THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

2011-ci ildə Avropa İttifaqının xarici siyasətində zəif bənd

Siz buradasınız: Əsas səhifə »» Avropa »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
13757
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Avropa ölkələri arasında gedən inteqrasiya proseslərində bəlkə də ən çətin sahə xarici siyasətdir. Təsadüfi deyil ki, qoca qitədə keçən əsrin ortalarından başlayan bu proses yalnız üçüncü minillikdə xarici siyasəti əhatə etməyə başladı. Avropa İttifaqının vahid xarici siyasətini aparmaq və əlaqələndirmək məqsədilə 1999-cu ildə Avropanın Xarici Fəaliyyət üzrə Xidməti yaradıldı və hazırda bu quruma Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi rəhbərlik edir.

Xarici siyasətdə vahid mövqedən çıxış etməyin öz uğurları, eyni zamanda çətinlikləri var və bu amil Avropa İttifaqının gələcəyi üçün başlıca faktordur. Avropa ölkələri arasında tarixən mövcud olmuş rəqabət, sosialist blokun dağılması ilə dünyanın qarşılaşdığı yeni reallıqlar və Avropa İttifaqının Şərqə doğru sürətlə genişlənməsinin yaratdığı çətinliklər, geosiyasi məkanda Avrasiyada qüvvələr nisbətinin disbalansının yaratdığı eyforiya Avropa İttifaqının xarici siyasətində arzu edilən uğurların əldə olunmasına tam imkan yaratmadı.

Əslində Birləşmiş Krallığın başçılığı ilə Millətlər Birliyi (54 ölkə), Fransanın rəhbərliyi ilə Frankofoniya Beynəlxalq Təşkilatı (56 ölkə), İspaniyanın  lider olduğu İbero-Amerikan Dövlətləri Təşkilatı, Portuqaliyanın himayəsində Portuqal Dilli Ölkələrin Birliyinin (9 ölkə) dünya geosiyasətində fərqli maraqları müdafiə etməsi fonunda Avropa İttifaqının vahid xarici siyasətinin uzunmüddətli uğurlu nəticələri ümumilikdə dumanlı görünür və zamanın mühakiməsində sınağa çəkilir.

Hazırda Avropada yaranmış maliyyə böhranı İttifaqın daxilindəki xarici siyasətə böyük təsir göstərir. Böhranla əlaqədar Avropanın siyasi konfiqurasiyasında yeni bir mənzərə yaranmışdır. Britaniyanın ümumiyyətlə avrozonanın xilas edilməsi planlarında iştirak etməməsi onun Avropada nüfuzunu zəiflədir, Fransa isə geosiyasi maraqları naminə daha çox qitədən kənar proseslərə (Kotdivuar, Liviya, Suriya, Fələstin) fəal müdaxilə edir. Fransanın qondarma erməni soyqırımı ilə bağlı Türkiyə ilə münasibətlərinin kəskinləşməsi Aİ-Türkiyə əməkdaşlığına zərbə vurur. Beləliklə, Fransa Aİ-nin vahid siyasi maraqlarını öz maraqlarına qurban verir.

Belə bir şəraitdə II Dünya Müharibəsindən sonra ilk dəfə olaraq Almaniyanın lider dövlət kimi görünməsi və xarici siyasətdə də müstəqil manevrlər etməsi müşahidə olunur. Almaniya, xüsusilə Liviya ilə bağlı əməliyyata qoşulmamaqla fərqləndi. Rəsmi Berlin Orta Şərq və Şimali Afrika regionuna Avropa İnvestisiya Bankının maliyyə resurslarının daha böyük həcmdə ayrılmasına razılaşmamaqla Yunanıstanın xilası planlarında əsas söz sahiblərindən birinə çevrilmişdir.

Ümumiyyətlə, ekspertlərin qənaətincə, Liviya hadisələri yaddaşlarda avropalıların geosiyasi və geoiqtisadi əməliyyatı, amma böyük dövlətlərin maraqları üst-üstə düşməyəndə mövcud ola bilməyən Avropa İttifaqı üçün faciə kimi qalacaq.

Digər tərəfdən iqtisadi böhran Avropa İttifaqının dünya qüvvələr balansında mövqeyinə də ciddi təsir etmişdir. Əgər əvvəllər İttifaq ölkələri beynəlxalq təşkilatlarda, xüsusən maliyyə institutlarında əsas söz sahibləri idilərsə, hazırda bu sahədə də yeni konfiqurasiya formalaşmaqdadır.

Avropa İttifaqı iqtisadi böhranın aradan qaldırılması üçün Çinin investisiyalarına ümid edir. 14 fevral 2012-ci ildə Pekində keçirilən Aİ-Çin sammitinin əsas mövzusu qeyd edilən istiqamətdə olmuşdur.1 Ümumilikdə isə, qlobal arenada BRİC (Braziliya-Rusiya-Hindistan-Çin) ölkələrinin timsalında yeni bir güc, ola bilsin hələlik iqtisadi güc mərkəzi görünməkdədir. Avropa İttifaqının xarici siyasətdə vahid mövqedən çıxış edə bilməməsi artıq ittifaq daxilində də narazılıq yaratmışdır.

Aİ-nın 12 ölkəsinin (Fransa, Almaniya, İtaliya, İsveç, Polşa daxil olmaqla) xarici işlər nazirləri keçən ilin dekabrında Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eştona məktub yazaraq vahid diplomatik fəaliyyətdən narazılıqlarını bildirmişlər. Beləliklə, iqtisadi böhran dünyanın siyasi arxitekturasına birbaşa təsir edə biləcək hadisədir və Avropanın gələcək inkişafı bu problemin həll olunmasından asılıdır.

Yaranmış siyasi, iqtisadi vəziyyət Avropa İttifaqının xarici siyasətində öz təsirini göstərir. Avropanın məşhur beyin mərkəzlərindən biri Xarici Əlaqələr üzrə Avropa Şurası (European Council on Foreign Relations) Avropa İttifaqının 2011-ci il üçün xarici siyasətini qiymətləndirən bir tədqiqat aparmışdır.2 Qeyd etməliyik ki, bu mərkəzin məsləhətçilər şurasına Avropa dövlətlərinin 4 keçmiş Prezidenti, 12 keçmiş Baş nazir, 7 hazırkı və 17 keçmiş xarici işlər nazirləri, Avropa İttifaqının 5 keçmiş komissarı, NATO-nun 3 keçmiş Baş katibi daxildir.

Tədqiqatda bir məqam diqqəti cəlb etmişdir. Mərkəzin qiymətləndirməsinə görə 2011-ci ildə Avropa İttifaqının ən uğursuz siyasət yeritdiyi sahələr arasında Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı məsələ də yer alır. Digər uğursuz məsələlər arasında isə Türkiyə ilə münasibətlər, Kipr məsələsi ətrafında müzakirələr, Çində insan hüquqları, Rusiyada mətbuat azadlığı və G20 çərçivəsində münasibətlər, Şimali Qafqazda sabitlik və insan hüquqları, Yaxın Şərqdə sülh prosesi göstərilmişdir.

Post-sovet məkanında həm Dnestryanı münaqişə, həm də Abxaziya və Cənubi Osetiya münaqişələri ilə müqayisədə Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinə daha az diqqət ayırır. Dnestryanı münaqişə Aİ-Rusiya təhlükəsizlik danışıqlarında prioritet yer tutur və Aİ 5+2 formatında danışıqlarda birbaşa iştirak edir. Gürcüstandakı münaqişələrlə bağlı Avropa İttifaqı Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndə təyin etmişdir.  Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə Aİ-yə bütün üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdırlar.

Aİ münaqişənin həlli ilə bağlı Minsk Qrupunda Fransa vasitəsilə təmsil olunur. Fransa isə bu missiyasını ittifaqın nümayəndəsinə vermək niyyətində deyil. 2011-ci ildə Rusiyanın Minsk Qrupu çərçivəsində aktiv fəaliyyəti qarşılığında, Fransa öz xarici siyasəti ilə həmsədr kimi bitərəf mövqeyini şübhə altına qoymuşdur və olduqca passivdir. Nəticədə Aİ təsisatları və üzv dövlətləri Dağlıq Qarabağ münaqişəsini enerji və ticarət sahəsində əməkdaşlıq məsələlərindən ayırır və qətiyyətli mövqe göstərmirlər.

Tədqiqatda Aİ-nin 2011-ci ildə ən uğurlu siyasət istiqamətləri arasında isə ticarət və enerji məsələləri üzrə Şərq qonşuları ilə münasibətləri qeyd edilmişdir. 2011-ci ilin sentyabrında Transxəzər qaz kəmərinin çəkilməsi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparmaq üçün Avropa Komissiyasına mandat verilməsi bu istiqamətdə əsas nailiyyətlərdən sayılır. Avropanın enerji təhlükəsizliyi planlarında Azərbaycan həm hasilatçı, həm də tranzit ölkə kimi xüsusi yer tutur.

Beləliklə, Avropa İttifaqı ticarət və enerji ilə bağlı məqsədlərinə doğru uğurla irəliləmişdir və mənfəətli tərəfdir. Yəni Azərbaycanın da xüsusi qeyd edildiyi Şərq qonşuları Aİ-yə istiqamətli addımlar atmışlar və Aİ bu əməkdaşlıqdan razıdır. Görünən odur ki, qarşılıqlı maraqlar prinsipi bir istiqamətlidir və Avropa maraqları prizmasından yanaşdıqda daha faydalı hesab edilə bilər.   

  1. http://www.consilium.europa.eu/uedocs/cms_data/docs/pressdata/EN/foraff/127836.pdf
  2. http://www.ecfr.eu/scorecard/2012

NewTimes

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"
31 oktyabr 2019 168.am

Erməni politoloq: "Faciəvi günlərimiz uzaqda deyil"

"Xarici işlər nazirimiz Zöhrab Mnatsakanyan erməni tərəfinin Qarabağ məsələsində nəyə nail olmaq istədiyini faktiki olaraq, BBC-yə çatdıra bilmədi". Bunu politoloq Hrant Melik-Şahnazaryan bildirib.

Davamı...
Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...