Müzəffər Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi ərazi bütövlüyünü təminetmə əməliyyatı və əldə etdiyi zəfərlər dünya miqyasında əks-səda yaradıb. Ekspertlər bu hadisəni müxtəlif aspektlərdə analiz etməyə çalışırlar. Onlar birmənalı olaraq Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrindən qat-qat güclü olduğunu qəbul edirlər. Hətta Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovanisyan bildirib ki, Azərbaycan yüksək texnologiyalara əsaslanan silahlara malikdir ki, bu cür hazırlıq supergüclərin ordusunda ola bilər. O, ayrıca vurğulayıb ki, elə sahələr var ki, Azərbaycan Ordusu Ermənistan ordusundan 12 dəfə güclüdür!
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərini cəmiyyətə heç cür izah edə bilmir. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində qısa müddət ərzində Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri, Hadrut, Mincivan və Ağbənd qəsəbələri və 160-dan çox kənd bir ay keçməmiş işğaldan azad olundu. Azərbaycanın bu qələbələri illərdir erməni əhalisi arasında güclü ordu barədə yaradılmış mifləri dağıdır. Ermənistan cəmiyyəti panikaya qapılıb və ictimai rəydə hakimiyyətə yönəlmiş xeyli cavabsız suallar yaranıb. Acı reallıqlar qarşısında çarəsiz vəziyyətə düşən Ermənistan hakimiyyəti bir tərəfdən də ordu daxilində xəyanətlərlə üzləşməkdədir. Belə ki, son 20 gündə artıq Ermənistan ordusunda 4 yüksək vəzifəli şəxs işdən qovulub.
Hər gün bayrağımız respublikamızın 27 il işğal altında qalmış yeni bir yaşayış məntəqəsində ucaldılır. Sentyabrın 27-dən indiyədək Azərbaycanın 4 rayonu, 3 qəsəbəsi və 165 yaşayış məntəqəsi, o cümlədən Kəlbəcər və Qubadlı rayonlarının bir hissəsi, Murovdağ yüksəkliyi, Suqovuşan, Xudafərin körpüsü və strateji əhəmiyyətli yüksəkliklər Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib. İndi həmin ərazilər rəşadətli ordumuzun nəzarətindədir. Bu uğurlar Prezident İlham Əliyevin siyasi xadim, qətiyyətli, müzəffər Ali Baş Komandan kimi müdrik fəaliyyətinin bariz nümunəsidir. Bu, həm də Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücünün göstəricisidir. Ölkəmiz artıq nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.
Bu gün Azərbaycan tarixinə yeni səhifələr yazılır. Məlum olduğu kimi, 27 sentyabrda erməni hərbi birləşmələrinin növbəti təxribatının qarşısının alınması məqsədilə Azərbaycan ordusu tərəfindən əks-hücum əməliyyatı başlanmışdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 150-yə yaxın viran qoyulmuş yaşayış məntəqəsini erməni işğalından azad etmişdir. Ali Baş Komandan həm hərb, həm də diplomatiya səhnəsində yeni tarix yazır. Bugünkü gündə Vətən uğrunda Qarabağ döyüşlərində hər an böyük qəhrəmanlıqlar göstərən, torpaqlarımızı mənfur düşmənlərdən azad edən igidlərimiz isə Azərbaycanın hərb tarixinə adlarını qanla yazırlar. Birinci Qarabağ müharibəsində həlak olan şəhidlərin qısası alınır. Əminik ki, Azərbaycan ordusunun uğurlu əməliyyatları dərsliklərə, kitablara düşəcəkdir. Müharibəyədək fərqli tale yaşayan hər bir döyüşçünün şücaəti isə heç zaman unudulmur. Qəhrəmanlar unudulmaz!
Hərbi əməliyyatların 25-ci günü bir sıra həlledici məqamlarla yadda qaldı. Belə ki, Azərbaycan Ordusu 27 ildən sonra Qarabağ istiqamətində İranla 132 km-lik sərhəd xəttinə nəzarəti bərpa etdi. Bu istiqamətdən separatçı rejim qanunsuz fəaliyyətlər həyata keçirirdi. Həmin yolun bağlanması cənub qapısının separatçı xuntanın üzünə bağlanması deməkdir. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlmiləlləşməsinə rəvac verə biləcək istiqamətlərdən biri məhz işğal altında olan 132 km-lik ərazilərimiz idi. Belə ki, həmin istiqamətdə gedən hərbi əməliyyatlar zamanı İranın sərhədyanı əraziləri raket atəşinə məruz qalmış və dağıtılar qeydə alınmışdır. Əgər münaqişə eskalasiya olunsaydı, istər-istəməz onun həmin ərazilərə yayılması və oradakı azərbaycanlıların buna biganə qalmayacağı mütləq idi.
Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Cənubi Qafqaz bölgəsinə sabitlik, inkişaf və əməkdaşlıq vəd edir. Bu, yaxın perspektivdə bölgə insanlarının əmin-amanlıqda yaşamaları üçün də şərait yaradır. Əlbəttə, işğaldan sonra inkişaf, sabitlik, əməkdaşlıq və əlaqələr baxımından Cənubi Qafqaz regionu həm də dünya üçün örnək bölgəyə çevrilə bilər.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...