
Müasir dövrün gerçəklikləri və tarixi təcrübə təsdiq edir ki, dünyanın birqütblü olması beynəlxalq müstəvidə uzunmüddətli sabitlik vəd etmir. Birqütblü dünya daha çox güc mərkəzinin maraqları üzərində qurulduğundan bu zaman qlobal ədalət, bərabərhüquqlu əməkdaşlıq və bu kimi prinsiplər nəzərə alınmır.
SSRİ-nin rəhbərlik etdiyi sosialist bloku çökəndən sonra müasir beynəlxalq münasibətlər ABŞ-ın başçılığı altında Qərbin dominantlığı ilə səciyyələnir. Keçən dövr ərzində ayrı-ayrı regionlarda etnik-dini münaqişələr, mədəniyyətlərarası qarşıdurmalar, dünyanın qarşılaşdığı maliyyə, iqtisadi, ekoloji böhranlar isə göstərdi ki, dünya nizamının belə modeli də yeni konfiqurasiya dəyişikliklərini qaçınılmaz edir.
Dünyanın yeni parlamaqda olan qütbləri hələlik iqtisadi güc mərkəzləridir. Keçən əsrin varisi Rusiya, Asiyada Çin və Hindistan, Qərb yarımkürəsində Braziliya konturları cızılmaqda olan yeni dünyada əsas geoiqtisadi aktorlar kimi görünürlər. Müasir terminologiyada bu ölkələri BRİC qrupu adlandırırlar. BRİC adına ilk dəfə iqtisadi termin və ya abreviatura olaraq "Goldman Sachs” şirkətinin 2001-ci ilin analitik hesabatında rast gəlinmişdir.
İlkin vaxtlarda BRİC-ə iqtisadi siyasətlərində heç bir koordinasiya olmayan ayrı-ayrı ölkələrin inkişaf səviyyəsinə görə təsnifləşdirildiyi qrup kimi baxılmışdır. Qeyd etməliyik ki, Qərbin maraqlarına xidmət edən mərkəzlər BRİC-i bir qrup deyil, yalnız iqtisadçı Jim O`Neilin ("Goldman Sachs”-ın əməkdaşı) yaratdığı ümumi siyasi, iqtisadi maraqları olmayan ölkələrin baş hərflərindən götürülmüş ad kimi qəbul edirlər.1 Ancaq zamanla BRİC ölkələrinin siyasi və iqtisadi ittifaq yaratması meylləri müşahidə olunur. Bu prosesi iqtisadi gücün geosiyasi təsirə çevrilmək cəhdi kimi də dəyərləndirmək olar.
BRİC-ə sivilizasiya yanaşması da önəmlidir. Fərqli sivilizasiyaları təmsil etməsinin BRİC üçün üstünlük və ya zəif tərəf kimi qiymətləndirənlər vardır. Hindistan və Çin qədim sivilizasiyaları, Braziliya və Rusiya isə bir-birinə olduqca yad olan tam fərqli sivilizasiyaları təmsil edirlər. Müşahidə olunan odur ki, hələlik qrup daxilində dəyərlərin digərlərinə zorla sırınması müşahidə olunmur. Qrup ölkələrini daha çox ümumi maraqlar birləşdirir.
Qərbin vahid sivilizasiya və vahid dəyər modelinə alternativ bir baxış görünür. Rusiya BRİC-i Şərq-Qərb və Şimal-Cənub istiqaməti üzrə keçmiş maneələrin üzərində qurulan qlobal münasibətlərin yeni bir modeli kimi görür.2 Ümumilikdə isə BRİC-ə sivilizasiyalararası dialoq formatı kimi də baxılır. Yəni BRİC modeli indiyədək mövcud olan Şərq-Qərb, Şimal-Cənub qarşıdurması nəzəriyyəsini tam inkar edir.
2011-ci ildə Cənubi Afrika Respublikasının bu iqtisadi bloka birləşməsi ilə qrup BRİCS adlanır. Lakin geosiyasi aktor olaraq qrup BRİC olaraq ifadə olunur və CAR geosiyasi çəkisi nəzərə alınaraq bu qrupa aid edilmir.
Hazırda dünya ərazisinin 25%-i, əhalisinin 40%-i, ÜDM-nin 14,6%-i bu qrupa daxil olan ölkələrdə cəmləşmişdir. Son 10 ildə qrup ölkələrinin ümumi iqtisadiyyatları 4,2 dəfə artmışdır. Aşağıdakı cədvəldən3 də göründüyü kimi bu ölkələrin göstəriciləri onların yeni dünya nəhənglərinə çevrilməsi potensialının real olduğunu göstərir.
Dünya üzrə sıralaması | Braziliya | Rusiya | Hindistan | Çin |
Ərazi | 5 | 1 | 7 | 3 |
Əhali | 5 | 9 | 2 | 1 |
İşçi qüvvəsi | 5 | 7 | 2 | 1 |
ÜDM (alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla) | 7 | 6 | 3 | 2 |
Qızıl-valyuta ehtiyatları | 7 | 4 | 6 | 1 |
Hərbi xərclər | 12 | 5 | 10 | 2 |
Dünyanın nüfuzlu konsaltinq şirkətlərindən olan "Knight Frank” və "City Private Bank”ın birgə hazırladıqları hesabata əsasən 2050-ci ildə ÜDM-nin həcminə görə Çin və Hindistan ABŞ keçəcək, Braziliya isə ilk beşliyə daxil olacaq. Maliyyəçilərin fikrincə, 2010-2050-ci illərdə illik 8%-lik inkişaf göstəricisinə malik olmaqla Hindistan 2050-ci ildən sonrakı dövrdə Çini də üstələyəcək. Proqnozlara görə, 2050-ci ildə Hindistanda ÜDM-nin 85,97 trilyon dollar, Çində 80,02 trilyon dollar, ABŞ-da 39,07 trilyon dollar olması gözlənilir.
BRİC ölkələrini yeni dünya liderlərinin klubu adlandırmaq olar. Uzun müddət dünya siyasi və iqtisadi səhnəsində "Böyük 7-lik” ölkələri (ABŞ, Kanada, Almaniya, Fransa, Britaniya, İtaliya, Yaponiya) aparıcı rol oynamışlar. Beynəlxalq təşkilat deyil, beynəlxalq forum olan G7 artıq iqtisadi göstəricilərinə görə BRİC ölkələrindən geri qalır. Bununla da ABŞ və müttəfiqləri iqtisadi sahədə liderliyi əldən vermiş olurlar.
"Goldman Sachs”-ın hesablamalarına görə 2050-ci ildə BRİC qrupu ölkələrinin dünya iqtisadiyyatında ümumi çəkisi "Böyük 7-lik” ölkələrini üstələyəcək. Bu mənada hazırda BRİC qrupunun G7-nin əvəzləyicisi və ya alternativi olması ilə bağlı baxışlar mövcuddur.
İqtisadi parametrlər üzrə qiymətləndirdikdə BRİC ölkələrinin bu sahədə dominantlığı ələ ala bilməsi ilə bağlı real şansları da var. Belə ki, bu ölkələr yalnız öz aralarında iqtisadi əməliyyatları və maliyyə resurslarının dövriyyəsini genişləndirməklə onlarla hesablaşmaq zərurətini ortaya qoya bilərlər.
Rusiya və Braziliyanın zəngin təbii ehtiyatları, Hindistanın ucuz intellektual resursları, Çinin ucuz işçi qüvvəsi bu daxili halqanın əsas dövrələridir. Rusiya və Braziliya əsas xammal təchizatçısı olaraq Çin və Hindistan isə sənaye məhsulları istehsalçısı və xidmət sektoru ilə Qərb ölkələri ilə iqtisadi əlaqələrlə bağlı asılılıqdan tam azad ola bilərlər. Əksinə Qərbin iqtisadiyyatı enerji və xammal təchizatçısı olaraq bu ölkələrdən daha çox asılıdır.
BRİC qrupdaxili əməliyyatlara üstünlük verərsə dünyanın iqtisadi arenasında qüvvələr nisbətinin tamamilə dəyişəcəyi və Qərbin yeni iqtisadi böhranlarla üzləşməsi şübhəsiz görünür. BRİC ölkələrindən ikisinin BMT TŞ-nın daimi üzvü, 3-nün nüvə dövləti olduğunu nəzərə aldıqda qrupun siyasi çəkisi də artmış olur.
Mütəxəssislərin rəyinə görə, BRİC ölkələrinin yaxın gələcəkdə sürətli inkişafı bir sıra daxili bazar seqmentlərinə də arxalanır. Belə ki, hazırda BRİC ölkələrində orta gəlirli əhali təbəqəsi 800 milyon nəfərə çatmışdır və bu rəqəmin daha da artacağı gözlənilir. Orta gəlirli əhali əsas istehlakçı təbəqəsini təşkil edir və milli iqtisadiyyatı stimullaşdıran başlıca amildir.
"Goldman Sachs”-ın hesablamalarına görə 2010-cu ildə dünyada orta gəlirli əhalinin ümumi sayı 2,6 milyard nəfər olmuşdur və bunun 29%-i G7 ölkələrində, 33%-i isə BRİC ölkələrində yaşayır. 2030-cu ildə orta gəlirli əhalinin sayının 5,2 mlrd. nəfər olması, onun da 52% BRİC, 15% G7 nisbətində olacağı proqnozlaşdırılır. Beləliklə, dünyanın istehlak mərkəzinin G7 məkanından BRİC istiqamətində dəyişməsi aydın görünür.
Digər tərəfdən Çin və Hindistanda milyarderlərin və şəhər əhalisinin sayının artması böyük iqtisadi tələbat yaradır (şəhər infrastrukturu, xidmət, əyləncə, daşınmaz əmlak). "Forbes” jurnalının məlumatlarına görə 2011-ci ildə BRİC ölkələrində 301 milyarder yaşayır. Müqayisə üçün qeyd edək ki, Avropada milyarderlərin sayı 300 nəfərdir.4 Bütün bu ehtiyacların ödənilməsi və aparılan infrastruktur işlərində, eləcə də investisiya qoyuluşlarında Qərb şirkətlərinin deyil BRİC ölkələrinə məxsus şirkətlərin cəlb olunması ilə yaxın gələcəyin iqtisadi səhnəsində kimin dominantlıq etməsi məsələsinə aydınlıq gələr.
İlkin mərhələdə iqtisadi inkişaf səviyyəsinə görə ölkələr qrupunu təmsil edən BRİC-in artıq siyasi səhnədə də aktora çevrilməsi prosesinin əlamətləri sezilməkdədir. Doğrudur, bununla bağlı yekdil rəy birmənalı deyil. BRİC ölkələri fərqli sivilizasiya təmsilçisi olmasından tutmuş, müxtəlif inkişaf modellərinə üstünlük verməsinədək əksər istiqamətlər üzrə ümumi maraqlara sahib deyillər.
Lakin son dövrlər siyasi istiqamətdə də əlaqələrin koordinasiya edilməsi səyləri müşahidə olunur. Xüsusən də, BMT-də islahatların aparılması, Braziliya və Hindistan daxil olmaqla Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılması, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda (BVF) inkişaf etməkdə olan ölkələrin paylarının artırılması ilə bağlı BRİC ölkələrinin maraqları üst-üstə düşür.
BRİC ölkə rəhbərlərinin sammitlərində siyasi mövqelərin konsolidasiyası istiqamətində səylərin artan dinamikası da yuxarıda deyilənləri təsdiq edir.
2009-cu ildə Yekaterinburqdakı I sammitdə iştirakçılar bərabərhüquqlu, demokratik və çoxqütblü dünya quruluşu yaranmasına tərəfdar olduqlarını bəyan etdilər.
2010-cu ildə Braziliyada keçirilən II sammitdə yeni maliyyə nizamını yaradılması, bu ölkələrin Dünya Bankı və BVF-də təsir imkanlarının artırılması ilə bağlı çağırış səsləndi.
2011-ci ildə Çində keçirilən III sammitdə BMT-də islahatlar, iqtisadi əməliyyatların milli valyutalarla aparılması və Liviya ilə bağlı vahid mövqenin formalaşdırılması istiqamətində səy göstərildi.
28-29 mart 2012-ci ildə Hindistan keçirilən IV sammitdə Vahid İnkişaf Bankının yaradılması, dollar və avrodan milli valyutalar xeyrinə imtina, eləcə də Yaxın Şərq və İranla bağlı vahid mövqenin formalaşdırılması məsələləri ortaya qoyuldu. Beləliklə, qrupun getdikcə siyasi məqamlarla bağlı mövqelərinin uzlaşdırılması dinamikası müşahidə olunur. BRİC-in yeni dünya gücü olması artıq bir reallıqdır.
New Times
İstinad olunan mənbələr:
- Does the BRİCS Group matter? Council on Foreign Relations. March 30, 2012
- Сергей Лавров. БРИКС – ГЛОБАЛЬНЫЙ ФОРУМ НОВОГО ПОКОЛЕНИЯ. Научно-практическая конференция "Страны БРИКС как восходящие государства-гиганты: новая роль в системе международных отношений, глобальная проекция внешнеполитических стратегий, сравнительный анализ национальных моделей модернизации. Опыт для России" (Москва, МГИМО, 9 –10 ноября 2011 года)
- Cədvəldə istifadə olunan göstəricilər www.cia.gov saytına istinad edilmişdir.
- BRICs becoming billionaire factoryhttp://www.ft.com/cms
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...