THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Qlobal xaos təhlükəsi

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
11241
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 24 aprel 2013 – Newtimes.az

Amerikanın tanınmış analitiki Zbiqnev Bjezinski dünya miqyasında gedən geosiyasi proseslərə öz münasibətini bildirib. Onun fikirləri maraqlı və diqqətəlayiqdir. O, bir çox aktual məsələlərə aydınlıq gətirməyə çalışıb. Xüsusilə, Avrasiyada inteqrasiya ideyası, Rusiya-Çin münasibətləri və ABŞ-la Avropa arasında azad ticarət zonasının yaradılması ilə bağlı maraqlı tezislər irəli sürüb.

"Geniş Qərb” nə deməkdir?

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Zbiqnev Bjezinskinin Polşada nəşr olunan "Polska” qəzetində dərc edilmiş müsahibəsində qlobal geosiyasətlə bağlı aktual və maraqlı məsələlərə toxunulub. ABŞ, Avrasiya və Çini əhatə edən geosiyasi proseslərin mahiyyətinə nəzər salınıb. Burada dünyanın gələcək vəziyyəti aspektində tanınmış analitikin söylədiyi fikirlər və verdiyi proqnozlar düşündürücüdür. Hiss edilir ki, Z.Bjezinskini daha çox Amerikanın qlobal miqyasda liderliyinin aqibəti narahat edir. Avrasiya və Çin məsələlərinə də məhz bu kontekstdə diqqət yetirilir (bax: Бжезинский: Следует укрепить Запад, включив в него Россию, Украину или Турцию // "İnosmi.ru", 1 aprel 2013).

Hər şeydən əvvəl onu deyək ki, Z.Bjezinski Avrasiya inteqrasiyasının gələcəyinə inanmır. Müsahibədə bütün mülahizələrini bu tezisin doğruluğu üzərində qurur. Əvəzində o, "geniş Qərb” terminini daxil edir. Bunun coğrafi mənası yoxdur, sırf geosiyasi anlayışdır. Keçmiş müşavir burada Yaxın Şərq, Rusiya, Ukrayna və Türkiyənin daxil olduğu böyük bir məkanda Qərbin strateji maraqlarına cavab verən geosiyasi mənzərənin formalaşmasını nəzərdə tutur. Onun fikrincə, həmin məkanın lideri ABŞ olmalıdır. Lakin Amerika təkbaşına fəaliyyət göstərməməlidir. Bu prosesdə onun ən yaxın tərəfdaşı Avropadır.

Bəs hazırda ciddi maliyyə və siyasi böhran içərisində olan Avropanı necə dünya lideri səviyyəsinə yüksəltmək olar? Bjezinski etiraf edir ki, Avropa İttifaqında tənəzzül davam edir. Bu təşkilat daxilində inteqrasiya prosesləri getdikcə daha mürəkkəb xarakter alır. Analitikin fikrincə, bunun səbəbi sabitlik dövründə Brüsselin üzv-dövlətlərin birləşməsi potensialından lazımınca yararlana bilməməsindədir.

Bütün bunlara baxmayaraq, Bjezinski Avropa İttifaqının dağılacağına şübhə ilə yanaşır. Əsas arqumentlərdən biri ondan ibarətdir ki, ABŞ transatlantik azad ticarət zonası yaratmaq ideyasına daha ciddi münasibət bildirməyə başlayıb. Buradan aydın olur ki, Z.Bjezinski Avropanın gələcəyini ABŞ-ın ticarət siyasətinə əməl etməkdə görür. Yalnız bu halda Aİ nəinki mövcudluğunu saxlaya, hətta dünyanın aparıcı qüvvəsinə çevrilə bilər. Məsələnin bu tərəfi bir neçə aspektdən düşündürücüdür.

Belə görünür ki, "geniş Qərb” anlayışı ilk növbədə ABŞ-ın liderlik iddiasına yeni məzmun vermək naminə daxil edilib. Bu üsulla Vaşinqton Avropa, Yaxın Şərq, Rusiya, Ukrayna və Türkiyəni öz təsiri altında saxlamaqla Çinə alternativ güc mərkəzi yaratmaq niyyətindədir. Ancaq burada bir-biri ilə uyğun gəlməyən məqamlar da mövcuddur.

Əvvəla, ABŞ-ın Yaxın Şərq siyasəti hələlik tam uğurlu deyil. Ərəb dövlətləri, İran, İsrail və Türkiyə arasında olan məlum ziddiyyətlərin necə həll olunacağına da aydınlıq gətirilməyib. Ona görə də Z.Bjezinskinin "Amerika Yaxın Şərqdə daha incə siyasət yeritməlidir”, fikrinin arxasında hansı real addımların durduğu müəmmalıdır.

İkincisi, Rusiya və Türkiyə transatlantik azad ticarət zonası ideyasına çox ehtiyatla yanaşırlar. Türkiyənin Avropa İttifaqı naziri və baş müzakirəçisi Egemen Bağış həmin bağlılıqda narahatlıqlarını açıq şəkildə bildirib. Ankara hesab edir ki, bu ideya reallaşsa, Türkiyənin xarici ticarətinə ziddi zərər dəyəcək. Nəticədə ölkə məcburən Qərbin iqtisadi təsiri altına düşə bilər. Həmin səbəbdən azad ticarət zonası ideyasına yenidən baxılması daha düzgün olardı. Moskvanın məsələyə reaksiyası da analoji məntiqə əsaslanır. Deməli, həmin ideyanın irəli sürülməsi faktiki olaraq inkişaf etməkdə olan bir neçə ölkəni Qərbdən asılı vəziyyətə salmaq məqsədini güdür.

Transkontinental əməkdaşlıq sistemi mümkündürmü?

Bu fikirlərin işığında Cənub Qafqaz və Mərkəzi Asiya ölkələrinin geosiyasi vəziyyəti üzərində düşünməyə ehtiyac hiss edilir. Çünki o halda həmin məkanda yerləşən dövlətlərin iqtisadiyyatına transatlantik azad ticarət zonasının yaradılmasının necə təsir edəcəyi məlum deyil. Həmin ölkələr özünə qapana bilərmi? Yaxud onların inkişaf tempinin saxlanması üçün Qərb hansısa tədbirləri nəzərdə tuturmu? Regional münaqişələrin həllində hansı dəyişikliklər ola bilər? Z.Bjezinskinin irəli sürdüyü tezislərdə bu kimi suallara cavab yoxdur.

Bununla yanaşı, Bjezinski etiraf edir ki, Qərbin şərq sərhədlərindən kənarda olan dövlətlər üçün uzunmüddətli inkişaf strategiyası hazırlanmayıb. Bunu ABŞ və Avropa ortaya çıxarmalıdır. Belə çıxır ki, əslində söhbət qlobal miqyasda mövcud olan xaosdan getməlidir. Z.Bjezinski həmin məqamı vurğulayır. Bundan çıxış yolunu isə dünyanın böyük dövlətlərinin qlobal əməkdaşlığının transkontinental sistemini formalaşdırmaqda görür. Bu, kifayət qədər ciddi iddiadır. Eyni zamanda, çox mürəkkəb prosesdir. Geosiyasətdə hazırda mövcud olan ziddiyyətlər aspektində isə çətin məsələdir.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavirinin fikirlərindən də onun həmin aspektdə bitkin mövqeyə malik olmadığı hiss edilir. Məsələn, "Polska”ya müsahibəsindən bir qədər əvvəl söylədiyi tezislərdə Z.Bjezinski Çinin Rusiya ilə deyil, ABŞ-la əməkdaşlıq etməli olduğunu deyib (bax: Бжезинский предлагает Пекину выбрать между Москвой и Вашингтоном // "Голос России”, 26 mart 2013).

Maraqlıdır ki, bir tərəfdən, Rusiyanı "geniş Qərb” modelinin daxilində görmək istəyirlər, digər tərəfdən isə, Moskva-Pekin münasibətlərinin inkişafından narahatdırlar. Əslində isə Rusiya-Çin əlaqələrinin genişlənməsi Qərbin maraqlarına cavab verməli idi. Deməli, birincisi, Vaşinqtonun xarici siyasətində hələlik Rusiya və Çinin yeri tam müəyyənləşməyib, ikincisi, "geniş Qərb” modeli faktiki olaraq Amerikanın strateji maraqlarına uyğun yeni əməkdaşlıq modelindən başqa bir şey deyil. O halda qlobal əməkdaşlığın transkontinental sisteminin hansı meyarlara görə yaradılması məsələsi də müəmmalıdır.

Bunlara baxmayaraq, bizcə, daha vacib olanı Z.Bjezinski kimi analitikin qlobal xaosdan danışmasıdır. Bu cür vəziyyət dünyanın istənilən regionunda qarşıdurmaların alovlana bilməsi ehtimalının mövcudluğuna işarə edir. O cümlədən, böyük dövlətlərin regional münaqişələrin ədalətli həlli modelinin olmadığı təəssüratı yaranır. Onlar hələlik öz strateji maraqlarını təmin etməyin təsirli üsullarını axtarırlar.

Hazırda Qərbin əsas məqsədlərindən biri Avrasiya məkanında inteqrasiyaya imkan verməməkdən ibarətdir. Burada inteqrasiya modelinin kim tərəfindən – Rusiya və ya Türkiyə tərəfindən təklif edilməsinin əhəmiyyəti yoxdur. Vaşinqton üçün ABŞ-Avropa cütlüyünün strateji maraqlarına uyğun gələn və Avrasiya məkanının böyük dövlətlərini də əhatə edən geosiyasi modelin mənası vardır. Bu kontekstdə Amerika Avrasiyanı Çinlə Avropa arasında tərəddüd edən və gərginlik içərisində olan coğrafi ərazi olaraq görür. Deməli, bu məkanda siyasi çaxnaşmalar yaratmaq üçün addımlar atıla bilər. Bu da burada yerləşən dövlətlər üçün təhlükəsizlik məsələsinin ön plana çıxması deməkdir. Bu şəraitdə demokratiyanı necə inkişaf etdirməyin mümkün olduğu məlum deyil. Görünür, italyan siyasətşünası Danilo Zolonun qlobal miqyasda demokratiyanın daha mürəkkəb vəziyyət yaratdığı haqqındakı nəzəri qənaəti ilə razılaşmaq lazım gəlir. Bu fikirlərin işığında əsas nəticə ondan ibarətdir ki, hər kəsdən əvvəl böyük dövlətlər öz siyasətlərinə yenidən baxsalar, dünya üçün faydalı olardı.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...