlatmağa çalışacağıq). Bu səbəbdən də nüfuzlu Qərb mediasının olaylardakı rolunun dəyərləndirilməsindən başlamaq daha məqsədəuyğun olardı. Söhbət burada ilk növbədə "CNN”, "Bi-bi-si”, "Vaşinqton Post”, "Faynenşl Tayms” və s. kimi yayım və media qurumlarından gedir.

Diqqəti çəkən ilk məqam sözügedən media orqanlarının "Gezi parkı” və Taksim olaylarını sıradan olmayan bir maraqla izləməsi və onları işıqlandırarkən xüsusi canfəşanlıq sərgiləməsidir. Bu baxımdan "CNN international” kimi bir kanalın Taksim meydanından bütün dünyaya, hətta, reklamları belə tamamən ixtisar edərək (!), 8 saatlıq fasiləsiz canlı yayım sərgiləməsi əsla sıradan bir hadisə sayıla bilməz. Türk televiziya kanallarından birinin aparıcısı Qərb mediasının tanınmış jurnalistlərinin birindən "CNN”-in bu qeyri-adi fəallığını şərh etməsini xahiş edərkən o, bunu jurnalist peşəkarlığı ilə izah etməyə çalışdı: Taksim İstanbulun xüsusi önəm daşıyan bir yeri olduğuna görə, orada baş verən hər hansı sıradan olmayan hadisə jurnalist üçün önəmli xəbərdir və onun peşə borcu bu cür xəbəri dərhal yayımlamaqdır.

İlk baxışda cavab çox məntiqlidir, əgər mühüm bir qeyd-şərt olmasa idi: dünyanın müxtəlif guşələrində baş verən analoji olaylara CNN fərqli yanaşma sərgiləməsə idi. Xarici media türk polisinin etirazçılara qarşı qəddarlıq nümayiş etdirdiyi görüntüsü yaratmaqla, hakimiyyətin fikir və ifadə azadlığına dözümsüzlüyü və bununla da Türkiyənin demokratik standartlardan çox uzaq olduğu haqqında rəy yaratmağa çalışırdı. Halbuki iki ildir ki, Yunanıstanda ardı-arası kəsməyən etirazlara və lap yaxın keçmişdə Nyu-Yorkda "Volstriti işğal et” nümayişlərinə müdaxilə zamanı polisin davranışı Taksimdəkindən qat-qat sərt və qəddar idi. Bəs nə üçün həmin Qərb mediası o hadisələri işıqlandırarkən eyni həssasiyyəti nümayiş etdirmədi?.. CNN, hətta, Taksimdəki etirazlara polisin müdaxiləsi zamanı çoxsaylı insan tələfatı olduğuna dair açıq-aşkar dezinformasiya xarakterli və hadisələrin qızışdırılmasına hesablanmış məlumat yaymaqdan belə çəkinmədi.

Bütün bunlardan çıxan nəticə budur ki, Qərb mediasının hadisələrə münasibəti, ən azından seçicidir (əgər qeyri-obyektiv deyilsə) və buna görə də olayların işıqlandırılması hansısa qaranlıq məqsədlərə xidmət edir. Qərb media qurumlarının davranışında diqqət çəkən başqa bir məqam həmin məqsədlərin üzərinə işıq salmağa imkan verir. Türkiyədə hakimiyyətin qeyri-demokratik imicini formalaşdırıb qabartmaqla, məhz, indiki anda qüdülən məqsəd nədir? Qərb mediasında birdən-brə "türk baharı” ifadəsinin peyda olması qoyulan suala cavab tapmağa kömək edir: sən demə, Türkiyədəki son hadisələr məlum "ərəb baharı”nın davamı imiş. Müqayisənin nə qədər yersiz və reallıqdan uzaq olduğu göz qabağındadır. "Ərəb baharı”nın cərəyan etdiyi ölkələrdə parlamentarizm ənənələri və demokratik təsisatlar ya, ümumiyyətlə, mövcud deyildi, ya da bu təsisatların bəziləri, formal olaraq, mövcud olsa da, bu, eyni bir siyasi partiyanın və şəxsin fasiləsiz olaraq, 30 ildən artıq bir dövr ərzində hakimiyyəti öz inhisarı altına almasına mane olmurdu. Türkiyənin ötən əsrin 50-ci illərindən bu günə qədərki tarixində buna bənzər hər hansı bir hadisənin olmadığı gün kimi aydındır. Burada hakimiyyətin azad, demokratik seçkilər yolu ilə dəyişməsinin möhkəm və davamlı ənənəsi formalaşmışdır. Buna görə də Türkiyədə "ərəb baharı”na bənzər bir şey axtarıb tapmağa çalışmaq, ən azı, insafsızlıqdır.

Bəlkə "ərəb baharı” eyforiyasının dumanı Qərb media mənsublarının gözündən hələ də çəkilməmişdir və bu onlara gerçəkliyi olduğu kimi görməyə mane olur? Adları çəkilən media qurumlarının danılmaz peşəkarlığı və regiona kifayət qədər yaxşı bələd olması bu ehtimalı, demək olar ki, heçə endirir; Qərb mediasının Türkiyədəki hadisələri qərəzli şəkildə və məqsədli işıqlandırdığını qəbul etməkdən başqa seçim qalmır.

Lakin ən qəribəsi Qərb mediasının çoxlu sual işarətləri doğuran bu cür ikibaşlı davranışı deyil – ikili standartların mövcudluğu coxdan bəlli olan bir həqiqətdir. Əsl təəccüb doğuran Türkiyədə özünü müstəqil sayan media qurumlarının hadisələrin gedişi zamanı tutduğu anlaşılmaz mövqedir. Böyük təəsüf və əndişə doğuran gerçəklik budur ki, bu qurumların sərgilədiyi münasibət Qərb mediasının qərəzli mövqeyindən çox da fərqlənmədi. Taksim olaylarının qızğın çağında "CNN türk” kanalının yayımladığı reportaja diqqət edin (qeyd etmək yerinə düşər ki, reportyorlar hamısı türk vətəndaşlarıdır): Taksimə bitişik hündür binalardan birinin eyvanından ağızlarında maska yayım sərgiləyən iki reportyor maskalarını xüsusi nümayiş etdirərək, polisin "dinc” etirazçılara qarşı işlətdiyi bibər qazı dumanından yana reportaj aparmağın nə qədər ağır olduğunu dönə-dönə vurğulayırlar. Operatorlar polisin nümayişçilərə doğru yönəltdiyi təzyiqli su şırnağıni, görünməmiş bir hadisə (qəddarlıq!) kimi, müxtəlif rakurslardan dəfələrlə ekranlara gətirirlər. Qanuni vəzifəsini yerinə yetirən polisin hərəkətlərini addımbaaddım izləyərək, ona qara yaxmaq fürsətini qaçırmayan bu jurnalistlər eyni həssaslığı, nədənsə, yanan maşınların və polisi daş-qalaq edən "dinc” nümayişçilrin ekranlara düşən görüntüləri barədə göstərmirlər.

Olayların baş verdiyi bütün dövr ərzində türk mediasının sözegedən kəsimi baş nazir Ərdoğanı ittiham etmək üçün, sanki, yarışa girmişdilər və bu ittihamlar bu gün də davam etməkdədir. İttihamların məğzini ümumiləşdirməyə çalışaq: Ərdoğanın 10 ildən yuxarı ölkəni yönəltdiyi dövr ərzində qazandığı uğurlar onda müvəffəqiyyətdən başgicəllənmə yaratmışdır; ona elə gəlir ki, vətəndaşın rəyinə məhəl qoymadan lazım bildiyi istədiyi işi görə bilər; hər hansı müxalif fikrə qarşı etinasız davranır, fərqli mövqe tutanlar haqqında sərt üslub nümayiş etdirərək, onların heysiyyatını alçaldır; ”Gezi parkı” olaylarının qızışışaraq, nəzarətdən çıxmasında baş nazirin heç bir suç işlətməyən nümayişçilərə qarşı sərgilədiyi bu sərt üslub həlledici rol oynadı; Ərdoğan demokratiyanı yalnız seçrilərdə görür və anlamaq istəmir ki, azlığın fikir və ifadə azadlığının qorunması da demokratiyanın seçkilər qədər və bəlkə ondan da ötə, təməl prinsipidir.

Beləlikiə, media olayların qızışaraq, əndazədən çıxmasını, istisnasız olaraq, Ərdoğanın "kobud səhvləri” ilə izah edərək, onun və digər iqtidar təmsilçilərinin bu hadisələri Türkiyənin böyüməsini gözü götürməyərək, onu zəiflətməyə çalışan qüvvələrin planlaşdırdığı barədə bəyanatlarını tamamilə hesabdan sildi. Media hesab edir ki, iqtidarın bu yöndə olan bəyanatları ciddi faktlara söykənməyən və buna görə də reallıqdan çox uzaq olan "nəzəriyyədən” – türklərin "komplo teori” dediyi uydurmadan başqa bir şey deyil. Əgər həqiqətən bu belədirsə, onda hadisələrin planlaşdırıldığına işarət edən və haqqında yuxarıda kifayət qədər danışdığımız bu qədər arqumentin eyni vaxtda bir araya gəlməsini necə izah etmək olar? Türkiyənin xüsusi xidmət orqanları Ukraynada, Gürcüstanda, Misirdə və digər ölkələrdə antihökumət nümayişlərini təşkil edən "Otrop” təşkilatının Türkiyədəki hadisələrdə iştirakına dair faktlara malikdir. Əgər bu təşkilat, iddia edildiyi kimi, heç bir dövlətlə bağlılığı olmayan bir qurumdursa, onda onun həyata keçirdiyi bütün aksiyaların Qərbin aparıcı media orqanlarının qızğın dəstəyi ilə müşayiət olunduğunu necə anlamaq olar?

Doğrudanmı Türkiyəni zəiflətməyə çalışan böyük güclərin varlığı haqqında ölkənin gündəmini heç vaxt tərk etməyən iddialar "komplo teori” səpkili boş söhbətlərdir? Nəzərə alsaq ki, Türkiyənin bu gün onların əksəriyyəti ilə normal əlaqələri vardır, həmin böyük gücləri təmsil edən ölkələrin də qatıldığı və hazirda ən qüdrətli hərbi-siyasi blok olan NATO-nun Türkiyə aparıcı üzvlərindən biridir və Avropa Birliyinə qatılmağı özünün strateji hədəfi sayır, onda bu güclər Türkiyəni zəiflətməkdə niyə maraqlı olsunlar ki? İnandırıcı görünür və Türkiyədə bu gün belə düşünənlər, təəssüf ki, az deyil. Lakin bütün məsələ bundadır ki, Türkiyənin aparıcı Avropa ölkələri və xüsusən, ABŞ-ilə sıx əlaqələri hər iki tərəfin siyasi, iqtisadi və digər utilitar maraqlarının təmin olunmasına hesablanmış qeyr-sabit bağlantılardır. Bu əlaqələr dünyagörüşlərin və ideolojilərin birliyi ilə səciyyələnən davamlı mənəvi ittifaq yaratmaq üçün qətiyyən yetərli deyil. Türkiyə əhalisinin böyük əksəriyyəti müsəlmandır və islam bütün təzyiqlərə və basqılara rəğmən canlı olan tükənməz güc mənbəyidir. Belə bir mənəvi potensialdan çoxdan məhrum olan Qərb ona özünün maddi-texniki gücünü qarşı qoysa da, bu, onu neytrallaşdırmaq üçün kifayət deyil.

Mənəvi gücün nələrə qadir olduğunu Qərb özünün tarixi zaman baxımından çox da uzaq olmayan keçmişindən yaxşı bilir. Ötən əsrin ortalarına yaxın Avropanı diz üstə çökdürən faşizmin gücü onun ideoloji əsası olan nasional-sosializmdən qidalanırdı. Bu ideologiya isə, öz növbəsində, mədəniyyətin Qərb sivilizasiyasının davamlı basqılarina qarışı sərgilədiyi və öz miqyasına, saçdıgı dəhşətə görə sonuncu ən böyük cavab reaksiyası idi. Sivilizasiyanın davamlı zorakılığı altında ciddi mənəvi aşınmalara məruz qalmış Qərb mədəniyyəti də öz tərəfindən zorakılığa sanksiya verərək, faşizmi doğurdu. Bu mənada deformasiyalara uğramış Qərb ruhunun doğurduğu faşizmin gücü, eybəcərləşmiş də olsa, mənəvi mənbədən qidalanırdı.

Türkiyə üçün, islamdan əlavə, digər böyük mənəvi güc amili Osmanlı imperatorluğu dönəmində formalaşmış və bütün basqılara rəğmən türklərin təhtəlşüurunda yaşamaqda davam edən "böyük millət” və "böyük dövlət” ruhudur. Buna görə də böyük güclərin Türkiyəni zəiflətməkdə maraqlı olmasına dair fikirlərə "komplo teori” damğası vurmaq, ən azından, yersizdir. Qərbin nəinki Türkiyəni, həmçinin bütün islam dünyasını zəiflətmək üçün Böyük Kürdüstan dövləti yaratmağa yönəlmiş ardıcıl səylərini görməmək, bəyəm, mümkündürmü? Nəzərə alsaq ki, kürdlərin əhəmiyyətli bir qismi PKK-nın ideolojisinin təsiri altındadır və bu ideolojinin də təməl prinsiplərindən birini ateizm təşkil edir, onda Qərbin və ilk növbədə ABŞ-nin Böyük Kürdüstan layihəsinin nəyə hesablandığını anlamaq o qədər də çətin deyil.

Türk mediasında baş nazir Ərdoğana və hökumətə qarşı yönəlmiş ittihamlarla tanış olarkən adamda belə təəssürat yaranır ki, bu medianın təmsilçiləri, sanki, hansı ölkədə yaşadıqlarının fərqində deyillər. Onlar inkişaf etmiş Qərb cəmiyyətləri üçün səciyyəvi olan deokratiya standartlarını Türkiyənin və onun yerləşdiyi regionun tarixi, siyasi və coğrafi realliqlarını hesaba almadan olduğu kimi buraya transfer etmək niyyətindədir. Bu adamlara acı, lakin unudulması yolverilməz olan bir həqiqəti xatırlatmaq yerinə düşərdi: Türkiyəni parçalamaq üçün hərəkətə keçməyə hər an hazır olan Domokl qılıncı bir çox türk bilim adamlarının və jurnalistlrinin demokratiya haqqında cəlbedici təsəvvürlərinin mənbəyi olan Qərb cəmiyyətlərinin heç birinin başının üstündən asılmamışdır. Hər halda Ərdoğanın sərt üslub sərgiləməsinin səbəbləri haqqında daha soyuqqanlı düşünmək pis olmazdı.

Zakir Məmmədəliyev,

fəlsəfə elmləri doktoru, professor

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...