THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Gürcüstanın yeni hökumətinin addımları nəyə hesablanıb?

Siz buradasınız: Əsas səhifə »» Ekspertlər »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
5495
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 8 yanvar 2013 – Newtimes.az

Gürcüstanda oktyabrda keçirilmiş parlament seçkilərində “Gürcü arzusu” seçki blokunun qələbə qazanmasından sonrakı proseslər Gürcüstanda hakimiyyətin təhvili prosesinin elə də sakit keçmədiyini deməyə əsas verir. Yeni kabinet formalaşdıqdan az sonra keçmiş hökumətin bir sıra rəsmilərinin, məmurlarının müxtəlif ittihamlarla həbs olunması, əvvəlki hakimiyyətin gördüyü işlərin, həyata keçirdiyi bir sıra layihələrin tənqidi ölkə daxilində qeyri-müəyyənlik yaradıb.

Yeni baş nazir Bidzina İvanişvilinin “Rusiya keçmişi”ni diqqətdən qaçırmayan Qərb artıq bu proseslərdən narazılığını və ölkənin xarici siyasətinin dəyişməsi ilə nəticələnə biləcəyinə dair narahatlığını ifadə etməyə başlayıb. Hələlik yalnız proseslərin müsbət sonluqla nəticələnəcəyinə dair ümidlər səsləndirilir. Lakin istisna deyil ki, vəziyyətin daha da mürəkkəbləşəcəyi təqdirdə, Qərb proseslərə müdaxilə edərək, öz sözünü deməyə çalışacaq.

Ölkə daxilindəki qeyri-müəyyənliyin Gürcüstanın xarici siyasətinə mümkün təsiri ilə bağlı Qərbin narahatlığı əsassız olmaya bilər. Belə ki, İvanişvilinin əvvəlki hökumətin bir sıra addımları ilə bağlı səsləndirdiyi tənqidlər Gürcüstanın strateji tərəfdaşı olan Azərbaycanla əlaqələrinə də təsirsiz ötüşmür. Hələ seçki kampaniyasının gedişində İvanişvili qələbə qazanacaqları təqdirdə, kommunal sistemdəki tarif siyasətinə dəyişiklik ediləcəyini, elektrik enerjisinin, qazın və benzinin qiymətinin aşağı salınacağını vəd edirdi ki, əslində “Gürcü arzusu”nun seçkilərdəki qələbəsi də bu cür vədlərin nəticəsi sayıla bilər. İvanişvili baş nazir olaraq ilk çıxışlarında da əvvəlki hakimiyyətə bağlı şirkətlərin qazın və benzinin qiymətini süni şəkildə artırdığını və tarif siyasətinə yenidən baxılacağını bildirmişdir.

Məhz seçkilərdən sonra Gürcüstanda yaşayan azərbaycanlılara qarşı müəyyən hücumların, təxribatların törədilməsinə dair  xəbərlər mütəmadi olaraq dərc olunmağa başlamışdır. İvanişvilinin Bakı-Tbilisi-Qars dəmir yol layihəsi barədə səsləndirdiyi tənqidi fikirlər isə xüsusilə diqqəti cəlb edir. “Rezonansı” qəzetinə verdiyi müsahibəsində İvanişvili dəmir yol tikintisinin müəyyən suallar doğurduğunu, hansısa mərhələdə Gürcüstan üçün faydalı olmaya biləcəyini, yeni magistralın işə düşməsindən sonra ölkənin digər dəmir yol xətlərində və limanlarında yükdaşımaların azalması təhlükəsinin mövcud olduğunu bildirib.

İvanişvilinin Bakı-Tbilisi-Qars layihəsi ilə bağlı fikirlərini maraqlı edən digər bir məqam isə Rusiya ilə münasibətlərin bərpası üçün təmas nöqtələri axtaran yeni hökumətin Abxaziyadan keçən Rusiya-Gürcüstan-Ermənistan dəmiryolunun bərpa olunması təşəbbüsünü irəli sürməsidir. Lakin Abxaziyanın bu məsələdə maraqlı olmaması səbəbindən hələlik bu təşəbbüs gündəmdən çıxarılıb.

İvanişvilinin müsahibəsindən dərhal sonra Gürcüstanın Qara dəniz sahilində yerləşən Poti limanında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan Kulevi terminalında kütləvi tətil başladıldı və terminalın işçiləri bir sıra iqtisadi xarakterli tələblər irəli sürdülər.

Sözsüz ki, seçki öncəsində əhaliyə müəyyən vədlər vermiş yeni hökumətin bu vədləri yerinə yetirmək istəyi başa düşüləndir. Lakin İvanişvilinin xüsusilə enerji sahəsində reallıqdan uzaq olan vədləri həyata keçirmə cəhdlərinin Gürcüstanın enerji təhlükəsizliyinin yeganə qarantı olan Azərbaycanın iqtisadi maraqlarına toxunduğunu da bilməmiş deyil. Maraqlıdır ki, İvanişvili Azərbaycanı maraqlandıran məsələlərə dair səsləndirdiyi hər bəyanatından sonra Azərbaycanla mehriban qonşuluq əlaqələrini daha da inkişaf etdirəcəklərini, Gürcüstanda yaşayan azərbaycanlılara seçki öncəsində verilən vədləri yerinə yetirəcəklərini, Azərbaycanın Gürcüstana təchiz etdiyi qazın qiymətinə görə minnətdar olduqlarını, ölkə daxilindəki qaz tarifinin azaldılması probleminin Azərbaycanla bağlı olmadığını bildirib. Digər tərəfdən, İvanişvili Bakı-Tbilisi-Qars layihəsi ilə bağlı sonradan verdiyi bəyanatda layihənin tikintisinə heç bir təhlükə olmadığını və əksinə layihənin tezliklə reallaşmasına kömək etməyin zəruriliyini qeyd edib.

Rəsmi bəyanatların heç də hər zaman reallıqla uzlaşmadığına beynəlxalq təcrübədə təsadüf olunur. Belədə, İvanişvilinin xüsusilə Bakı-Tbilisi-Qars layihəsi ilə bağlı fikirlərini təhlil edən bir sıra müşahidəçilər bu məsələdə Rusiyanın maraqlarını ön plana çəkirlər. Nəticə etibarilə, bu layihə Rusiyanın regiondakı əsas müttəfiqi olan Ermənistanı regionun kommunikasiya xətlərindən təcrid olunmuş vəziyyətdə saxlayır. Bu isə Ermənistanın dəmir yollarını idarə edən və bu sahəyə investisiya qoyan Rusiyanın iqtisadi maraqlarına cavab vermir. Gürcüstanın yeni hökuməti Qərbə inteqrasiya siyasətinə sadiq qalacağını bəyan etsə də, Rusiya ilə münasibətləri normallaşdırmağa ümid etdiyini də bildirib. Artıq Cenevrədə iki ölkənin nümayəndələri arasında ilk görüş keçirilib. İvanişvili isə verdiyi mətbuat konfransında qarşıdakı Davos forumunda Rusiya prezidenti və ya baş naziri ilə görüşə biləcəyini istisna etməyib. Bundan əlavə Rusiya şirkətinin təchiz etdiyi elektrik enerjisi tariflərində endirim edilməsinə dair razılaşma əldə olunduğunu, Gürcüstanda qəbul olunmuş “İşğal haqqında” qanuna yenidən baxıla biləcəyini bildirib. Yeni hökumətin Rusiya-Gürcüstan-Ermənistan dəmir yol xəttini bərpa etmək təşəbbüsünü də bu fonda qiymətləndirmək lazımdır. Burada belə bir sual yaranır: Gürcüstanın yeni hökuməti  Bakı-Tbilisi-Qars layihəsini Rusiya ilə bazarlıq predmetinə çevirə bilərmi?

Gürcüstanın yeni hökumətinin Rusiya ilə münasibətləri normallaşdırmaqda istənilən güzəştlərə getmək istəyi ilə bağlı ehtimalları zəiflədən əsas arqument Gürcüstanda 2013-cü ilin payızında keçiriləcək prezident seçkiləridir. İvanişvilinin ən azından bu dövrə qədər Rusiya ilə münasibətlərdə atacağı kəskin addımlar yalnız Prezident Mixeil Saakaşvilinin mövqelərinin güclənməsinə və qüvvələr balansının dəyişməsinə gətirib çıxaracaq.

İvanişvilinin Azərbaycanı maraqlandıran layihələrlə bağlı “çıxışlar”ını təhlil edərkən, onun məsələlərə geostrateji, siyasi bucaq altında deyil, iqtisadi dividentlər qazanmaq nöqteyi-nəzərindən baxdığını ehtimal etmək olar. Sadə insanların iqtisadi rifahının yaxşılaşacağını vəd edən yeni hökumət prezident seçkilərinə qədər müəyyən irəliləyişlərə nail olmalıdır. Bu baxımdan, İvanişvilinin dəmir yol layihəsi ilə bağlı “iradlar”ını Gürcüstanın daha çox mənfəət əldə etmək niyyəti kimi izah etmək daha düzgün olardı. Bu ehtimalı gücləndirən bir məqam da elə layihə haqda danışmış İvanişvilinin səsləndirdiyi fikirlərdir: “Gürcüstanın çox maraqlı geosiyasi mövqeyi var və bu mövqedən maksimum şəkildə effektiv istifadə etmək lazımdır”.

İvanişvilinin Azərbaycanla əməkdaşlığın vacibliyini hər dəfə vurğulaması onun məlum proseslər fonunda bu əməkdaşlığı zədələməkdən ehtiyat etdiyini göstərir. Hazırda Azərbaycan Gürcüstana ən çox investisiya qoyan ölkələrdən biridir. 2008-ci il avqust hadisələrindən sonra Gürcüstanı tərk etməyən və onun enerji təhlükəsizliyinin yeganə təminatçısına çevrilən Azərbaycan bu ölkəyə qazı güzəştli şərtlərlə satır. Azərbaycanla Gürcüstan arasındakı strateji tərəfdaşlıq regiondakı mövcud şərtlərin və qüvvələr balansının reallığı, hər iki ölkənin milli maraqlar çərçivəsində izlədiyi xarici siyasətin təzahürüdür. Əldə olunmuş razılaşmaların dəyişdirilməsinə çalışmaqla, yaxın perspektivdə qazanc əldə etmək niyyəti bu strateji tərəfdaşlığa ziddir və əks effekt verə bilər.

Gürcüstanla strateji münasibətlərini diqqətdə saxlayan Azərbaycan həmişə bu ölkənin sabit inkişafında maraqlı olub. Sərfəli qiymətə satılan qaz, Bakı-Tbilisi-Qars layihəsində Azərbaycanın güzəştləri qarşılığında Gürcüstanın bu layihədən əldə edəcəyi siyasi və iqtisadi divident bunun sübutudur. Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş imicini qazanıb. Strateji tərəfdaşlıq isə ilk növbədə tərəflər arasında etibara söykənir. Buna görə də Gürcüstan siyasi səhnəsində hansı dəyişikliklərin baş verməsindən asılı olmayaraq Azərbaycan bu strateji xəttə riayət olunmasını gözləyir.

Elmar Hüseynov

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...