
Bakı, 23 iyun 2017 – Newtimes.az
Musaid əl-Səlim
Səudiyyə Ərəbistanı Krallığının
Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri
Azərbaycan Respublikası 18 oktyabr 2016-cı il tarixində müstəqillik gününü qeyd edəcək. Azərbaycan dövlətçilik tarixinin sonuncu mərhələsi SSRİ-nin süqutu ərəfəsində 1991-ci il oktyabrın 18-də insanların uzun müddət gözlədiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı''nın qəbul edilməsi ilə başlamışdır və bu gün də uğurla davam edir.
1993-cü ildə keçirilən prezident seçkilərindən sonra Azərbaycan yeni mərhələyə qədəm qoydu. Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə işsizliyi azaltmaq üçün cinayətkar qruplar məhv edildi, müstəqil dövlət baxımından aparıcı müəssisələrin əsası qoyuldu, ölkədə sülh və sabitlik bərqərar olundu, xarici investisiyalar cəlb edildi.
Azərbaycan Respublikası 1995-ci ildən başlayaraq inkişaf etməyə, çoxsaylı uğurlara imza atmağa və qısa müddət ərzində diplomatik əlaqələr qurmağa başladı. Bu vaxta qədər Azərbaycan Respublikası 177 ölkə ilə diplomatik əlaqələr qurmuş, 38 beynəlxalq təşkilata üzv seçilmişdir. Hal-hazırda Bakıda 62 ölkənin diplomatik missiyası fəaliyyət göstərir. Bundan başqa, xarici ölkə və beynəlxalq təşkilatların nəzdində Azərbaycan Respublikasının 91 diplomatik missiyası fəaliyyət göstərməkdədir.
Bu gün Azərbaycan Respublikası regionda və dünyada təhlükəsizlik və sabitliyə nail olmaq üçün beynəlxalq ictimaiyyət arasında müsbət və mühüm rol oynayır. Bundan əlavə, bu qısa müddət ərzində ölkə bilavasitə xalqa xidmət edən bir sıra iqtisadi nailiyyətlər qazanmışdır.
Mən də Azərbaycan Respublikasını dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə öz adımdan və Səudiyyə Ərəbistanı Krallığının hökuməti adından təbrik edir, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə və Azərbaycan xalqına davamlı tərəqqi və rifah, Azərbaycan hökumətinin rəhbərliyi altında əmin-amanlıq və bolluq diləməkdən şərəf hissi duyuram.
Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur. Belə ki, Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 1991- ci il dekabrın 30-da tanımışdır. İki dövlət arasında ilk diplomatik münasibətlər isə 1992-ci il fevralın 24-də qurulmuşdur. Bundan sonra 1994-cü ilin aprelində ər-Riyadda Azərbaycan Respublikasının, 1999- cu ildə isə Bakıda Səudiyyə Ərəbistanı Krallığının səfirliyi açılmışdır.
İki ölkə arasında əlaqələrin inkişafı üçün ilkin addımlar Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanı Krallığına səfərindən sonra başlamışdır. Bu ziyarətdən sonra ikitərəfli əlaqələrin inkişafı üçün yeni imkanlar yaranmışdır. Səfər zamanı iqtisadiyyat, ticarət, investisiya, texnologiya, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlıq üzrə ilk ümumi razılaşma imzalanmışdır.
Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığını qarşılıqlı hörmət və özünəməxsus qardaşlıq münasibətləri birləşdirir. Hər iki ölkəni birləşdirən ümumi islam mirası və maraqlarımıza xidmət edən hərtərəfli əməkdaşlıq və onlar arasında tam bir koordinasiyanın olması xalqlarımız üçün qürur qaynağıdır. Bütün bunlar isə Zati-aliləri Prezident İlham Heydər oğlu Əliyev və İki Müqəddəs Ocağın Xadimi Kral Salman bin Əbdüləziz Al Səudun tam diqqət və qayğısı sayəsində həyata keçməkdədir.
İki ölkə arasındakı münasibətlər cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə ən yüksək səviyyəyə çatmışdır. Belə ki, 2005-ci ildə Prezidentin Səudiyyə Ərəbistanı Krallığına ilk rəsmi səfərindən sonra ikitərəfli əlaqələrin inkişafı yeni mərhələyə qədəm qoymuşdur.
Heç bir şübhə yoxdur ki, 2015-ci il Azərbaycan-Səudiyyə münasibətlərinin inkişafı üçün olduqca uğurlu bir il olmuşdur. Belə ki, Zati-aliləri cənab Prezident İlham Əliyevin ötən ilin aprel ayında Səudiyyə Ərəbistanı Krallığına səfərinin ardınca, hər iki ölkə arasında bir neçə yüksək səviyyəli qarşılıqlı səfərlər icra olunmağa başlamışdır.
Bu günə qədər Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında 14 saziş imzalanmışdır. Gələcəkdə 8 yeni müqavilənin imzalanması gözlənilir. Biz qardaş Azərbaycan Respublikasında iqtisadiyyat, xüsusilə də turizm, kənd təsərrüfatı və qarşılıqlı investisiya sahələrində əməkdaşlığın səviyyəsini yüksəltmək üçün əlimizdən gələni edirik.
İki ölkə arasında turizm sahəsində də səmərəli imkanlar mövcuddur. Xüsusilə də nəzərə alsaq ki, Azərbaycanın cazibədar, gəzməli-görməli yerləri və gözəl çimərlikləri, Şəki, Qəbələ, Quba, Gəncə və s. kimi möhtəşəm təbiəti ilə səciyyələnən şəhərlərində turizm potensialı var. Bu baxımdan vurğulamaq lazımdır ki, Səudiyyə vətəndaşları öz tətillərini xarici ölkələrdə keçirməyə üstünlük verirlər. Hətta son rəsmi statistikaya görə, ötən il ərzində öz tətilini xaricdə keçirən səudiyyəli turistlərin sayı dörd milyon nəfərə yaxın olmuşdur. Həmçinin, beynəlxalq statistikaya görə, səudiyyəli turistlər hər il xarici və daxili turizmə 20 milyard dollardan çox vəsait sərf edirlər.
Hazırda dünyanın bir çox ölkələri turizm sahəsinə daha çox səudiyyəli turistləri cəlb etmək uğrunda rəqabət aparırlar. İki ölkə arasındakı mövcud imkanları – xalqlarımız arasındakı bənzər mədəniyyət, eyni din və oxşar adət-ənənəni nəzərə alsaq, səudiyyəli turistlərə Azərbaycanı tanıtmaq üçün çox gözəl bir şans vardır.
Heç bir şübhə yoxdur ki, ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayan qarşılıqlı siyasi, iqtisadi və mədəni əlaqələr iki ölkə liderləri arasında qardaşlıq münasibətləri nəticəsində daha da uğur qazanmaqda davam edəcəkdir. Mən əminəm ki, bu əlaqələr Allahın izni ilə gələcəkdə daha da çiçəklənib inkişaf edəcəkdir.
98 il sonra: Dağlıq Qarabağın taleyi dəyişdi
SSRİ tərəfindən Dağlıq Qarabağa muxtariyyət verilməsinin növbəti ildönümündə Azərbaycan Prezidenti İlham Əliyev faktiki olaraq, muxtariyyətin ləğvi haqqında fərman imzalayıb.
Davamı...