THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Atlantizm və Tramp: qarşıdurma kəskinləşir

Siz buradasınız: Əsas səhifə »» İQTİSADİYYAT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1261
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 10 aprel 2018 – Newtimes.az

Amerikanın nüfuzlu analitik mərkəzlərindən olan Atlantika Şurası cari ildə gözlənilən beş riski müəyyənləşdirib. Onların hansı meyarlarla müəyyən edildiyi barədə açıq danışılmır. Lakin məzmunundan görünür ki, müəlliflər başlıca olaraq Qərb dünyasının təhlükəsizliyinin qayğısına qalırlar. Hesab edirlər ki, vurğuladıqları risklər özünü göstərsə, qlobal təhlükəsizliyi təmin etmək çox çətin olacaq. Ekspertlərin diqqətini çəkən məqam ondan ibarətdir ki, proqnoz müəllifləri əsas günahkar kimi Donald Trampı göstərirlər. Belə təəssürat yaranır ki, dünya üçün 2018-ci ildə əsas təhlükə mənbəyi Vladimir Putinlə yanaşı Donald Trampdır. Məsələnin bu aspekti ayrıca əhəmiyyət kəsb edir. Eyni zamanda, Qərbin müəyyən dairələrinin Avro-Atlantika məkanında inteqrasiya proseslərinin taleyindən narahatlıq keçirdikləri duyulur. Bu kontekstdə Atlantika Şurasının risk hesab etdiyi beş mühüm faktorun 2018-ci ilin geosiyasi mənzərəsinə necə təsir edə biləcəyinin analizi maraqlı görünür.

Beş risk: mərkəzdə Trampdır

İndi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən "beyin mərkəzləri" qlobal geosiyasi proseslərlə bağlı proqnozlar verirlər. 1961-ci ildə ABŞ-da yaradılmış Atlantika Şurası (Atlantic Council) adlı araşdırma mərkəzi də 2018-ci il üçün özündə risk daşıyan bir neçə faktoru açıqlayıb. Onun sədri Frederik Kempe, icraçı direktoru isə Con Hantsmandır. Əsasən beynəlxalq münasibətlərin analizi və proqnozuna diqqət yetirir. Mərkəzin tədbirlərində siyasi, işgüzar və intellektual dairələrin aparıcı şəxsləri iştirak edirlər. Atlantika Şurası ABŞ-Avropa inteqrasiyasını təşviq edir. Müxtəlif mənbələrdən maliyyələşir. Qurumun onlarla regional mərkəzi var. Beynəlxalq təhlükəsizlik və qlobal iqtisadi tərəqqi ilə bağlı çoxlu sayda proqramları mövcuddur. Atlantika Müqaviləsi Assosiasiyasının üzvüdür. Qərargahı Vaşinqtonda yerləşir.

Atlantika Şurası 2018-ci ildə əsasən beş risk mənbəyinin özünü göstərəcəyini proqnozlaşdırır (bax: The five biggest geopolitical risks for the rest of 2018 / CNBC, 22 mart 2018). Maraqlıdır ki, onlardan dördü Donald Tramp hökuməti ilə əlaqələndirilir. Birincisi D.Trampın Rusiya ilə gizli əlaqələri ilə bağlı aparılan təhqiqatın "gözlənilməz nəticə" verə bilməsində ifadə olunur. İkincisi D.Trampın alüminium və polad sənayesinə qoyduğu yeni vergilərdən qaynaqlanan ticarət müharibəsidir. Üçüncüsü ABŞ-Şimali Koreya görüşünün Koreya yarımadasında yeni müharibə ilə nəticələnə bilməsilə bağlıdır. Dördüncüsü D.Trampın İranla imzalanan nüvə sazişindən imtina etmə ehtimalının yüksək olmasından qaynaqlanır. Nəhayət, sonuncu risk V.Putinin yenidən prezident seçilməsi ilə meydana çıxa biləcək gərginliklə əlaqəlidir.

Ayrıca, Atlantika Şurasının sədri Frederik Kempe bəyan edib ki, prezident D.Trampın hakimiyyətə gəlməsinin ikinci ili narahatlıqlarla başlayıb. Bu, Vaşinqtonda siyasi gərginliyin artmasından qaynaqlanır. Çünki dünya hazırda ortada olan çoxlu sayda problemləri həll etməkdə çətinlik çəkərkən dünyanın ən qüdrətli dövlətinin özü siyasi böhrana düçar olur.

Bizcə, Atlantika Şurasının yanaşma məntiqi və proqnozdakı əsas hədəfləri yuxarıda qısaca vurğulanan punktlardan aydındır. İlk sual belə ola bilər ki, hansı səbəblərdən bu "beyin mərkəzi" D.Trampın dünya üçün risk faktoru olduğu tezisini irəli sürür? Hər bir dövlət başçısının özünəməxsus idarəetmə fəlsəfəsi ola bilər. D.Tramp da istisna deyil. Ancaq "beyin mərkəzi" hesab edir ki, D.Trampın idarəetmə üsulunun məzmunu özündə böyük risklər daşıyır. Hətta o dərəcədə ki, 2018-ci ilin beş mümkün riskindən dördü D.Trampın komandası ilə bağlıdır.

Görünür, Atlantika Şurasının bütövlükdə ABŞ-Avropa inteqrasiyasına üstünlük verməsi faktoru öz subyektiv rolunu burada oynayıb. Bu mənada Şuranın "qlobal miqyasda təhlükəlidir" ifadəsi arxasında "Qərb dünyası üçün təhlükəlidir" fikri dayanır. Həmin "beyin mərkəzi"nin D.Trampın siyasəti ilə bağlı mövqeyi reallıqda Qərbin müəyyən dairələrinin Vaşinqtona təpkisidir. Hiss olunur ki, onlar Atlantika geosiyasi məkanının parçalanma ehtimalından narahatdırlar. Burada təbii ki, NATO-nun və Aİ-nin taleyi məsələsi də önəm daşıyır.

Mərkəzin ayrıca ticarət müharibəsinə vurğu etməsi, müəyyən növ məhsullara yüksək verginin qoyulması da həmin kontekstdə maraq kəsb edir. Məsələ ondan ibarətdir ki, artıq Aİ-nin böyük dövlətləri Vaşinqtonun vergi siyasətinə lazımi cavab verəcəklərindən bəhs edir, bundan narazı qaldıqlarını açıq bəyan edirlər. Xüsusilə D.Trampın özünə xas tərzdə "avropalılara yüksək vergi qoyaram, səslərini kəsərlər", deməsi rezonans doğurub.

Qlobal düzən və geosiyasi fraqmentləşmə: ziddiyyətlər artır

Atlantika Şurasının risklərində Qərb üçün sağ populizmin təhlükəli olması məqamının ciddi yer aldığı duyulur. Bir sıra analitiklər reallıqda söhbətin sağ populizmdən deyil, əsrlərdir ki, dünyada dominantlıq edən və gizli fəaliyyət göstərən müəyyən siyasi dairələrin yoluna Donald Trampın çıxmasından getdiyi qənaətindədirlər. Belə ki, D.Tramp və V.Putin dünyanın idarəolunması fəlsəfəsində dəyişiklik etməyə çalışırlar ki, bu da ənənəvi hakim qüvvələrin maraqlarına uyğun deyil. Hər bir halda, Atlantika Şurasının D.Trampla bağlı yalnız risk kontekstində bəhs etməsi təsadüfi sayıla bilməz.

Beş mümkün riskdə özünü göstərən başqa xüsusiyyət dünya üçün Rusiya, Şimali Koreya və İranın təhlükə mənbəyi olmasının vurğulanmasıdır. Bu özəllik, əslində, Qərbin demək olar ki, əksər "beyin mərkəzləri"nin təhlillərində və proqnozlarında özünü göstərir. Hamısında da eyni səbəblər – Rusiyada V.Putinin dünya liderliyi iddiaları, İranda nüvə silahını yaratmaq planlarının mövcudluğu, Şimali Koreyada da antiqərb ruhunda yeni kütləvi qırğın silahlarının sınaqdan keçirilməsi göstərilir.

Atlantika Şurası dünya liderliyi məsələsində D.Trampla V.Putini eyni cərgəyə qoyur, hər ikisini risk mənbəyi kimi təqdim edir. Həmin kontekstdə İranla imzalanan nüvə sazişindən ABŞ-ın çıxması məsələsi də hallandırılır. Şimali Koreya məsələsində də üstüörtülü D.Tramp ittiham olunur. Belə ki, Amerika və Şimali Koreya rəhbərliyinin görüşündən sonra Koreya yarımadasında müharibənin meydana çıxmasında Vaşinqtonun siyasətinin əsas rol oynayacağı proqnozlaşdırılır.

Analizin bu parçalarını birləşdirsək, belə nəticə alınar ki, əslində, Atlantika Şurası beş riskin hamısında D.Trampın izini axtarır. Bu, ABŞ prezidentinə Atlantika Müqaviləsi Assosiasiyası tərəfindən bir xəbərdarlıq da ola bilər. Dolayısı ilə burada NATO-nun etirazı da ifadə olunmaqdadır. Onda bu tendensiyanın 2018-ci ildə güclənməsi mümkündürmü?

Hazırda Amerika siyasi dairələrində baş verən proseslərin məntiqindən belə görünür ki, həmin ziddiyyətlərin dərinləşməsi ehtimalı var. İndi D.Trampın Rusiya ilə gizli əlaqələri ilə bağlı təhqiqatlar yeni miqyas alır. Prezidentin özü ifadə verməyə hazır olduğunu bildirib. Bundan başqa, administrasiyanın kadrları dəyişdirilir. Dövlət katibinin istefaya göndərilməsi, müəyyən əhəmiyyətli postlara yeni adamların gətirilməsi bunun göstəricilərindən biri kimi qəbul edilə bilər. Açıq hiss edilir ki, D.Tramp xarici siyasətdə və təhlükəsizlik məsələsində daha qətiyyətli mövqe tutmağa meyllənir. Bu isə o deməkdir ki, prezidentin geri çəkilmək fikri yoxdur – o, nəzərdə tutduğu siyasəti davam etdirəcək.

Bu bağlılıqda bir sıra siyasi liderlərin D.Trampın komandasında onu dinləməyənlərin olmasından bəhs etməsi düşündürücüdür. Belə çıxır ki, hakim elita daxilində dövlət başçısının siyasəti il razılaşmayanlar az deyil. Həmin dairələrin Atlantizmə üstünlük verdiyini təxmin etmək mümkündür. Avro-Atlantika məkanında Qərb standartlarına uyğun inteqrasiyanın reallaşması üçün çalışanlar öz münasibətlərini D.Trampa bildirməkdədirlər.

Bəs bütün bunlar qlobal geosiyasi proseslərə necə təsir edə bilər? Çox güman ki, mənfi təsirdən bəhs etməli olacağıq. Çünki onsuz da qlobal miqyasda aktual problemlər çoxdur. Onları konsensus, ədalət və beynəlxalq hüquq normaları çərçivəsində həll etmək mümkündür. Burada isə nəinki Şərqlə Qərb arasında, heç Qərbin öz daxilində belə fikir birliyi müşahidə edilmir. Qlobal geosiyasət sanki bir-biri ilə əlaqəsi olmayan və məqsəd fərqliliyi ilə xarakterizə olunan fraqmentlərə ayrılır. Bu parçalanma daha böyük itkilər, ixtilaflar və münaqişələrlə müşayiət oluna bilər.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...