THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yeni qlobal böhran: dünyanı silkələyən iqtisadi faktorlar

Siz buradasınız: Əsas səhifə »» İQTİSADİYYAT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3297
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 29 iyul 2019 – Newtimes.az

Mütəxəssislər yeni və uzunmüddətli iqtisadi böhran təhlükəsi barədə danışırlar. Müxtəlif "beyin mərkəzləri" və görkəmli ekspertlər bu prosesə təkan verən çox sayda səbəbləri göstərirlər. Onların analizləri göstərir ki, doğrudan da, müasir mərhələdə böhrana səbəb ola biləcək iqtisadi, ticari, maliyyə, siyasi və geosiyasi amillər mövcuddur. Hətta iqlim dəyişikliyinin belə dərin iqtisadi böhran yarada biləcəyi haqqında proqnozlar verilir. Bunlar küll halında dünya iqtisadiyyatında qeyri-müəyyənlik yaradır. Ekspertlər bu kontekstdə meydana gələn risklərdən bəhs edir, həmin sırada ABŞ və Çin iqtisadiyyatlarının inkişaf dinamikasının zəifləməsi və ya resessiyasını vurğulayır, onlarla bərabər, Avropa iqtisadiyyatında meydana çıxmaqda olan bir sıra riskli faktorları qeyd edirlər. Digər parametrlərdən də bəhs edilir. Bütün bunların fonunda qlobal iqtisadi böhran ehtimalı və onun mümkün geosiyasi nəticələri üzərində geniş dayanmağa ehtiyac görürük.

Müasir mərhələnin riskli faktorları

İqtisadçılar son zamanlar tez-tez həyəcan təbili çalırlar. Onlar növbəti dünya böhranının yaxın illərdə özünü göstərəcəyini proqnozlaşdırırlar. Konkret vaxt deyənlər də vardır. Daha çox 2020-ci və 2021-ci illər göstərilir. Bu cür bədbin proqnozlar üçün mütəxəssislər müxtəlif faktları sadalayırlar. Yeni böhranın bir neçə qaynağı ola bilər. Əsas olaraq isə ABŞ iqtisadiyyatında gözlənilən resessiya (inkişaf tempinin zəifləməsi və hətta ciddi surətdə tormozlanması) göstərilir. Bundan başqa, Çin iqtisadiyyatında müşahidə edilən artım tempinin zəifləməsinə işarə edilir.

Dünya iqtisadiyyatını böhrana sürükləyən faktorlar sırasında Avropa İttifaqının rolu da vurğulanır. Avropa iqtisadiyyatı həm ABŞ, həm də Çin tərəfdən mümkün neqativ təsirlər altında böhrana düşə bilər. Bu sırada ABŞ-la Çin arasında müşahidə edilən ticarət müharibəsi həlledici rol oynaya bilər. Eyni zamanda, Vaşinqtonun Meksika və sürətlə inkişaf edən digər dövlətlərlə ticarətə məhdudiyyət qoymaqla hədələməsi də dünya miqyasında iqtisadiyyata mənfi təsir göstərir. Artıq indidən bir sıra iqtisadi sistemlər "qorxu içindədirlər".

Maraqlıdır ki, bəzi ekspertlər qlobal iqtisadi böhranın yaranmasında iqlim dəyişikliyinin roluna ciddi əhəmiyyət verirlər. Məsələn, ABŞ-ın fyuçerslər üzrə ticarət komissiyasının üzvü Rostin Behnam hesab edir ki, iqlim faktoru qlobal iqtisadiyyata təsir göstərə bilər (bax: Экономисты разглядели приближение мирового кризиса / Взгляд.ру, 23 iyul 2019).

Göründüyü kimi, mütəxəssislər qlobal iqtisadi böhranın bir neçə mənbəyini qeyd edirlər. Bəs bu vəziyyəti yaradan konkret mexanizmlər hansılardır? İlk öncə, ekspertlər ABŞ iqtisadiyyatında müşahidə edilən trendlərə diqqət yetirirlər. Son 11 ildə Amerikada iqtisadiyyat fasiləsiz olaraq inkişaf edib. Bu, artıq bir dövrün başa çatması deməkdir. Yəni, hesab edilir ki, belə uzunmüddətli inkişaf mütləq əks proseslə – tənəzzüllə və ya yavaşıma ilə əvəz olunmalıdır.

Həmin kontekstdə ekspertlər bir faktı da önə çəkirlər. Son illərdə ilk dəfə olaraq Amerikanın dövlət səhmlərinin gəlirlərində ciddi fərqlər meydana gəlib. Uzunmüddətli səhmlərin gəlirləri qısamüddətli səhmlərin gəlirlərindən geridə qalıb. Məsələn, üçaylıq səhmlərin gəlirləri 10 illik səhmlərin gəlirlərindən 11 punkt irəlidədir!

Bu fərq nəticəsində qrafikdə dəyişiklik baş verib. Ona mütəxəssislər "qrafikin inversiyası" deyirlər. Yəni uzunmüddətli səhmlərin gəlirlərinin üstünlük təşkil etdiyi qrafikin əyrisi indi tərsinədir. Bu isə qlobal iqtisadi böhranın ilk əlamətlərindən biri sayılır. Çünki deyilənlər nadir hallarda baş verir və adətən, ondan 311 gün sonra Amerika iqtisadiyyatının zəifləməsi (müəyyən hallarda, tənəzzülü) başlayır (bax: əvvəlki mənbəyə). Lakin bəzi ekspertlər hesab edirlər ki, bu, heç də həmişə belə olmur. Bu səbəbdən invertə olunmuş qrafikin birmənalı resessiya yaradacağı ehtimalı yüksək qiymətləndirilmir.

Ancaq böhranla bağlı proqnozlar yalnız bu faktorla məhdudlaşmır. Bir çox ekspertlər Çin iqtisadiyyatında son illər baş verən prosesləri analiz edərək qlobal böhran üçün şəraitin yarandığından bəhs edirlər. Belə ki, Çin iqtisadiyyatı 2010-cu ildə 10,4 faiz artım göstərmişdisə, 2017-ci ilə bu rəqəm 6,8 faiz, 2018-ci ildə isə 6,6 faiz olub. 2019-cu ilin ikinci kvartalında isə birinci kvartaldakı 6,4 faizdən 6,2 faizə düşüb (bax: Китай пугает мир новым экономическим кризисом / Взгляд.ру, 15 iyul 2019). Deməli, fərq cüzidir, lakin bunun da qlobal iqtisadiyyata ciddi təsir edə biləcəyindən ehtiyatlanırlar. Çünki Çin faktiki olaraq dünya ölkələrinin böyük əksəriyyəti ilə sıx iqtisadi bağlantıdadır və Çinin iqtisadi sistemində yüngül dəyişikliyə belə başqa ölkələrin bazarları ağrılı reaksiya verə bilərlər.

Bu, geoiqtisadi baxımdan maraqlı bir mənzərəni ortaya qoyur. Belə çıxır ki, artıq dünya iqtisadiyyatı iki parametrdən – ABŞ və Çindən eyni dərəcədə asılıdır. Öncəki mərhələlərdə bu rolda ancaq Amerika çıxış edə bilirdisə, indi dünya iqtisadiyyatının "iki nizamlama parametri" vardır – Amerika və Çin. Belə bir vəziyyətdə qlobal iqtisadi sistemin dinamikasının necə dəyişəcəyi analiz edilməlidir. Praktiki olaraq isə hələlik təcrübə yoxdur. Bu o deməkdir ki, indiki iqtisadi vəziyyəti öncəki mərhələlərlə birbaşa müqayisə etmək elmi baxımdan bir qədər qüsurludur. Ancaq bu qənaəti də mütləq həqiqət kimi qəbul etmək risklidir.

Mümkün ssenarilər və fərqli ehtimallar

Çünki mürəkkəb sistemlərin istənilən sistem dəyişikliyinə reaksiyasını öncədən proqnozlaşdırmaq mümkün deyildir. Bu isə o deməkdir ki, hazırda dünya iqtisadiyyatının mümkün təkamül ssenariləri barədə konkret elmi fikir söyləmək çətindir. Gözlənilən ssenarilər arasında böhran variantı daha çox ehtimal olunandır.

Bu çərçivədə ABŞ-Çin ticarət müharibəsinin qlobal iqtisadiyyatın təkamülünə daha çox təsir edə biləcəyi nəticəsini çıxara bilərik. Ekspertlər ticarət müharibələrinin zəifləyəcəyi haqqında konkret proqnoz verə bilmirlər. Onlar hesab edirlər ki, yaxın perspektivdə bu ehtimal çox azdır. Həmin səbəbdən də dünya iqtisadiyyatında böhranın başlaması ehtimalı da çox deyildir. Bu variantda digər böyük dövlətlərin bu böhrana necə reaksiya verə biləcəyi problemi ortaya çıxır. Məsələn, Rusiya, Türkiyə, Meksika, Braziliya, Avropa İttifaqı bu ssenaridə hansı təsirləri görə bilərlər?

Rusiyalı ekspertlər hesab edirlər ki, Kreml mümkün böhran vəziyyətinə qarşı lazım olan tədbirləri görüb. Sanksiyalar Rusiyanı öz iqtisadi sistemini daha müstəqil duruma gətirməyə məcbur edib. Yəni kənardan olan şok təsirlərə Rusiya iqtisadiyyatı artıq öncəki kimi həssas deyil.

Həyata keçirilən bir sıra qeyri-populyar tədbirlər bu baxımdan müsbət rol oynamaqdadır. Məsələn, Rusiyada təqaüd yaşının artırılması büdcəyə müəyyən miqdarda qənaət etməyə imkan verir. Bununla yanaşı, ölkənin xarici borclarının azalması da müsbət tendensiya sayılır. Nəticədə, Rusiya iqtisadiyyatı dünya iqtisadi böhranından ən az zərər görən sistemlər sırasında ola bilər.

Analoji vəziyyət Türkiyə iqtisadiyyatında hiss olunur. Ankara bəyan edir ki, artıq dünya miqyasında baş verən silkələnmələrin süni surətdə Türkiyə iqtisadiyyatına təsirini nəzarət altına almaq mümkündür. Təcrübə göstərir ki, türk iqtisadi sistemi kənar silkələnmələrə daha dayanıqlı olub. Bu səbəbdən Türkiyənin də qlobal böhrana hazır olduğu qənaətinə gəlmək olar.

Bəs Azərbaycan kimi ölkələr bu durumda hansı təsirlərə məruz qala bilərlər? Azərbaycan iqtisadiyyatının artıq uzun illərdir ki, qlobal böhrana qarşı xeyli dayanıqlı olduğunu təcrübə sübut edib. Belə ki, hələ 2008-ci ildə dünya maliyyə böhranı ilə üzləşəndə Azərbaycan ən az zərər görən ölkələr sırasında idi. Üstəlik, bütün sahələrdə islahatlar davam edirdi. Maliyyə vəziyyətinin kəskin pisləşməsi səbəbindən meydana gələn qüsurlu vəziyyət sürətlə aradan qaldırıldı.

Azərbaycan indi iqtisadi cəhətdən daha müstəqil və perspektivli bir vəziyyətdədir. Onun iqtisadiyyatı şaxələnib, yeni proqramlar reallaşdırılır. Müxtəlif beynəlxalq layihələr həyata keçirən Azərbaycanın imkanları getdikcə artır. Deməli, Azərbaycan hətta yeni qlobal iqtisadi böhran şəraitində belə davamlı inkişafda olacaq.

Bütövlükdə dünyanın növbəti qlobal iqtisadi böhran ərəfəsində olması geosiyasi dəyişikliklərə də gətirib çıxara bilər. Konkret olaraq, deyə bilərik ki, bundan daha çox Amerika qazana bilər. Çünki böhran indi mövcud olan reallıqları aradan qaldıra bilər və Çinin yüksələn inkişafı faktoru yoxa çıxar. Bütün dünya üçün yeni iqtisadi-maliyyə münasibətlərinin formalaşdırılması zərurətə çevrilər. Bu sahədə aparıcı rolu, şübhəsiz ki, ABŞ oynayacaq. Belə olduqda, növbəti böhran, əslində, Amerikanın liderliyinə yeni məzmun verə bilər. Məsələnin bu tərəfi geosiyasi baxımdan çox maraqlıdır. Bu prizmadan ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcələrini artırması və ya azaltması faktı olduqca düşündürücüdür. Çünki bu mexanizm vasitəsilə dünya iqtisadiyyatının idarə edildiyi təəssüratı yaranır!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...