THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yeni dünya nizamı: ziddiyyətlərdən dialoqa keçid mümkündürmü?

Siz buradasınız: Əsas səhifə »» İQTİSADİYYAT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2074
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 20 iyun 2018 – Newtimes.az

Ekspertlər müasir dünyanın aktual geosiyasi problemlərini geniş təhlil edirlər. Onların sırasında qlobal dünya nizamının hazırkı vəziyyəti və gələcəyi aspekti geniş yer tutur. Rusiya mətbuatında təcrübəli diplomat və tanınmış analitik İqor İvanovun həmin mövzuda geniş məqaləsi dərc edilib. Yazıda müasir geosiyasi nəzəriyyə və praktiki siyasi fəaliyyət üçün də əhəmiyyətli olan tezislər ifadə edilib. Onların təhlili indiki dünya nizamının durumu və yeni vəziyyətə keçidin əsas məqamları barədə daha dolğun təsəvvürlər əldə etməyə imkan yaradar. Bu səbəbdən biz məqalənin başlıca tezislərini dünya siyasətinin dinamikası kontekstində təhlil etməyə ehtiyac gördük.

Böhran: qlobal geosiyasətin əsas problemi

Artıq bir neçə ildir ki, mütəxəssislər dünya nizamının böhran vəziyyətindən bəhs edirlər. Son dövrlərdə isə bu müddəa analizlərdə aksiom kimi qəbul edilir. Əvəzində, yeni dünya nizamı ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Maraqlıdır ki, hələlik məsələnin bu tərəfi ilə əlaqəli konkret fikir mövcud deyil. Fərqli ölkələrin mütəxəssisləri fərqli ssenarilərdən və obrazlardan danışırlar.

Məsələn, Amerika analitikləri yeni dünya nizamında ABŞ-ın liderliyini bəşəriyyətin xilası kimi təqdim edirlər. Onların mövqeyinə görə, dünya yeni nizama faktiki olaraq liberalizmin tam qələbəsi ilə keçə bilər. Dəqiqləşdirsək, görərik ki, burada söhbət dünya nizamının ancaq liberal dəyərlər üzərində formalaşa biləcəyindən gedir.

Bununla yanaşı, başqa böyük dövlətlərdə çalışan analitiklər fərqli ssenarilərə üstünlük verirlər. Deyək ki, rusiyalı və ya çinli mütəxəssis üçün dünyanın yeni nizamı fərqli məzmun və quruluşa malikdir. Həmin modellərdə yeni dünya nizamında Rusiya-Çin tandeminin həlledici rol oynaya biləcəyi tezisi üstünlük təşkil edir. Yəni Qərb analitiklərinin proqnozlarının əksinə olaraq, dünyanın plüralistik obrazının perspektivli olduğu fikri irəli sürülür. Bu baxımdan Rusiyanın keçmiş xarici işlər naziri, hazırda Rusiya Beynəlxalq Məsələlər Şurasının (РСМД) prezidenti İqor İvanovun yeni məqaləsi maraq doğurur (bax: Игорь Иванов. Сломать алгоритм истории. Россия, Китай и новый миропорядок / "Российская газета", 9 iyun 2018).

Məqalədə iddia edilir ki, beynəlxalq münasibətlər sistemi bütövlükdə tənəzzüldədir. Geosiyasi ziddiyyətlər daha da kəskinləşir. Böyük dövlətlərin konstruktiv qarşılıqlı əlaqədə olmaq şansları getdikcə azalır. Bu, ənənəvi təhlükələrə yeni təhdidlərin əlavə olunması fonunda baş verir. Kiberməkandakı qarşıdurmaya, terrorizmə, kütləvi qırğın silahlarına nəzarətin əldən çıxması ehtimalının artmasına, qanunsuz miqrasiyaya iqtisadi müharibələr də əlavə olunub. Sonuncu " ... kövrək dünya nizamına olan növbəti təhlükəli zərbədir" (bax: əvvəlki mənbəyə).

Belə çıxır ki, reallıqda dünyanın böyük dövlətləri mövcud geosiyasi böhrandan xilas yolu axtarmaq əvəzinə onu daha da dərinləşdirirlər. Problemin düşündürücü tərəfi də elə məhz bununla bağlıdır. Sual olunur: əgər doğrudan da qlobal miqyasda geosiyasi vəziyyət çox həssas bir nöqtəyə çatıbsa, hansı səbəblərdən ənənəvi təhlükələrə yenilərini də əlavə edirlər? Sual ritorik olmayıb, əksinə, lider dövlətlərin siyasətinin məzmun və məqsədi ilə birbaşa bağlıdır. Məhz bu aspektdə böyük dövlətlərin öz maraqlarını təmin etmək naminə ən təhlükəli addımları belə atdıqlarını demək mümkündür. Bu da beynəlxalq hüquq və münasibətlər sistemi qaydalarının tapdalanması hesabına baş verə bilər ki, elə həmin tendensiyanı da müşahidə edirik.

Ancaq İ.İvanov hesab edir ki, bu cür gərgin və qeyri-müəyyən mərhələdə Rusiya və Çin beynəlxalq əhəmiyyətli, strateji xarakterli və XXI əsrin tələblərinə cavab verən əməkdaşlıq modeli yaradırlar (bax: əvvəlki mənbəyə). Bəs bu tezisi təsdiq edən hansı faktlar mövcuddur? Maraqlıdır ki, məqalədə məsələnin bu tərəfi açıq saxlanır. Çünki iddia edilir ki, Rusiya-Çin münasibətlərinin konkret məzmunu qlobal siyasətdə önə çıxacaq məqamlardan asılı olacaq. Burada bir məntiqi ziddiyyət var.

Çünki bir tərəfdən Rusiya və Çinin yeni dünya nizamının yaranmasında həlledici rol oyanayacaqları əsas fikir kimi ortaya atılır, digər tərəfdən isə onlar arasında əməkdaşlığın məzmunu qlobal dünya siyasətində önə çıxacaq faktorlarla əlaqələndirilir. Əgər həmin faktorlar məlum deyilsə, nəyə görə Rusiya-Çin münasibətləri yeni nizamın arxitekturasında həlledici rol oynayacaq? Qeyri-müəyyən bir gələcək obrazında hazırda qeyri-müəyyən olan münasibətlər sistemi necə konkret rol oynaya bilər?

Xilaskarlar, yoxsa yenə xüsusi maraqlar: cavabsız sual

Görünür, burada məntiqi bağlantıdan çox müəllifin görmək istədiyi münasibətlərdən danışmaq daha doğru olardı. Ola bilər, çünki əsas məqsəd dünyanın gələcəyini xilas etməkdən ibarətdir və İqor İvanov Rusiya-Çin münasibətlərinin məhz bu cür pozitiv rol oynamalı olduğunu düşünürsə, bu, özlüyündə əhəmiyyətlidir. Sirr deyil ki, Rusiya və Çin hazırda dünya siyasətinə ciddi təsir edə bilən güclərdir. Bu səbəbdən də yaranacaq şərtlər hər iki ölkənin imkanlarını artıra, yaxud azalda bilər. Xarici riskləri azalda və ya artıra bilər. Bu kontekstdə proseslərin " ... təkamülü Moskva və Pekinin aksent və prioritetlərinə, o cümlədən ikitərəfli əlaqələrinə ciddi təsir edəcək" (bax: əvvəlki mənbəyə).

Buradan məntiqi olaraq alınır ki, hələlik çoxparametrli və qeyri-müəyyən vəziyyət mövcuddur. Hətta Rusiya və Çin burada tənzimləyici rol oynaya bilməzlər. Ancaq əlverişli şərtlər daxilində onlar müsbət rol yerinə yetirə bilərlər. Bu tezisi qəbul etməklə yanaşı, başqa vacib faktoru da vurğulamaq gərəkdir. Biz ABŞ və Avropanın böyük dövlətlərinin fəaliyyətini nəzərdə tuturuq. Xüsusilə Amerika gözlənilməz manevrləri ilə dünya siyasətinin gündəmini çox dəyişdirir. Gözlənilməz amillər meydana çıxır. Bu proses sürətlə gedir. ABŞ-Şimali Koreya danışıqları, İranla imzalanan nüvə sazişindən imtina, ABŞ-Çin ticarət müharibəsinin başlaması, Fələstin problemi, Suriyada vəziyyətin kəskin dəyişməsi kimi məsələlər bu qəbildəndir. Çətin ki, bu kimi təsirli dəyişikliklərin baş verdiyi bir şəraitdə Rusiya və Çinin əməkdaşlığı vəziyyəti kardinal surətdə dəyişməyə qadir olsun.

Təsadüfi deyil ki, dünya siyasətinin Yalta sistemi dağıdılıb, lakin onun yerində yeni heç nə qurulmayıb. "Və bu gün dünya getdikcə daha sürətlə xaosa yuvarlanır ki, bu da yalnız ayrı-ayrı dövlətlərə və ya regionlara deyil, bütün beynəlxalq birliyə təhlükədir" (bax: əvvəlki mənbəyə). Məsələnin bu cür qoyuluşu tamam fərqli mənzərə yaradır.

Məsələ ondadır ki, tarixdə bəşəriyyətin bir dünya düzənindən digərinə keçidi həmişə yeni istehsal texnologiyalarının ifrat çoxalması ilə bağlı olub. Həm də bu keçidin katalizatorları müharibə və inqilablar olub. Hazırda yeni texnologiyaların kritik miqdarı toplanıb və ənənəyə görə, hansısa müharibə və ya inqilabla bəşəriyyət yeni nizamlı vəziyyətə keçə bilər. Ancaq burada təhlükəli məqam ondan ibarətdir ki, indiki müharibələr bütövlükdə dünyanı məhv edə bilər. Yəni dünya yeni nizama keçməz, məhvə düçar olar. Məhz bu baxımdan "dünya tarixinin dayanıqlı alqoritmini sındırmaq çox vacibdir" ki, bəşəriyyətin yeni inkişaf mərhələsinə keçməsi qlobal kataklizm olmadan baş versin (bax: əvvəlki mənbəyə).

Etiraf edək ki, bu məqam həqiqətən bütün dünya üçün prinsipial əhəmiyyət daşıyır. Artıq ənənə halını almış qlobal keçid mexanizmi yeni məzmun kəsb etməlidir. Onun əsas əlaməti də dinc yolla dəyişməklə bağlıdır. Bu, baş verməsə, bütün dünyanı fəlakət gözləyir. Çünki hazırda dünyada elə sayda və gücdə silahlar mövcuddur ki, Yer kürəsini bir neçə dəfə məhv etməyə kifayət edər.

Bununla yanaşı, problemin çətin tərəfi ondan ibarətdir ki, bu cür mexanizmləri hazırlaya biləcək böyük dövlətlərin özləri onun formalaşmasına ciddi əngəllər törədirlər. Yəni onlar bilə-bilə dünyanı köhnə mexanizmin məngənəsində saxlayırlar. İ.İvanov bu bağlılıqda vurğulayır: "Bir neçə səbəb üzündən dünya siyasətinin ənənəvi mərkəzləri hazırkı şərtlər daxilində yeni dünya nizamının formalaşmasında aparıcı rol oynamaq iqtidarında deyillər" (bax: əvvəlki mənbəyə). Onların hər birinin özünəməxsus çətinlikləri vardır.

Qarşı tərəf: kəsişən və kəsişməyən məqamlar

Məsələn, ABŞ dərin daxili siyasi parçalanma mərhələsini yaşayır. Bunun nə zaman başa çatacağını heç kəs dəqiq deyə bilməz. Buna uyğun olaraq, yaxın gələcəkdə Vaşinqtondan hansısa uzunmüddətli, ölçülü-biçili və ardıcıl xarici siyasət gözləmək sadəlövhlük olardı.

Avropa İttifaqı fundamental daxili böhranla mübarizə aparır. Buraya struktur, maliyyə-iqtisadi, siyasi və dəyər böhranı daxildir. Bunlar Brüsselə yeni dünya nizamını formalaşdırmağa diqqət yönəltməyə imkan verməyəcək. Dünya siyasətinin digər aparıcı oyunçuları üçün də özünəməxsus çətinliklər vardır. Bu aspektdə Rusiya və Çinin digər güc mərkəzləri önündə öz üstünlükləri mövcuddur. İ.İvanov fikrini təsdiq etmək üçün bir neçə arqument gətirir.

Birincisi, Rusiya və Çin cəmiyyətləri siyasi olaraq konsolidasiyalıdır və dünyanın vacib problemlərinə münasibətdə vahid mövqedədirlər. Bunu Çində Kommunist Partiyasının son qurultayı, Rusiyada isə son prezident seçkisi göstərdi.

İkincisi, Rusiya və Çin siyasəti strateji planlaşdırma əsasında illər və hətta onilliklər öncədən planlaşdıra bilərlər. Qərb demokratları üçün isə uzunmüddətli planlaşdırma əlçatmazdır. Onlar situativ qərarlar qəbul etməyə meyllidirlər.

Üçüncüsü, Rusiya və Çin arasında əhatəli və hərtərəfli əməkdaşlıq təcrübəsi toplanıb. Onları "yeni tip iki supergücün münasibətlərinin" formalaşması kimi ifadə etmək olar (bax: əvvəlki mənbəyə). İ.İvanov hesab edir ki, bu, daha geniş çoxtərəfli format üçün də yararlıdır. Məsələn, son 20 ildə Moskva və Çin israrla, əminliklə və ədalətli olaraq "çoxqütblü dünya" ideyasını inkişaf etdirirlər. Bununla yanaşı, həmin ideyanın "çoxqütblü dünya"nın qurulması üçün bütöv konsepsiya halına salınması istiqamətində çox işlər görmək lazımdır. Lakin bu işi sürətlə həyata keçirmək lazımdır, çünki beynəlxalq münasibətlərin yenidən qurulması müddəti getdikcə daha da azalır – meydana yeni-yeni problemlər çıxır.

Əslində, Moskva ilə Pekin qlobal siyasət üçün əhəmiyyəti olan bir neçə layihə reallaşdırıblar. Bu sırada məqalə müəllifi Şanxay Əməkdaşlıq Təşkilatını (ŞƏT), BRİKS-i, Avrasiya İqtisadi İttifaqını (Aİİ) nümunə kimi göstərir. Bu kimi qurumlar yeni beynəlxalq strukturun elementləri ola bilərlər. Bunlarla yanaşı, Rusiya və Çin "qlobal idarəetməni bərpa edə, BMT-də və digər beynəlxalq institutlarda islahatlar apara, beynəlxalq hüququ yeniləşdirə bilər, qloballaşmaya və qarşılıqlı asılılığa yeni anlam verə bilərlər" (bax: əvvəlki mənbəyə).

Sonuncu ciddi tezisdir. Çünki Rusiya və Çinin dünyanın yeni düzəninin əsas elementləri ilə yanaşı, onların qarşılıqlı münasibətlərinin məzmununu da müəyyənləşdirə biləcəkləri vurğulanır. Bu isə özlüyündə iki böyük dövlətin dünya liderliyini birgə həyata keçirə biləcəyi fikridir. Belə bir ideyanın təsadüfən ortaya atılmadığını düşünmək olar. Məsələnin digər tərəfi Amerikanın Çin siyasəti ilə bağlıdır.

Belə ki, Vaşinqton özü üçün ən böyük əngəlin Çin olduğunu açıq bəyan edib. Eyni zamanda, ABŞ Rusiya ilə Çin arasında uçurum yaratmağa çalışır. Bunun üçün digər vasitələrlə yanaşı, ticarət müharibəsindən də yararlanmağa cəhd edir. Son zamanlar isə Amerika ilə Çin arasında ticarət müharibəsinin başladığı haqqında informasiyalar yayılır. Bütün bunları təbii ki, Moskva diqqətlə izləyir. Və Pekinə Vaşinqtona qarşı birgə dura biləcəkləri mesajını verir.

Bunun nə dərəcədə real nəticələr verəcəyi məlum deyil. Çünki Rusiya ilə Çin arasında kifayət qədər fikir ayrılıqları vardır. Bu barədə hər iki ölkənin analitikləri yazırlar. Deyək ki, Mərkəzi Asiya regionunda Moskva-Pekin qarşıdurması getdikcə dərinləşir. Bundan başqa, Çin Rusiyanı Avrasiyada maliyyə-ticarət sferalarında sıxışdırır. "Yeni İpək Yolu" layihəsini elə şaxələndirir ki, Rusiya üstün mövqe tuta bilmir, o, sadəcə, 63 əsas iştirakçı dövlətlərdən biridir. Bunlarla yanaşı, Çin Rusiya üçün Yaxın Şərqdə və Afrikada əsas rəqiblərdən biridir.

Açıq müzakirə: dialoqa aparan yol

Bütün bunlar iki dövlətin qlobal idarəetməni necə bərpa edə biləcəkləri sualını meydana çıxarır. Bundan başqa, kim təminat verə bilər ki, Rusiya-Çin tandemi ABŞ-dan daha ədalətli olacaq? Bəs dünyanın sürətlə inkişaf edən digər dövlətləri, məsələn, Hindistan və ya Braziliyanın bu prosesdə yeri harada olacaq? Bu kimi sualların cavabları yoxdur və vurğulanan mövqedən baxdıqda, onların nə zamansa olacağı da məlum deyil.

Lakin İqor İvanov bir məqamda tam haqlıdır ki, Rusiya və Çin arasında açıq danışıqların zamanıdır. Yalnız səmimi dialoq vasitəsilə mövcud olan anlaşılmazlıqları və fikir ayrılıqlarını aradan qaldırmaq olar. Həm də bu, ona görə vacibdir ki, "dünya bifurkasiya nöqtəsinə tam yaxınlaşıb ki, bundan sonra ya qlobal idarəetmənin yeni səviyyədə bərpası, ya da dünyanın anarxiya və xaosa sürətli yuvarlanması gəlir" (bax: əvvəlki mənbəyə).

Məsələnin bu tərəfi həm nəzəri, həm də siyasi-praktiki aspektlərdə çox maraqlıdır. Belə ki, müasir geosiyasi nəzəriyyələrdə bəşəriyyətin seçim zonasında hansı kursu seçməli olduğu müəyyən deyil. Ümumiyyətlə, bunu nə zamansa dəqiqləşdirmək imkansız görünür, çünki dünya sisteminin böhran zonasında edə biləcəyi seçim çoxlu sayda faktordan asılıdır. Burada yalnız ehtimalən bir neçə mümkün ssenaridən danışmaq olar. Həmin ssenariləri öncədən təxmin etmək mümkündür. Lakin dünya onlardan yalnız birini seçə bilər. O "biri"nin hansı olacağını isə öncədən müəyyən etmək hələlik imkan xaricindədir.

Bu cür vəziyyətdən çıxış yolu, təbii ki, dialoqla bağlı ola bilər. Böyük dövlətlər səmimi dialoq aparmaqla mövcud vəziyyəti düzgün qiymətləndirib, birgə xilas yolu tapa bilərlər. Bu baxımdan Rusiya-Çin münasibətlərinin açıq danışıqlar müstəvisinə gətirilməsi ümumilikdə dünyanın xeyrinə olardı. Bu ideyanın praktiki reallaşması isə ayrıca problemdir.

Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya-Çin münasibətləri müasir dünyada strateji balans və sabitliyin təminatında əhəmiyyətli yer tutur. İki dövlətin başçılarının qarşılıqlı səfərləri və regional təşkilatlar çərçivəsində apardıqları müzakirələr həmin baxımdan son dərəcə vacibdir.

Hər bir halda, yuxarıda vurğulanan məqamlar Rusiya-Çin münasibətlərinin dünya siyasətinin məzmununa necə təsir etdiyi barədə müəyyən təsəvvür yarada bilirmi? Qlobal geosiyasət bu münasibətlər prizmasından necə görünür?

Bizcə, məqalədə iki əsas tezis yer alıb. Birincisi, dünya nizamı hazırda kəskin böhran içindədir və seçim etməlidir. Ancaq hələlik bəşəriyyət hansı yolu seçməli olduğunu dərk edə bilməyib. İkincisi, Rusiya-Çin münasibətləri dünyanın yeni nizama keçidində həlledici rol oynaya bilər. Bunun üçün potensial var, lakin qarşıda çox işlər dayanır. Bu işlərin öhdəsindən ancaq açıq müzakirələr vasitəsilə gəlmək olar.

Digər tərəfdən, Qərb dövlətlərinin geosiyasi məqsədləri də nəzərə alınmalıdır. Çünki onlar dünya siyasətinə daha çox təsir edirlər. Təkcə ABŞ olduqca böyük təsiretmə mexanizmlərinə malikdir. Hazırda müşahidə edilən proseslər də onu göstərir ki, Vaşinqtonun razılığı olmadan beynəlxalq münasibətlər sistemində real dəyişiklik etmək imkansızdır. Bu səbəbdən Rusiya-Çin tandeminin Amerikanın maraqlarını nə dərəcədə nəzərə almaq iqtidarında olduğu məlum deyil.

Bunlar onu ifadə edir ki, əslində, Rusiya-Çin cütlüyündən geosiyasi kontekstdə danışanlar daha çox onun Amerikaya qarşı dura bilmək aspektini nəzərdə tuturlar. Yəni, istər-istəməz bu iki dövlətin hansı səviyyədə ABŞ-ın geosiyasi planlarını dəyişə bilməsi məsələsi ön plana çıxır. Hətta bir sıra analitiklər Çinin real olaraq yeni dünya nizamı yaratmaq və ya beynəlxalq münasibətlərdə yeni qayda formalaşdırmaq niyyətinin olmadığını iddia edirlər.

Onlar sübut kimi Çinin hazırkı dünya nizamına töhfələr verdiyini göstərirlər. Pekinin istədiyi özünə qarşı ədaləti təmin etməkdir, maraqlarının gözlənməsi və daha geniş tərkibdə geosiyasi qərarların alınması mexanizminin tətbiqidir. Yəni, faktiki olaraq, Pekin Qərbin İkinci Dünya müharibəsindən sonra formalaşdırdığı geosiyasi münasibətlər çərçivəsində fəaliyyət göstərir. Buradan da belə nəticə alınır ki, Çin dünya nizamını yeniləmək üçün deyil, onun daha ədalətli qaydada təkmilləşdirilməsi tərəfdarıdır.

Bu mülahizələr kontekstində Rusiya-Çin əməkdaşlığını Amerikaya alternativ kimi göstərməyin arxasında başqa məqamların dayandığı hiss olunur. Görünür, burada elə məqamlar vardır ki, məhdud dairələrdən başqa kimsənin xəbəri yoxdur. Buna baxmayaraq, bütövlükdə vəziyyətin qeyri-müəyyən saxlanması qlobal təhlükəsizliyə ciddi təhdidlər və risklər meydana gətirə bilər. Xüsusilə terror və separatizm dünyanı daha dərin qatlarda parçalaya bilər. Bu neqativ tendensiyanın qarşısını almaq olduqca vacibdir.

Bütün bunlar məqalədə qaldırılan məsələlərin dünya siyasəti üçün əhəmiyyət kəsb etdiyini göstərir. Onların həlli aktuallığını saxlayır. Qlobal dünya nizamının böhranının daha da kəskinləşməsi ciddi fəlakətlərə səbəb ola bilər. Çıxış yolları isə birgə axtarılmalıdır. Bu məqam avtomatik olaraq beynəlxalq təşkilatların fəaliyyətinin müasir mərhələdə son dərəcə böyük aktuallıq kəsb etdiyini təsdiqləyir. O cümlədən BMT-də geniş islahatlar aparılmalıdır. Çünki beynəlxalq miqyasda müzakirələr geniş və səmərəli aparılmasa, real nəticə əldə etmək mümkün olmayacaq.

Maraqlıdır ki, hələlik böyük dövlətlər arasında məhz bu məsələ daha çox müzakirə olunanlar sırasında deyil. Əksinə, o, epizodik olaraq qeyd edilir və unudulur. Hansı səbəblərdən beynəlxalq təşkilatlarda islahatların aparılması dünya siyasətinin bir nömrəli məsələsi səviyyəsinə qaldırılmır, başadüşülən deyil. Dünya isə sürətlə daha dərin böhrana düçar olur. Onu dayandırmaq yox, bütövlükdə qlobal proseslərə yeni təfəkkürlə yanaşmaq lazım gəlir. Bu təfəkkürün əsas əlaməti isə dialoq olmalıdır. Obrazlı desək, indi dünyanı ancaq dialoq xilas edə bilər!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Russian military 'drills' point to imminent final clash in Syria
30 avqust 2018 The Washington Times

Russian military 'drills' point to imminent final clash in Syria

Russia's navy announced it will open ''large-scale drills'' in the Mediterranean on Saturday in the latest sign that a major...

Davamı...
ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...