THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Mərkəzi Asiyada "yeni böyük oyun"

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
13961
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 2 may 2013 – Newtimes.az

Dünya siyasətində sürətli dəyişikliklər baş verir. Müxtəlif regionlarda geosiyasi proseslərin hansı istiqamətdə gedə biləcəyini proqnozlaşdırmağa çalışırlar. O cümlədən, Mərkəzi Asiya haqqında fərqli fikirlər söylənilir. Onların təhlili göstərir ki, burada ziddiyyətli məqamlar mövcuddur.

Regiona kənar müdaxilələr

Hazırda Mərkəzi Asiya dünya siyasətinin vacib obyektlərindən biri sayılır. Burada iki amilin təsiri özünü göstərir. Birincisi, region dövlətlərinin daxilində və onlar arasındakı münasibətlərdə mövcud olan ziddiyyətlər. İkincisi, böyük dövlətlərin Mərkəzi Asiyadakı maraqlarını təmin etmək üçün aktiv fəaliyyət göstərmələri. Bunun nəticəsidir ki, analitiklər region dövlətlərinin sərhədlərinin dəyişməsi haqqında danışırlar. Bütövlükdə Mərkəzi Asiyada "yeni böyük oyun”un getdiyini iddia edirlər.

Lakin məsələnin düşündürücü tərəflərindən biri ondan ibarətdir ki, hələlik "Mərkəzi Asiya” istilahının hansı məkanı ifadə etdiyi haqqında yekdil fikir yoxdur. Mərkəzi Asiya ümumilikdə Hindistan və Çindən Yaxın Şərqə qədər geniş bir məkanda çayarası ərazini ifadə edir. Sovet dövründə bu termin Monqolustan ətrafındakı ərazini ifadə edirdi və "Orta Asiya” ondan ayrılırdı. Qazaxıstan isə ayrıca məkan olaraq göstərilirdi. İndi Amerikada "Böyük Mərkəzi Asiya” ifadəsini işlədirlər ki, Əfqanıstan da bura daxildir. Mərkəzi Asiya hazırda Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistanı əhatə edən ərazi olaraq qəbul edilir.

Region haqqında fərqli təsəvvürlərin olması, özlüyündə bir qeyri-müəyyənlik yaradır. Başqa sözlə, kənar qüvvələr öz anlayışları daxilində maraqlarına uyğun şəkildə bölgəyə müdaxilə etmək bəhanəsi əldə edirlər. Görünür, Rusiya, Çin, ABŞ, Avropa İttifaqı, Hindistan və Pakistanın Mərkəzi Asiya uğrunda getdikcə daha gərgin xarakter alan mübarizə aparmaları səbəblərindən biri bundan ibarətdir. Təbii ki, belə bir şəraitdə analitiklər regionun müxtəlif inkişaf ssenarilərindən danışa bilərlər. Bu aspektdə Rusiya Xarici İşlər Nazirliyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Analitik mərkəzinin direktoru, siyasi elmlər doktoru Andrey Kazantsevin Mərkəzi Asiyada proseslərin 5 ssenari üzrə gedə biləcəyi haqqında proqnozları maraq doğurur (bax: Андрей Казанцев. Пять сценариев будущих границ Центральной Азии // Российский совет по международным делам. www.russiancouncil.ru, 17 aprel 2013).

Müəllif regionda yeni "böyük oyunun” getdiyi tezisini irəli sürür. Onun mahiyyəti həm bölgə dövlətlərinin öz aralarında, həm də böyük dövlətlərin Mərkəzi Asiya uğrunda yeni səviyyədə mübarizə aparmasında ifadə olunur. Həmin məkanda yerləşən ölkələrin daxilində kifayət qədər ziddiyyətli məqamlar toplanıb. Onlar etnik, siyasi, sosial-mədəni və hərbi xarakterlidir. Bu sırada diaspor məsələsi daha aktualdır. Özbəkistanda taciklər, Qırğızıstanda özbəklərlə problemlər, Tacikistanda "dağlıq” və "düzənlik” ərazidə, Qazaxıstanda "şimal” və "cənubda” yaşayanlar arasında ziddiyyətlər mövcuddur.

Ziddiyyətlər və ssenarilər

Böyük dövlətlərin regiona müdaxiləsi isə bütün bunları həm müəyyən aspektlərdə alovlandırır, həm də yeni çətinliklər meydana çıxarır. Bu səbəbdən A.Kazantsev birinci ssenari olaraq Çinin Mərkəzi Asiyada hakim qüvvəyə çevrilə bilməsini irəli sürür. Pekinin bunu tədricən və mərhələli şəkildə edə biləcəyini proqnozlaşdırır. Bu ssenari ABŞ-ın Əfqanıstandan tamamilə çıxması, Avropada iqtisadi böhranın uzun sürməsi və Rusiyada iqtisadi-demoqrafik faktorlar nəticəsində "durğunluğun” davam etməsi halında mümkün ola bilər. Çin əvvəlcə iqtisadi təsir edə bilər, sonra dil və mədəniyyətini cəmiyyətin elitar təbəqəsində yayar. Bunun nəticəsində region ölkələrində Qərbə qarşı müqavimət formalaşa bilər. 60-70 il ərzində Pekin bu üsulla regionun hakim gücü halına gələ bilər.

Bu ssenari Rusiyanın Avrasiya inteqrasiya modelini həyata keçirə bilməyəcəyi variantında reallaşa bilər. Lakin A.Kazantsev "postsovet məkanının reinteqrasiyası” ssenarisinin (ikinci ssenari) baş tutmasını da istisna etmir. Bu halda region dövlətləri arasında sərhədlər silinəcək. Nədənsə, analitik reinteqrasiya ssenarisi üzərində geniş dayanmır. Onu daha çox iqtisadi əlaqələrin inkişafı ilə bağlayır.

Üçüncü ssenari "Mərkəzi Asiya İttifaqı” adlanır. Bu zaman region dövlətləri arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etməsi nəticəsində Avropa İttifaqına oxşar təşkilatın yarana bilməsi mümkün sayılır. Həmin proses 100 ilə yekunlaşa bilər. Maralıdır ki, A.Kazantsev bu ssenariyə elə bir üstünlük vermir. O hesab edir ki, region dövlətləri arasında xeyli ziddiyyət toplanıb və buna görə onların ortaq dil tapması ehtimalı çox aşağıdır. Bununla yanaşı, hadisələr elə yöndə inkişaf edə bilər ki, Mərkəzi Asiyada ümumi bir təşkilat yaranar.

Müəllifin dördüncü ssenari adlandırdığı proses "Xəlifəliyin” formalaşmasıdır. Bu, İslam amilinin regionda güclü şəkildə siyasiləşməsi və bəzi radikal qrupların təsirinin artması halında baş tuta bilər. Onu A.Kazantsev əsasən Əfqanıstan məsələsi ilə əlaqələndirir. Şübhəsiz, dördüncü ssenari Rusiya, Qərb və Çin üçün arzuolunmazdır. Bu səbəbdən proseslərin həmin istiqamətdə inkişaf etməsinə böyük dövlətlərin ciddi mane olacağını proqnozlaşdırmaq mümkündür.

Nəhayət, beşinci ssenari Mərkəzi Asiyanın dağılması adlanır. Qəribədir ki, rusiyalı analitik məhz bunun reallaşa biləcəyini daha çox ehtimal edir. Onun əsas arqumenti region ölkələri daxilində dərin ziddiyyətlərin mövcudluğundan ibarətdir. 1920-1930-cu illərdə Mərkəzi Asiyada dövlətlərarası sərhədlər süni şəkildə çəkildiyindən çoxlu sayda problemlər yaranıb. Bu, milli identiklik məsələsində də özünü göstərib.

Lakin hazırda regionda qazaxlar, özbəklər, taciklər, türkmənlər və qırğızlar öz milli kimliklərini müəyyənləşdiriblər və çətin ki, ondan imtina edələr. Deməli, bölgədə etnik anlaşılmazlıqların tədricən azalması gözləniləndir. Diqqəti çəkən məqam odur ki, həmin proses milli dövlətçilik şüurunun inkişafı fonunda baş verir.

Bütün bunlara rəğmən, Mərkəzi Asiyada klan-tayfa və regional-klan səviyyəsində ziddiyyətlərin qalması mümkündür. Bu o deməkdir ki, regionda milli identikliyin bərqərar olması ilə yanaşı, subetnik və subregional strukturlardakı ziddiyyətlər də qala bilər.

Yerli ölkələrin seçim haqqı tanınırmı?

Mərkəzi Asiya haqqında proqnozlaşdırılan 5 ssenarinin yaratdığı ümumi mənzərə, etiraf edək ki, ürəkaçan deyil. Aydın hiss edilir ki, indiki tarixi mərhələdə böyük dövlətlər regionun müstəqil və sərbəst inkişaf etməsinə elə də həvəsli deyillər. Onların dünya liderliyi iddiası həmin bölgə uğrunda mübarizədə daha kəskin formada özünü göstərə bilər. Bu aspektdə əsas savaşın Rusiya, Çin və ABŞ arasında gedəcəyini proqnozlaşdırmaq olar. Onlar bölgə ölkələrində süni şəkildə yaradılmış ziddiyyətlərdən yararlanmaqdan çəkinməyəcəklər.

Şübhəsiz, bu proseslərin Cənubi Qafqaza da təsiri ola bilər. Digər tərəfdən, proqnozlaşdırılan 5 ssenaridə türk birliyinə yer verilməyib. Məsələ ondan ibarətdir ki, Mərkəzi Asiyanın 5 dövlətindən 4-ü türkdillidir. Belə isə nəyə görə, Çin dilinin regionda yayılmasına ehtimal verilir, yerli xalqlar üçün doğma olan türk dili haqqında belə proqnoz verilmir? Bundan başqa, yuxarıda təqdim edilən fikirlərdən görünür ki, Mərkəzi Asiyanı əsasən hansısa böyük dövlətin inteqrasiya modelinə daxil edirlər. Bəlkə, region ölkələrinin özlərinin birləşmək ssenarisi mövcuddur? Problemin bu tərəfinə nəyə görə yer ayrılmır?

Belə görünür ki, bölgə ölkələrinin geosiyasi seçimi məsələsi böyük dövlətləri elə də maraqlandırmır. Bunu doğru mövqe hesab etmək çox çətindir. Çünki təcrübə göstərir ki, əvvəlcədən nəzərdə tutulmayan proseslər baş verə bilər. O cümlədən, Qazaxıstan və yaxud Özbəkistan sıçrayışlı inkişaf edər. O halda regionda geosiyasi mənzərənin ciddi surətdə dəyişməsi mümkündür.

Bu kimi müqayisələr göstərir ki, qlobal miqyasda geosiyasi təkamülün müxtəlif ssenarilərini hələlik əsasən böyük dövlətlərin maraqları müstəvisində təqdim etməyə çalışırlar. Ancaq reallıq tamamilə başqa inkişaf istiqamətini ortaya çıxara bilər. Necə deyərlər, əlahəzrət zamanın öz "ssenarisi var”!

Newtimes.az

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...