THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycan-Qətər əlaqələri ərəb-islam həmrəyliyinə də müsbət təsir edir

Siz buradasınız: Əsas səhifə »» Diplomatik guşə »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
201
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 3 aprel 2017 – Newtimes.az

Səyyar əl-Muavidə,

Qətər Dövlətinin Azərbaycan Respublikasındakı

fövqəladə və səlahiyyətli səfiri

Giriş

Dünyanın hər hansı ölkəsində qərar qəbul edənlər beynəlxalq əlaqələr sistemində dövlətin siyasətinin əsas faktorunu təşkil edərək başlıca rol oynayırlar. Son nəticədə qərar qəbul edənlər ümumi siyasəti təyin edirlər. Onlar beynəlxalq səhnədə əsas oyunçular olub, dövlətin adı və mənafeyindən çıxış edirlər. Hər hansı bir dövlətin beynəlxalq siyasəti haqqında söhbət gedəndə ilk növbədə həmin dövlətin qərar qəbul edənləri yada düşür, çünki dövlətlərin beynəlxalq aləmdə başqa dövlətlərlə əməkdaşlığı qərar qəbul edənlərin iradəsinə əsaslanır. Bu mənada Azərbaycan-Qətər əlaqələrinin özəlliyi ilə seçildiyini deyə bilərik. Belə ki, möhtərəm Prezident İlham Əliyev ilə Əlahəzrət Şeyx Təmim bin Həməd əl-Tani arasındakı dostluq əlaqələri iki ölkə arasında qarşılıqlı siyasi əməkdaşlığın dərinləşməsində böyük rol oynayır. Bu da müasir Qətər dirçəlişinin banisi, Əlahəzrət ata Əmir Şeyx Həməd bin Xəlifə əl-Taninin (Allah onu qorusun) və müasir Azərbaycanın qurucusu, mərhum Heydər Əliyevin (Allah ona rəhmət eləsin) kursunun davamıdır. İki ölkə rəhbərliyi arasındakı səmimi siyasi münasibətlər onların ölkələri arasında iqtisadi, ticari və mədəni əlaqələrin siyasi münasibətlər səviyyəsinə qədər çatdırılmasına hədəflənmişdir. Qətər Dövlətinin Əlahəzrət əmirinin 7 mart 2016-cı il tarixində Azərbaycana səfəri iki ölkə arasında iqtisadi, ticari və mədəni sahələrdə əməkdaşlığın yeni mərhələsinin başlanğıcını qoymuşdur. Bu da Qətər kapitalının Azərbaycana investisiyalar şəklində yatırılmasının təşviqi və buna iki ölkə rəhbərliyi arsındakı səmimi münasibətlərə əsaslanaraq lazımi yardım və dəstək göstərilməsi ilə strateji əməkdaşlığa nail olunması üçün inkişaf, təcrübə mübadiləsi və milli iqtisadiyyata xidmət edən digər mexanizmlər vasitəsilə qarşılıqlı mənafelərin geniş şəbəkəsinin yaradılması üzərində fəaliyyətin gücləndirilməsini tələb edir. Son vaxtlarda iki ölkə arasında müştərək iqtisadi, texniki və ticari əməkdaşlıq komssiyasının yaradılması haqqında sazişin imzalanması onlar arasındakı iqtisadi və ticari əməkdaşlığın daha fərqli diplomatik əlaqələr səviyyəsinə çatması üçün təkan olacaqdır. Qətər Dövlətinin Əlahəzrət əmiri Şeyx Təmim bin Həməd əl-Taninin Azərbaycana sonuncu səfəri zamanı möhtərəm Prezident İlham Əliyev ilə danışıqlarında əsasən iqtisadi məsələlərə toxunulmuş, dünya bazarında neftin qiymətinin aşağı düşməsi fonunda milli iqtisadiyyatların böhrandan çıxması üçün mümkün alternativlərin öyrənilməsi barədə söhbət getmişdir. Kənd təsərrüfatı sahəsində investisiya imkanları müzakirə edilmiş və Qətər Dövlətinin iki dost ölkəyə fayda gətirəcək bu mühüm sahəyə investisiya qoymağa hazır olduğu bildirilmişdir. Bundan əlavə, təhsil, ali təhsil və elmi tədqiqatlar sahəsində əməkdaşlıq perspektivləri, bu sahədə Qətərin qabaqcıl təcrübəsindən istifadə imkanları, azərbaycanlı tələbələrə Qətərin universitet və elmi-tədqiqat mərkəzlərində təhsil almaları üçün qrantların verilməsi, həmçinin iki ölkə arasında hərbi sahədə əməkdaşlıq və Azərbaycanın qabaqcıl müdafiə sənayesi imkanlarından istifadə müzakirə mövzusu olmuşdur. Siyasi arenada Qətər Dağlıq Qarabağ və ərazi bütövlüyü məsələsində Azərbaycan Respublikasının beynəlxalq qanunlara əsaslanan mövqeyini tamamilə dəstəklədiyini bildirmişdir. Tərəflər imzalanan sazişlərin aktiv şəkildə həyata keçirilməsi üçün hər bir sahə üzrə əlaqədar birgə komissiyaların yaradılması zərurətini və bunun ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəyini ifadə etmişlər. Azərbaycan Prezidenti görüşdə dünyada neftin qiymətinin aşağı düşməsi səbəbindən yaranan iqtisadi böhrana toxunmuş, bu amilin ölkə iqtisadiyyatı üçün yaratdığı problemlər və bunun qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər barədə fikirlərini bölüşmüşdür. Bu, əsasən qeyri-neft sektorunun dəstəklənməsi və bu sahəyə investisiyaların yatırılmasını əhatə edir. Qətər tərəfi ölkənin kənd təsərrüfatı, sənaye, turizm, xidmət və yerli xammala əsaslanan digər sahələrə investisiya qoymağa hazır olduğunu və Azərbaycan Respublikası ilə iqtisadi əlaqələrin iki ölkə arasındakı səmimi siyasi əlaqələrə paralel olmasına önəm verdiyini bildirmişdir.

Qətər Dövlətinin Əlahəzrət əmiri, Şeyx Təmim bin Həməd əl-Tani ilə Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə arasında keçirilən görüşdə tərəflər işğal edilmiş Dağlıq Qarabağda cərəyan edən son hadisələrə, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı mümkün variantlara toxunmuşlar. Baş nazir Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyi üçün Qətər Dövlətinə təşəkkürünü bildirmişdir. Qətər əmiri öz növbəsində bildirmişdir ki, ölkəsinin bu münaqişə ilə bağlı mövqeyi dəyişməzdir. Bu mövqe Azərbaycanın bütün suveren hüquqlarının qorunması, həmçinin ərazi bütövlüyünün bərpa edilməsinin tam şəkildə dəstəklənməsidir. Baş nazir Əlahəzrət əmirin səfərinin iki ölkə arasında əlaqələrin bütün sahələrdə, xüsusən də iqtisadi və mədəni sahələrdə inkişafına güclü təkan verəcəyinə ümid etdiyini bildirmişdir. Qətər tərəfi bildirmişdir ki, Azərbaycan və Qətər əlaqələri qardaşlıq əlaqələridir. Bu əlaqələr yaxın zamanda, xüsusən iqtisadi sahədə inkişaf edərək çiçəklənəcək və iki ölkə arasındakı əlaqələr həqiqi strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyacaq.

Səfər zamanı aşağıdakı saziş və anlaşma memorandumları imzalanmışdır:

1. "Azərbaycan Respublikasının hökuməti və Qətər Dövlətinin hökuməti arasında birgə iqtisadi texniki komissiyanın yaradılması haqqında Saziş”.

2. "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qətər Dövlətinin Maliyyə Nazirliyi arasında büdcə və maliyyə məsələləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”.

3. "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Qətər Dövlətinin Nəqliyyat və Rabitə Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”.

4. "Azərbaycan Respublikası hökuməti ilə Qətər Dövləti hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”.

5. "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qətər Dövlətinin Ədliyyə Nazirliyi arasında hüquq sahəsində əməkdaşlıq haqqında Saziş”.

6. "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qətər Dövlətinin Baş Gömrük İdarəsi arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”.

7. "Azərbaycan Respublikası hökuməti ilə Qətər Dövləti hökuməti arasında təhsil, ali təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”.

8. "Azərbaycan Respublikası hökuməti və Qətər Dövləti hökuməti arasında diplomatik və xüsusi pasportlara malik vətəndaşlar üçün viza tələblərinin ləğv edilməsi haqqında Sazişə dəyişikliklər edilməsi barədə Protokol”.

Azərbaycan-Qətər əlaqələrinin inkişafını qısa şəkildə aşağıdakı kimi xarakterizə etmək olar:

Diplomatik əlaqələr

Azərbaycan Respublikası və Qətər Dövləti arasında diplomatik əlaqələrin əsası 1994-cü il sentyabrın 14-də qoyulmuş və ötən müddət ərzində inkişaf etdirilmişdir.

• Qətər Dövlətinin Türkiyə Respublikasındakı səfiri 27 yanvar 1998- ci il tarixində Azərbaycan Respublikasında qeyri-rezident səfir kimi etimadnaməsini təqdim etmişdir. 2007-ci ilin noyabrında Qətər Dövlətinin səfirliyi Azərbaycanda fəaliyyətə başlamışdır.

• Azərbaycan Respublikasının Qahirədəki səfiri Qətər Dövlətində qeyri-rezident səfir kimi etimadnaməsini 1998-ci ilin dekabrında təqdim etmişdir.

• Prezidentin 5 aprel 2007-ci il tarixli fərmanı ilə cənab Eldar Səlimov Azərbaycan Respublikasının Qətər Dövlətində səlahiyyətli və fövqəladə səfiri təyin edilmişdir.

• Qətər Dövlətinin səlahiyyətli və fövqəladə səfiri Şeyx Mübarək bin Fəhd əl- Tani etimadnaməsini Azərbaycan Respublikasının Prezidentinə 10 dekabr 2008-ci il tarixində təqdim etmişdir.

• Qətər Dövlətinin fövqəladə və səlahiyyətli səfiri Səyyar bin Əbdürrəhman əl-Muavidə etimadnaməsini Azərbaycan Respublikasının Prezidentinə 24 yanvar 2015-ci il tarixində təqdim etmişdir.

Siyasi əlaqələr

Möhtərəm Prezident İlham Əliyev ilə Əlahəzrət Şeyx Təmim bin Həməd əl-Tani arasındakı dostluq əlaqələri iki ölkə arasında siyasi əməkdaşlığın dərinləşməsində mühüm rol oynayır.

Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda iki ölkə arasında sıx əməkdaşlıq mövcuddur. Qətər Dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistanı Dağlıq Qarabağ məsələsinin həllində məsuliyyətli davranmağa və münaqişənin beynəlxalq qanunlara və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qərarlarına müvafiq olaraq tənzimlənməsi üçün xoş məram nümayiş etdirməyə çağıraraq bunun strateji Cənubi Qafqaz regionunda sülhə, sabitliyə və inkişafa xidmət edəcəyini bildirir.

Eyni zamanda, Qətər Dövləti BMT Təhlükəsizlik Şurasını və digər əlaqədar beynəlxalq təşkilatları uzun sürən bu münaqişənin ədalətli şəkildə, beynəlxalq qanunlara müvafiq olaraq və Azərbayanın ərazi bütövlüyü və suverenliyinə hörmət çərçivəsində, tez bir zamanda ədalətli həllinin tapılması üçün öz vəzifələrini yerinə yetirməyə çağırır. Azərbaycan rəhbərliyi ölkənin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən Qətər Dövlətinin verdiyi dəstəyi yüksək qiymətləndirir. İslama qarşı hücumların qarşısının alınmasında və terrora qarşı mübarizədə birgə əməkdaşlıq iki ölkə arasındakı anlaşmanın ən parlaq nümunələrindən hesab olunur. Qətər Dövlətinin beynəlxalq aləmdə artan siyasi təsiri və Azərbaycan Respublikasının mühüm geosiyasi mövqeyi hər iki tərəfin qarşılıqlı əhəmiyyət kəsb edən təhlükəsizlik və siyasi məsələlərdə dialoqu genişləndirilməsini vacib edir.

Tərəflər hesab edir ki, iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri dünyada, Ərəb Körfəzində və Qafqazda baş verən yeniliklər barədə məsləhətləşmələr və rəy mübadiləsində böyük rol oynayır. Azərbaycan tərəfi Qətər Dövlətinin regionda sülhün və sabitliyin bərqərar olmasına yönələn təşəbbüslərini və müdrik siyasətini qiymətləndirir. Xarici işlər nazirinin müavini cənab Araz Əzimov Qətərin "əl-Rayə” qəzetinə müsahibəsində qeyd etmişdir ki, 2010- cu ildə Qətərə səfəri zamanı yüksək səviyyəli rəsmilərlə müzakirələri göstərdi ki, İƏT çərçivəsində bir sıra məsələlərdə iki tərəf arasında birgə əməkdaşlıq mövcuddur.

İkitərəfli əlaqələr

Azərbaycan Respublikası və Qətər Dövləti arasında 1994-cü ildə qurulan əlaqələr xüsusən 2004-cü ildə möhtərəm Prezident İlham Əliyevin Qətərə və Əlahəzrət ata, Şeyx Həməd bin Xəlifə əl-Taninin (Allah onu qorusun) Azərbaycan Respublikasına 2007-ci ildə səfərlərindən sonra əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Eyni zamanda, Əlahəzrət ata Əmirin Azərbaycan Respublikasına 2012-ci ilin mart ayında etdiyi səfər əməkdaşlığın genişlənməsinə xidmət etmişdir. İki ölkə rəsmilərinin qarşılıqlı səfərləri geniş vüsət almışdır ki, bu da ikitərəfli əlaqələrin inkişafına müsbət təsir etmiş və iki ölkənin Xarici İşlər nazirlikləri arasında Azərbaycan Respublikasının Prezidentinin Qətər Dövlətinə 2004-cü ildəki səfəri zamanı imzalanan Anlaşma Memorandumu və iki ölkənin diplomatik və xüsusi pasportlara malik vətəndaşlarının viza tələblərindən qarşılıqlı şəkildə azad edilməsi barədə Azərbaycan Respublikasının Xarici işlər nazirinin Qətərə 2010-cu ildəki səfəri zamanı imzalanan Saziş ikitərəfli əlaqələrin inkişafında böyük rol oynadı. 2008-ci ildə imzalanan hərbi əməkdaşlıq haqqında saziş də bu sahədə ikitərəfli əlaqələrin əsasını qoydu. 2007-2016-cı illərdə Azərbaycan Respublikasının Xarici işlər, Fövqəladə hallar, Gənclər və idman, Ekologiya, İqtisadiyyat, Mədəniyyət və turizm nazirlərinin və Baş qərargah rəisinin Qətər Dövlətinə və Qətərin İqtisadiyyat və maliyyə, Ekologiya, Mədəniyyət, incəsənət və irs nazirlərinin, Qətər Xəbərlər Agentliyinin direktorunun Azərbaycana qarşılıqlı səfərləri baş tutdu ki, bu da qarşılıqlı əməkdaşlığın genişlənməsinə xidmət etdi. Qətər Hava Yollarının iki ölkə arasında gündəlik birbaşa reyslərin həyata keçirilməsinə başlaması bir çox beynəlxalq və regional məsələlərdə mövqelərin üst-üstə düşdüyünün təcəssümü oldu. Qətər Azərbaycanın ərazi bütövlüyünü tanıyır, hər iki ölkə qarşılıqlı surətdə beynəlxalq təşkilatlarda bir-birinin təşəbbüslərini dəstəkləyir. Buna misal olaraq Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zamanı Qətər Dövlətinin onun xeyrinə səs verməsini qeyd etmək olar.

İqtisadi əlaqələr

İki ölkə arasında əlaqələr qarşılıqlı hörmət prinsipinə əsaslanır ki, bu da onlar arasında bütün sahələrdəki əməkdaşlığın inkişafına müsbət təsir edir, regional və beynəlxalq müstəvidə hər iki ölkənin mənafeyinə xidmət edir. İki ölkə arasında 2004-2016-cı illərdə iqtisadi, ticari, texniki, investisiyaların qorunması və təşviqi, ikiqat vergidən azadolma, hava daşınmaları sahələrində, ticarət və sənaye palataları arasında saziş, təhlükəsizlik sazişi kimi bir sıra müqavilələr imzalanmışdır. Qeyd etmək lazımdır ki, müvafiq qanunvericilik bazasının olmasına baxmayaraq, iki ölkə arasında iqtisadi əməkdaşlığın səviyyəsi siyasi əməkdaşlığın səviyyəsi ilə uzlaşmır.

İqtisadi əməkdaşlığın inkişafı məsələsi Əlahəzrət ata, Əmir, Şeyx Həməd bin Xəlifə əl-Taninin (Allah onu qorusun) 2012-ci ilin mart ayında Azərbaycana səfəri zamanı möhtərəm Prezidentlə müzakirə edilmiş və hər iki ölkənin Nazirlər Kabinetinin qarşısında ikitərəfli iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi vəzifəsi qoyulmuşdur.

Birbaşa aviareyslərin açılması (Doha-Bakı-Tbilisi) iki ölkə arasında əməkdaşlığın artmasına töfhə vermişdir. Bütün bunlar investisiya imkanlarının olması fonunda Qətər və Azərbaycan arasında iqtisadi əlaqələrin və xüsusilə qeyri-neft sahəsində əlaqələrin qurulması üçün yeni imkanlar açacaqdır ki, bu da ümumdaxili məhsulun artmasına, çoxlu sayda iş yerlərinin yaradılmasına, özünü ərzaqla tam şəkildə təmin etməklə ərzaq təhlükəsizliyinə xidmət edəcəkdir.

Diplomatik koordinasiya və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək

İkitərəfli siyasi əlaqələrin möhkəmlənməsi, beynəlxaq qurumlar çərçivəsində Fələstinin xeyrinə səsvermə məsələsində qarşılıqlı dəstəyin təmin edilməsində hər iki ölkənin rəhbərləri arasındakı şəxsi əlaqələr müsbət rol oynamışdır. Tərəflər bu gün də müxtəlif beynəlxalq və regional məsələlərdə vahid mövqe nümayiş etdirir. Azərbaycan 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasında mühüm rol oynamış və oradakı müzakirələr zamanı Azərbaycan və Qətərin mövqeləri arasında hər hansı ixtilaf olmamışdır. Qətər Dövlətinin beynəlxalq aləmdə böyük nüfuzu, Azərbaycanın mühüm geosiyasi mövqeyi, iki tərəfin bir sıra siyasi və regional məsələlərdə birgə dialoq aparmasına imkan vermişdir. İki ölkənin rəhbərliyi arasındakı şəxsi dostluq onlar arasında dialoqun genişlənməsinə yardım göstərmişdir. Qətər Dövləti ilə ABŞ arasında olan səmimi əlaqələr Azərbaycanla ABŞ arasında əlaqələrin yaxınlaşması nöqteyi-nəzərindən müəyyən rol oynaya bilər.

Azərbaycan paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyən yeganə Cənubi Qafqaz dövlətidir və Fələstin səfirliyinin Bakıda açılması iki ölkə arasında diplomatik əlaqələrin genişlənməsi sayəsində mümkün olmuşdur.

Qeyd etmək lazımdır ki, Azərbaycan-Qətər əlaqələri ərəb-islam həmrəyliyinə də müsbət təsir edir. Təcrübə göstərir ki, haqqında danışılan əlaqələr iki ölkə arasında münasibətlərin uğurlu olmasında əhəmiyyətli rol oynamışdır.

Son söz

Hal-hazırda Azərbaycanı Qətərlə səmimi qardaşlıq əlaqələri birləşdirir və iki ölkə arasında həqiqi strateji tərəfdaşlığa nail olmaq üçün bu münasibətlər yaxın gələcəkdə daha da inkişaf edəcəkdir. Gərgin regional böhran, Cənubi Qafqazda Azərbaycanın strateji rolunun artması fonunda Qətər və Azərbaycan arasında müxtəlif sahələrdə münasibətlərin möhkəmləndirilməsinin sürətləndirilməsi böyük əhəmiyyət kəsb edir ki, bu da iki ölkənin müştərək mənafelərinə xidmət edir. Ona görə də mən qətərli iş adamlarını Azərbaycana, xüsusilə qeyri-neft sahəsinə investisiya yatırmaq imkanlarını öyrənməyə dəvət edərək, Ticarət və Sənaye Palatasının, Qətər İş Adamları Birliyinin nümayəndələrini Azərbaycana səfərlərini artırmağa, sərgilərdə, iqtisadi və investisiya yönümlü konfrans və toplantılarda fəal iştirak etməyə çağırıram. Eyni zamanda, iki ölkənin əlaqədar qurumlarını mövcud maneələrin aradan qaldırılmasını sürətləndirməyə, Azərbaycanın perspektivli iqtisadiyyatına Qətər investisiyalarının yerləşdirməsini asanlaşdırmağa dəvət edirəm.

Sonda fürsətdən istifadə edərək dost və qardaş Azərbaycan xalqını müstəqilliyinin 25 illiyi münasibətilə təbrik edir, uca Allahdan Azərbaycana və onun əhalisinə Əlahəzrət İlham Əliyevin müdrik siyasi rəhbərliyi altında əmin-amanlıq, xeyir-bərəkət, inkişaf və çiçəklənmə arzulayıram.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou
13 oktyabr 2017 Mediapart

Conflit au Karabagh, où l'urgence de rendre à Bakou ce qui appartient à Bakou

Je reviens du Karabagh. S'il y avait bien un lieu au monde où je n'aurais jamais pensé aller, c'est bien dans ce Caucase incertain et méconnu.

Davamı...
Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?
06 sentyabr 2017 Stonecoldtruth.com

Why is John McCain Hiding Who is Funding Him? Is it Soros Again?

He's on the hook of some of the most unsavory people in politics

Davamı...