THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Məkkə bəyannaməsi: İslam dünyasının Azərbaycana böyük dəstəyi

Siz buradasınız: Əsas səhifə »» İQTİSADİYYAT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
4475
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 4 iyun 2019 – Newtimes.az

Bu gün İslam ölkələrinə qarşı bir sıra dairələrin qərəzli və ikili standart mövqeyindən yanaşdıqları sirr deyil. Artıq islamofobiya mərəzinə tutulmuş bəzi ölkələr də üzə çıxıb. Bu proseslərin fonunda İslam dövlətlərində müxtəlif təbiətli problemlərin meydana gəlməsi artıq daha geniş xarakterli trendə çevrilir. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dövlət və hökumət başçılarının Məkkə şəhərində keçirilən zirvə toplantısı bu baxımdan ekspertlərin böyük marağına səbəb olub. İƏT-in yaranmasının 50-ci ildönümünə təsadüf edən toplantıda 57 ölkənin yüksək səviyyəli nümayəndələri iştirak edib. Çin və İran prezidentləri toplantı iştirakçılarına məktub göndəriblər. Azərbaycanı Baş Nazir Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Yekunda Məkkə bəyannaməsi qəbul edilib. Sənəddə yer almış müddəaların işığında zirvə toplantısının geosiyasi aspektlərini təhlil etməyi lazım bildik.

Qlobal geosiyasi proseslər və İslam ölkələri: ziddiyyətlərin səbəbləri

İslam coğrafiyasında son illərdə geosiyasi proseslərin intensivliyi o dərəcədə artıb ki, hazırda onu qlobal siyasətin başlıca problemi adlandırırlar. Burada "problem" İslam ölkələrinin hansısa qüsura malik olmasını deyil, böyük güclərin müsəlman sivilizasiyasına və dövlətçiliyinə obyektiv yanaşa bilməməsini ifadə edir. Onun konkret təzahürü isə islamofobiyanın getdikcə daha çox vüsət almasındadır. Qəribədir ki, dünyanın bir qrup güclü dövlətləri bu sadə həqiqəti qəbul edib, özlərinin İslam aləminə münasibətlərini ədalət və demokratiya prinsipləri üzərində qurmaq əvəzinə müxtəlif bəhanələrlə vəziyyəti daha da mürəkkəbləşdirirlər. Bunun fonunda müsəlman ölkələrinin birgə fəaliyyət göstərməyə meyli daha da güclənir. İslam dövlətləri özlərini müdafiə etməklə bütövlükdə sivilliyi, mədəniyyəti, humanizmi müdafiə etmiş olurlar.

Vəziyyət ABŞ rəhbərliyinin Fələstin, Suriya, İraq, Liviya, Misir, Livan, Yəmən və İran məsələlərinə daha sərt müdaxilə etməsi ilə daha da qəlizləşməkdədir. İraqda artıq xeyli müddətdir ki, müharibə gedir, Suriya faktiki olaraq dağıdılıb, Fələstin problemini Vaşinqton daha da mürəkkəbləşdirib, İranla bağlı isə çox təhlükəli proseslər cərəyan edir.

Fələstin məsələsində Vaşinqtonun atdığı addımlar olduqca ciddi riskləri meydana gətirməkdədir. Qüdslə bağlı verilən qərar, Qəzzədə gərginliyin yüksəlməsi, qanunsuz tikililərlə bağlı İsrailin qəbul etdiyi qərar və Qolan təpələri haqqında Amerikanın məntiqsiz mövqeyi yeni təhdidləri və riskləri ortaya çıxarmaqdadır.

İslam ölkələri bütün baş verənlərə müəyyən münasibət bildirməlidir. Təəssüf ki, hələlik onlar arasında fikir birliyi yoxdur. Xüsusilə Səudiyyə Ərəbistanı-İran münasibətləri çox gərginləşib. Hazırda iki böyük müsəlman ölkəsi qarşılıqlı təhdidlərdən belə çəkinmirlər. Ərəb Dövlətləri Liqasının (ƏDL) son sammitində İrana qarşı fikirlərin səsləndirilməsi bu baxımdan təhlükələrin qalmaqda olduğunu göstərir.

Belə bir gərgin vəziyyətdə Məkkədə İƏT-ə üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısının keçirilməsi maraq doğurur. Tədbirdə 57 ölkədən dövlət və hökumət başçıları iştirak ediblər. Təşkilatın fəal üzvlərindən olan Azərbaycanı Baş Nazir Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Zirvə toplantısı İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səudun sədrliyi ilə keçirilib. Toplantının əsas şüarı "Əl-ələ gələcəyə doğru" olub. Toplantıda İslam dünyasının üzləşdiyi müxtəlif problemlər, o cümlədən müsəlman azlıqların problemləri, islamofobiya, terrorizm və ekstremizmlə mübarizə müzakirə edilib və digər siyasi, iqtisadi, mədəni, sosial məsələlər nəzərdən keçirilib.

Zirvə toplantısında Suriya, Yəmən və Liviyadakı vəziyyət, Sudan və Əlcəzairdə baş verən proseslər də müzakirə olunub. Müxtəlif ölkələrdə yaşayan müsəlman azlıqların hüquqları məsələsi gündəmdə olub. Tədbir iştirakçıları terror və ekstremizmlə mübarizədən, yoxsulluq və korrupsiyadan, sərmayələrin cəlb edilməsindən, iqlim dəyişikliyindən, məzhəblərarası münasibətlərdən və digər aktual problemlərdən bəhs ediblər. İslam ölkələrinin humanitar sahədə və insan hüquqları sferasında birgə fəaliyyəti məsələsinə də toxunulub.

"Əsrin razılaşması"nın riskli tərəfləri

Zirvə toplantısının əsas müzakirə məsələsi isə Fələstin olub. Vaşinqtonun "Əsrin razılaşması" adlandırdığı və İsrail-Fələstin münasibətlərini yoluna qoymalı olan planı ciddi müzakirə obyektinə çevrilib.

İran Prezidenti Həsən Ruhani tədbir iştirakçılarına ünvanladığı məktubda Amerikanın planını Fələstin dövlətçiliyinin məhvi kimi xarakterizə edib. Bundan sonrakı addımın digər müsəlman ölkələrinə qarşı fəaliyyətin genişlənməsi olacağını ifadə edən H.Ruhani bu plana qarşı birləşmək lazım gəldiyini qeyd edib. "Əsrin razılaşması sui-qəsddir" deyən İran Prezidenti onu çox təhlükəli adlandırıb.

Vurğulayaq ki, Amerika planı fələstinlilərin İsrailin nəzarəti altında olan ərazilərdən imtinasını nəzərdə tutur. Bunun əvəzində Fələstinə iqtisadi yardım və ərəb dövlətinin yaradılması vəd edilir. Maliyyəni isə digər ərəb dövlətləri göstərməlidirlər. Fələstin dövlətinin bir hissəsi isə Sinay yarımadasında yaradılmalıdır. Ekspertlər bu planın bir çox aspektlərinin risklərlə bağlı olduğunu ifadə edirlər. Onun yerinə yetirilməsinin münaqişəni həll etmək əvəzinə yeni-yeni ziddiyyətlərə təkan verəcəyini deyirlər.

Burada daha çox digər dövlətlərin də öz istila siyasətinə haqq qazandıracağı narahatlıq yaradır. Əgər İsrail hərbi yolla tutduğu Fələstin ərazilərinə sahib olursa, başqaları da bu fikrə düşə bilərlər. Bununla dünya nizamında, beynəlxalq münasibətlərdə bir ciddi problem yarana bilər. Təcrübə göstərir ki, bu kimi ikili standartlardan daha çox müsəlman dövlətləri əziyyət çəkir. Ancaq Ukrayna, Moldova və Gürcüstanın da heç də şanslı olmayacağını proqnozlaşdırmaq olar. Bundan başqa, Avropanın tən ortasında Böyük Britaniya, İspaniya, Fransa və başqaları da ziyan görə bilərlər.

Belə çıxır ki, "Əsrin razılaşması" adlandırılan plan, əslində, qlobal geosiyasi mənzərəni mürəkkəbləşdirməyə səbəb ola bilər. İƏT-in bu məsələni qabartması, əlbəttə, təqdirəlayiqdir. Bununla yanaşı, həmin məsələ bütövlükdə tərəqqipərvər və sülhsevər dairələrin problemi olaraq qəbul edilməlidir. Bu baxımdan İƏT-in yekun sənədində Azərbaycanla bağlı müddəaların yer alması çox əhəmiyyətlidir. Bununla İƏT göstərir ki, əraziləri işğal edilmiş hər bir müsəlman ölkəsinin haqq səsini dünyaya yayacaq və ədalətin bərqərar olması, beynəlxalq hüquq normalarının təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Məkkə bəyannaməsi adlanan həmin sənəddə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü təşkilatın əvvəlki sənədlərində olduğu kimi, qətiyyətlə pislənib. Azərbaycan torpaqlarının güc yolu ilə tutulmasının BMT Nizamnaməsi və beynəlxalq hüquqa zidd olduğu qeyd edilib. Sənəddə xatırladılır ki, BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dörd qətnamə (822, 853, 874 və 884 saylı qətnamələr) qəbul edib. Bu qətnamələr indiyə qədər yerinə yetirilməyib.

İƏT Ermənistan tərəfinin həmin qətnamələrə əməl etməsini tələb edib. Təşkilat təcavüzkar Ermənistanı öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və tam şəkildə, qeyd-şərtsiz çıxarmağa çağırıb. Sənəddə İƏT dövlət və hökumət başçılarının münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllini zəruri hesab etdiyi xüsusi vurğulanıb.

Qlobal səviyyədə silahlanmadan narahatlıqların ifadə edildiyi indiki mərhələdə Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində işğalçının davamlı silahla təmin edilməsi faktının da sənəddə vurğulanması çox əhəmiyyətlidir. İşğalçını silahla təmin edənlər faktiki olaraq təcavüzkara haqq qazandırır, onu himayə edir və ədalətə gəlməsinə əngəl törədirlər. İƏT bu məsələni diqqətdə saxladığını bəyan etməklə çox vacib bir addım atır. Bu baxımdan Baş Nazir Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin fəaliyyəti çox səmərəli olub.

Vurğulanan məqamlar prizmasından ərazilərin demoqrafik, mədəni və fiziki xarakterinin dəyişdirilməsinə yönəlik qeyri-qanuni fəaliyyətdən narahatlığın ifadə olunması da əhəmiyyətli haldır. Bununla İƏT Ermənistanın işğal etdiyi ərazilərdə qanunsuz rejimin ömrünü uzatmağa və havadarlarının fürsət verdiyi halda onları tam mənimsəməyə çalışdığı açıq göstərilib. Bu kontekstdə də mədəni irsin və müqəddəs yerlərin dağıdılması və mənimsənilməsi, ictimai və şəxsi mülklərə müdaxilə etməklə qanunsuz iqtisadi və digər fəaliyyətin davam etdirilməsi qətiyyətlə rədd edilməlidir.

Bunun fonunda isə İƏT-ə üzv olan ölkələrin işğalçıya hər hansı formada dəstək verməsinin qəbuledilməz olduğu vurğulanır ki, bu da tamamilə məntiqidir. Çünki İƏT ölkələri birgə səylə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə çalışmalı və konkret fəaliyyət göstərməlidirlər.

Beləliklə, Məkkə sammiti Azərbaycan üçün çox uğurlu olub və onun nüfuzunun təşkilatda daha da yüksəldiyini təsdiq edib. Bu, Azərbaycan Prezidentinin fəaliyyətinin birbaşa nəticəsidir. Xarici siyasət kursu olduqca səmərəli və müasir tələbləri dəqiq nəzərə alaraq inkişaf etdirilir. Hər keçən gün Azərbaycanı qələbəyə yaxınlaşdırır!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Müharibəni necə bərpa etməli?
23 aprel 2019 The Washington Times

Müharibəni necə bərpa etməli?

Dağlıq Qarabağ müharibəsi təkcə Cənubi Qafqazda deyil, həm də ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANCA) kimi erməni təşkilatları tərəfindən Birləşmiş Ştatlarda aparılır.

Davamı...
Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...
25 mart 2019 The Washington Times

Yeni enerji inqilabı rusları həyəcanlandırmağa başlayarsa...

Azərbaycanın yeni İpək Yolundakı mövqeyi onun bölgədə aparıcı rola yiyələnməsi üçün nəzərdə tutulub. O, bu rola hazırdır.

Davamı...