THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İslamabad sammiti: geosiyasi əhəmiyyəti və Azərbaycanın töhfələri

Siz buradasınız: Əsas səhifə »» İQTİSADİYYAT »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
3696
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 17 mart 2017 – Newtimes.az

Pakistanın paytaxtında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XIII sammiti keçirilib. Tədbirə maraq böyük olub. Ekspertlər bu tədbirin bir çox qlobal geosiyasi məsələlərə təsirinin olduğunu vurğulayırlar. Xüsusilə Cənubi Asiyada regional əməkdaşlıq perspektivləri ilə bağlı İƏT üzvlərinin fəaliyyətinin əhəmiyyəti böyükdür. Yaxın Şərqdə gedən proseslərin dinamikasına da İƏT-ə daxil olan böyük dövlətlər təsir göstərə bilirlər. Bunlarla yanaşı, İƏT nəqliyyat, ticarət, iqtisadiyyat, təhlükəsizlik, energetika kimi sahələrdə geniş fəaliyyət göstərir. Ayrıca, Azərbaycanın təşkilatda aktivliyi hər kəs tərəfindən etiraf edilir. Prezident İlham Əliyevin İslamabad sammitində dərin məzmunlu nitqi yuxarıda vurğulanan məqamlar aspektində kifayət qədər maraqla qarşılanıb.

İƏT beynəlxalq arenada: perspektivlər və imkanlar

Ekspertlər İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XIII sammitinin Pakistanın paytaxtında keçirilməsinin geosiyasi səbəbləri haqqında fikir bildirirlər. Onlar bu tədbirin İslamabadın özünün nüfuzunu yüksəltmək, regionda təcrid olunmadığını dünyaya göstərmək üçün vacib rol oynadığını düşünürlər. Rusiyalı şərqşünas V.Belokrenitski hesab edir ki, "bu, həqiqi mənada Pakistan üçün çox mühüm əhəmiyyət daşıyır. İslamabad sanki Dehlinin çağırışlarına cavab verir. Hindistan Pakistanı Cənubi Asiyada regional əməkdaşlıqdan sıxışdırmağa çalışırdı" (bax: Исламабад вывел из спячки группу из 10 стран / "Независимая газета", 2 mart 2017). Pakistan buna cavab olaraq müsəlman ölkələri ilə əməkdaşlığı inkişaf etdirir.

Maraqlıdır ki, İranın "Tehran Times" qəzeti təşkilatın güclü üzvləri olan Pakistan, İran və Türkiyə arasında ziddiyyətlərin mövcudluğunu daha çox qabardıb. Məsələn, Yaxın Şərq məsələsində onlar bir-biri ilə uyğunlaşa bilmirlər. İran Bəşər Əsədə dəstək verir, Türkiyə isə müxalifətə. Rəcəb Tayyib Ərdoğan deyib ki, Tehran regionda vəziyyəti sabitlikdən çıxarmağa çalışır (bax: əvvəlki mənbəyə).

Belə görünür ki, ekspertlər İƏT-in İslamabad görüşünün geosiyasi əhəmiyyətini dərk edir, bu tədbiri regional və qlobal geosiyasi proseslər aspektində qiymətləndirirlər. Burada ziddiyyətli məqamların olduğu vurğulanır. Bəzi regionlarda hadisələrə İƏT üzvlərinin təsir edə bilməsi qəbul edilir. Deməli, bu təşkilat artıq geosiyasi mühitə təsir edə biləcək gücdədir.

Buna baxmayaraq, bir sıra ekspertlər İƏT-in elə də ciddi təsir imkanlarına malik olmadığı qənaətindədirlər (bax: əvvəlki mənbəyə). Burada iqtisadi liderin olmadığı, təşəbbüsü hansısa dövlətin ələ ala biləcəyi ehtimalının aşağı olması kimi məqamlar vurğulanır. Lakin bunun həqiqət olduğunu demək çətindir. Çünki Pakistan, Türkiyə və İran dünya siyasətində ciddi rol oynayan dövlətlərdir. Onların gücü bir yerə qoyması müsbət nəticə verə bilər. Başqa tərəfdən, İƏT-in fəaliyyət tarixi göstərir ki, bu təşkilat xeyli iş görə bilib.

Təbii, burada "Tehran Times" nəşrinin vurğuladığı bir məqamı da unutmaq olmaz. Qəzetin yazdığına görə, İƏT vahid inteqrativ iqtisadi siyasət işləyib hazırlaya bilməyib. Bu, təşkilat üçün əhəmiyyətli faktordur. Lakin onu da nəzərə almaq lazımdır ki, vahid iqtisadi siyasət daha sıx əməkdaşlıqdan qaynaqlana bilər ki, bu da üzv dövlətlərin birgə iqtisadi və xarici siyasi maraqlarının olmasını nəzərdə tutur. Təəssüf ki, hələlik İslam aləminin böyük dövlətləri həmin münasibətdə yekdil deyillər.

Bunlardan başqa, İƏT-in nizamnaməsinə görə, təşkilatın əsas məqsədi üzv dövlətlər arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, davamlı iqtisadi inkişafın təmin edilməsi, dünya iqtisadiyyatına inteqrasiya, nəqliyyat və kommunikasiya sisteminin inkişafı, iqtisadiyyatın və ticarətin liberallaşdırılması və regiondaxili ticarətin təşviqi, İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsindən ibarətdir.

Hazırda İƏT Avrasiyada əhəmiyyətli regional təşkilatdır. Onun inkişafı davam edir. Qeyd edək ki, İƏT 1993-cü ildə BMT Baş Məclisinin 48-ci sessiyasında BMT-də və 1994-cü ildə İslam Əməkdaşlıq Təşkilatında (İƏT) müşahidəçi statusu alıb. Bunlar İƏT-in yerində saymadığını, daim yeniləşən və inkişaf edən birlik səviyyəsinə yüksəldiyini təsdiqləyir.

Bakının yeni enerji strategiyası: regional əməkdaşlıqda növbəti mərhələ

Azərbaycanın İƏT-in inkişafına töhfəsi böyükdür. 2006-cı və 2012-ci illərdə ölkəmiz bu təşkilatın iki sammitinə ev sahibliyi edib. Bakı üzv ölkələrin hamısı ilə yaxşı münasibətlərdədir. Azərbaycan rəhbərliyi onlarla faydalı əməkdaşlığı inkişaf etdirir. Prezident İlham Əliyev İslamabad sammitindəki çıxışında vurğulayıb ki, İƏT xalqlarımızın mənafeyi naminə əməkdaşlıq üzrə siyasi iradəmizin məhsuludur. Üzv ölkələrin xalqlarını tarix, mədəniyyət, ənənələr və din birləşdirir (bax: Prezident İlham Əliyev İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak edib / AZƏRTAC, 1 mart 2017).

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə İƏT-in inkişafına və regional əməkdaşlığın dərinləşdirilməsinə böyük töhfələr verilib. Rəsmi Bakı "İqtisadi Əməkdaşlıq Təşkilatını yalnız Şərq və Qərb, Şimal və Cənub arasında fiziki körpü deyil, müxtəlif sivilizasiyaları və mədəniyyətləri birləşdirən məkan kimi təşviq etməkdə" səylərini əsirgəməyib (bax: əvvəlki mənbəyə). Azərbaycan İƏT-i əhəmiyyətli beynəlxalq qurum sayır və onun beynəlxalq iqtisadi əməkdaşlıqda rolunun daha da artacağına əmindir.

Konkret olaraq, Azərbaycan 2013-2014-cü illərdə İƏT çərçivəsində nəqliyyat, energetika, regional inteqrasiya və sosial-iqtisadi inkişaf istiqamətləri üzrə bir sıra layihələrin təşəbbüskarı və aktiv iştirakçısı olub. Bütövlükdə Bakı Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində səmərəli əməkdaşlıq üçün ciddi töhfələr verməkdədir. "Yeni İpək Yolu" layihəsindəki iştirak bunun əyani misallarından biridir.

Bunlardan başqa, Azərbaycan İƏT regionunda informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın yeni səviyyəyə yüksəlməsində aktiv fəaliyyət göstərir. Üzv dövlətlərin iqtisadi "beyin mərkəzləri"nin birinci və ikinci Bakı forumları, səhiyyə, bərpa olunan enerji, neft və qaz, vergi, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi ölkə başçısının fikirlərini tam təsdiqləyir (bax: əvvəlki mənbəyə).

Azərbaycanın enerji siyasətində əldə etdiyi nailiyyətlərin İƏT-in inkişafına ciddi töhfələri vardır. İlham Əliyev bununla bağlı çox maraqlı fikirlər ifadə edib. Dövlət başçısı deyib: "Enerji əməkdaşlığı regional əməkdaşlıqda əhəmiyyətli rol oynayır. Azərbaycan yeni enerji strategiyası və enerji əməkdaşlığının yeni baxışını təqdim etmişdir. Azərbaycan daha geniş regionun enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaşa çevrilmişdir. Biz Xəzər, Qara və Aralıq dənizlərini birləşdirərək şaxələnmiş boru kəmərləri infrastrukturunu yaratmışıq" (bax: əvvəlki mənbəyə).

Deməli, Azərbaycan İƏT üzvü kimi də regional miqyaslı yeni enerji strategiyası və əməkdaşlığının təşəbbüskarıdır. Düşünürük ki, məsələnin bu tərəfi ayrıca analiz tələb edir. Bundan başqa, nəqliyyat, ticarət, idman, informasiya texnologiyaları və s. kimi mühüm sahələrdə Azərbaycanın İslam aləminə töhfələri kifayət qədərdir. Bu ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edilməsi və İslam ölkələrinin idman oyunlarının keçirilməsi həmin aspektdə çox mühüm faktlardandır.

Azərbaycan Prezidenti təhlükəsizlik, sabitliyin təmini və ərazi bütövlüyünün bərpası istiqamətlərində rəsmi Bakının fəaliyyəti barədə də iştirakçılara tezislərini bəyan edib. Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir, bu yöndə aktivliyini daha da artırır. Eyni zamanda, İƏT kimi təşkilatlar da həmin məsələdə öz təsirlərini artırmalıdırlar. Bu, İslam aləmində və ümumiyyətlə, dünyada sabitliyə nail olmaq üçün çox vacibdir.

Bütün bunlar onu göstərir ki, İƏT getdikcə beynəlxalq miqyasda daha təsirli rol oynamağa başlayıb. Azərbaycan da bu prosesdə ciddi iştirak edir. Dövlət başçısı İlham Əliyev ölkənin İƏT-də kifayət qədər yüksək səviyyədə təmsil olunması üçün böyük işlər görür.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?
05 iyun 2017 Foreign Policy

Will Qatar's Diplomatic Exile Spark the Next Great War?

The Sunni Gulf powers have long been spoiling for a fight with Iran. This could be just the excuse they need.

Davamı...
China's Belt and Road to Nowhere
21 may 2017 The National Interest

China's Belt and Road to Nowhere

Beijing's mixture of political and economic priorities may not result in an overall Belt and Road policy formula that is workable.

Davamı...