THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Türkiyə-Ermənistan: sərhəd qapısı problemi

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
10486
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 17 may 2013 – Newtimes.az

Ermənistan parlamentinin 29 aprel 2013-cü il tarixli iclasında Miras Partiyasının deputatı Zarui Postancıyan parlament sədri Ovik Abramyana 2009-cu ildə Ermənistan ilə Türkiyə arasında imzalanmış protokolların qanunverici orqanın böyük gündəmindən çıxarılmasının mümkünlüyü haqqında sual verib. Bu məsələ mütəmadi olaraq parlamentin gündəminə gəlir və mətbuatda müzakirə edilir.

Abramyan cavab olaraq "Hakim partiya, Prezident Serj Sarkisyan protokolların parlamentdə ratifikasiya olması üçün heç bir şərt irəli sürmür. Bu erməni soyqırımına və ölkədəki siyasi proseslərə bağlı deyil. Biz 2009-cu ildə protokolları qeyd-şərtsiz paraf etdik. Bu protokolların qüvvəyə minməsi diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması deməkdir. Belə bir vəziyyət Ermənistan iqtisadiyyatının inkişafına stimul ola bilər” şəklində cavab vermişdir. Zarui Postancıyan, Daşnaqsutyun Partiyasından Arçvik Minasyan və Aqvan Vardanyan "biabırçı” olaraq adlandırdıqları protokolların məclis gündəmindən çıxarılması üçün əllərindən gələn hər şeyi edəcəklərini bildirərək məsələyə münasibətlərini bildirmişdir.

Abramyan doğru deyir. Protokolların parlamentdə ratifikasiya edilməsi hər keçən gün bir az daha tənəzzülə uğrayan, istehsalda geriləmə yaşayan, beynəlxalq bazarda mövqelərini itirən, maliyyə problemləri ilə qarşılaşan, xarici borcu 4,205 milyard dollar olan Ermənistan iqtisadiyyatı üçün həqiqətən stimul ola bilər. Çünki bütün bu iqtisadi problemlər insanların daha rahat yaşamaları və daha çox pul qazanmaları üçün Ermənistandan miqrasiya etmələri ilə nəticələnir. 2012-ci il statistikasına görə Ermənistan əhalisi 3.274.300 nəfərdir. Ermənistandakı xarici dövlətlərin səfirliklərinin verdiyi məlumatlara görə isə əhalinin sayı 1.5 milyondan çox deyildir. Beynəlxalq Miqrasiya Təşkilatının statistikalarına görə son 20 ildə 1 milyondan çox insan Ermənistanı tərk etmişdir.

Belə bir şəraitdə Ermənistan hökuməti ianələr hesabına dövlətin yaşaya bilməyəcəyini, iqtisadi, siyasi, sosial və demoqrafik problemləri həll edə bilməyəcəyini anlayaraq və məntiqli qərar qəbul edərək son 20 ildə daxili və xarici siyasətində etdikləri yanlışlıqlara davam etməməlidir. Ermənistan regionda və xüsusilə də Azərbaycana qarşı militarist siyasət həyata keçirdiyi üçün region və beynəlxalq əhəmiyyətli iqtisadi, siyasi və sosial layihələrdə iştirak edə bilmir. Ermənistan hökuməti hər nə qədər son 20 ildə Azərbaycanın Ermənistana qarşı iqtisadi sahələrdə təzyiq mexanizmlərinin olmadığını, qarşılaşdığı iqtisadi problemlərə immunitet qazandığını iddia etsə də, bu ictimai rəyi aldatmaqdan başqa heç nəyə xidmət etmir. Ermənistanın region və beynəlxalq əhəmiyyətli layihələrdə iştirak etməsinin qarşısını Azərbaycan hökuməti qətiyyətlə alır. Regionda son 20 ildə həyata keçirilən hansı böyük iqtisadi və nəqliyyat layihələrində Ermənistan yer alıb? Ermənistan hökuməti bu suala müsbət cavab verə bilmir.

Əlbəttə, Ermənistan hökuməti Azərbaycana qarşı militarist siyasətindən və Türkiyəyə qarşı qondarma soyqırımı iddialarından əl çəkib məntiqli və yaxın qonşuluq siyasəti həyata keçirərsə, minnətlə qəbul etdiyi Rusiyanın və Avropa İttifaqı ölkələrinin maliyyə yarımlarına ehtiyacı qalmaz. Regionda həyata keçirilən layihələrdə bərabərhüquqlu tərəfdaş kimi iştirak edərək iqtisadiyyatını və ticarətini inkişaf etdirə bilər. Ermənistanın Türkiyəyə qarşı heç bir əsası olmayan qondarma erməni soyqırımı iddiaları, Azərbaycan torpaqlarını işğal etməsi onu öz girdabında boğur və belə bir situasiyanın heç bir perspektivi yoxdur. Ermənistan hökuməti daşınan su ilə dəyirman çarxının dönməyəcəyini birdəfəlik anlamalı və qarşılaşdığı iqtisadi, sosial problemlərin həll olunması üçün məntiqli qərar verərək Türkiyə və Azərbaycan siyasətində müsbət mənada ciddi dəyişikliklər etməlidir.

Türkiyə ilə Ermənistan arasında sərhəd qapısı problemi 1993-cü ildən etibarən gündəmə gəlmişdir və bu gün də davam edir. Bu məsələnin həll edilməsi üçün Türkiyə və Ermənistan, eyni zamanda bir çox qeyri-hökumət təşkilatları, ABŞ müxtəlif vəsilələrlə təşəbbüs göstərsələr də, hələlik ciddi bir nəticə yoxdur. Ermənistan Türkiyə ilə münasibətlərinin qurulması və genişləndirilməsi üçün heç bir ön şərt irəli sürməsə də, Türkiyəyə yönəlik son 20 ildə həyata keçirdiyi siyasəti buna imkan vermir. Belə ki, Ermənistan:

  • Türkiyəni qondarma erməni soyqırımı ilə ittiham edir və beynəlxalq aləmdə qondarma erməni soyqırımının tanınması üçün son 20 ildir təbliğat fəaliyyətini davam etdirir;
  • iki ölkə arasında sərhəd xəttini təyin edən Qars və Moskva müqavilələrini tanımır;
  • "Müstəqillik Bəyannamasi”nin 11-ci maddəsində "Ermənistan Respublikası 1915-ci ildə  Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda təşkil edilən erməni soyqırımının beynəlxalq aləmdə tanınmasına çalışmaqdadır” bəndini qüvvədə saxlayır;
  • Türkiyədən təzminat və torpaq tələb edir;
  • PKK terror təşkilatını Türkiyəyə qarşı dəstəkləyir;
  • beynəlxalq təşkilatlar nəzdində Türkiyəyə qarşı qərarlar alınmasına çalışır;
  • 2009-cu ildə Türkiyə ilə imzaladığı protokolları ratifikasiya etmir (hər nə qədər bu protokollarla bağlı rəy almaq üçün Konstitusiya Məhkəməsinə müraciət etsə də, Konstitusiya Məhkəməsinin protokollarla bağlı verdiyi rəy protokolların möhtəviyyatı ilə əlaqəli deyildir).

Ermənistan hökuməti belə bir şəraitdə Türkiyədən protokolları qeyd-şərtsiz Böyük Millət Məclisində ratifikasiya etməsini tələb edir. Görünür, Ermənistan hökuməti günümüzün reallıqlarını tam mənasıyla qavramaqda ciddi problemlər yaşayır. Türkiyə hökuməti yuxarıda sadalananlara rəğmən protokolları ratifikasiya etsə belə, Türkiyə və Ermənistan Azərbaycan hökumətinin buna necə reaksiya verəcəyini diqqətə almalıdır. Türkiyənin bir dəfə buna cəhd etməsi zamanı Azərbaycan hökumətinin reaksiyasını unutmaq olmaz.

Dr. Hatəm Cabbarlı

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...