THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycanın sədrliyi: Bakı Qoşulmama Hərəkatına yeni stimul verir

Siz buradasınız: Əsas səhifə »» İQTİSADİYYAT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
5735
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 16 avqust 2019 – Newtimes.az

Keçən əsrin ortalarında beynəlxalq münasibətlər sistemini tənzimləmək üçün mexanizmlər axtarıldı. Onların sırasında 1955-ci ildə təsis edilmiş Qoşulmama Hərəkatının öz yeri vardır. Bu təşkilatın rəsmən yaradılmasını 1961-ci il Belqrad Konfransına aid edirlər. Bütün hallarda təşkilatın başlıca vəzifəsi kimi qlobal miqyasda sülh, əmin-amanlıq, dinc yanaşı yaşama, ədalətli əməkdaşlıq prinsiplərinin bərqərar olması göstərilir. Təcrübə göstərir ki, dünyanın belə bir təşkilata ciddi ehtiyacı mövcuddur. Doğrudur, "soyuq müharibə"dən sonra bir müddət Qoşulmama Hərəkatına sanki maraq azaldı. Ancaq proseslərin gedişi göstərdi ki, əksinə, XXI əsrdə beynəlxalq aləmin bu hərəkata daha çox ehtiyacı olacaq. Bu səbəbdən indi həmin təşkilatın güclənməsində maraqlı olan ölkələr çoxdur. Bu ildən Qoşulmama Hərəkatında sədrlik iki il müddətinə Azərbaycana keçir. Bu hadisə kontekstində Qoşulmama Hərəkatının fəaliyyətinin geosiyasi aspektinin geniş təhlilinə ehtiyac görürük.

Ədalətli dünya uğrunda: "zərurətdən doğan birlik"

Müasir dünyada geosiyasi mənzərənin mürəkkəbliyindən, ziddiyyətli məqamlarından, risklərindən mütəxəssislər çox yazır, siyasilər danışırlar. Bütün dünyanı dinc yanaşı yaşamağın yolları maraqlandırır. Bu prosesdə beynəlxalq təşkilatların rolunun artırılmasından bəhs edilir. Hətta BMT-nin kifayət qədər təsirli olmadığı da vurğulanır. Burada əsas şərtlərdən biri dünya dövlətlərinin beynəlxalq hüquqa əməl etməsi, normaları, qaydaları gözləməsi və əməkdaşlıqda səmimiyyəti, ədaləti qorumasıdır. BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının əhəmiyyəti bu kontekstdə çox böyükdür.

Bu təşkilatın əsası 1955-ci ildə, yəni BMT yaranandan 10 il sonra qoyulub. Təşəbbüskarından biri, o dövrdə "üçüncü dünya ölkələri" sırasında olan İndoneziyanın Prezidenti Əhməd Sukarno olub! O, 22 il bu ölkəyə rəhbərlik edib. Ə.Sukarno Qoşulmama Hərəkatını "zərurətdən yaranan birlik" adlandırmışdı. Səbəbi nədən ibarət ola bilərdi?

İkinci dünya müharibəsindən sonra dünya faktiki olaraq Qərb və SSRİ kimi iki əks düşərgəyə bölündü. Aydın görünürdü ki, belə bir şəraitdə beynəlxalq münasibətlərdə ədaləti, hüquq normalarını və dinc yanaşı yaşamağı təmin etmək xeyli çətin olacaqdı. Xüsusilə dünyanın çox sayda dövlətlərinin maraqlarının nəzərə alınmaması, bitərəf bir mövqenin formalaşmasının mümkün olmayacağı hiss edilirdi.

Bu səbəblərdən iki böyük gücdən kənarda olan ölkələrin maraqlarını gözləyə biləcək, ədalətli, bitərəf, səmərəli, konstruktiv mövqe tutacaq beynəlxalq təşkilata ehtiyac vardı. Bu təşkilat həm də ABŞ və SSRİ arasındakı qarşıdurmadan, ziddiyyətlərin gərginləşməsindən kənarda qala biləcək bir geosiyasi və siyasi-diplomatik mühit yaratmalı idi. Məhz buna görədir ki, həmin təşkilatın adında "qoşulmama" sözü vardır. Bu təşkilatın Asiya və Afrika ölkələrinin Bandunq Konfransında təsis edilməsi də tam məntiqli idi.

Ona üzv olan ölkələrin xarici siyasətində hərbi-siyasi bloklarda iştirakdan imtina, xalqların müstəqillik və hüquq bərabərliyi prinsipləri əsasında dinc yanaşı yaşaması prinsipləri üstünlük təşkil edir. Bandunq Konfransında Ümumi sülhə və əməkdaşlığa dəstək haqqında Bəyannamə qəbul edildi. Sənəddə ölkələrin dinc yanaşı yaşamasının və əməkdaşlığının on prinsipi şərh edilmişdi.

Orada insan hüquqlarına, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət yer alıb. Bunlardan əlavə, başqa ölkəyə hərbi müdaxilədən və onun daxili işlərinə qarışmaqdan çəkinmə, BMT Nizamnaməsinə müvafiq olaraq, hər bir ölkənin fərdi və kollektiv müdafiə hüququna hörmət, hər hansı ölkənin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı təcavüz və ya güc tətbiqetmə aktlarından, yaxud bu cür təhdidlərdən çəkinmə ifadə edilib.

1961-ci il Belqrad Konfransının Bəyannaməsində də bu prinsiplər öz əksini tapıb. Beləliklə, Qoşulmama Hərəkatının baza prinsipləri kimi beynəlxalq münasibətlərdə diktatın, hegemonluğun və ekspansiyanın qəbul edilməməsi, dövlətlər arasında bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın zəruriliyi, ədalətə və hüquq bərabərliyinə əsaslanan yeni iqtisadi qaydanın formalaşması uğrunda mübarizə qəbul edilib.

Təcrübə göstərdi ki, bu təşkilatın yuxarıda vurğulanan prinsiplər əsasında yaradılması dünya üçün faydalıdır. Həm "soyuq müharibə" dövründə, həm də ondan sonra dünyanın həmin prinsiplərə ehtiyacı çox olub. XXI əsrin başlanğıcı göstərdi ki, Qoşulmama Hərəkatının aktuallığı getdikcə daha da artır. Artıq onun 120 üzvü vardır.

Fəal mövqe: Azərbaycanın növbəti nümunəsi

Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. 2019-2021-ci illərdə bu təşkilata sədrlik edəcək. Prezident İlham Əliyevin 2019-cu il 11 fevral tarixli Sərəncamında təşkilatın Azərbaycana verdiyi xarici siyasət dividendləri konkret ifadə edilib. Sərəncamda vurğulanıb ki, Azərbaycanın Qoşulmama Hərəkatında iştirakı onun beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq proseslərinə daha fəal cəlb edilməsinə geniş imkanlar açıb. Eyni zamanda, Azərbaycanın müxtəlif dövlətlərlə, o cümlədən Latın Amerikası, Asiya və Afrika ölkələrinin çoxu ilə ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafı üçün əlverişli şərait formalaşıb.

Bütün bunlarla yanaşı, Qoşulmama Hərəkatı Azərbaycan üçün iki miqyasda – regional və qlobal səviyyədə geosiyasi proseslərə daha aktiv təsir etmək imkanı yaradır. Regional səviyyədə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində meydana gəlmiş qanlı münaqişənin ədalətli, beynəlxalq hüquq prinsipləri çərçivəsində aradan qaldırılması üçün fəaliyyət meydanı genişlənir. Dünyanın 120 ölkəsi təcavüzkarın qarşısının alınması məsələsində həmrəy olursa, bu, ciddi hadisədir. Məsələ yalnız söz deməklə məhdudlaşmır, onun həyata keçməsi üçün də müəyyən mexanizmlər mövcuddur. Qoşulmama Hərəkatı bu aspektdə böyük dövlətlərə də müraciətlər hazırlaya bilər.

Məlumdur ki, artıq Qoşulmama Hərəkatının nazirləri bir çağırış ediblər. Onlar çağırışda BMT Nizamnaməsində göstərilmiş güc tətbiq etməmə prinsipinin əhəmiyyətini təsdiq ediblər. Bu əsasda münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində danışıqlar vasitəsilə nizamlanması zəruriliyini vurğulayıblar. Təbii ki, Yer kürəsi əhalisinin təqribən 55 faizinin yaşadığı 120 ölkənin etdiyi bu çağırış ciddi siyasi və geosiyasi əhəmiyyətə malikdir.

Qlobal miqyasda isə Qoşulmama Hərəkatı bütövlükdə dünyada ədalətli, dinc və sivil qaydada birgəyaşayışın təmin edilməsinə öz töhfəsini verə bilər. Bu baxımdan 2018-ci ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusundakı konfransında Prezident İlham Əliyevin vurğuladığı bir fikir olduqca maraqlı və əhəmiyyətlidir. Dövlət başçısı ifadə edib: "Biz bir-birimizi dəstəkləməliyik. Qarşımızda demək olar ki, oxşar çağırışlar, problemlər dayanır. Keçmişimiz də müəyyən dərəcədə oxşardır. Hamımız öz həyatımızı, müstəqil həyat sürməyi arzulayırıq. Biz hamımız istəmirik ki, kimsə bizdən nə etməyi tələb etsin, işlərimizə müdaxilə etsin, bizə diktə etsin. Bunun üçün biz güclü olmalıyıq. Biz yalnız birlikdə olduqda güclü ola bilərik".

Bu fikirlər indiki mərhələdə geosiyasi mühitdə cərəyan edən hadisələr və yeni dünya nizamının formalaşması zərurəti işığında çox aktual görünür. Siyasi liderlər qlobal səviyyədə geosiyasi ziddiyyətlərin və onların fonunda dünya miqyasında xaosun getdikcə daha da dərinləşdiyini vurğulayırlar. Yeni dünya nizamının formalaşmasına bu, təbii ki, ciddi mənfi təsir göstərir. Belə bir şəraitdə beynəlxalq səviyyədə yeni nizamın yaradılmasına yardım edə biləcək hər bir təşəbbüs qiymətlidir.

Bu il oktyabrın 25-26-da Bakıda keçirilməsi nəzərdə tutulan Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşü həmin səbəbdən son dərəcə əhəmiyyətli hesab edilir. Azərbaycanın belə bir nüfuzlu təşkilata sədrlik etməyə başlaması, əlbəttə, bütün sivilizasiyalı bəşəriyyət üçün əlavə fürsətdir. Şübhə yoxdur ki, Bakı hər bir ölkə üçün aktual olan məsələlərin müzakirəsinə üstünlük verəcək. Dünyanın indiki qarışıq dövründə beynəlxalq hüquq normalarına uyğun fəaliyyət göstərməyin təşviq edilməsi prinsipial olaraq faydalıdır. Konkret desək, Azərbaycan üçün aktual olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllində yeni imkanlar yaranmaqdadır. Əlbəttə, Bakı bu şansdan maksimum dərəcədə yararlanmağa çalışacaq.

Bundan başqa, Azərbaycanın bu hərəkata sədrlik etməsi, ümumiyyətlə, Cənubi Qafqaz üçün faydalıdır. Azərbaycan regionun lideri olmaqla yanaşı, həm də qarşılıqlı faydalı kooperasiyanın müxtəlif formatlarına əsaslanan fəaliyyəti ilə seçilir. Deməli, Qoşulmama Hərəkatı çərçivəsində Bakının imkanları daha da genişlənəcək.

Nəhayət, onu da vurğulayaq ki, Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycana verilən yüksək qiymət ölkə rəhbərliyinin davamlı olaraq həyata keçirdiyi siyasətin təntənəsidir. Regionun başqa bir ölkəsi bu kimi nailiyyətlər əldə edə bilməyib. Azərbaycan bundan sonra da Cənubi Qafqazın lider dövləti olaraq, bütün istiqamətlərdə daha faydalı və konstruktiv fəaliyyətini davam etdirəcək.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...