
Bakı, 15 aprel 2013 – Newtimes.az
Böyük Orta
Şərq Mərakeşdən
Pakistana, Türkiyədən Sudana qədər böyük bir ərazidə yeni siyasi
mənzərənin formalaşdırılmasına yönəlmiş geosiyasi layihədir. ABŞ-ın 43-cü Prezidenti Corc
Buşun 2003-cü ildə irəli sürdüyü "Böyük Orta Şərq” konsepsiyası ABŞ-ın "beynəlxalq
terror” adlandırdığı düşmənlə mübarizəyə, Orta Asiyadan körfəz bölgəsinə qədər
uzanan neft mənbələri üzərində idarəçiliyə, yeni fövqəlgüc mərkəzlərini (Çin,
Rusiya və Hindistan) neytrallaşdıraraq islam dünyasında nüfuz sahibi olmağa yönəlmişdir.
Məlum
olduğu kimi, bu coğrafiya əsasən müsəlman ölkələrini əhatə edir. Yeni
minillikdə geosiyasətdə islam faktoru daha güclü bir məna daşımağa başlamışdır.
Tarixən Qərbin hegemon dövlətlərinin müdaxiləsi ilə islam ideologiyasından
siyasi faktor olaraq istifadə olunması bir gerçəklikdir. Vəhhabilik
təriqətinin, Taliban hərəkatının, Əl-Qaidə terror təşkilatının yaradılmasında Qərb
öz iştirakının olduğunu əslində heç vaxt inkar da etmir.
Təəssüflər
olsun ki, günümüzdə islam və radikalizm, hətta islam və terror anlayışlarını
yanaşı çəkənlər Qərbin bu müdaxilələrini xatırlamaq belə istəmirlər. Lakin
tarixi faktlar sübut edir ki, əksər radikal islam təşkilat və təriqətləri hər
zaman Qərbdəki müəyyən qüvvələrin himayəsinə söykənmişdir. İngilislərin
himayəsində yaradılan Vəhabilik bu gün digər Qərb havadarlarının dəstəyi ilə
yaradılan yeni radikal dini cərəyanların timsalında həmin geosiyasi trendi
davam etdirir.
Hətta davam
etməkdə olan ərəb oyanışının əsas siyasi aktorlarından olan "Müsəlman
qardaşları”nın da Qərblə bağlılıqları haqqında çoxsaylı məlumatlar günümüzün
dünya mətbuatının səhifələrini bəzəyir. Lakin siyasi ssenarilərin mövcud
vəziyyətindən fərqli "B planı” zamanı "Müsəlman qardaşları”na hansı rolun
veriləcəyini əvvəlcədən müəyyənləşdirmək olduqca çətindir.
Tarixdə
analoji müqayisə etdikdə, Sovetlərin Əfqanıstan kompaniyası zamanı Taliban
hərəkatının oynadığı rolla bu gün Ərəb oyanışında sələfilərin və ya "Müsəlman
qardaşları”nın rolu arasında bir oxşarlıq müşahidə edilir. Ərəb dünyasında və
bütövlükdə Yaxın Şərqdə siyasi hadisələrin fərqli axarında bu dini qruplara
Taliban kimi terrorçu adın verilib-verilməməsinə isə heç kim zəmanət vermir.
Region ölkələrində baş verən hadisələr kənar
müdaxilə hesabına cərəyan etsə də, tam idarə oluna bilmir. Proseslər olduqca
sürətlidir, xarici qüvvələrin və daxildəki oyunçuların məqsədləri və əldə
etdikləri çox zaman fərqli olur. Hətta proseslərin əks-effekt verəcəyini, Qərbin
maraqlarının əleyhinə çevrilə biləcəyini belə gözləmək olar.
Qərb və
İslam – transformasiya dövrü
Beləliklə,
son yüzillikdə Qərbin İslam dünyasına münasibətində ciddi transformasiyalar baş
verir. II dünya müharibəsinədək Qərbin müstəmləkə şəbəkəsinə daxil olan
müsəlman ölkələri sonrakı dövrdə yenə həmin Qərbin dəstəklədiyi rejimlərlə əvəz
olundu. Əsasən hərbiçilərin əlində olan bu rejimlər soyuq müharibə dövründə
Sovetlər İttifaqına və onun regiondakı müttəfiqlərinə qarşı əsas platsdarm
oldu.
Sovetlər
İttifaqı dağıldıqdan sonra isə yeni bir münasibətə ehtiyac yaranmışdı. Proses 2
istiqamətdə özünü daha qabarıq göstərirdi. Birincisi, Qərb cəmiyyətinin daxilində
islam dini dəyərlərinə və müsəlmanlara qarşı olan münasibət.
Məlum
olduğu kimi müstəmləkə siyasəti iflasa uğradıqdan sonra Qərb ölkələrinin təşviq
etdiyi miqrasiya siyasəti nəticəsində Avropada müsəlmanların sayı dəfələrlə
artdı. Müsəlmanlar artıq Qərb cəmiyyətinin içərisinə daxil olmağa başladılar və
burda özünəməxsus yer tutdular. Bu gün Fransa, İngiltərə, Almaniya və digər
Avropa ölkələrinin artıq vətəndaşı olan müsəlman miqrantlar Qərb cəmiyyəti
daxilində öz bərabər hüquqlarını təmin etməyə çalışırlar.
Hələlik
ümumi tendensiya belədir ki, Avropada mövcud hakim qüvvələr bu miqrantları
onların milli və dini dəyərlərini nəzərə almadan Qərb dəyərləri ideyası
ətrafında birləşdirməyə çalışırlar. Lakin bu siyasət artıq özünü doğrultmur.
Buna görədir ki, Fransada hicabla bağlı, İsveçrədə minarələrlə bağlı xoşagəlməz
presedentlər ortaya çıxmışdır. Təsadüfi deyil ki, Qərb liderləri özlərinin
təşəbbüskarı olduqları multikulturalizm siyasətinin iflasa uğradığını bəyan
edirlər. Beləliklə, müsəlman miqrantların nəsillərinin artıq Qərb cəmiyyətinin
daxili komponentinə çevrilməsini və Qərbdə islamın rolunun və imicinin
gün-gündən artmasını Qərb-İslam münasibətlərində birinci istiqamətin əsas
xarakterik xüsusiyyəti hesab etmək olar. O da qeyd edilməlidir ki, uzun əsrlər
islam dini daşıyıcılarına düşmən kimi baxan Qərb cəmiyyəti üçün bu reallığın
qəbul edilməsi heç də asan deyil.
Qərb-İslam
münasibətlərində ikinci istiqamət isə islam dünyasının dünya nizamında rolunun
dəyişməsi ilə bağlıdır. Artıq bu bir reallıqdır ki, böyük karbohidrogen
ehtiyatlarına malik və strateji coğrafi mövqedə yerləşən Yaxın Şərq regionu
ölkələrinin əvvəlki metodla yönləndirilməsi mümkün deyil. Eyni zamanda islam
artıq geosiyasi faktor olaraq da geosiyasətdə öz ağırlığını qoymaqdadır. Belə
olan halda Qərb uzun illər əməkdaşlıq etdiyi rejimlərə üz çevirdi və yaranan
boşluğu artıq hərbi rejimlərə deyil, dini-siyasi qüvvələrə verməli oldu. Bu
transformasiyanı isə artıq möhkəmlənmiş rejimlərə qəbul etdirmək asan olmadığı
üçün proses qanlı "ərəb oyanışı” ilə müşayiət olunur.
Paralel
olaraq qlobal miqyasda ictimai fikirdə islam və terror, islami radikalizm kimi
kənardan idarə olunan proseslərin əks-təbliğatı istiqamətində işlər aparılır.
Yəni, reallıq və görüntü bir-birindən tamamilə fərqlidir. Bu fərqin daha da
artmasında Qərbin media monopoliyası və qeyri-hökumət təşkilatları şəbəkəsinin
yaratdığı illüziya da öz rolunu oynayır.
Beləliklə,
bütün bu geosiyasi trendlərin işığında Böyük Orta Şərq layihəsi yeni minillikdə
İslam dünyası ölkələri coğrafiyasında yeni mənzərənin konturlarını
müəyyənləşdirməyə yönəlmişdir.
Böyük Orta
Şərq layihəsi çərçivəsində Türkiyə-Suriya münasibətləri
Regionda
baş verən hadisələr Böyük Orta Şərq layihəsində dəyişikliklər edilməsini zəruri
edir. Bu layihənin hazırlanmaqda olduğunu nəzərə aldıqda, çevik reaksiya üçün
taktiki dəyişikliklərin edilməsi heç bir çətinlik yaratmır. Bu baxımdan
Suriyada müharibənin vaxtının Qərbin gözlədiyindən daha artıq uzanması və
xarakterinin dəyişməsi (rejim tərəfdarları və əleyhdarları arasında vətəndaş
müharibəsinə çevrilməsi) Böyük Orta Şərq layihəsində yeni addımlara səbəb olur.
Bu
prizmadan yanaşdıqda Türkiyə-İsrail münasibətlərinin normallaşdırılması, Yaxın
Şərq sülh prosesində Türkiyəyə verilən rolun artırılması, Türkiyədə PKK terror
təşkilatı ilə sülh danışıqları, PKK-nın Suriya müharibəsində aktiv iştirakçıya
çevrilməsi Böyük Orta Şərqdə yeni mənzərənin konturlarını göstərir.
Hazırkı
mərhələdə Suriyada müharibənin gecikməsi yeni taktiki gedişlərə səbəb oldu. Bu
baxımdan, ABŞ Dövlət katibi Con Kerrinin son 1 ayda 2 dəfə Türkiyəyə səfərinin
Türkiyə-İsrail münasibətlərinin normallaşması prosesinin başlaması ilə üst-üstə
düşməsini təsadüfi saymaq olmaz. Türkiyənin regionda rolunun artırılmasının
qarşılığında Suriya ilə bağlı həlledici mərhələdə bu ölkənin üzərinə müəyyən
tələblərin qoyulmasını güman etmək olar.
Bəzi
ekspertlər hesab edirlər ki, C.Kerri Türkiyəyə səfəri zamanı rəsmi Ankaranı
İsrail-Fələstin sülh danışıqlarına dəvət etmişdir (Aslı Aydıntaşbaş. Ortadoğuda
barış için Türkiyeye davet. Milliyet gazetesi. 8 aprel 2013). Yəni, Türkiyə-İsrail
münasibətləri Türkiyənin tələbləri yerinə yetirilməklə normallaşdırılır. Əlavə
olaraq isə Türkiyə İsrail-Fələstin münaqişəsinin həllində daha yaxına ötürülür.
Türkiyə
İraq münasibətlərində də istiləşmə müşahidə olunur. Bir müddət əvvəl Türkiyəni
İraqın daxili işlərinə qarışmaqda ittiham edən İraqın Baş naziri Nuri Əl-Maliki
aprelin 5-də jurnalistlərə açıqlamasında bildirmişdir ki: "İraq ümumi maraqlar,
qarşılıqlı hörmət və qonşuluq əsasında Türkiyə ilə yaxınlaşma istiqamətində
istənilən addımı alqışlayır”. Son dövrlər iki ölkə arasında münasibətlərin
kəskinləşməsi, eləcə də ənənəvi sünni-şiə qarşıdurması kontekstində Nuri
Əl-Malikinin bu bəyanatı siyasi proseslərinin pərdəarxası məqamlarından xəbər
verir.
Digər
tərəfdən Türkiyədə "kürd açılımı” adlı hazırkı danışıqlar prosesində PKK terror
təşkilatı üzvlərinin ölkəni silahları ilə birgə tərk etmə tələblərini ortaya
qoymaları Suriya hadisələri ilə bağlı addımdır. Çünki təxminən eyni vaxtda
Suriyada müharibə başlayandan bəri ilk dəfə olaraq B.Əsəd rejimi kürdlərin
yaşadığı Qamışlı (Türkiyə sərhədi) və Hələbin kürd məhəllələrini vurdu. PKK
terror təşkilatının Suriya qanadı PYD aktiv müharibəyə qoşuldu. Görünən odur
ki, terrorçu kürd qruplaşmaları müharibəni bir ölkədə davam etdirmək tapşırığı
alıblar və buna görə də öz silahları ilə bərabər Suriyaya keçmək istəyirlər.
Beləliklə,
Türkiyənin regional lider olması bir reallıqdır və bu bölgədə nüfuz müharibəsi
aparan bütün qüvvələr bu faktorla hesablaşırlar. Sadəcə Böyük Orta Şərq
layihəsində əsas hədəf ölkələrdən birinin Türkiyə olduğunu nəzərə aldıqda, hazırkı
ssenarilər Türkiyənin xeyrinə işləmir. Görünür Türkiyənin regionda müstəqil
siyasət aparması fövqəldövlətlərin maraqlarına uyğun deyil. Məhz bu səbəbdən də
Böyük Orta Şərq layihəsi Türkiyənin bütün qonşu dövlətlərlə problemlərinin artmasına
yönəlmişdir.
Ərəstü
Həbibbəyli,
iqtisadiyyat
üzrə fəlsəfə doktoru
Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.
Davamı...