THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Qlobal siyasət: inkişaf istiqamətləri

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
9921
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 3 may 2013 – Newtimes.az

Dünyanın geosiyasi gələcəyi elm adamlarını ciddi surətdə düşündürür. Müxtəlif regionlarda yaranmış münaqişələr, müharibələr və böyük dövlətlərin mübarizələri kifayət qədər ziddiyyətli məqamları meydana çıxarıb. Qlobal miqyasda geosiyasi proseslərin proqnozlaşdırılması bunun fonunda xeyli aktuallaşıb. Fərqli yanaşmalar mövcuddur.

Bəşəriyyət 100 ildən sonra

Mütəxəssislər dünyada geosiyasi proseslərin getdikcə mürəkkəbləşdiyi haqqında yekdil fikirdədirlər. Bu prosesin fonunda böyük dövlətlərin yeritdikləri siyasət və qlobal miqyasda geosiyasi mənzərənin dəyişmə istiqamətləri böyük maraq doğurur. Müxtəlif yanaşmalar və proqnozlar vardır. Bu günlərdə siyasi elmlər doktoru, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) dünya siyasi prosesləri kafedrasının müdiri Marina Lebedevanın həmin mövzuda diqqəti çəkən məqaləsi dərc olunub (1). Yazıda əsasən 100 ildən sonra dünya siyasətinin mümkün vəziyyətindən danışılsa da, indiki mərhələ ilə bağlı bir sıra geosiyasi məqamlara maraqlı yanaşma mövcuddur.

Pol Kennedi 25 il bundan əvvəl yazdığı "Böyük dövlətlərin yüksəlişi və süqutu” adlı kitabda dünya liderliyinin əbədi olmadığını vurğulayırdı (2). Müəyyən müddətdə aparıcı rol oynayan ölkə, nə vaxtsa bu mövqeyini başqasına verməlidir. XXI əsrdə bu qanunauyğunluq qalacaqmı? Elə bir mərhələ gələ bilərmi ki, ümumiyyətlə hansısa bir dövlətin liderliyinə ehtiyac qalmasın?

M.Lebedevanın qoyduğu bu suallar özlüyündə dünyanın keyfiyyətcə yeni geosiyasi struktura keçməsi ehtimalı ilə bağlıdır. Çünki hazırkı şəraitdə qlobal liderlik məsələsi gündəmdən çıxmayıb. Belə çıxır ki, rusiyalı alim yaxın perspektivdə qlobal miqyasda geosiyasi nizamda köklü dəyişikliklərin baş verə biləcəyinə inanır. O halda dünyanın siyasi təşkili sistemi necə ola bilər?

Burada bir neçə əlamət özünü göstərə bilər. Birincisi, dünyanın çoxlu sayda mərkəzlərinin olması mümkündür. Özü də bu keyfiyyətdə dövlətlər deyil, ayrı-ayrı sosial institutlar özünü təsdiq edər. Deyək ki, universitet və ya tədqiqat mərkəzləri. Onlar ideya mənbəyi olmaqla qlobal miqyasda geosiyasi vəziyyətə ciddi təsir edə bilərlər. İndi Avstraliya beynəlxalq təhsil üzrə dünya bazarının 6%-ni idarə edir (3). Bunlar onu göstərir ki, cəmiyyətin ehtiyat potensialı təbəqələşir və dövlətin əlində birmənalı cəmləşməsi zəifləyir.

Çoxmərkəzli dünyaya ümumi meyllilik indidən hiss olunur. Bu zaman hökumət və qeyri-hökumət təşkilatları daha sıx əlaqəyə girirlər və bir-birlərinə təsir edirlər. Başqa bir maraqlı məqam ondan ibarətdir ki, geosiyasi mərkəzlər getdikcə daha çox şəbəkə prinsipi ilə qarşılıqlı əlaqədə olurlar. Bu proses onlar arasında əməkdaşlığa və qarşılıqlı yardıma gətirib çıxaracaqmı? Bu sualın cavabı hələ açıqdır. Çünki sərvət və strukturlardan çox, onlar arasında qarşılıqlı əlaqələrin qurulması qaydası daha vacibdir.

Qarşılıqlı əlaqələrin əhəmiyyəti

Buradan mühüm bir nəticə çıxır. Siyasətdə getdikcə özlüyündə strukturlar və ya sərvətlər deyil, iştirakçılar arasındakı qarşılıqlı təsirləri tənzimləyən qaydalar əhəmiyyət kəsb edəcək. İngilis tədqiqatçısı Süzen Strenc 15 il bundan öncə bu barədə yazıb (4). Onun fikrincə, gələcək beynəlxalq münasibətlərin məzmunu "yeni qaydaların” nə dərəcədə hazırlanmasından və tətbiq edilməsindən asılı olaraq müəyyənləşəcək. Başqa sözlə, qarşılıqlı əlaqələrin əsas norma və prinsipləri həlledici rol oynayacaq.

Bunu çox vacib məqam hesab etmək olar. Burada böyük dövlətlərin həm öz aralarında, həm də digər ölkələrə münasibətdə hansı yeni qaydaları tətbiq edəcəyinin önə çıxacağına işarə vardır. Həmin kontekstdə beynəlxalq təşkilatların fəaliyyət prinsiplərinin yeniləşməsi strateji əhəmiyyət kəsb edir. Bu təşkilatların bir-birinə münasibəti də ön plana çıxır. Məsələn, BMT, ATƏT, Avropa İttifaqı, BRİKS, MDB və digərləri hansı qaydalar üzrə bir-biri ilə əlaqə quracaqlar? Və yaxud bunların hamısının mövcud olmasına ehtiyac varmı?

Hər bir halda geosiyasi nəzəriyyələrdə əhəmiyyətlilik baxımından dövlətlər və təşkilatlar arasındakı əlaqələrin birinci sıraya çıxması keyfiyyət dəyişikliyidir. Görünür, burada müasir elmdə hazırlanan yanaşmaların təsiri vardır. Onlarda qarşılıqlı əlaqələrin xarakterinin istənilən sistemin (obyektin, predmetin və s.) struktur-funksional xüsusiyyətlərini müəyyənləşdirdiyi müddəası vardır. Elmin bu qabaqcıl yanaşma üsulunun geosiyasətə tətbiqinin nə dərəcədə səmərəli olacağını zaman göstərəcək. Lakin əsas məqam ondan ibarətdir ki, artıq geosiyasətdə məhz elmi idraka əsaslanmaq yeni səviyyəyə qalxır. Bu tendensiyanın hələ uzun müddət davam edəcəyini proqnozlaşdırmaq olar.

Dialoq: arzular və reallıq

Buradan siyasi dialoq məsələsinin daha da aktuallaşması haqqında nəticə çıxara bilərik. Ancaq bu, necə olmalıdır? Məsələ ondan ibarətdir ki, dialoqda müstəqil tərəflər iştirak etməlidirlər. Əgər hazırkı dövrdə böyük dövlətlər, başqaları bir yana, heç bir-birlərini bərabərhüquqlu tərəfdaş kimi tanımırlarsa, hansı dialoqdan söhbət gedə bilər?

Bu yerdə Cozef Nayın "yumşaq güc” konsepsiyasını da xatırlamaq lazım gəlir. Onun əsas tezisi ondan ibarətdir ki, "özünün istədiyini başqalarının da arzulaması üçün, onlarda bu istəyi yaratmaq lazımdır” (5). Yəni rəqibi elə vəziyyətə salmaq gərəkdir ki, sənə ehtiyacı yaransın və fəaliyyətdə əlbir olsun. Məsələn, müsəlmanların bir hissəsini başqa müsəlmanlarla terror adı altında mübarizə aparmağa sövq etmək üçün, bir neçə terror aktı təşkil etmək lazımdır. Özü də bunu "radikal müsəlmanların” adı ilə etmək gərəkdir. Onda mötədil müsəlmanlar "radikallara” qarşı Qərblə bir yerdə mübarizə aparacaq. Bu siyasətin Yaxın Şərqi hansı hala saldığı artıq məlumdur.

Bütün bunlarla yanaşı, beynəlxalq münasibətlərin yeni qaydaları hazırlanmasa, qlobal geosiyasi mənzərədə müsbətə doğru dəyişikliklərə ümid etmək çox çətindir. Dünyada müxtəlif geosiyasi mərkəzlərin mövcud olması üçün bu, mühüm şərtdir. Real dialoqa bu üsulla nail olmaq mümkündür. Burada sistem faktorların təsirini unutmaq səmərəli deyil. Deməli, əslində indidən 100 il bundan sonrakı dünya nizamından danışmaq xeyli dərəcədə risklidir. Ancaq hazırkı mərhələdə beynəlxalq münasibətlərin yeni qaydaları üzərində düşünməyə dəyər.

Məsələ ondan ibarətdir ki, dünyanın müxtəlif guşələrində mövcud olan münaqişələrin ədalətli həlli çətinliyə düşüb. Bunun səbəbi digər amillərlə yanaşı, ikili standart siyasətidir. Belə bir vəziyyətdə real dialoqdan danışmağın əsası yoxdur.

Şübhəsiz, nəzəri olaraq çox məntiqli və səmərəli siyasətdən bəhs etmək mümkündür. Bu zaman hansısa böyük dövlətin maraqları baxımından təhlillər aparmaq və proqnozlar da vermək olar. Lakin reallıqda başqa mənzərə vardır. Əgər dünyada bir neçə güc mərkəzinin yaranması təxmin edilirsə, onda bunu mümkün edə bilən münasibətlər sistemi qurmaq zəruridir. Məhz bu məqamda qlobal güclərin ədalətli, obyektiv və dialoqa imkan verən siyasət yeritməsinə ciddi ehtiyac yaranır. Etiraf edək ki, praktik olaraq heç bir böyük dövlət həmin tələblərə cavab verən siyasət yeritmir. Bəlkə də müasir dünyanın geosiyasi aspektdə ən böyük paradoksu bundan ibarətdir.

Newtimes.az

Mənbələr

  1. Марина Лебедева. Политическая архитектура мира через 100 лет // Российский совет по международным делам, 15 aprel 2013.
  2. Paul Kennedy. The Rise and Fall of the Great Powers: Economic Change and Military Conflict From 1500 to 2000. New York: Vintage Books, 1987, 677 pp.
  3. UNESCO Statistical Yearbook. Paris: UNESCO Publishing & Berman Press, 1999.
  4. Susan Strange. The Retreat of the State: The Diffusion of Power in the World Economy. Cambridge: Cambridge University Press, 1996, 239 pp.
  5. Joseph S. Nye, Jr. The Paradox of American Power: Why the World's Only Superpower Can't Go It Alone. Oxford University Press, 2002, 222 pp.
Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...