
Bakı, 11 aprel 2013 – Newtimes.az
Məlum olduğu kimi, Xəzər
regionunun aktual problemlərindən biri Xəzərin akvatoriyasının delimitasiyası
problemi ilə yanaşı, həm də onun demilitarizasiyasıdır. Bütün Xəzəryanı
ölkələrin hərbi-dəniz siyasəti həm dəniz sahilləri və daxili dəniz sularında,
həm də açıq dənizdə öz milli maraqlarının təmin edilməsinə yönəlsə də, onlardan
bəzilərinin arasında Xəzərin bölgüsü ilə bağlı kəskin fikir ayrılığının olması Xəzəryanı
ölkələri silahlanmağa və yeni hərbi-dəniz infrastrukturlarını yaratmağa
həvəsləndirir. Xəzəryanı dövlətlərin hər birinin öz hərbi-dəniz gücünün artırılması
xətti gözlənilməz nəticələrə gətirib çıxara bilən destabilləşmə amillərindəndir.
Hazırda regionda ən böyük
qüvvə Rusiya hərb-dəniz donanmasının Xəzər flotiliyasıdır. Onun tərkibinə müxtəlif
layihəli 30-a yaxın gəmi və kater daxildir. Xəzər flotiliyasının ən iri, güclü
və silahlı gəmiləri kifayət qədər artilleriya, torpedo və raket silahlarına
malik "Gepard” sinifli "Tatarıstan” (flotiliyanın flaqmanı) və "Dağıstan” keşik
gəmiləridir. Keşik gəmilərindən başqa, flotiliyanın tərkibində digər tipli
döyüş gəmiləri də var. Təkcə keşik gəmiləri və xırda raket gəmiləri Xəzər
dənizinin faktiki olaraq ən azı yarısına nəzarət edir. Flotiliyanın tərkibində
həmçinin 847-ci əlahiddə sahil raket diviziyası (Həştərxan), 77-ci əlahiddə
qvardiya dəniz piyada briqadası (Kaspiysk), habelə vertolyot eskadrilyası da
vardır. Digər Xəzəryanı ölkələr isə həm döyüş gəmilərinin sayına, həm də silahlanma
keyfiyyətinə görə Rusiyanın Xəzər hərbi flotiliyasından xeyli geridədirlər.
Ümumilikdə isə, Rusiyanın hərbi
ekspertlərinin fikirlərinə görə, Xəzəryanı dövlətlərin hərbi-dəniz qüvvələrinin
tərkibi həm kəmiyyət, həm də keyfiyyət baxımından yekcins deyil. Rusiya və İran
hərbi-dəniz əməliyyat birləşmələrinin heyətinin formalaşdırılmasına yanaşmada
da ciddi fərqlər var. Belə ki, Rusiya son illər Xəzər flotiliyasını raket və
artilleriya gəmiləri ilə təchiz etməyə çalışır. Öz növbəsində düşmən gəmilərinə
qəfil hücum təşkil etmək üçün İran əsasən yüksək surətli və manevr imkanları
olan döyüş raket katerlərinin və mini-submarinalarından ibarət moskit donanmanın
yaradılmasına üstünlük verir.
Bu fərqlərin səbəbləri aydındır,
çünki SSRİ və Rusiyanın hərbi-dəniz donanmasının Xəzər flotiliyası Şimal,
Baltik, Qara dəniz və Sakit okean donanmaları ilə müqayisədə həmişə daha az
prioritetə malik olmuşdur. Buna görə də son illər başlayan yenidənsilahlanma
Xəzər birləşməsinin potensialının əhəmiyyətli surətdə yüksəldilməsi, texnikasının
yeniləşdirilməsi üçün bəhanə və vasitə oldu. İrana gəldikdə isə, Xəzərdə
hərbi-dəniz qüvvələrinin spesifik təchizinin səbəbi gəmilərin əsas hissəsini
Fars körfəzində yerləşdirmək zərurəti ilə izah olunur. Xəzərdəki moskit
donanması bu fikri söyləməyə əsas verir ki, İran İslam Respublikası Rusiya,
Qazaxıstan, Azərbaycan və ya Türkmənistanı potensial düşmən hesab etmir və
onlardan özünü güclü donanmanın köməyi ilə müdafiə etməyə ehtiyac görmür. Buna
baxmayaraq, 2013-cü ilin mart ayında İranın Xəzər hərbi-dəniz qüvvələrinin
tərkibinə ölkənin raket silahı ilə idarə olunan "Camaran-2” esminetsi daxil
edilmişdir. Esminets həmçinin yeni tipli radar və daha mükəmməl əlaqə
sistemləri, habelə vertolyot enişləri üçün meydança ilə də təchiz edilmişdir.
"Camaran-2” dəniz və dənizyanı hərbi əməliyyatlar meydanında geniş spektrli
məsələləri həll etməyə qadir olan çoxməqsədli gəmidir.
Bütün Xəzəryanı dövlətləri
narahat edən problem irimiqyaslı münaqişələrin yarandığı hallarda onların ərazisinin
üçüncü ölkələr tərəfindən istifadə edilməsidir. Bu, Xəzəryanı ölkələrin 16
oktyabr 2007-ci il Tehran sammitində bu ölkələrin prezidentləri tərəfindən
imzalanmış Yekun bəyannamədə öz əksini tapmışdır. Sənəddə Rusiya
Federasiyasının prezidenti V.Putinin aşağıdakı sözləri də əks olunmuşdur: "Heç
bir Xəzəryanı ölkə güc tətbiq etmək və ya digər Xəzəryanı ölkəyə qarşı hərbi
təcavüz etmək üçün öz ərazisini üçüncü ölkəyə verməməlidir”.
Marağı olan ölkələrin özünə
gəlincə, burada da bu məsələ ilə bağlı fikirlərin üst-üstə düşmədiyini izləmək
mümkündür. Belə ki, Rusiya müasir şəraitdə Xəzərin demilitarizasiyasının həyata
keçirilməsini məqsədəmüvafiq hesab etmir. Eyni zamanda, Rusiya bu və ya digər Xəzəryanı
ölkənin öz hərbi potensialını artırmasına qarşı da çıxış edir. Aydındır ki,
Xəzərin hərbiləşməsi və onun hüquqi statusunun qeyri-müəyyən olması Xəzəryanı
ölkələr arasında hərbi-siyasi münaqişələr üçün zəmin yaradır ki, bu da regionun
təhlükəsizliyinin təmin edilməsi mexanizmlərinin tezliklə tapılması məsələsini
aktuallaşdırır. Lakin məsələ Xəzərin demilitarizasiyasının Xəzəryanı ölkələrə
nə dərəcədə sərf etməsində və öz sahilyanı ərazilərini faktiki olaraq
müdafiəsiz qoyub hərbi-dəniz qüvvələrindən tam məhrum olmaq məsələsində Xəzəryanı
dövlətlərin beşinin də razılığa gələ bilməsindədir.
Bütövlükdə, Qafqaz-Xəzər
geosiyasi məkanı klassik geosiyasət çərçivəsində tellurokratik "Quru” (Rusiya
imperiyası-SSRİ-Rusiya) mövqelərindən nəzərdən keçirilir və kontinental təsir sferasına
daxildir. Talassokratik "Dəniz” mövqelərindən (ABŞ, NATO) Avrasiyanın
dərinliklərinə ekspansiya və onun üzərində geostrateji və geoiqtisadi nəzarətin
təmin edilməsi üçün platsdarm kimi istifadə oluna bilər. Buna görə də təəccüblü
deyildir ki, son yüzillikdə bu region bir tərəfdən Qərb dövlətlərinin, ilk
növbədə ABŞ-n, Böyük Britaniyanın və Almaniyanın, digər tərəfdən isə Rusiyanın
geosiyasi maraqlarının həm latent, həm də açıq şəkildə toqquşduğu və kəskin
mübarizənin getdiyi yer olmuş və belə də qalmaqdadır. Bu mübarizənin əsrlər
boyu girovu isə burada yaşayan xalqlar olmuşdur.
Dəniz məkanının bölgüsü ilə
bağlı dalana girmiş danışıqların fonunda Xəzərdəki situasiya kəskinləşə bilər.
Bəzi Xəzəryanı dövlətlər arasında hərbi toqquşma variantı da istisna olunmur və
bu münaqişə xarici oyunçular, ilk növbədə ABŞ və Çin üçün əlverişli ola bilər.
ABŞ və onun ən yaxın müttəfiqləri üçün bu, regiondakı tərəfdaşlarının
hərbiləşdirilməsi və özünün regiondakı hərbi iştirakı üçün bəhanə ola bilər.
Çin üçün isə Xəzərdə hərbi-dəniz şəraitinin kəskinləşməsi enerji daşıyıcılarının
Mərkəzi Asiyadan Qərbə tranzitinin kəskin şəkildə azalmasına gətirib çıxara
bilər ki, bu da onları Asiya-Sakit okeanı bazarlarına yönəldər.
Xəzər ilə bağlı gizli münaqişəli
vəziyyət yaransa da, bu, hələ hərbi-siyasi böhran halını almamışdır. Lakin
Böyük Yaxın Şərqdə cərəyan edən dramatik hadisələr Qafqaza təsir etməyə bilməz.
Formalaşmaqda olan yeni geostrateji mərkəzlər arasında "dəniz gücü” amilinin
fəal iştirakı ilə gedən kəskin geosiyasi rəqabət Böyük Yaxın Şərqdə
hərbi-siyasi vəziyyətin getdikcə daha da kəskinləşdiyi bir şəraitdə Qara
dəniz-Qafqaz-Xəzər məkanının Atlantik-Avrasiya geosiyasi qarşıdurmasında həlledici
"hərbi əməliyyatlar səhnəsi”nə çevrilməsi üçün real perspektivlər açır.
Pərvin Darabadi,
Tarix elmləri
doktoru, professor
Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir
Davamı...