THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

"Stratfor"un proqnozu: dünya yeni mərhələyə qədəm qoyur

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
18179
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 17 aprel 2013 – Newtimes.az

Qlobal miqyasda cərəyan edən geosiyasi proseslər narahatlıq doğurur. Bunun əsas səbəblərindən biri onların qeyri-müəyyən xarakterli olmasındadır. Böyük dövlətlər arasındakı münasibətlərin dəyişmə dinamikası tam aydın deyil. Lakin analitiklərin həmin məsələlərlə bağlı təhlilləri və proqnozları olduqca maraqlı və diqqətəlayiq məqamları ortaya qoyur.

"Soyuq müharibə”dən sonra geosiyasət

ABŞ-ın "Stratfor” analitik mərkəzinin qurucusu Corc Fridmanın qlobal geosiyasi mühitdə baş verən dəyişikliklərlə bağlı təhlili dərc edilib (bax: George Friedman. Beyond the Post-Cold War World // "Stratfor”, 2 aprel 2013). Yazıda dünyanın yeni geosiyasi mərhələyə keçməsi haqqında proqnozlar yer alıb.

C.Fridman "soyuq müharibə” dövründən sonra dünyanın üç faktorla müəyyən olunduğunu vurğulayır. Birincisi – ABŞ-ın nüfuzu və hakimiyyətidir. İkincisi – Çinin güclənməsi və bu ölkənin öz daxili potensialına əsaslanmaqla dünyanın sənaye mərkəzinə çevrilməsidir. Üçüncüsü – Avropanın iri və inteqrə olunmuş iqtisadi güc halına gəlməsidir. Bu ərəfədə Rusiya zəiflədi, Yaponiya isə tamamilə yeni iqtisadi modelə keçdi.

Məşhur analitik "soyuq müharibə”dən sonrakı dövrü iki mərhələyə bölür. Birinci 1991-ci ilin 31 dekabrından 2001-ci ilin 11 sentyabrına qədər davam edib. İkinci 11 sentyabrdan başlayıb və indi də davam edir.

Birinci mərhələ iki müddəa üzərində qurulurdu. Bu zaman ABŞ dominant hərbi və siyasi güc kimi qəbul edilirdi. Lakin hərbi güc əsas sayılmır, çünki əsas faktor kimi iqtisadiyyat götürülür. İkinci mərhələ üç böyük güc – ABŞ, Çin və Avropa ətrafında qurulur. Lakin bu mərhələdə Amerikanın dünyagörüşündə ciddi dəyişikliklər baş verdi. ABŞ hesab etməyə başladı ki, başqalarından üstün olmağın əlaməti İslam aləmini hərbi vasitələrlə dəyişmək gücü və imkanına malik olmaqdan ibarətdir. Həmin dövrdə Çin və Avropa diqqətini məqsədyönlü şəkildə iqtisadi məsələlərə yönəltmişdi.

C.Fridmanın bu məqamdan sonrakı təhlili çox düşündürücüdür. Onun fikrincə, artıq Maastrixt müqaviləsində ifadə olunan ideya Avropa üçün həlledici deyil. Çünki Avropa İttifaqında iqtisadi silkələnmələr güclənib və orada siyasi parçalanma baş verib. Çin iqtisadi möcüzəsi isə sona çatmaq üzrədir. Məhz buna görədir ki, Pekin özünü təsdiq etmək üçün hərbi aspektə daha çox diqqət ayırmağa başlayır. Çin hərbi güc tətbiqi variantlarını istisna etmir. Daha maraqlısı isə ABŞ-la bağlı baş verir. Amerika Əfqanıstandan çəkilir. Vaşinqton qlobal üstünlük ilə hər şeyə qadirlik arasındakı qarşılıqlı əlaqələrə və qarşılıqlı asılılığa yenidən nəzər salır.

Burada C.Fridman diqqəti iki mühüm anlayışa – qlobal üstünlük və qlobal hər şeyə qadirliliyə yönəldir. Əvvəlcə, bunlar arasında fərqin olduğunu göstərir. Sonra isə yeni mərhələdə onlar arasında əlaqə və asılılığın dəyişdiyinə işarə verir. Bu dəyişiklik hansı istiqamətdə gedəcək? Onun məzmununda yeni məqamlar nələrdən ibarət olacaq? Bu kimi suallar maraq doğurur.

Analitik bu suallara konkret cavab verməsə də, bəzi mühüm cəhətlərinə toxunur. Avropa əsasən iqtisadi güc sahibi kimi mövcud idi. Lakin o, iqtisadi inteqrasiya ilə yanaşı müxtəlif dövlətlərə də sahib olmağa cəhd etdi. Bu həyata keçməsi mümkün olmayan ideya öz pik nöqtəsinə çatdı və Avropa tənəzzül edir. Almaniya, Hollandiya və Lüksemburqda işsizliyin səviyyəsi aşağıdır. Avropa İttifaqının əyalətlərində isə bu göstərici yüksəkdir. Almaniya Avropa İttifaqını öz ticarət maraqlarını qorumaq üçün saxlamağa çalışır. Berlin təşkilata üzv dövlətlərin iqtisadi kursunu idarə etməyə çalışır. Almaniya Avropa dövlətlərini elə-belə xilas etmir, əvəzində onların büdcələrinə nəzarət etmək arzusundadır. Ziddiyyətlər buradan yaranır. Çünki Aİ-yə üzv dövlətlər öz suverenliklərindən imtina etmək istəmirlər. Nəticədə bir sıra Avropa ölkəsində (məsələn, Macarıstan, Rumıniya, Bolqarıstan və s.) radikal millətçilik tendensiyası güclənir.

Kipr nümunəsi isə Aİ-nin taleyi baxımından prinsipial bir məqamı ortaya qoydu. Göründü ki, Avropa İttifaqı zəif dövlətləri təzyiq altında saxlamağa çalışır. Əgər hər hansı təşkilat üzvü olan ölkə zəifləsə, onu başqaları öz təsiri altına almağa cəhd edəcək. Bu məqam Avropada inteqrasiyanın perspektivini sual altına alır. Eyni zamanda, demokratik sayılan Aİ-də zəiflərə münasibətin heç də demokratik olmadığını göstərir. Bu prinsip Aİ-nin ümumiyyətlə mahiyyətinə aiddirsə, onda onun digər dövlətlərə münasibəti nə dərəcədə demokratik ola bilər? O halda regional münaqişələrin həllinə Avropa obyektiv yanaşa bilərmi? C.Fridmanın təhlilindən bu suallara cavab tapılması zərurəti də özünü göstərir.

Yeni qüvvələr nisbəti

Çin məsələsi analitikin yazısında mühüm yer tutur. Onun qənaətinə görə, Çin iqtisadiyyatı əvvəlki templərlə inkişafını davam etdirə bilməz. İxraca istiqamətlənmiş iqtisadiyyat ölkə daxilində tələbatın artmasını şərtləndirir. Lakin Çində bunun baş verməsi üçün ölkənin daxili həyatında inqilabi dəyişikliklər olmalıdır. Pekin bir neçə dəfə buna cəhd etdi. Ancaq alınmadı. Beləliklə, Çin ona ayrılmış tarixi zaman çərçivəsində daxildə köklü sosial-iqtisadi dəyişikliklərə nail ola bilmədi. Nəticədə ixraca qoyulan gəlir normasını ixtisar etməklə artımı həyata keçirmək yolunu seçdi. Həmin üsul Yaponiyanın maliyyə sistemini zəiflətdi. Çini də eyni aqibət gözləyir.

Bütün bunlar göstərir ki, Avropa və Çin eyni səhvləri buraxıblar. Onlar geosiyasət və daxili siyasi problemlərə əhəmiyyət vermədən iqtisadi çiçəklənmə vasitəsi ilə dayanıqlı inkişafı təmin edəcəklərinə inanırdılar. 1991-2008-ci illər arasında bu proqnoz özünü doğrultdu. İndi isə reallıq tamamilə başqa məqamları ortaya qoyur. Aİ və Çindən fərqli olaraq ABŞ-a tarix ayrı bir dərs verdi.

Amerika hərbi müdaxilə ilə qlobal problemləri həll edəcəyinə inam bəsləyirdi. 2001-ci ilin sentyabrı hər şeyi alt-üst etdi. Əfqanıstan və İraq məsələləri isə sübut etdi ki, ən böyük hərbi güc vasitəsi ilə başqalarına siyasi iradəni qəbul etdirmək mümkün deyil. Məhz bu məqamda üstünlük ilə qüdrətlilik arasındakı fərqi dərk etmək lazım gəlir. Vaşinqtonun həmin məsələdə konkret bir fikrə gəldiyini söyləmək çətindir. Bununla yanaşı, Amerika artıq qlobal geosiyasətdə dəyişikliklərin başladığını qəbul edir və xarici siyasətini buna uyğun qurur. Onun Orta Şərq, Qafqaz, Mərkəzi Asiya və Çin istiqamətlərində son vaxtlar atdığı addımlar bunu sübut edir.

Burada çox mühüm məqam ondan ibarətdir ki, ABŞ artıq birbaşa hərbi müdaxilə üsulundan istifadə etmir. Bununla o, liderlik iddiasına son qoymur, sadəcə qüvvələr balansını yeni formul üzrə təmin etməyə çalışır. Amerika hələ də dünyanın digər iki nəhəng gücü olan Aİ və Çinə nisbətdə daha yaxşı iqtisadi sistemə malikdir. Onun iqtisadi problemləri nisbətən azdır. Lakin bunlar Vaşinqtona mütləq hakimlik statusu vermir. Bu səbəbdən ABŞ-ın yeni mərhələdəki siyasətinin hansı nəticələr verəcəyini zaman göstərəcək. Ancaq indidən aydındır ki, qlobal miqyasda geosiyasi mənzərə ciddi surətdə dəyişəcək.

Bütün bunların əsasında C.Fridman yeni mərhələnin dörd müəyyənedici xarakteristikasını göstərir. Birincisi, Amerika Birləşmiş Ştatları bütün parametrlər üzrə hakim dünya nəhəngi olaraq qalır. Ancaq indi Vaşinqton ehtiyatlı və ölçülü-biçili davranır. O, üstünlük ilə hər şeyə qadir olmaq arasındakı mühüm fərqi qəbul edir.

İkincisi, Avropa özünün normal vəziyyətinə qayıdır. Bunun əsas əlaməti bir-biri ilə yarışa girən çoxlu sayda milli dövlətlərin olmasından ibarətdir.

Üçüncüsü, Rusiyanın dirçəlişi prosesi gedir. Ruslar adətləri üzrə "bulanıq suda balıq tutmaqda” davam edəcəklər. Rusiya iqtisadi cəhətdən elə də əhəmiyyəti olmayan, ancaq ciddi siyasi dividend gətirən sazişlərə nail olmaqda davam edəcək.

Dördüncüsü, Çin öz daxili problemlərini həll etmək üçün "özünə qapanır”. Onun üçün kommunist idarəetmə üsulu ilə qeyri-sabit iqtisadi vəziyyəti uyğunlaşdırmaq xeyli çətinləşib. Əhalinin rifah halı yüksəlməsə, Çin avtoritar dövlətə çevriləcək.

Bu təhlillərdən mühüm nəticələr alınır. O cümlədən, qlobal miqyasda qüvvələr nisbətinin dəyişməsi ilə bağlı düşündürücü məqamları vurğulamaq olar. Görünür, yeni mərhələdə hansısa konkret parametr üzrə (məsələn, hərbi, iqtisadi və ya siyasi) liderlik mümkün olmayacaq. Qlobal miqyasda söz sahibi olan dövlətin kompleks halda üstün olması lazım gəlir. Bura siyasi, iqtisadi, mədəni, ekoloji, hərbi və s. aspektlər daxildir. Avropa və Çin Amerikaya qlobal liderlik səviyyəsində rəqib ola bilməzlər. Onlar bütün stavkanı iqtisadiyyata qoymaqla öz-özlərini əldən salırlar.

ABŞ-ın dünyada hegemon olması məsələsi də həll edilməmiş qalır. Çünki yeni güc mərkəzləri meydana çıxa bilər. Məsələn, Rusiya, Hindistan, Braziliya, Türkiyə sürətli inkişafdadırlar. Bundan başqa, müxtəlif regionlarda olan münaqişələr dünya üzrə geosiyasi vəziyyəti bir anda dəyişə bilər. Onların həll edilməməsi böyük dövlətlərə əvvəllər müşahidə edilməmiş problemlər yaradar. Bütövlükdə götürdükdə, regional liderlərin meydana çıxması qlobal miqyasda geosiyasi mənzərəyə yeni dinamika verər. Başqa ssenarilər də mümkündür.

Lakin C.Fridmanın təqdim etdiyi tezislər ümumi səviyyədə olduqca maraqlı və diqqətəlayiq məqamları ortaya qoyur. Görünür, dünyada yeni beynəlxalq qaydalar bərqərar ola bilər. Bunun əsası indi qoyulursa, müəyyən müddətdə bu sahədə qeyri-müəyyənliklərin mövcudluğunu qəbul etməliyik. Elə bir zaman kəsimi meydana çıxar ki, regional səviyyədə geosiyasi proseslərin tənzimlənməsi üçün konkret meyarlar itə bilər. Bu halda münaqişələrin həlli məsələsi olduqca aktual bir problemə çevrilmiş olur.

Digər tərəfdən, Avropada milli dövlətçilik yenidən daha böyük əhəmiyyət kəsb edirsə, müstəqilliyini yeni əldə etmiş ölkələrdə bu məsələnin optimal həllinin necə olması üzərində düşünmək lazım gəlir. Burada milli suverenliklə qloballaşma prosesinin tələbləri arasında yeni nisbət tapmaq lazım gələcək. Problemin mürəkkəb tərəfi həm də ondan ibarədir ki, yeni mərhələ başa çatmayıb və bir çox prinsipial məqamlar aydın deyil. Həmin səbəbdən C.Fridmanın yekun tezisini qəbul etməkdən başqa yol yoxdur: "İndi biz yeni mərhələyə qədəm qoyuruq”.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...