THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Ümumdünya tarixində və müasir geosiyasətdə asimmetrik müharibələr

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4059
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 12 iyul 2013 – Newtimes.az

ХХ əsrin sonu – ХХI əsrin əvvəlləri "soyuq müharibə”nin başa çatması nəticəsində dünyanın geosiyasi strukturunda tektonik dəyişikliklərin baş verməsi ilə əlamətdar olmuşdur. "Soyuq müharibə” dövrünün nisbətən dəqiq ikiqütblü mənzərəsi tədricən öz yerini formalaşmaqda olan çoxqütblü, çoxsivilizasiyalı dünyada daha mürəkkəb qarşılıqlı münasibətlərə, xüsusən də xristian və İslam dünyaları arasında qarşılıqlı münasibətlərə verməyə başladı. Bütün bunlar beynəlxalq səhnədə silahlı mübarizənin asimmetrik müharibə adlanan keyfiyyətcə yeni forma və metodlarını meydana gətirdi.

Dünya tarixində, xüsusən də son iki yüzillikdə Yer kürəsində kifayət qədər asimmetrik xarakterli müharibələr baş verib. Onlardan bəzilərini, məsələn, XIX əsrin əvvəllərində ispanların Napoleonun qoşunları ilə müharibəsini, 1817-1864-cü illərin Qafqaz müharibəsini, 1830-cu və 1863-cü illərin Polşa üsyanlarını, 1899-1902-ci illərin ingilis-bur müharibəsini, Latın Amerikası, Asiya və Afrikada çoxsaylı anti-müstəmləkə üsyanlarını, İkinci dünya müharibəsi dövründə Avropa və SSRİ-də partizanların alman işğalçılarına qarşı döyüşlərini, Əlcəzairin müstəqillik uğrunda 1954-1962-ci il müharibəsini, 1979-1989-cu illərin Əfqanıstan müharibəsini, Rusiyada 90-cı illərin çeçen müharibəsini, habelə ХХ əsr boyu Rusiya, Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, İspaniya, Türkiyə, Pakistan və Hindistanda müxtəlif terror təşkilatları və cərəyanlarının rezonanslı aksiyalarını və s. xatırlatmaq kifayətdir. Dinc əhalinin kütləvi qırğını ilə müşayiət olunan bu hadisələr həm dünyanın böyük dövlətləri, həm də ayrı-ayrı dövlətlərin hökumət strukturları üçün başağrısı yaratmışdır.

Hələ XX əsrin əvvəllərində məşhur ingilis kəşfiyyatçısı və "kiçik müharibələr” üzrə mütəxəssis polkovnik T.E.Lourens, Birinci dünya müharibəsi illərində türk ordusuna qarşı partizan müharibəsi aparan ərəblərin təcrübəsinə əsaslanaraq qeyd edirdi ki, "üsyanla müharibə aparmaq şorbanı bıçaqla yemək qədər əziyyətli və yorucudur”. Ötən əsrin ortalarında fransız politoloqu və sosioloqu Reymon Aron özünün "Xalqlar arasında sülh və müharibə” adlı fundamental əsərində qeyd edirdi ki, böyük dövlətlərin XX əsrin müstəmləkə müharibələrində məğlub olması "qiyamçı-müstəmləkəçi” münasibətlərin assimmetriyası ilə izah oluna bilər. Qüvvələr bərabərsizliyi ilə yanaşı Aron "konservator və qiyamçıların davakar dialoqunda iradə, maraq, antipatiya assimmetriyası”nı da qeyd edir.

1975-ci ildə britaniyalı alim, beynəlxalq münasibətlər üzrə mütəxəssis E.Makk "World Politics” (Vol. 27. No 2) jurnalında dərc olunmuş "Böyük dövlətlər kiçik müharibələri niyə uduzurlar: asimmetrik münaqişə siyasəti” adlı məqaləsində ABŞ-ın Vyetnam müharibəsini, habelə inkişaf etmiş ölkələrin digər ölkələrdə, məsələn, İndoneziyada, Əlcəzairdə, Kiprdə, Mərakeşdə, Tunisdə bir sıra məğlubiyyətlərini təhlil edərək elmi dövriyyəyə ilk dəfə "asimmetrik münaqişə” terminini daxil etmişdi. Müəllif belə bir qənaətə gəlir ki, asimmetrik münaqişələrin gedişində ənənəvi hərbi qüvvədə böyük üstünlüyə malik olan tərəfin qələbəsi heç də təmin olunmamışdır. Belə münaqişələrin əksəriyyətində güclü ölkələr elə də ağır hərbi məğlubiyyətə uğramasalar da, düşmənə öz iradəsini yeritməyi bacarmadıqlarından, siyasi mənada məğlub olmuşlar. Beləliklə, belə müharibələr öz mənasını itirirdi. Bu münaqişələrdə zəif tərəfin siyasi qələbəsi güclü düşməni hərbi baxımdan məğlub etmək qabiliyyəti deyil, güclü düşmənin qarşısındakı məqsədlərinə çatmadan mübarizəni davam etmək iradəsini tükəndirmək qabiliyyəti hesabına təmin olunurdu. Ən mühüm mübarizə aləti kimi burada hərbi əməliyyatların aparılmasının asimmetrik üsullarından, xüsusən də partizan müharibəsi formasından istifadə olunurdu. Bu cür silahlı münaqişələrdə asimmetrik müharibələrin aparılmasının əsasən aşağıdakı iki taktikası formalaşmışdır: mütəşəkkil partizan müharibəsi taktikası və fərdi terror taktikası.

Bu gün artıq açıq-aşkar görünür ki, ХХI əsrin əvvəllərində üstünlük silahlı münaqişələrin "asimmetrik müharibələr” formasına məxsusdur. Bəzən altıncı nəsil müharibələri də adlandırılan bu tip müharibələr vuruşan tərəflərin iqtisadi və hərbi-texniki imkanlarının qeyri-bərabərliyi ilə fərqlənir. Bu müharibələrdə dəqiq cəbhə xətti olmur. Daimi quru ordu hissələri əsasən "passiv” funksiyaları – mühafizə və blokadaedici funksiyaları yerinə yetirir. Düşmən ərazisində aparıcı hərbi obyektlərin məhv edilməsindən başlayaraq siyasi və hərbi liderlərin ələ keçirilməsi və aradan götürülməsinədək aktiv hərəkətlər çox vaxt xüsusi təyinatlı bölmələrə həvalə edilir. Bu müharibələrin əsas xüsusiyyəti onların asimmetrik xarakterə malik olmasındadır. Qüvvələrin nisbəti qeyri-bərabər olan münaqişələrdə ("David və Qoliafın döyüşü”) nisbətən güclü tərəf çox nadir hallarda qalib gəlir. Əgər zəif tərəf tam olaraq məhv edilməyibsə, onda asimmetrik müharibədə çox vaxt faktiki qalib o olur. Asimmetrik müharibənin əsas məqsədi isə düşmənin hərbi qüvvəsində boşluqların, zəif tərəflərin aşkar edilməsindən və bunlardan mümkün qədər strateji fayda götürməkdən ibarət olur.

Asimmetrik müharibələrin spesifik cəhətlərindən biri də həmçinin tərəflərin müharibənin aparılması, hərbi əsir və girovlarla rəftar üsulları, müharibə qurbanlarının müdafiəsi haqqında Haaqa və Cenevrə konvensiyalarını faktiki olaraq tanımamasıdır.

Beynəlxalq siyasətdə asimmetrik münaqişələrin özəlliyini XX əsrin ikinci yarısından etibarən nəzərə almağa cəhd edilmişdir. Nisbətən zəif düşmənə qarşı mübarizənin xüsusiyyətlərini nəzərə alaraq dövlətlər hərbi əməliyyatların strategiyasını modifikasiya etməyə çalışırdılar. Bu strategiya məhdud miqyaslı birbaşa hərbi toqquşmaların ssenarilərinin işlənməsini, hərbi qüvvələrin xüsusi hazırlanmış azsaylı qoşun kontingenti halında döyüşə hazırlanmasını, düşmənin qeyri-daimi dəstələrinə qarşı preventiv əməliyyatların aparılmasını və kəşfiyyat və agentura şəbəkələrinin məlumatlarından istifadə edilməsini, yerli əhali ilə əlaqələrin təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsini, habelə yerli cəmiyyətdə öz tərəfdarlarına hərbi və maddi yardım göstərilməsini ehtiva edir. Müasir dövrdə açıq-aşkar asimmetrik xarakterli münaqişələrə NATO-nun anti-terror qüvvələrinin Əfqanıstanda "Taliban” hərəkatına qarşı apardığı döyüş əməliyyatlarını aid etmək olar.

Öz növbəsində asimmetrik müharibələrin beynəlxalq terrorçuluğun müxtəlif şəbəkə strukturları tərəfindən mənimsənilən və tətbiq edilən müasir aparılma üsulları tammiqyaslı müharibələrin və lokal silahlı münaqişələrin hamılıqla qəbul olunmuş klassik formalarından onunla fərqlənir ki, onlar gizli siyasi məqsədlərin olması, yeni, çox vaxt gözlənilməyən zorakılıq vasitələri və formaları tətbiq olunmaqla qəfil, motivasiya edilməmiş və nöqtəli zərbələrin endirilməsi ilə fərqlənir. Bu, hücum obyekti üçün çox vaxt kütləvi psixoloji şokla müşayiət olunan gicəlləndirici nəticələrə, çoxsaylı insan tələfatına və maddi itkilərə səbəb olur. Bu arada adət etdiyimiz dəqiq cəbhə xətti və "xəyali” düşmənlə vizual əlaqə olmur. Mahiyyət etibarilə asimmetrik müharibələr müasir beynəlxalq terrorçuluğun geosiyasi texnologiyasıdır. Bu strategiyanın ərazi baxımından məhdudiyyəti yoxdur. Axı terrorçuluq aksiyaları istənilən yerdə və istənilən zaman törədilə bilər. Münaqişənin nisbətən zəif iştirakçıları dərk etdilər ki, xüsusən də müasir cəmiyyətlərdə daha çox ziyan daha zəif hədəflərə zərbə endirməklə vurmaq olar. Buna görə də kifayət qədər müdafiə olunan obyektlər əvəzinə məhz müdafiə olunmayan mülki obyektlər çox vaxt hücuma məruz qalır. Paradoks yaranır: dünya (ilk növbədə Qərb) texniki-texnoloji cəhətdən nə qədər çox inkişaf etsə, bir o qədər də acizləşir.

Asimmetrik münaqişələrin əsas xüsusiyyətlərinə isə mübarizə aparan tərəflərin qüvvə və statuslarının açıq-aşkar qeyri-bərabərliyi şəraitində nəticəni proqnozlaşdırmağın mümkün olmamasını; zəif iştirakçı tərəfindən "güclünün zəif tərəflərinin” axtarılması strategiyasından istifadə edilməsini; zəif tərəfin hərbi əməliyyatların qadağan edilmiş vasitələrinə əl atmasını; zəif tərəfin "dolayı” hərbi əməliyyatlar taktikasını tətbiq etməsini; güclü tərəfin öz mövqelərini müdafiə etməyə və zəifi qəti əzməyə qadir olmamasını aid etmək olar. Son illər intiharçı-terrorçular tərəfindən özünü qurban vermək hallarının sayı artmışdır ki, bu da hüquq-mühafizə qüvvələrinin terror təhdidlərinin qarşısını almaq istiqamətində fəaliyyətinə əngəlliklər yaratmışdır.

Ümumilikdə bu müharibələr hərbi işdə dünyanın böyük dövlətlərinin son onilliklərin kontaktsız müharibələr adlandırılan müharibələrində həyata keçirdikləri inqilabi yeniliklərlə əlaqəli olmur. Terrorçuluq aktlarında istifadə olunan vasitələr kifayət qədər kompakt və çevikdir. Özü də müharibənin bu növü müasirliyin daha da genişlənməkdə olan qlobal proseslərinə müqavimət göstərən sivilizasiya birliklərinin etirazını ifadə edir.

Bundan başqa, nəzərə almaq lazımdır ki, müxtəlif ölkə və regionlar qloballaşma proseslərinə qatılmağa heç də eyni dərəcədə hazır deyildirlər. Bəzi ölkələr ümumiyyətlə bu və ya digər tarixi səbəblərdən (siyasi təcridolma və ya özünü təcridetmə, texnoloji və iqtisadi imkanlar, qərarlaşmış avtarkiya ənənələri, yüzilliklər boyu formalaşmış spesifik mənəvi dəyərlər) qlobal proseslərin periferiyasındadır. Hətta müasir qloballaşma proseslərinin son dərəcədə yüksək templəri nəticəsində onların önündə olan ölkə və regionlarla (bu, "Böyük səkkizlər”ə daxil olan ölkələrdir) digərləri (bunlar əksəriyyət təşkil edir) arasındakı uçurum ildən ilə daha da dərinləşir ki, bu da onların arasında gərginliyi bu və ya digər dərəcədə artırmaya bilməz. Hələ qloballaşma prosesləri ərəfəsində geosiyasətçi Karl Şmittin diqqətini dünya tarixinin sonuncu iştirakçısı olan, "talassokratik Qərb dünyası”nın total hücumu qarşısında "sivilizasiyanın durulmasına” və öz "qitə dəyərlərini” itirməsinə rəğmən özünün əzəli missiyasına sadiq qalan, müharibənin aparılmasının ənənəvi üsullarından kəskin dərəcədə fərqlənən öz müharibə etikasının əsaslarını yaradan ”partizan” fiquru üzərində cəmləşdirməsi təsadüfi deyil. Beynəlxalq terrorçuluq qüvvələrinin başladığı müxtəlif miqyaslı asimmetrik müharibələrin son məqsədi isə dünya birliyində "hamının hamıya qarşı müharibəsi” vəziyyətinə gətirib çıxara bilən total xaos və qorxu yaratmaqdır. Şərqin Qərbə qarşı apardığı asimmetrik müharibə əvvəlcə vesternləşməyə, daha sonra da amerikanlaşmaya transformasiya edən qloballaşmaya özünəməxsus bir cavabdır. Dünyada neçə illərdir ki, davam edən maliyyə-iqtisadi böhran qloballaşmanın, ilk növbədə geoiqtisadi astarıdırsa, asimmetrik müharibə onun bir növ hərbi-siyasi astarıdır.

Asimmetrik müharibələri dünyanın böyük dövlətləri öz uzaqgedən geosiyasi məqsədlərinə nail olmaq - "qeyri-dost ölkələrə” qeyri-stabilliyi ixrac etmək, nəhəng regionlarda rəqib ölkələrin nüfuzunu zəiflətmək üçün bu regionları destabilləşdirmək, silahlanmaya start vermək, öz cəmiyyətini səfərbər etmək üçün tətbiq edirlər.

Bununla əlaqədar XXI əsrin övladı olan, sosial-siyasi mahiyyət baxımından tamamilə yeni – qlobal miqyaslı geoterrorçuluq əlamətlərini əldə edən transmilli terrorçuluq qüvvələrinin total irəliləyişi işığında həm beynəlxalq terrorçuluq strukturlarının, həm də onlara qarşı duran anti-terror koalisiyalarının mübarizə aparma metodları bir-birindən az fərqlənir. Planetin bir sıra "qaynar nöqtələri”ndə cərəyan edən hərbi-siyasi proseslərə nəzər salmaq kifayətdir.

Öz növbəsində terrorçuluq aktlarına dərhal və çox vaxt açıq-aşkar qeyri-mütənasib cavab (minlərlə qurbanlar Qərbdə - yüzlərlə qurbanlar Şərq və Cənubda) rəqabətdə olan geosiyasi qüvvələrin adekvat reaksiyasına səbəb ola bilər ki, bunun da bəşəriyyət üçün nə ilə nəticələnə biləcəyini proqnozlaşdırmaq çətindir. Hantinqtonun söylədiyi "sivilizasiyaların toqquşması” təhlükəsinin fonunda bu, beynəlxalq terrorçuluğun daha miqyaslı bir növünün - "transsivilizasiya” terrorçuluğunun meydana gəlməsinə səbəb ola bilər.

Müasir asimmetrik müharibə getdikcə "qiyam müharibəsi”nə meyl edir. Belə bir müharibələr dövrünün başlanacağını hələ XX əsrin 60-70-ci illərində Rusiyanın tanınmış hərb nəzəriyyəçisi Yevgeni Messner söyləmişdi. O, dünya birliyini öz səylərini sivil bəşəriyyətə yaxınlaşmaqda olan real təhdidlə mübarizədə cəmləşdirməyə çağırmışdı.

Pərvin Darabadi,

tarix elmləri doktoru, professor

Ədəbiyyat

  1. Mack A. Why Big Nations Lose Small Wars: The Politics of Asymmetric Conflict // World Politics. 1975. Vol. 27. No 2;
  2. A Theory of Asymmetric Conflict // International Security. 2001. Vol. 26. No 1;
  3. Aron R. Paix et guerre entre les nations, Paris, Calmann-Lévy, 1962;
  4. Лиддель Гарт. Полковник Лоуренс. Москва, 1939;
  5. Асимметрия в вооруженном противоборстве (часть 1) // Военно-политическое обозрение / 27.08.2012;
  6. Слипченко В.И. Войны шестого поколения. Оружие и военное искусство будущего. Москва, 2002;
  7. Комлева Н., Борисов А. Асимметричные войны – геополитическая технология современного терроризма // Обозреватель. 2002. № 11-12;
  8. Тихонравов Ю.В. Геополитика. Москва, 1998;
  9. Дериглазова Л. Парадокс асимметрии в международном конфликте // Международные процессы, 2005;
  10. Мюнклер Х. Терроризм сегодня. Война становится асимметричной // International Politik. 2004. № 1;
  11. Месснер Е. Всемирная мятежевойна. Москва,2004;
  12. Полтораков А. Давид и Голиаф: геостратегия асимметричных войн // www.weandworld.ru/.../554-david-i-goliaf-geostrategiya-asimmetrichnyx-...

 

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...