THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Türkiyə: "Gezi parkı" olaylarının dərsləri

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3553
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 5 iyul 2013 – Newtimes.az

 İqtidar düşərgəsindən dəyərləndirmələr

Türkiyədə məlum "Gezi parkı” və Taksim olayları ilk öncə türklərin "çevrəci” dedikləri və dünyada daha çox "yaşıllar” kimi tanınan hərəkatın təmsilçilərindən ibarət gənclərin o qədər də çoxsaylı olmayan nümayişləri ilə başlandı. Gənclərin təpkisinə səbəb indiki iqtidarın hələ seçkilər zamanı öz seçicilərinə söz verdikləri müəyyən layihələrdən birini həyata keçirməyə girişərkən İstanbulda sözügedən parkda ağacların kəsilməsi oldu.

Lakin qısa bir zaman kəsimi ərzində siyasi motiv və məqsədlərdən çox-çox uzaq görünən bu nümayişlər heyrət ediləcək bir sürətlə artan syasi çalarlarla "zənginləşdi”. Başlanğıcda bir neçə ağacın kəsilməsinə etiraz edən və əksəriyyətini gənclər təşkil edən nümayişçilər mövcud iqtidarın açıqdan-açığa daxili siyasətinə qarşı yönəlmiş kəskin şüarlar səsləndirməyə başladılar.

Onların etirazlarını ümumiləşdirərək, yığcam şəkildə belə ifadə etmək olar: mövcud siyasi hakimiyyət getdikcə daha çox fikir və özünüifadə azadlığına qəsd edərək, avtoritar rejim cizgiləri kəsb edir (iş hətta o yerə çatmışdı ki, baş nazir Ərdoğanı diktator adlandıranlar da tapıldı); xalqın istək və tələbləri ilə hesablaşmadan ölkəni istədiyi kimi, təkbaşina, idarə etməyə çalışır; bizim yaşam tərzimizə kobud şəkildə müdaxilə edərək, yerli-yersiz bizə əxlaq dərsi vermək istəyir; insanların həyat tərzini, dəyərlər sistemini və ideallarını dəyişdirərək, zorla öz standartlarına uyğunlaşdırmağa çalışır; Atatürkün millətin taleyində oynadığı tarixi rola qısqanclıqla və qərəzlə yanaşır, cümhuriyyət dönəmində təşəkkül tapmış dünyəvi dəyərlərin çoxuna etinasızlıq göstərərək, xalqın əksəriyyətinin hisslərini təhqir edir; ölkədə dünyəvi dövlətin əsaslarını sarsıdaraq, onu dini-islamçı rejimlə əvəz etməyə cəhd edir və s. Göründüyü kimi, səsləndirilən ittihamlar kifayət qədər ağırdır və ekoloji həssasiyyətdən daha çox siyasi-ideoloji yönəlişliyi ilə diqqəti cəlb edir. Səsləndirilən şüarlarda siyasi intonasiya gücləndikcə, başlanğıcda az sayda nümayişçinin qatıldığı hərəkatın miqyası da sürətlə artmağa, onun təmsilçilərinin isə siyasi palitrası tündləşməyə başladı.

Təbii olaraq meydana çıxan və cavabı axtarılan ilk sualı belə ifadə etmək olar: əcəba, ekoloji həssasiyyətdən qaynaqlanan azsaylı bir aksiyanın birdən-birə irimiqyaslı və çoxrəngli bir kütləvi siyasi hərəkata çevrilməsini şərtləndirən başlıca səbəb nədir?

Bu yazımızda diqqəti ilk növbədə Türkiyədə hakimiyyətin sözügedən hadisələri dəyərləndirməsi və yuxarıda qoyulmuş suala verdiyi cavablar üzərində cəmləşdirəcəyik. İqtidar təmsilçilərinin fikrincə, "Gezi parkı” olayları lap başlanğıcdan heç bir ciddi motivə söykənmirdi. Onlar Ərdoğan hökumətinin ətraf mühitin qorunması və ölkədə yaşıllıq zolaqlarının genişləndirilməsi yönündə gördüyü işləri faktlarla sadalayaraq, bu hökuməti ətraf mühitə etinasızlıqda suçlamağın nə qədər qərəzli yanaşmadan qaynaqlandığına diqqət çəkirlər.

İqtidar düşərgəsindən ilk ciddi dəyərləndirmə "AK parti” iqtidarının lideri, Türkiyə Cümhuriyyətinin baş naziri Rəcəb Tayyib Ərdoğandan gəldi. O, öz çıxışlarında və müsahibələrində, hər şeydən əvvəl, "AK parti”nin 10 illik siyasi hakimiyyəti dövründə ölkənin qət etdiyi həqiqətən möhtəşəm inkişaf və tərəqqi yolunu vurğuladı. Bu müddət ərzində Türkiyə inanılmaz bir iqtisadi sıçrayışa imza ataraq, regionda lider dövlətə çevrilməklə yanaşı, dünya birliyində də öz prestijini və nüfuzunu daha da möhkəmləndirdi. İnkişaf etmiş ölkələrin iqtisadiyyatı dərin böhran dövrünü yaşadığı bir vaxtda Türkiyədə iqtisadi artım davamlı prosesə çevrildi. Ölkənin ixracat qabiliyyəti əhəmiyyətli dərəcədə artdı, əhalinin yaşayış səviyyəsində yaxşılaşmağa doğru ciddi dönüş baş verdi. 30 ildən artıq bir dövr ərzində Türkiyənin inkişafı yolunda ciddi bir əngələ çevrilmiş terror probleminin həll olunması istiqamətində mühüm addımlar atıldı.Əhalinin müəyyən hissəsinin (əsasən kürdlərin müəyyən kəsiminin) dövlətə qarşı illər boyu toplanmış narazılığını aradan qaldırmaq üçün müxtəlif siyasi qüvvələrin və əhalinin mütləq əksəriyyətinin dəstəyini qazanan sülh prosesinə start verildi. Uzun illər boyunca vətəndaş cəmiyyətinin fövqündə dayanaraq, zorakı vasitələr və təzyiqlərlə sivil hakimiyyətə öz iradəsini diqtə edən hərbi elitanın qanundan kənar hökmranlığına son qoyuldu. Ölkə öz yaxın siyasi keçmişi ilə haqq-hesab çəkərək, şəffaflıq və demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələsinə inamla qədəm qoydu.

Bu qədər dəyişikliklərin bir araya gəldiyi bir vaxtda siyasi iqtidara qarşı etirazların gözlənilmədən vüsət almasını baş nazir Ərdoğan Türkiyənin böyüməsini və inkişafını istəməyən xarici qüvvələrin və öz mənfəətini xalqın və ölkənin maraqlarından üstün tutan daxili güclərin təxribatçılıq fəaliyyəti ilə izah edirdi. Uzun illər boyunca beynəlxalq maliyyə qurumlarından ağır şərtlərlə külli miqdarda borc götürmək məcburiyyətində qalan Türkiyənin siyasi gündəmini, faktiki olaraq, həmin qurumlarda söz sahibi olan Qərb ölkələri düzənləyirdi. "AK parti” iqtidarının səriştəli idarəçiliyi altında Türkiyə Beynəlxalq Maliyyə Fonduna olan borclarını tamamilə qaytararaq, ölkənin Qərbdən iqtisadi və siyasi asılılığına son qoydu. Ölkədə vaxtaşırı olaraq, xaos vəziyyəti yaratmaqla Türkiyəni yüksək faizlərlə borc götürməyə məcbur edən xarici və daxili qüvvələr, Ərdoğanın təbirincə desək, "faiz lobbisi”, itirdiyi mövqeləri geri qaytarmağa çalışır. Etiraz nümayişləri düzənləyənlərin bir sira şüarları ilə bəzi aparıcı Qərb liderlərinin "AK parti” iqtidarının həyata keçirmək əzmində olduğu əsaslı layihələrə qarşı təpkilərinin üst-üstə düşməsi də, sanki, Ərdoğanın gəldiyi qənaətin haqlı olduğunu sübut edir. Söhbət burada ilk növbədə İstandulda ikinci asma körpünün inşasına və yenə də İstanbulda yeni hava limanının tikilməsinə qarşı yönəlmiş təpkilərdən gedir.

Sözügedən olayların qızışdırılmasına dair iqtidarda da bəzi çevrələrin dəstəklədiyi versiyalardan biri də polisin nümayişçilərə qarşı həddən ziyada güc tətbiq etməsi ilə bağlı iddialardır. Burada İstanbul şəhər bələdiyyəsinin bəzi işçiləri tərəfindən "Gezi parkı”ndakı nümayişçilərin çadırlarının yandırılması da diqqət çəkən məqamlardandır.

Başlanğıcda dinc xarakter daşıyan nümayişlər polisin olaylara elə ilk müdaxiləsindən dərhal sonra öz xarakterini dəyişməyə başladı. Hüquq mühafizə orqanlarının qanuni tələblərinə radikal elementlər polisə hücumlarla qarşılıq verdi. Taksim meydanına çıxan küçələrdə dövlətə və vətəndaşlara məxsus əmlak dağıdıldı; mağazaların, bankların və digər ictimai binaların qapı-pəncərələri sındırıldı, maşinlar yandirıldı. Baş verənləri, haqlı olaraq, vandalizm adlandıran iqtidar funksionerləri diqqəti sözügedən olayların bu cür qaranlıq tərəflərinə çəkərək, "Gezi parkı” nümayişlərini xalqın demokratikləşmə tələblərinin ifadəsi kimi səciyyələndirənlərin iddialarının sağlam düşüncəyə nə qədər zidd olduğunu sübut etməyə çalışırlar. İqtidarın qənaətinə görə demokratikləşmənin yeni dalğasına start vermiş, əvvəlki hakimiyyətlər dönəmində dilə gətirilməsi belə mümkün olmayan bir sıra təməl haqq və azadlıqların tanınmasını dəstəkləyən və bu yöndə fəaliyyətini dönmədən genişləndirən bir hökuməti antidemokratik deyə suçlamaq cəfəngiyyatdır.

Zakir Məmmədəliyev

fəlsəfə elmləri doktoru, professor

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...