THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Cənubi Qafqaz: üç böyük dövlətin mübarizəsində yeni səhifə

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
13958
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 26 aprel 2013 – Newtimes.az

Rusiya, Türkiyə və İranın Qafqaz uğrunda mübarizələrini gücləndirdikləri haqqında informasiyalar yayılır. Analitiklər bu prosesin mümkün nəticələrini proqnozlaşdırmağa çalışırlar. Lakin bütün hallarda region üçün xarakterik olan bir mühüm məqamı unudurlar.

Qarşılıqlı münasibətlər üçbucağı

Cənubi Qafqazda böyük dövlətlərin daha da fəallaşdığı hiss edilir. ABŞ, Rusiya, Türkiyə və İran regionda geosiyasi mənzərənin yeniləşməsi uğrunda mübarizələrini gücləndiriblər. Coşua Kuçera bu barədə Vaşinqton Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (CSIS) məruzəsi əsasında "The Bug Pit” bloqunda yazıb (bax: Joshua Kucera. Russia, Iran, Turkey, and the Caucasus. www.eurasianet.org, 22 mart 2013). Məsələ ondan ibarətdir ki, C.Kuçera uzun müddətdir Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə ixtisaslaşmış jurnalistdir. Bu səbəbdən onun təhlilləri maraq doğurur.

Əslində, Qafqazda geosiyasi mübarizənin intensivləşdiyini ifadə edən bir sıra əlamətlər xeyli vaxtdır ki, özünü göstərir. İndi proseslərin gərginləşdiyi müşahidə edilir. Ekspertlərin rəyinə görə, Rusiya daha çox fəallaşıb. Moskvanın Gürcüstan, Ermənistan və Azərbaycan istiqamətindəki siyasəti bütövlükdə həmişə mütəxəssislərin diqqətini çəkib.

Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin ekspertləri isə Cənubi Qafqazdakı geosiyasi vəziyyətə Rusiya, İran və Türkiyənin qarşılıqlı münasibətləri kontekstində nəzər salıblar. Onlar həmin tədqiqatı belə adlandırıblar: "Qarşılıqlı münasibətlər üçbucağı: Türkiyə-Rusiya-İran”. Mərkəzin məruzəsinin başqa bir maraqlı tərəfi orada bu münasibətlər "üçbucağının” ABŞ siyasətinə təsiri məsələsinin yer almasıdır.

Sənəd müəllifləri hesab edirlər ki, İranın Qafqazdakı nüfuzu Rusiyadan çox Türkiyəni narahat edir. Lakin real mənzərə daha mürəkkəbdir. Moskva regionda özündən başqa geosiyasi gücün mövcud olmasını arzulamır. Hazırkı vəziyyətdə isə o, müəyyən manevrlər etməyə məcburdur. Rusiyanın Qafqazla bağlı Türkiyə və İranla münasibətlərinin məzmununda bu səbəbdən yeni çalarlar özünü göstərir. Həmin kontekstdə Türkiyə-Rusiya, Rusiya-İran və Türkiyə-İran əlaqələrinə baxsaq, düşündürücü məqamları görə bilərik.

Hazırda Moskvanı daha çox qayğılandıran Türkiyənin Cənubi Qafqaz siyasətidir. İki ölkə arasında Suriya ilə bağlı da fikir ayrılığı mövcuddur. Lakin Kreml Ankaranın Qafqaza nüfuzunu birbaşa Rusiyanın təhlükəsizliyi üçün yarana biləcək təhdidlərlə əlaqələndirir. Çünki bu regionda müsəlmanlar çoxluq təşkil edir. Onların Türkiyədə böyük diasporları var. Belə bir əlaqə Şimali Qafqazda radikal dini qruplaşmaların daha da güclənməsinə gətirib çıxara bilər. Moskva bilir ki, Qafqazda əsas təhlükəni vəhhabilər törədirlər. Lakin vəziyyət sabit deyil, istənilən zaman başqa qruplar təşəbbüsü ələ ala bilərlər. Xüsusilə, Əfqanıstan məsələsinin həll edilməməsi bu istiqamətdə təhlükələri artırır.

Məsələnin başqa tərəfi Gürcüstan faktoruna bağlıdır. Türkiyədəki abxaz, osetin və çərkəz diasporlarının Abxaziya, Cənubi Osetiya, Qaraçay-Çərkəzə təsirləri az deyil. Bu zəncirvarı əlaqələr bütövlükdə Şimali Qafqazı müharibə meydanına çevirə bilər. Deməli, Rusiyanın Türkiyə ilə normal münasibətlər qurması və eyni zamanda, Qafqazda təşəbbüsü onun əlinə verməməsi üçün xeyli səbəb vardır. İki ölkə arasında iqtisadi əlaqələrin sürətli inkişafı fonunda bu məqam ciddi yer tutur.

Nəhayət, Azərbaycan və Ermənistan məsələləri Moskva-Ankara xəttində həmişə əhəmiyyət kəsb edib. Azərbaycan həm enerji daşıyıcılarına sahib ölkə kimi, həm də vacib nəqliyyat dəhlizi olaraq Qərb və Rusiyanın diqqət mərkəzində olub. Onların bu aspektdə maraqları qətiyyən azalmayıb. Əksinə, Bakı müstəqil enerji siyasəti ilə daha aktiv mövqeyə çıxıb. Azərbaycan Qərblə yanaşı, Rusiya ilə də əlaqələrini inkişaf etdirir. Ona görə də Bakıya hansısa təzyiqdən söhbət gedə bilməz.

Təcavüzkar niyə "unudulur”?

Ermənistanla bağlı vəziyyət xeyli fərqlidir. Erməni KİV-i Moskvanın bu ölkədə hərbi gücünü artırmaq fikrində olduğundan yazır. Hətta Dağlıq Qarabağa Rusiya qoşunlarının yerləşdirilməsi ehtimalından yazırlar. İranın yüksək vəzifəli şəxslərinin bu məsələni İrəvanda müzakirə etdikləri haqqında informasiyalar yayılıb. Yəni faktiki olaraq söhbət Ermənistanda əlavə hərbi qüvvələrin yerləşdiriləcəyi halında regionda meydana çıxa biləcək problemlərin həllindən gedir.

Bütün bunların fonunda analitiklər Rusiya-Ermənistan-İran geosiyasi əməkdaşlıq xəttindən danışırlar. Bunu Türkiyə-Gürcüstan-Azərbaycan xəttinə qarşı qoymağa çalışırlar. Lakin daha geniş aspektdə məsələyə yanaşanda real mənzərə tamam fərqli görünür. Problem Ermənistanın təcavüzkar siyasəti nəticəsində regionda gərgin vəziyyətin yaranması və əməkdaşlıq imkanlarının məhdudlaşmasından ibarətdir. Əgər bu siyasətin qarşısı alınmasa, bütövlükdə regionda hansısa təhlükəsizlik sisteminin yaradılmasından danışmaq mümkün deyildir.

Bunlara görə, Rusiyanın Dağlıq Qarabağda hərbi qüvvə yerləşdirməsi real görünmür. Belə hal baş versə, regionda geosiyasi-hərbi vəziyyətin müsbətə doğru dəyişəcəyini gözləmək əbəsdir. Məsələnin mahiyyəti konkret bir dövlətin regionda özünə geosiyasi tərəfdaş axtarmasında deyil, təcavüzkarlığın qarşısını almaqdadır. Yalnız bundan sonra konkret nəticə verə biləcək qüvvələr balansının formalaşdırılmasından danışmaq olar.

İran Rusiyanın Cənubi Qafqazda fəallaşmasından elə də narahat deyil. Bir çox məsələlərdə onların maraqları kəsişir. Lakin Tehran Moskvanın bölgəyə tam hakim olmasını da arzulamır. Bu istəyini o, indi açıq dilə gətirə bilmir. Çünki özü Qərbin güclü təzyiqləri altındadır. Həmin səbəbdən Tehran regionda Rusiyanı qıcıqlandıra biləcək hərəkət etməməyə çalışır. Azərbaycana qarşı isə müəyyən addımlar atmağa cəhd edir. İran öz ərazisində yaşayan azərbaycanlıların demokratiya tələblərinin vüsət almaması üçün müəyyən tədbirlər görür. Bakının Tehranla mehriban qonşuluq siyasəti dəyişmir. Görünür, hələ bir müddət İranın Azərbaycana qarşı ehtiyatlı münasibəti qalacaq.

Türkiyənin Cənubi Qafqaz siyasətində konstruktiv məqamlar çoxdur. Ankara region dövlətlərinin suverenliyinin möhkəmlənməsində maraqlıdır. Onun Azərbaycanla əlaqələrinin əsasında da məhz bu məqam durur. Hazırda Türkiyə üçün regionda ən böyük maneə Ermənistandır. "Erməni soyqırımı” məsələsinin qondarma yubileyi ilə bağlı vəziyyət daha da mürəkkəbləşir. Bu da Ankaranın Cənubi Qafqazda Rusiya qədər təsirli ola bilməyəcəyi proqnozunu verməyə imkan yaradır.

Rusiya-Türkiyə münasibətlərində regionun enerji ehtiyatlarından istifadə məsələsi ayrıca yer tutur. Hazırda Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin reallaşması üçün Ankara fəallığını artırıb. Moskva isə Türkmənistanın bu layihəyə qoşulmamasına çalışır. Bakı-Aşqabad münasibətlərində olan müəyyən məqamlardan bu məqsədlə istifadə edirlər. Türkiyə isə Azərbaycanla Türkmənistanın ortaq mövqeyə gəlmələri üçün addımlar atır. Bu istiqamətdə hər hansı qəti nəticədən danışmaq tezdir. Başqa sözlə, həmin məsələdə Ankara-Moskva münasibətlərində qeyri-müəyyənlik qalmaqdadır.

Bütün bunlar onu göstərir ki, Cənubi Qafqaz uğrunda Rusiya, Türkiyə və İran arasında gedən mübarizədə ziddiyyətli nüanslar mövcuddur. Regionda geosiyasi vəziyyətin gərginlikdən xilas olması üçün xeyli işlər görülməlidir. Təəssüf doğuran hal odur ki, böyük dövlətlər Cənubi Qafqaz siyasətlərində əsas məqamı – təcavüzkara təsir etməyi nəzərə almırlar. Bu, münaqişələrin həllini çıxılmaza salır və bütövlükdə regionun geosiyasi mühitində gərginlik yaradır. Belə bir vəziyyətdə hansısa geosiyasi gücün regiondakı tam üstünlüyündən danışmaq çox çətindir.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...