THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası 1918-1920-ci il hökumət bəyannamələrində

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
13978
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 may 2013 – Newtimes.az

Şərqdə ilk dünyəvi, demokratik respublikanın elan edilməsinin 95 illiyi münasibətilə "Newtimes.az” portalının keçirdiyi məqalə müsabiqəsi üçün təqdim olunur.

Antantanın "Üçlər ittifaqı” üzərində qələbəsi ilə nəticələnən 1914-1918-ci il Birinci dünya müharibəsinin doğurduğu nəhəng geosiyasi proseslər beynəlxalq münasibətlərin Versal-Vaşinqton sisteminə əsaslanan yeni dünya nizamına keçidlə əlamətdar olmuşdur. Dünyanın siyasi xəritəsində çökmüş Almaniya, Avstriya-Macarıstan, Osmanlı və Rusiya imperiyalarının dağıntıları üzərində qismən öz müstəqilliyini bərpa etmiş, qismən də yeni yaranmış müstəqil dövlətlər meydana gəldi.

1917-ci il Fevral İnqilabı və onun ardınca baş vermiş Oktyabr bolşevik çevrilişi sonda Rusiya imperiyasının süqutu ilə nəticələnərək postimperiya məkanında yeni milli dövlət qurumlarının meydana gəlməsi prosesinə təkan verdi. Özü də bu proses Polşa və Finlandiyada kifayət qədər uğurlu olmuşdursa, digər milli əyalətlərdə, xüsusən də Ukrayna və Zaqafqaziyada milli qüvvələrlə bolşevik qüvvələri arasında şiddətli mübarizə və xarici dövlətlərin hərbi müdaxiləsi ilə müşayiət olunurdu. Bu kimi hadisələr Azərbaycanda, xüsusən də Bakı neft-sənaye rayonunda da da müşahidə olunurdu. Özü də bu hadisələrdə daxili və xarici amillər bir-birinə keçirdi. [i]

1918-1920-ci illərdə Azərbaycanda cərəyan edən dramatik hərbi-siyasi hadisələr kəskin sosial münaqişələrin və mürəkkəb millətlərarası münaqişələrin fonunda baş verirdi. Vəziyyəti ХIХ əsrin sonu – ХХ əsrin əvvəllərində Rusiya imperiyasının ən iri sənaye mərkəzlərindən birinə çevrilmiş Bakının neft mənbələrinə can atan xarici dövlətlərin ekspansionist niyyətləri daha da mürəkkəbləşdirirdi.

Birinci dünya müharibəsi dövründə Antanta ilə "Üçlər ittifaqı” arasında vüsət almış kəskin geosiyasi rəqabət və hər iki hərbi-siyasi qruplaşmaya düşmən olan yeni, Sovet Rusiyasının meydana gəlməsi ona gətirib çıxardı ki, bütün Qara dəniz-Qafqaz-Xəzər geosiyasi məkanında nəzarət uğrunda mübarizə Orta Şərqdə prioritet xarakter aldı. [ii]

Rusiyada 1917-ci ilin fevral və oktyabr aylarında cərəyan edən inqilabi hadisələr birinci (1804-1813) və ikinci (1826-1828) Rusiya-İran müharibələri nəticəsində itirilmiş Azərbaycan dövlətçiliyinin bərpası üçün obyektiv şərait yaratdı. Lakin Azərbaycan xalqının müstəqilliyə doğru yolu olduqca mürəkkəb daxili və xarici hərbi-siyasi vəziyyətdən keçirdi. 1918-ci ilin yaz-yay aylarında antimilli Bakı kommunasının mövcudluğu, Türkiyə, Almaniya, İngiltərə və Sovet Rusiyası arasında Qafqaz və Xəzərdə gedən kəskin geostrateji rəqabət vəziyyəti daha da mürəkkəbləşdirirdi. Azərbaycan xalqının müstəqilliyə can atması son nəticədə 28 may 1918-ci ildə müsəlman Şərqində ilk parlament respublikası olan  Azərbaycan Demokratik Respublikasının yaranmasına gətirib çıxardı.

1918-1920-ci illərdə Azərbaycan Respublikasının həm daxilində, həm də ətrafında yaranmış olduqca mürəkkəb hərbi-siyasi şəraitdə, bütövlükdə Qafqaz-Xəzər bölgəsində böyük dövlətlərin kəskin geostrateji rəqabəti fonunda bir-birini əvəz edən beş Nazirlər Kabinetinin hər birinin qarşısında duran birinci dərəcəli vəzifə ölkənin milli təhlükəsizliyinin təmin edilməsi istiqamətində kompleks tədbirlərin işlənməsi və həyata keçirilməsi idi. Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası özünün daha dəqiq və konsentrik ifadəsini Nazirlər Kabinetinin üçüncü, dördüncü və beşinci tərkibinin 26 dekabr 1918-ci il, 14 aprel və 22 dekabr 1919-cu illərdə parlament tribunasından səsləndirilən rəsmi bəyannamələrində öz əksini tapmışdı.

Üçüncü Nazirlər Kabinetinin bəyannaməsi ilə 26 dekabr 1918-ci ildə parlamentin beşinci iclasında F.Xoyski çıxış etmişdi. Bu bəyannamədə xüsusi qeyd olunurdu ki, hökumətin "birinci və başlıca vəzifəsi” Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi olacaqdır. Sənəddə göstərilirdi ki, "müstəqillik heç də "Cin səddi” ilə digər xalqlardan təcridolma demək deyil”. Bu, o deməkdir ki, "azad Azərbaycan Rusiyanın ərazisində yaranmış digər dövlətlərlə, habelə Mərkəzi Rusiyanın özü ilə ən sıx əlaqələrə girə bilir və yəqin ki, girəcəkdir». [iii]

Ölkənin beynəlxalq vəziyyətinin möhkəmləndirilməsində hökumət Azərbaycan nümayəndə heyətinin qarşıdakı Paris sülh konfransında iştirakına böyük  ümid bəsləyirdi. Bu konfransda Azərbaycanın müstəqilliyinə xoş niyyətlə yanaşan "azad Amerikanın, demokratik İngiltərənin və respublika Fransasının dəstəyini almaq və dünya birliyi tərəfindən tanınmağa nail olmaq” lazım idi.

Qonşularla qarşılıqlı münasibətlərə gəlincə, bəyannamədə xüsusi olaraq qeyd olunurdu ki, Azərbaycanın "heç kimə qarşı təcavüzkar niyyətləri yoxdur və bütün mübahisəli məsələləri o, sülh yolu ilə həll etmək istəyir”. [iv] Bundan başqa, bəyannamədə Azərbaycanın 1918-ci ilin sonunda baş vermiş Ermənistan-Gürcüstan silahlı münaqişəsində vasitəçilik missiyası ilə çıxış etməyə hazır olduğu da ifadə olunurdu. Ümumilikdə isə Azərbaycan Respublikasının sülhsevər xarici siyasəti bütün qonşu dövlətlərlə diplomatik və iqtisadi sahələrdə dostluq münasibətlərini qurmağa” can atmasında öz ifadəsini tapmışdır.

Milli təhlükəsizliyin təmin edilməsində varislik dördüncü Nazirlər Kabinetinin bəyannaməsində də izlənilir. Bu bəyannamə  ilə 14 aprel 1919-cu ildə parlamentin 29-cu iclasında hökumətin sədri N.Usubbəyov çıxış etmişdi. Muğanda toplaşmış antiAzərbaycan qüvvələri  tərəfindən separatizm təhlükəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünə real təhdidlərə, habelə "İrəvan və Tiflis quberniyalarının Azərbaycana məxsus  hissələrində buraya öz hakimiyyətini yayaraq möhkəmləndirmək istəyən iddiaçılarla üzləşdiyimizə" işarə edən baş nazir bütün mübahisəli məsələlərin danışıqlar yolu ilə, "hər bir tərəfin qanuni hüquqlarına qarşılıqlı əməl etməklə” həll olunacağına ümid etdiyini bildirdi. [v]

Millətlərarası münasibətlər sahəsində daxili siyasi stabilliyin təmin edilməsi məsələsinə toxunan baş nazir xüsusi olaraq qeyd edirdi ki, "yadlar adı altında yüz ildən çoxdur ki, inildəyən və mənəvi və iqtisadi həyatında məhdudiyyətlərlə üzləşən azəri türkləri Azərbaycan ərazisində yaşayan  bütün xalqlara öz dini ilə yanaşı mədəni və milli xüsusiyyətlərini də qoruyub saxlamaq imkanı verməklə onlara eyni dərəcədə dözümlü münasibət bəsləməlidirlər” və "Azərbaycanın burada yaşayan bütün xalqlar üçün sevimli vətəninə çevrilməsi üçün hökumət bütün səylərini səfərbər edəcək... milli düşmənçiliyə bütün qüvvəsi ilə yol verməyəcək və onu kökündən kəsəcəkdir”. [vi] Bəyannamədə həmçinin o zaman A.İ.Denikinin könüllü qoşununa qarşı ağır silahlı mübarizə aparan Dağlılar Respublikası ilə həmrəylik də ifadə olunurdu. [vii]

Parlamentin 22 dekabr 1919-cu il tarixli 109-cu iclasında Beşinci Nazirlər Kabinetinin bəyannaməsini elan edən N.Usubbəyov Qarabağ məsələsinə toxunaraq Ermənistan tərəfindən Zəngəzur uyezdinin anneksiyasının təhlükəli olduğunu qeyd edirdi: "Zəngəzur yüz, hətta minillərdir ki, Azərbaycanın ayrılmaz hissəsidir. Buna görə də aydındır ki, bu intriqa baş tutmayacaq”. Elə buradaca baş nazir Azərbaycanın bütün mübahisəli məsələlərin dinc yolla həllinə sadiq olduğunu xatırladır və göstərirdi ki, bu məqsədə aparan yol "erməni milli azlığının mədəni hüquqlarının tanınması haqqında şərtlərin qəbul edilməsi və onun hökumətin həqiqi himayəsi altına alınmasıdır”. Bu istiqamətdə hökumətin gördüyü tədbirlərə işarə edən baş nazir qeyd edirdi ki, "Azərbaycan və Ermənistanın gələcəyi milli azlıqların hüquqlarının təmin edilməsi məsələləri ilə bağlıdır”. [viii]

Hökumətin bəyannaməsində qonşu dövlətlər olan Gürcüstan, Ermənistan, Türkiyə, İran və Rusiya ilə qarşılıqlı münasibətlərə geniş yer verilmişdir.

Baş nazir 27 iyun 1919-cu ildə bağlanmış Azərbaycan-Gürcüstan mühafizə paktlarının xarici təhlükədən müdafiə işində hər iki dövlət üçün böyük əhəmiyyətə malik olduğunu qeyd edir və hökumətin müdafiə işini daha da möhkəmləndirməkdə qətiyyətli olduğunu məmnunluqla vurğulayırdı. Ermənistana gəlincə, bəyannamədə  bütün mübahisəli ərazi məsələlərinin sülh yolu ilə həll ediləcəyini ümid bəslənirdi. Qeyd olunurdu ki, "yaxın gələcəkdə Qafqaz respublikaları arasında sıx əlaqə və əbədi dostluq qurulacaqdır”. Xüsusi vurğulanırdı ki, gələcək "konfederasiyaya və ya digər ittifaq formasına ...Şimali Qafqaz Respublikası da daxil olmalıdır”. Bir daha Şimali Qafqazda denikinçilərə qarşı partizan müharibəsi  aparan dağlılarla həmrəy olduğunu bildirən hökumət dərk edirdi ki, "dağlıların müstəqilliyinin yox edilməsi bizim də müstəqilliyimizə böyük təhlükədir”. [ix]

Müharibənin ağır nəticələrinin aradan qaldırılması ilə məşğul olan Türkiyə ilə qarşılıqlı münasibətlərə gəlincə, bəyannamədə ümid edilirdi ki, "gələcəkdə iki azad və müstəqil türk dövləti arasında daha sıx əlaqə, əbədi dostluq və səmimi qonşuluq münasibətləri qurulacaqdır”. İranla qarşılıqlı münasibətlər məsəsləsinə keçid edən baş nazir bu "iki qardaş dövlətlər” arasında rəsmi diplomatik münasibətlərin qurulması istiqamətində əhəmiyyətli pozitiv addımların atıldığını qeyd edirdi. [x]

Bəyannamədə təəssüflə bildirilirdi ki, "Rusiyada mübarizə aparan qüvvələrin heç biri inana bilmir və ya inanmaq istəmir ki, Rusiya əvvəlki sərhədlərini qaytara bilməz  və yeni özünütəyin etmiş xalqlar üzərində hökmranlıq etmək ximeradır”. Həm ağlar, həm də qırmızılar tərəfindən müstəqil Azərbaycana təhdidlərin real olduğunu nəzərə alaraq, hökumət "müstəqilliyimizi ona təhdid edən qüvvələrdən qorumaq üçün son nəfəsədək mübarizəyə hazır olduğunu” bəyan edirdi. [xi]

Fətəli xan Xoyskinin və Nəsib bəy Usubbəyovun Nazirlər Kabinetinin üç bəyannaməsinin əsas məzmununun təhlili 1918-1920-ci illərdə Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının bir sıra parametrlərini qeyd etməyə imkan verir. Bunlara sülhsevər xarici siyasətin həyata keçirilməsi, öz qonşuları ilə bütün ərazi mübahisələrinin müstəsna olaraq masa arxasında, danışıqlar yolu ilə həll edilməsi; konfederasiya və digər formalarda Qafqaz dövlətləri İttifaqını yaratmaqla regionda kollektiv təhlükəsizliyin təmin edilməsinə can atma; respublikada yaşayan milli azlıqlara münasibətdə bütün demokratik normalara və azadlıqlara əməl etməklə, xüsusən də millətlərarası münasibətlər sahəsində daxili siyasi stabilliyin möhkəmləndirilməsi; bütün mövcud vasitələrlə ölkə daxilində separatizm meylli istənilən halların qarşısının alınması və dövlətin ərazi bütövlüyünün təmin edilməsi aiddir.

28 may 1918-ci ildə müstəqil Azərbaycan Respublikasının elan edilməsi XX əsrin əvvəllərində Azərbaycanın siyasi tarixində əlamətdar hadisə olmuşdur. Sonrakı təxminən iki il ərzində milli parlamentin və hökumətin dövlət quruculuğu, o cümlədən hərbi sahədə, respublikanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində fəaliyyəti öz bəhrəsini verməkdə idi.

Olduqca mürəkkəb xarici və daxili siyasi şəraitdə Azərbaycan Respublikasının hökuməti tərəfindən milli təhlükəsizlik konsepsiyası işlənib hazırlanmış, müntəzəm ordu quruculuğu və mühafizə xarakterli digər tədbirlər həyata keçirilirdi. Bu, ilk növbədə 1919-1920-ci illərdə Azərbaycana şimaldan Denikin təhdidini neytrallaşdırmaq, ölkənin cənub və qərb bölgələrində (Muğanda, Zəngəzurda və Qarabağda) isə davakar separatizm halları ilə mübarizə aparmaq zərurəti ilə bağlı idi.

Eyni zamanda Bakıda silahlı çevriliş hazırlığı işində ölkədəki gərgin sosial-siyasi vəziyyətdən bacarıqla istifadə edən yerli gizli bolşevik təşkilatlarının təxribat-pozuculuq əməllərinə qarşı tədbirlər görmək də lazım gəlirdi. Beynəlxalq təcridolunma və düşmən mühasirəsi şəraitində olan, Sovet Rusiyası ilə üz-üzə qalan, etibarlı müttəfiqi olmayan Azərbaycan Respublikası 1920-ci il aprelin sonunda ХI Qızıl Ordunun müdaxiləsi nəticəsində süquta uğradı. Lakin ölkədə yeni hakimiyyətin bərqərar olması 1920-ci il ərzində ölkənin uyezdlərində antiişğalçı silahlı üsyanlar fonunda baş verirdi ki, bu da Azərbaycan xalqının öz müstəqilliyini bərpa etməyə can atmasından xəbər verirdi.

1991-ci ildə SSRİ-nin süqutu ilə 70 ildən sonra öz müstəqilliyini tam bərpa etmiş Azərbaycan qarşısında onun çoxəsrlik tarixində həm regionun özündə, həm də onun ətrafında mürəkkəb hərbi-siyasi proseslərlə boyanan yeni səhifə açılmış oldu. Lakin hətta XX əsrin sonunda baş vermiş geosiyasi sarsıntılar və XXI əsrdə müşahidə olunan dinamik dəyişikliklər, Ermənistanın 1918-1920-ci illərin məlum hadisələrindən sonra Azərbaycana qarşı növbəti, ikinci aqressiv siyasəti şəraitində belə Odlar Yurdu çox qısa bir tarixi müddətdə (20 ildən bir az artıq) millətlər birliyinə üzvi şəkildə daxil olmuş və özünün artmaqda olan iqtisadi və müdafiə potensialına görə Cənubi Qafqazda regional liderə çevrilməklə beynəlxalq nüfuz qazanmışdır.

Pərvin Darabadi,

tarix elmləri doktoru, professor


[i] Каземзаде Фируз. Борьба за Закавказье (1917-1921). - Стокгольм: CA& CC PRESS, 2010, s.83-125,159-168, 211-221; Гасанлы Дж. Внешняя политика Азербайджанской Демократической Республики (1918-1920 гг.). - Москва: Флинта, Наука, 2010, s.171,317-336. 469-479, 494.

[ii] Черчилль У. Мировой кризис. - М.-Л.: Государственное военное издательство, 1932, s.50; Деникин А.И. Очерки русской смуты. - М.: Мысль, 1991, s.139; Людендорф Э. Мои воспоминания о войне 1914-1918 гг. - Том 2-й. - М.: Госиздат, 1924, s.187,219-220; Лавров С.В. Политика Англии на Кавказе и в Средней Азии в 1917-1921 годах// Вопросы истории, 1979, № 5, s.81.

[iii] Азербайджанская Демократическая Республика (1918-1920 гг.). Парламент (Стенографические отчеты). Баку: Изд-во «Азербайджан», 1998, s.81.

[iv] Там же, s.82.

[v] Азербайджанская Демократическая Республика (1918-1920 гг.). Парламент (Стенографические отчеты). Баку: Изд-во «Азербайджан», 1998, s.349.

[vi] Там же, s.350.

[vii] Азербайджанская Демократическая Республика (1918-1920 гг.). Парламент (Стенографические отчеты). Баку: Изд-во «Азербай­джан», 1998, s.349.

[viii] Там же, s.809.

[ix] Азербайджанская Демократическая Республика (1918-1920 гг.). Парламент (Стенографические отчеты). Баку: Изд-во «Азербайджан», 1998, s.811.

[x] Там же.

[xi] Азербайджанская Демократическая Республика (1918-1920 гг.). Парламент (Стенографические отчеты). Баку: Изд-во «Азербайджан», 1998, s.812.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...