THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Birinci xanım nümunəsi: Azərbaycan qadınının xeyirxahlığı, müasirliyi və fəallığı modeli

Siz buradasınız: Əsas səhifə »» İQTİSADİYYAT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3975
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 22 avqust 2019 – Newtimes.az

Hər bir insanın öz həyat yolu vardır. Öz xalqı, dövləti üçün durmadan çalışan insanlar həmişə böyük nüfuz sahibi olublar. Onlar yalnız dünyaya gəldikləri ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün qiymətlidirlər. Mehriban xanım Əliyeva məhz bu statusda olan Azərbaycan qadını, nüfuzlu ictimai-siyasi xadimdir. Yüksək mənəvi keyfiyyətlərə malik ziyalı ailəsində dünyaya gələn Mehriban xanım Əliyeva həyat təcrübəsi ilə sübut edir ki, Azərbaycan qadını dünya əhəmiyyətli fəaliyyət göstərə, bir-birindən parlaq uğurlara imza ata bilər. Sosial-mədəni həyat sferalarında çoxsaylı təşəbbüslər göstərən, səmərəli layihələr həyata keçirən Azərbaycanın birinci xanımı öz fəaliyyəti ilə bir nümunəyə çevrilib. Mehriban xanım Əliyeva Azərbaycanda birinci xanım ənənəsini yaratmaqla cəmiyyətə və dövlətçiliyə böyük töhfə verir. Bu, Mehriban xanım Əliyevaya həm bir qadın olaraq daha yüksək sosial statusda özünü təsdiq etmək, həm də, ümumiyyətlə, Azərbaycan qadını üçün bir nümunəyə çevrilmək imkanı verib. Bu müddəa kontekstində Mehriban xanım Əliyevanın genişmiqyaslı məhsuldar fəaliyyəti üzərində ətraflı dayanmağa ehtiyac görürük.

Ailə ənənəsi: ziyalı və kreativ mühit

Çağdaş dünyamızda inkişaf etmiş və yüksək mədəniyyətə sahib cəmiyyətlər üçün qadın və gender məsələləri çox aktual hesab olunur. Hətta cəmiyyətin kimliyini bir sıra mütəxəssislər onda qadının oynadığı rolla ölçürlər. Qadın cəmiyyətdə hansı rolu oynaya bilir? Onun ailədə və geniş sosial-mədəni mühitdə, dövlətin idarə edilməsində, qanunyaratmada, icra strukturunda statusu necədir? Bu kimi sualları cavablandırmaqla konkret cəmiyyətin müasirliyi haqqında da fikir bildirmək olar.

Bunlarla yanaşı, qadının istənilən cəmiyyətdə yeri və rolu, sosial-hüquqi statusu adət-ənənə ilə sıx bağlıdır. Qadına hörmətin yüksək olduğu cəmiyyətlərdə saflıq, əxlaq, mənəviyyat və ailə tərbiyəsi də güclü olur. Heç şübhəsiz, Azərbaycan bir cəmiyyət və ölkə olaraq bu məsələdə fəxr edə bilər. Ulu öndər Heydər Əliyev qadınlarla bağlı çox dəyərli fikirlər söyləyib. Onlardan biri belədir: "Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır".

Olduqca dolğun, dərin və əhatəli fikirlərdir. Xüsusilə Azərbaycanın birinci xanımı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva haqqında düşünəndə, bu müdrik fikirlər yada düşür. Bəli, taleyin xoşbəxtliyidir ki, Azərbaycan xalqının Mehriban Əliyeva kimi övladı, Azərbaycan cəmiyyətinin şansıdır ki, Mehriban Əliyeva kimi qadın nümayəndəsi və Azərbaycan müstəqil dövlətinin uğurudur ki, Mehriban xanım Əliyeva kimi Birinci vitse-prezidenti vardır! Mehriban xanım ailə başçısı, ictimai fəal, mənəvi-əxlaqi dəyər təmsilçisi və dövlət idarəçiliyində yüksək vəzifə sahibi kimi bir nümunədir.

Vurğulanan kontekstdə Prezident İlham Əliyevin aşağıdakı fikri çox maraqlı və aktualdır. Dövlət başçısı ifadə edib: "Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bugünkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər". Bu, bir həqiqətdir ki, Azərbaycan tarixinin bütün mərhələlərində, xüsusilə ən ağır dövrlərdə qadınlarımız cəmiyyətin sarsılmaz dayağı olublar. Onlar ailədə, cəmiyyətdə və döyüş meydanlarında sədaqətlə həyat yoldaşları ilə çiyin-çiyinə dayanıblar. "Ailənin və xalqın ağbirçəyi" ifadəsi təsadüfən yaranmayıb. Dövlət idarəçiliyində Tomrisi, diplomatiyada Sara Xatunu olan bir xalqın həyatının bütün səviyyələrində qadın amilinin hansı rolu oynadığına şübhə yoxdur. İndi də Prezidentin çox dəqiq ifadə etdiyi kimi, qadınlar "ölkəmizin bugünkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərirlər"! Mehriban xanım Əliyeva məhz bu qüdrətdə olan Azərbaycan qadını nümunəsidir!

Məsəl var: "görünən dağa bələdçi gərək deyil!". Mehriban xanım Əliyevanın həyat yolu bütün həqiqətləri aydın göstərir. Azərbaycanın birinci xanımı N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda və M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunda yüksək səviyyədə ali tibbi təhsil alıb. 1988-1992-ci illər ərzində Moskvada akademik M.Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib. 1995-ci ildən Azərbaycan Mədəniyyət Fondunun Prezidentidir. 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edir. 2004-cü il may ayının 10-dan Heydər Əliyev Fondunun Prezidentidir. Həmin ilin avqustun 13-dən UNESCO-nun, ondan iki il sonra isə ISESCO-nun xoşməramlı səfiridir. 2005-2017-ci illər ərzində Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2017-ci il fevralın 21-dən Azərbaycan Respublikasının Birinci vitse-prezidentidir. Fəaliyyəti dövründə çox sayda mükafatlar alıb, orden və medallarla təltif olunub. Məsələn, 2005-ci ildə Azərbaycanda "İlin adamı" mükafatına layiq görülüb, 2014-cü ildə "The Business Magazine" jurnalının "İlin Birinci Xanımı" mükafatını alıb, yenə həmin il "Nefertiti Media Productions" şirkətinin təsis etdiyi "Ən nüfuzlu qadın" mükafatına layiq görülüb.

Razılaşaq ki, bu cür nailiyyətləri əldə etmək üçün insan çox qabiliyyətli, Vətənini və işini sevən, ictimai həyatda çox fəal olmalıdır. Mehriban xanım Əliyevanın özü həyat fəlsəfəsinin əsas məqamını ifadə edən fikirlər söyləyib. Azərbaycanın birinci xanımı müsahibələrinin birində ifadə edib: "Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradarkən onun əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, tanıtdırmaq idi. "İrs" jurnalını da mən elə onda təsis etdim... Fond da, jurnal da kifayət qədər mürəkkəb vəzifələri yerinə yetirməli idi. O illər müstəqil Azərbaycanın təşəkkül illəri idi. Siyasi, iqtisadi dəyişikliklərlə yanaşı, köhnə ideologiyadan xilasolma prosesi də gedir, stereotiplər dağıdılırdı. Kifayət qədər təlatümlü həmin dövrdə mədəni irsimiz yenidən fikir süzgəcindən keçirilir, əzəli milli ənənələrə və köklərə qayıdılırdı".

Burada onu vurğulayaq ki, Mehriban xanım Əliyevanın həyat yolunu seçməsində ailəsi mühüm rol oynayıb. Onun valideynləri yüksək səviyyəli ziyalı alimlər, vətənpərvər insanlar və ictimai səviyyədə olduqca fəal intellekt sahibləri idilər. 1983-cü ildə Azərbaycanın indiki Prezidenti İlham Əliyevlə ailə həyatı qurub. İlham Əliyev həmin dövrü belə xatırlayır: "...Əlbəttə, zahiri görünüş böyük rol oynayır. Amma onun (Mehriban xanım Əliyeva nəzərdə tutulur – red.) daxili aləmindən gələn və indi də gəlməkdə olan mehribanlıq, yəqin ki, zahiri görkəmi ilə yanaşı daha çox cəlb edirdi". Bu bağlılıqda Mehriban xanım Əliyevanın ailə haqqında fikirləri çox maraqlıdır. Azərbaycanın birinci xanımı deyir: "Ailə mühitini müəyyənləşdirən amillər çoxdur, amma, yəqin ki, başlıcası bir ümumi dalğaya köklənən fikir və dəyərlərin birliyidir. Bir-birinə son dərəcə diqqətli münasibət çox vacibdir. Əgər ailədə hər bir kəs özünün vacibliyini və əvəzedilməzliyini duyursa, özünün müdafiə olunduğunu və sevildiyini hiss edirsə – bu, yalnız gələcək ailə səadətinin əsası deyil, həm də hər bir məqsədə çatmaq üçün möhkəm bir stimuldur". Həyat göstərdi ki, Mehriban xanım, doğrudan da, həm daxili keyfiyyətlərinə, həm intellektual səviyyəsinə, həm də işgüzarlığına görə bütün cəmiyyət üçün nümunə olmaq iqtidarındadır.

Həmin aspektdə bir məqamı da mütləq vurğulamaq gərəkdir. Mehriban xanım Əliyeva təbiətən kreativ insandır. Azərbaycanın birinci xanımı cəmiyyətdə pozitiv yeniliklər etməyi bacarır. Məhz bu məqamı nəzərdə tutaraq ekspertlər vurğulayırlar ki, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq Mehriban xanım Əliyeva birinci xanım statusunu formalaşdıraraq cəmiyyətin həyatına birinci xanım ənənəsini gətirib. Dünya təcrübəsi göstərir ki, birinci xanım ilk növbədə elmə, mədəniyyətə, təhsilə və səhiyyəyə daha çox diqqət yetirir. Mehriban xanım isə həmin sahələrlə yanaşı, müxtəlif humanitar təşəbbüslərin reallaşmasına bilik və bacarığını sərf edir, dövlət başçısı ilə ictimaiyyət arasında güclü əlaqələndirici rolunu oynayır. Birinci xanımın irəli sürdüyü təşəbbüslər dövlətlə vətəndaşın birliyinin təmin edilməsində vacib rol oynayır.

Məsuliyyət və etimad: fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilməyin məntiqi

Mehriban xanım Əliyevanın Azərbaycanın birinci xanımı kimi yüksək səviyyədə uğurlu fəaliyyətinin, əlbəttə, öz səbəbləri vardır. Bu barədə birinci xanımın özü çox dolğun və maraqlı fikir ifadə edib. Müsahibələrinin birində Mehriban xanım Əliyeva vurğulayıb: "Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür... Fikrimcə, vəziyyətindən və statusundan asılı olmayaraq bu və ya digər rolu oynamalı deyilsən və kimliyini saxlamağı bacarmalısan. Mən birinci xanım olmağımı, ilk növbədə, insanların bu və ya digər probleminin həlli üçün obyektiv fürsət kimi dəyərləndirirəm".

Bizcə, bu fikirlərdə Azərbaycanda birinci xanım ənənəsinin mahiyyəti və fəlsəfəsi yığcam ifadə olunub. Mehriban xanım bu statusda bir nümunə, fəaliyyət modelidir. Konkret desək, birinci xanım statusu Mehriban xanım üçün hər şeydən öncə öz xalqı, milləti və dövləti üçün çalışmaq fürsətidir. Eyni zamanda, bütün bəşəriyyət miqyasında humanitar sahədə geniş fəaliyyət göstərmək imkanıdır. Çünki məlumdur ki, müasir dünyada əhalinin müxtəlif təbəqələrinin sosial-iqtisadi, maliyyə, mədəni və s. problemləri çoxdur. Mehriban xanım Əliyeva Azərbaycanın birinci xanımı və Birinci vitse-prezident kimi milli səviyyədəki işləri ilə dünya miqyasındakı işlərini uyğunlaşdırır və bu əsasda bütün dünyada böyük nüfuz qazanıb. Azərbaycanlı qadının bu uğuru, əlbəttə, həm nümunədir, həm də qürur hissi doğurur.

Bu kontekstdə Azərbaycanın birinci xanımının "dövlət başçısının xanımı kimi mənim üçün həmişə ən vacibi o olmuşdur ki, mən öz ölkəm üçün nə edə bilərəm" fikri olduqca nümunəvidir. Bu fikirlərdə Mehriban xanımın təkcə daxili zənginliyi və təvazökarlığı deyil, həm də Azərbaycan qadınlarını cəmiyyətdə fəal olmağa bir çağırış öz ifadəsini tapıb. Mehriban xanım Əliyeva humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərdən irəli gələn əzmkar və çoxşaxəli qadın fəaliyyətini təşviq edir. Müasir dövlətçilikdə və sosial-mədəni inkişafda həmin faktorun rolu danılmazdır. İndi qadınların fəallığı dünyanın ən inkişaf etmiş cəmiyyətləri üçün demokratiyanın təmini baxımından çox prinsipial amil hesab olunur.

Bütün bunlara görə, heç də təsadüfi deyil ki, bir çox xarici ölkələrin tanınmış siyasi liderləri və ictimai xadimləri vurğulayırlar: "Mehriban Əliyeva Şərq ölkələrində siyasətin yalnız kişilərin işi olması barədə stereotipləri uğurla təkzib edir". Bu qiymətləndirmə çox maraqlıdır və istənilən cəmiyyətdə qadınların sosial statusunun məzmununda vacib məqamı önə çəkir. Çünki, əslində, bu mövqedə Azərbaycan cəmiyyətinin demokratik ənənəsinin güclü olması etiraf edilir. Məlumdur ki, məhz Azərbaycanda müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublika qurulub və onun ilk qərarlarından biri qadınların seçki hüququnun tanınmasından ibarət olub. Ümumiyyətlə, Azərbaycan ziyalı elitası XIX əsrin sonu – XX əsrin əvvəllərində "qadın bir şəxsiyyət kimi azad olmayınca, xalqın problemləri həllolunmaz qalacaq!" tezisini irəli sürüb. Bu barədə Həsən bəy Zərdabi, Əhməd bəy Ağayev, Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Mirzə Ələkbər Sabir, Firidun bəy Köçərli, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Məhəmməd Əmin Rəsulzadə və başqaları yazıblar.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində isə cinsindən asılı olmayaraq hər bir vətəndaşın seçib-seçilmək hüququnun olduğu öz qanuni təsdiqini tapdı. Həmin dövrdə Mirzə Bala Məhəmmədzadə yazırdı: "Qadınlar sair vətəndaşlarla bərabər vətəni və siyasi hüquq kəsb edirdilər ki, bu hal bütün Şərqdə deyil, Avropada belə tamamilə tətbiq edilmiş deyildi. Azərbaycan milli xartiyası bu qərar ilə nə qədər ülvi, bəşəri və mədəni qayələrlə doymuş olduğunu isbat etməkdədir".

Bu hadisədən 100 il sonra özünün demokratik ənənəsi və imkanları ilə fəxr edən Qərbin siyasi liderləri etiraf etdilər ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "siyasətin yalnız kişilərin işi olması barədə stereotipləri uğurla təkzib edir"! Bəli, Mehriban xanım Əliyeva öz xarakteri, kimliyi və konkret fəaliyyəti ilə bütün dünyaya sübut edir ki, Azərbaycan qadını müasir cəmiyyətlərdə fəallığı ilə bir nümunə ola bilər, çünki bu xalqın özünün güclü demokratiklik və tolerantlıq ənənələri var.

Əlbəttə, bu fikirlər Mehriban xanımın mədəniyyətlərin, dinlərin və sivilizasiyaların dialoqu, əməkdaşlığı, irqindən asılı olmayaraq hər bir xalqın övladlarının rifah içində yaşamaq hüququnun olduğu istiqamətlərdə fədakarlıqla çalışmasını göz önünə gətirir. Kökləri Azərbaycan mədəniyyətinin məzmununa, dövlətçilik tarixinə və qadınların cəmiyyətdəki statusuna gedən həmin fədakarlığın müasir tarixi mərhələdə çox uğurlu model formasını alması, təbii ki, Mehriban xanım Əliyevanın birbaşa xidmətləri ilə bağlıdır. Bu aspektdə Mehriban xanımın aşağıdakı fikirləri reallığı tam əks etdirir: "Əsas budur ki, rəhbər vəzifədə – Azərbaycan Respublikasının Prezidenti kimi İlham Əliyev ilk növbədə, ölkənin və Azərbaycan xalqının maraqlarına istinad edir. Düşünürəm ki, bu qərarı da o, bu prinsiplərə istinad edərək qəbul etmişdir. Buna görə də əlbəttə, üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam".

Göründüyü kimi, Mehriban xanım Əliyeva həm qadın, həm ana, həm də yeni tipli siyasi təfəkkür daşıyıcısı olan dövlət xadimi kimi Azərbaycan üçün nümunədir, qadınların ictimai fəallığını əks etdirən yeni modelin müəllifidir. Bu statusda Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı müasir dünyada nümunəvi fəal qadın və siyasi xadim kimi də qəbul edilir. Əlbəttə, bu, bütün Azərbaycan xalqını sevindirir, cəmiyyət layiqli dövlət adamı ilə qürur duyur.

Şübhə yoxdur ki, Mehriban xanım Əliyeva bundan sonra da xalqı, dövləti və milləti üçün səylərini əsirgəməyəcək, Azərbaycanın müstəqil dövlətçiliyinin inkişafına öz qiymətli töhfələrini verəcəkdir. Azərbaycanın birinci xanımı Azərbaycan cəmiyyətində mənəvi keyfiyyətlərlə siyasi fəaliyyəti optimal şəkildə uyğunlaşdıran insan kimi də yüksək nüfuza malikdir.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...