THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Son illərdə Özbəkistan və Azərbaycan münasibətlərinin inkişafı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir

Siz buradasınız: Əsas səhifə »» Diplomatik guşə »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
818
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 13 yanvar 2017 – Newtimes.az

Şerzod Fayziyev,

Özbəkistan Respublikasının

Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri

Müasir mərhələdə Özbəkistan bütün sahələrdə və istiqamətlərdə dinamik inkişaf edən bir dövlətdir. Bu gün ölkə Prezident İslam Kərimovun rəhbərliyi altında əldə etdiyi sanballı nəticələrlə fəxr edə bilər. Özbəkistan dünya birliyi və zamanla ayaqlaşaraq Azərbaycanla dostluq, əməkdaşlıq və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə böyük diqqət yetirir. Zaman göstərir ki, Özbəkistan-Azərbaycan münasibətləri böyük perspektivə malikdir, Cənubi Qafqaz və Mərkəzi Asiya regionundakı uzunmüddətli sabitliyin və davamlı inkişafın təmin edilməsində mühüm rol oynayır.

1991-ci il sentyabrın 1-də Özbəkistan Respublikası müstəqilliyini elan etmişdir. Həmin vaxtdan iyirmi beş il keçir. Aydındır ki, dövlətlərin formalaşması prosesi və onların dünya xəritəsində yaranması üçün bəşər tarixində bu, çox qısa müddətdir. Lakin, şübhəsiz ki, Özbəkistan bu qısa müddət ərzində yüzilliklərə bərabər yol keçmişdir.

Hal-hazırda respublikamız dünyadakı iqtisadi böhrana baxmayaraq, milli iqtisadiyyatın inkişafında sanballı göstəricilər nümayiş etdirir.

Bu uğurlar Prezident İslam Kərimovun sosial yönümlü bazar iqtisadiyyatına keçidin beş prinsipinə əsaslanan praqmatik və uzaqgörən siyasətinin nəticəsidir. Bunların arasında iqtisadiyyatın ideologiyasızlaşdırılması və onun siyasət üzərində prioriteti, baş islahatçı rolunun dövlətin üzərinə qoyulması, qanunun aliliyinin təmin olunması, güclü sosial siyasətin aparılması, islahatların həyata keçirilməsində ardıcıllıq və tədricilik xüsusilə aparıcıdır. Bu modelin ardıcıl həyata keçirilməsi sayəsində bir çox ölkələrdən fərqli olaraq Özbəkistan müstəqillik illərində yüksək iqtisadi inkişaf templərinə nail olmuşdur. Belə yanaşma sayəsində müstəqillik illərində bazar iqtisadiyyatının əsasları qoyulmuş, iqtisadi münasibətlərin yeni mexanizmləri tətbiq edilmiş, müvafiq institusional bazar infrastrukturu yaradılmış, bazar iqtisadiyyatının tələblərinə uyğun tamamilə yeni maliyyə və müasir ikipilləli bank sistemi formalaşdırılmış, iqtisadiyyatın bütün sahələrində geniş islahatlar həyata keçirilmişdir.

Davamlı və yüksək artım templəri, yaradılan maliyyə-bank sisteminin sabitliyi və etibarlılığı, iqtisadiyyatın uğurlu struktur islahatları və ümumiyyətlə, Özbəkistanın modernləşdirmə yolundakı inamlı addımları bu gün dünya ictimaiyyəti, habelə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı kimi nüfuzlu beynəlxalq və digər maliyyə təşkilatları tərəfindən tanınır. Aparıcı beynəlxalq ekspertlər dəfələrlə vurğulamışlar ki, ölkənin iqtisadi siyasətinin uğurları siyasi sabitlik və islahatların ardıcıllığına əsaslanır.

Dünya Bankının hesabatına əsasən, hazırda Özbəkistan son bir il ərzində sahibkarlıq fəaliyyəti üçün işgüzar mühitin yaxşılaşdırılması sahəsində uğurlu nəticələr əldə edən dünya ölkələrinin ilk onluğuna daxildir. Dünya Bankının 2015-ci ilin oktyabrında dərc edilmiş "Biznesin aparılması” reytinqində Özbəkistan cəmi bir il ərzində 16 pillə irəliləmiş və 87-ci yerdə qərarlaşmışdır.

Öz növbəsində dünya iqtisadi forumunun reytinqinə, 2014-2015-ci illərin yekunlarına və 2016-2017-ci illərin artım proqnozlarına əsasən, Özbəkistan dünyada sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrin beşliyinə daxildir.

Bundan başqa, 2015-ci ildə dövlətimiz BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) üzv ölkələri tərəfindən ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində Minilliyin İnkişaf Məqsədlərinə nail olduğu üçün mükafatlar almış 14 ölkədən biri olmuşdur.

Həqiqətən, müstəqillik illərində Özbəkistan iqtisadiyyatı 5,5 dəfədən çox, əhalinin adambaşına real gəlirləri isə 10 dəfə, pensiyaların orta məbləği təxminən 9 dəfə, əməkhaqqı 18 dəfə artmışdır. İnsanların orta ömür müddəti 67 yaşdan 73 yaşadək artmışdır. Yanacaq-energetika və taxıl müstəqilliyi əldə edilmiş, ət, süd məhsulları və digər istehlak malları ilə ölkə özünü tam təmin etməyə nail olmuşdur.

Bu gün ölkəmiz dünyada sürətlə inkişaf edən iqtisadiyyata malik dövlətlər sırasında beşinci yerdədir, son on bir il ərzində, davam edən dünya iqtisadi böhranına baxmayaraq, ümumdaxili məhsulun artım tempi 8 faizdən yuxarı təşkil edir. Nüfuzlu beynəlxalq iqtisadi və ictimai mərkəzlərin məlumatına görə, "Dünya xoşbəxtlik indeksi” üzrə Özbəkistan hazırda dünyanın 158 ölkəsi arasında 44-cü və MDB ölkələri arasında isə 1-ci yeri tutur.

Bu gün biz Özbəkistanda tarixən qısa bir dövr ərzində milli dövlətçilik təməlinin formalaşması ilə fəxr edə bilərik. Dövlətçiliyimizin əsas dəyərlərini dövlət və ictimai quruculuğun başlıca prinsiplərini dəqiq əks etdirən ölkənin Əsas Qanunu - Özbəkistan Respublikasının Konstitusiyası müəyyən edir. Bu prinsiplərdən əsas olanı dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə hakimiyyətinə bölünməsidir.

Bu hüquqi prinsiplər əsasında ölkədə radikal inzibati islahatlar aparılmış, dövlət və təsərrüfat-idarəetmə strukturlarının yeniləşdirilməsi və modernləşdirilməsi həyata keçirilmiş, o cümlədən yerli hakimiyyət orqanları yenidən qurulmuşdur.

2010-cu ilin noyabr ayında Prezident İslam Kərimov tərəfindən irəli sürülən demokratik islahatların daha da dərinləşdirilməsi və ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması konsepsiyası Özbəkistanın müstəqil inkişaf yolunda yeni mərhələ açmışdır. Bu tarixi sənəd ölkəmiz müstəqillik əldə etdiyi andan etibarən demokratik yeniləşməsi və müasirləşdirilməsi üzrə genişmiqyaslı islahatların qanunauyğun məntiqi davamına işarədir. Burada dövlətin və cəmiyyətin yeni inkişaf mərhələsində modernləşdirilməsinin gələcəkdə də davam etdirilməsi üzrə uzunmüddətli strateji proqram müəyyənləşdirilmişdir.

Konsepsiyada dövlət hakimiyyətinin və idarəetmənin demokratikləşməsi, məhkəmə-hüquq sistemi və informasiya sahəsində islahatların aparılması, söz və məlumat azadlığının təmin edilməsi, seçim azadlığı və seçki qanunvericiliyinin inkişafı, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafı, demokratik bazar islahatlarının daha da dərinləşməsi və iqtisadiyyatın liberallaşdırılması kimi bir-birinə bağlı olan islahatların hüquqi bazasının yaradılmasının prioritet istiqamətləri əksini tapmışdır.

Bu istiqamətdə atılan vacib addım Özbəkistan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi oldu. Bunların sayəsində icra hakimiyyəti üzərində parlament nəzarətinin gücləndirilməsinin yeni mexanizmi yaradılmışdır. Həmçinin bura qanunvericilik palatasında ən çox deputat yeri əldə etmiş siyasi partiya tərəfindən Baş nazirin namizədliyinin irəli sürülməsi, parlamentə hökumət başçısına etimadsızlıq rəyi bildirmək hüququnun verilməsi, ölkənin sosial-iqtisadi inkişafı və digər aktual məsələlər üzrə Baş nazirin hesabatının dinlənilməsi və müzakirə edilməsi kimi prosedurlar daxil edilmişdir.

Yüksək artım tempi və iqtisadiyyatın yeniləşdirilməsi, demokratik islahatlar və ümumilikdə ölkənin modernləşdirilməsi, dünya praktikasında analoqu olmayan kadrların hazırlanması üzrə milli proqramın həyata keçirilməsi və ümummilli məktəb təhsilinin inkişafı proqramı, dövlət tərəfindən fiziki cəhətdən sağlam, mənəvi və harmonik inkişaf etmiş nəslin tərbiyəsinə böyük diqqətin yetirilməsi tarixi əhəmiyyət və müsbət effekt daşıyır. Bu gün bütün bunlar heç kimdən geri qalmayan və müasir bilik və peşə əsaslarına yiyələnən Özbəkistan gənclərinin təhsil, elm, mədəniyyət, incəsənət və idman sahəsindəki ümidverici nailiyyətlərində öz təsdiqini tapmışdır.

Özbəkistanın dövlət müstəqilliyinin əldə edildiyi andan mənəviyyatın və mədəniyyətin dirçəlişi, həqiqi tarixin və özünəməxsusluğun geri qaytarılması respublikanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Novruz, Ramazan, Qurban bayramı kimi ümumxalq və dini bayramlar, atalarımızın və babalarımızın müqəddəs islam dini bərpa edilmişdir. Bu din yüksək mənəvi və humanist prinsipləri özündə daşıyaraq, bütün dövrlərdə birləşdirici rol oynamış, özbək xalqının və ümumiyyətlə, bütün müsəlman ümmətinin mənəvi təşəkkülünün minillik təcrübəsini sintezləşdirmişdir. Köhnə məscidlər bərpa edilmiş, yeniləri qurulmuş, bir sıra təhsil müəssisələri yaradılmışdır. Daşkənd İslam Universitetinin yaradılması isə xüsusilə vurğulanmalıdır.

Özbək xalqının şah əsəri və qüruru olan çoxsaylı tarix və mədəniyyət abidələri bərpa edilmiş, yeni xatirə kompleksləri tikilmişdir. Məsələn, imam əl-Buxari, əl-Fərqani xatirə və hörmət memorialı, Əmir Teymur və Teymurilər muzeyi və digər abidələr qurulmuşdur. Bütün bunlar zəriflik və rəngarəngliklə fərqlənən Şərq memarlığının ənənələrini və müasir memarlığın nailiyyətlərini özündə birləşdirir.

Özbəkistanda güclü sosial siyasətin aparılması bizim üçün yüksək dəyər kəsb edən insanın mənafelərinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar, dövlət və cəmiyyətin müəyyən sosial problemlərə diqqətini cəlb etmək məqsədi ilə Özbəkistanda hər bir ilin adlandırılması gözəl bir ənənəyə çevrilmişdir. Məsələn, Prezident İslam Kərimovun təşəbbüsü ilə 2016-cı il "Sağlam ana və uşaq ili” elan edilmişdir.

 "Sağlam ana və uşaq ili” üçün xüsusi hazırlanmış Dövlət Proqramında uşaqlar və anaların mühafizəsi, gənc nəslin sağlamlığının, mənəvi, əxlaqi və fiziki tərbiyəsinin möhkəmləndirilməsi və s. məsələlər əksini tapmışdır.

Proqramın əsas istiqamətlərindən biri ailə, analar və uşaqların qorunması ilə bağlı qanunvericilik və normativ hüquqi bazasının təkmilləşdirilməsidir. O cümlədən yeni redaksiyada "Dövlət gənclər siyasəti haqqında Qanun” layihəsinin hazırlanması nəzərdə tutulub. Cinayət Məcəlləsinə üç yaşınadək uşağı olan qadınlara qarşı cinayət qanunvericiliyinin liberallaşdırılmasına yönəlmiş dəyişikliklərin edilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, Nazirlər Kabinetinin internat evlərində və digər təhsil müəssisələrində təhsil alan əlil uşaqlar üçün günərzi qayğı mərkəzlərinin yaradılmasını nəzərdə tutan müvafiq qərarı qəbul ediləcək.

Dövlət Proqramının prioritet vəzifələrindən biri də hamilə qadınların və uşağların perinatal və neonotal skrininq və hamilələrin kütləvi erkən perinatal ultrasəs skrininiq yolu ilə anadangəlmə və irsi xəstəliklərinin erkən aşkarlanmasıdır. Bunu nəzərə alaraq 13 skrininq mərkəzi yüksək səviyyəli çoxməqsədli rəqəmsal ultrasəs sistemi ilə təchiz edilmişdir. Həmçinin əhalinin tibbi mədəniyyətinin artırılması, sanitariya və gigiyena sahəsində işlərin gücləndirilməsi, hamilə qadınların psixofizioloji vəziyyətinin yaxşılaşdırılması və sağlamlığının qorunması üzrə tədbirlər də həyata keçiriləcəkdir.

Daşkənd Tibb Akademiyasının yanında Dietologiya üzrə Respublika Elmi-Tədris Mərkəzinin yaradılması planlaşdırılır. Proqramda həmçinin təhsil sisteminin sağlam uşağın formalaşmasında rolunun gücləndirilməsinə, məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin inkişafına, uşaqların məktəbə hazırlığı səviyyəsinin artırılmasına dair vəzifələr müəyyənləşdirilmişdir.

Ötən müddət ərzində görülən işləri təhlil edərək bu qənaətə gəlmək olar ki, iqtisadiyyatın "Özbək modeli” üzrə inkişaf yolunun seçilməsi ilə birgə demokratik bazar islahatlarının daha da gücləndirilməsi tədbirləri və iqtisadiyyatın liberallaşdırılması, dərindən düşünülmüş və ardıcıl həyata keçirilən siyasi, iqtisadi və sosial islahatların prioritetləri etibarlı, möhkəm bünövrə yaratmışdır. Bu bünövrə əsasında isə milli iqtisadiyyatın davamlı və dinamik inkişafı davam edir, əhalinin həyat səviyyəsi davamlı olraq yüksəlir.

Özbəkistanın beynəlxalq nüfuzu da gündən-günə möhkəmlənir. İndiki reallıq, o cümlədən qloballaşma prosesləri xarici əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini müəyyənləşdirir. Bu gün Özbəkistan dünya birliyi və zamanla ayaqlaşaraq uzaq və yaxın xarici ölkələrlə dostluq, əməkdaşlıq və qarşılıqlı faydalı tərəfdaşlıq şəraitində əlaqələrin daha da möhkəmləndirilməsinə böyük diqqət yetirir. Bu baxımdan Özbəkistan coğrafi, siyasi və iqtisadi əhəmiyyəti getdikcə artan, Cənubi Qafqaz regionunda əsas tərəfdaş kimi qəbul etdiyi Azərbaycanla əməkdaşlığın dərinləşməsinə xüsusi əhəmiyyət verir.

Zaman göstərir ki, Özbəkistan-Azərbaycan münasibətləri böyük perspektivə malikdir, Cənubi Qafqaz və Mərkəzi Asiya regionundakı uzunmüddətli sabitliyin və davamlı inkişafın təmin edilməsində mühüm rol oynayır.

Özbəkistan və Azərbaycan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulmuşdur. Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliyi 1996-cı ilin avqust ayından etibarən fəaliyyət göstərir. 1998-ci ilin iyul ayında isə Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirliyi açılmışdır.

Dövlətlərarası münasibətlərin əsasında əsrlərin dərinliklərindən gələn, iki ölkə xalqlarını birləşdirən möhkəm dostluq və qardaşlıq əlaqələri, mədəniyyətlərin, dilin, dinin və ənənələrin yaxınlığı, tarixən yaranmış mənəvi və bəşəri dəyərlərin ümumiliyi dayanır.

Son illərdə Özbəkistan və Azərbaycan münasibətlərinin inkişafı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Ölkələrimizin diqqətindən kənarda qalan əməkdaşlıq sahəsi yoxdur.

Siyasi dialoq. Dövlət müstəqilliyini əldə etdikdən sonra Özbəkistan-Azərbaycan münasibətləri konstruktivizm və hüquq bərabərliyi prinsipləri əsasında, milli maraqları və prioritetləri nəzərə almaqla daha da dinamikləşdi və yeni məzmun aldı. Daşkənddə və Bakıda formalaşmış münasibətləri yüksək qiymətləndirir və dəyərləndirirlər.

Müasir mərhələdə Özbəkistan və Azərbaycan tammiqyaslı tərəfdaşlığa sadiq olduqlarını təsdiq edərək çoxşaxəli əməkdaşlıq potensialını həyata keçirmək üçün güclü səy göstərirlər. Köhnə dostların və etibarlı tərəfdaşların açıq dialoqunun inkişafına iki ölkə liderləri arasında yaranmış səmimi və etibarlı əlaqələr təkan verir. İki dövlətin rəhbərlərinin müntəzəm görüşlərinin keçirilməsi yaxşı ənənəyə çevrilmişdir: 1997-ci ildən indiyədək 6 yüksək səviyyəli səfər baş tutmuşdur. Onlardan 3-ü Özbəkistan Prezidentinin Azərbaycana, 3-ü isə Azərbaycan Prezidentinin Özbəkistana etdiyi rəsmi səfərlərdir.

Özbəkistan Prezidenti İslam Kərimovun 11-12 oktyabr 2012-ci il tarixlərində Azərbaycana etdiyi rəsmi səfər çoxtərəfli əməkdaşlığın gələcək inkişafında, strateji tərəfdaşlığın möhkəmləndirilməsində və beynəlxalq həyatın əsas problemləri üzrə tərəflərin qarşılıqlı hörmət və mənafelərinin nəzərə alınması əsasında hərtərəfli qarşılıqlı fəaliyyət proqramının yaradılmasında mühüm mərhələ təşkil etmişdir. Praqmatizm və konstruktivizm ruhunda keçirilən danışıqlar zamanı Özbəkistan-Azərbaycan münasibətlərinin müxtəlif sahələrdəki vəziyyəti və inkişaf perspektivləri, həmçinin regional və beynəlxalq təhlükəsizliyin aktual problemləri müzakirə edilmişdir.

Qeyd edilmişdir ki, Özbəkistan və Azərbaycanın ümumi sərhədləri olmasa da, Cənubi Qafqazın və Orta Asiyanın artan qarşılıqlı geosiyasi və geoiqtisadi asılılığı baxımından Özbəkistanı və Azərbaycanı birləşdirən bir çox ortaq məqamlar vardır. Zaman özü göstərdi ki, Özbəkistan-Azərbaycan münasibətləri böyük perspektivə malikdir. Hər iki ölkə yerləşdikləri regionlarda uzunmüddətli sabitliyin və davamlı inkişafın təmin edilməsində mühüm rol oynayır.

Qeyd olunan altı rəsmi səfər zamanı dövlətlərarası, hökumətlərarası və idarələrarası sənədlərin imzalanması əməkdaşlığın daha da genişləndirilməsi üçün bir zəmin formalaşdırmış, iki ölkə arasındakı əlaqələrin təməlini möhkəmləndirmişdir. Qarşılıqlı fəaliyyətin perspektivdə yeni kursu müəyyənləşdirilmişdir. Bu günədək Özbəkistan və Azərbaycan arasında ikitərəfli münasibətləri hərtərəfli şəkildə tənzimləyən 110-dan çox normativ-hüquqi sənəd imzalanmışdır.

Bir çox aktual regional və beynəlxalq siyasi məsələlərdə, o cümlədən yeni təhdidlər, təhlükəsizlik və sabitlik çağırışlarında Özbəkistan və Azərbaycan oxşar mövqe nümayiş etdirirlər. Çoxtərəfli formatlar çərçivəsində tərəflər tərəfdaşlıq münasibətlərini davam etdirmək və müxtəlif məsələlərdə bir-birinə qarşılıqlı dəstək verməklə prinsipial yanaşma nümayiş etdirirlər. Bununla əlaqədar Dağlıq Qarabağ probleminin həllinə dair Özbəkistan Respublikasının mövqeyi qəti və dəyişməz olaraq qalır. Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin sülh və siyasi yolla həllinin tərəfdarıdır və münaqişənin həllinin əsas şərtinin Azərbaycanın ərazi bütövlüyünün bərpası və suverenliyinin qorunması olduğunu hesab edir.

Bu kontekstdə beynəlxalq hüquq normalarını əsas tutaraq və regiondakı bütün dövlətlərin maraqları nəzərə alınmaqla Özbəkistan əfqan probleminin nizamlanması üzrə mexanizmin yaradılması, Mərkəzi Asiyada su-enerji məsələlərinin həlli kimi mühüm regional problemlərlə bağlı Özbəkistanın təşəbbüsləri və mövqelərinə Azərbaycanın dəstək verməsini yüksək dəyərləndirir.

Sevindirici haldır ki, Özbəkistan-Azərbaycan münasibətlərində müvafiq müqavilə-hüquq bazası əsasında Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr geniş tətbiq edilir. Əməkdaşlığın daha da möhkəmləndirilməsi müxtəlif səviyyəli səfər mübadilələri üçün imkan yaradır. Məsələn, dövlətlərarası qarşılıqlı fəaliyyətin səmərəli inkişafına səbəb olan parlamentlərarası əlaqələrin inkişafı çərçivəsində iki ölkənin parlament nümayəndə heyətlərinin 10-dan çox görüşü keçirilmişdir. Bu kontekstdə Azərbaycan Respublikasının Milli Məclisində yaradılmış Azərbaycan-Özbəkistan parlamentlərarası işçi qrupunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Özbəkistanda 2014-cü ilin sonunda keçirilmiş parlament seçkiləri və 2015-ci ilin mart ayında keçirilmiş prezident seçkiləri zamanı bu işçi qrupunun üzvləri beynəlxalq müşahidəçi qismində fəal iştirak etmişdir.

Ticari-iqtisadi münasibətlər ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərindən biridir. Düşünürük ki, bu istiqamət siyasi səviyyədə formalaşmış münasibətlərimizin digər sahələrdə də inkişafı üçün əsas elementdir. Bu sahədə əməkdaşlıq azad ticarət rejimində həyata keçirilir və iqtisadiyyatın müxtəlif sahələrinin mal nomenklaturasını əhatə edir. Bu gün Özbəkistan Azərbaycana nəqliyyat vasitələri, əlvan metallar, əczaçılıq məhsulları, gübrələr, elektrik və mexaniki cihazlar, kənd təsərrüfatı məhsulları tədarük edir. Həmçinin, nəqliyyat, turizm və digər sahələrdə xidmətlər göstərir. Azərbaycan Özbəkistana əsasən mexaniki cihazlar, qənnadı məmulatları, müxtəlif üzvi və kimyəvi birləşmələr, aşılayıcı və boyayıcı ekstratlar ixrac edir.

Qlobal maliyyə-iqtisadi böhran şəraitində iki dövlətin birgə fəaliyyət proqramının müəyyən edilməsi, müəssisələr və şirkətlər arasında kooperasiya əlaqələrinin genişləndirilməsi və gücləndirilməsi, qarşılıqlı mal dövriyyəsinin əldə olunmuş sürətinin artırılması və saxlanılması məsələləri olduqca aktualdır. Bu kontekstdə ticari-iqtisadi fəaliyyəti tənzimləyən mühüm mexanizm Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında yaradılan əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyadır. Bu günədək Komissiyanın 10 iclası keçirilmişdir.

Bundan əlavə, ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi məqsədi ilə ölkələr arasında nazirlər səviyyəsində fəal dialoq qurulmuşdur. Məsələn, 2015-ci ilin fevral ayında Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayevin Özbəkistana səfəri baş tutmuşdur. Daşkənddə keçirilən ikitərəfli görüşlərdə iqtisadi münasibətlərin inkişafı üçün tərəflər əhəmiyyətli ehtiyatlardan və imkanlardan istifadə edilməsi, həmçinin tranzit və nəqliyyat kommunikasiyaları sahəsində kooperasiyada, müqavilə-hüquq bazasının genişləndirilməsində maraqlı olduqlarını bildirmişlər.

Özbəkistan və Azərbaycan investisiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsində müəyyən uğurlar əldə ediblər. Hazırda Özbəkistanda Azərbaycan investorlarının iştirakı ilə 45 müəssisə fəaliyyət göstərir. Onlar iqtisadiyyatın enerji, yüngül sənaye, maşınqayırma, metal emalı, sığorta, elm və təhsil, tikinti və ticarət sahələrində ixtisaslaşırlar.

Lakin qeyd olunanlar bu sahədə əməkdaşlığın bütün mövcud potensialını əhatə etmir. Əksinə, istifadəsi faydalı ola bilən digər müəyyən imkanlar da mövcuddur. Bu kontekstdə qeyd etmək lazımdır ki, 2008-ci ildə fəaliyyətə başlayan "Nəvai” azad sənaye-iqtisadi zonasının investisiya potensialı da iki ölkənin əməkdaşlığının dərinləşməsi üçün yaxşı əsas yaradır. Xüsusilə, "Nəvai” azad sənaye-iqtisadi zonası xarici investorlara biznesin aparılması üçün geniş imkanlar təklif edir və əvvəlcədən biznes üçün böyük rəqabət üstünlükləri yaradır. "Nəvai” azad sənaye-iqtisadi zonasının ərazisində xüsusi hüquqi rejim, o cümlədən vergi, valyuta və gömrük rejimləri, sadələşdirilmiş giriş, qalma və çıxış qaydaları, həmçinin qeyri-rezident şəxslərə əmək fəaliyyətinin həyata keçirilməsi üçün icazənin alınması, geniş vergi, gömrük və digər icbari ödənişlər üzrə güzəştlərin təqdim olunması fəaliyyət göstərir.

"Nəvai” azad sənaye-iqtisadi zonasının təsərrüfat subyektlərinin fəaliyyətinin əsas istiqamətləri müasir xarici yüksək məhsuldar texnika və avadanlıqların, texnoloji xətlərin və modulların, innovasiya texnologiyalarının tətbiqi hesabına, dünya bazarlarında rəqabətədavamlı yüksək texnologiyalı məhsulların geniş spektrinin istehsalını əhatə edir.

"Nəvai” azad sənaye-iqtisadi zonasının yaradılması Özbəkistan təcrübəsində yeganə hal deyildir. Belə ki, 2012-ci və 2013-cü illərdə də respublika ərazisində daha iki - Daşkənd vilayətində "Anqren” və Cizzax vilayətində "Cizzax” azad sənaye zonaları yaradılmışdır. Bu qərarların alınmasında məqsəd xarici və yerli investisiyaların respublikanın bölgələrinə cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasıdır.

Məlumdur ki, əraziləri Qərblə Şərqi birləşdirən qədim İpək Yoluna daxil olan Özbəkistan və Azərbaycan geosiyasi baxımından mühüm regionlarda yerləşirlər. Etibarlı nəqliyyat kommunikasiyalarının formalaşmasına artan maraq nəqliyyat və nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın inkişafına və dərinləşməsinə, həmçinin iki ölkənin böyük tranzit potensialından səmərəli istifadə etməyə imkan yaradır. Bu mənada Mərkəzi Asiyadan Xəzər dənizinə, daha sonra Qafqaz vasitəsilə Qara dəniz və Aralıq dənizi limanlarına gedən nəqliyyat marşrutları xüsusi aktuallıq kəsb edir. Azərbaycanın paytaxt limanı Özbəkistan üçün Bakı-Tbilisi-Qars yeni perspektivli dəhlizi inkişaf etdirməyə imkan verən Cənubi və Mərkəzi Avropa bazarlarına, həmçinin "Mersin” Aralıq dənizi limanı və "Poti” Qara dəniz limanı vasitəsilə Yaxın Şərq, Cənubi və Cənub-Şərqi Asiya ölkələrinə aparan mühüm nəqliyyat qovşağına çevrilə bilər.

Öz növbəsində Azərbaycanın da Mərkəzi Asiyanın qəlbində yerləşən, iqtisadi və strateji xarakterli böyük imkanlara malik olan Özbəkistanın mövcud potensialından istifadə etməkdə maraqlı olduğunu düşünürük. Bununla əlaqədar, qeyd etmək vacibdir ki, "Nəvai” azad sənaye-iqtisadi zonasının potensialı iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən nəqliyyat-kommunikasiya sahəsində də yaxşı əsas yaradır. Avtomobil, hava və dəmiryollarının mühüm kəsişməsində yerləşən Nəvai şəhərinin hava limanı Cənub-Şərqi Asiya ölkələrini Mərkəzi və Cənubi Asiya və Yaxın Şərqlə, eləcə də Avropa qitəsinin dövlətləri ilə birləşdirir. Burada yeni istehsal obyektlərinin birgə tikintisi, qitələrarası aviadaşımaların həyata keçirilməsi gələcəkdə Özbəkistan və Azərbaycan üçün xüsusilə əlverişli olacaq.

Həmçinin qeyd etmək lazımdır ki, bu illər ərzində təşkil edilən Özbəkistan- Azərbaycan birgə biznes forumları, eləcə də iqtisadi sahədə həyata keçirilən digər tədbirlər sayəsində ticari-iqtisadi sahədə sərfəli əməkdaşlığın yeni sahələri müəyyən edilmiş və bir sıra uğurlar qananılmışdır. Misal üçün, "Şevrole” brendi altında istehsal olunan "GM- Uzbekistan” müasir minik avtomobillərinə Azərbaycanda yüksək tələbat vardır. Azərbaycana son beş il ərzində Özbəkistan istehsalı olan 7 minə yaxın avtomobil gətirilmişdir. Yaxın illərdə əlavə 3 min ədəd avtomobilin idxal olunması haqqında razılıq əldə olunmuşdur.

Sevindirici haldır ki, "Uzavtoprom”un məhsullarının həcmi və növlərinin Azərbaycana ixracının genişləndirilməsi üzrə məqsədyönlü addımlar atılır. Bakıda "Kobalt” markalı avtomobilin təqdimat mərasimi böyük rezonans doğurmuş, Özbəkistanın avtomobilqayırma sahəsində yüksək nailiyyətlərini nümayiş etdirmişdir.

Əməkdaşlığın perspektiv istiqamətlərindən biri də Azərbaycana sərnişin avtobuslarının, ağır tonnajlı yük avtomobillərinin, xüsusi texnikanın, şəhər kommunal texnikası, o cümlədən Özbəkistanda "İzuzu” və "MAN” markaları əsasında istehsal olunan yanğınsöndürən və suvarma maşınlarının, qaldırıcı mexanizmlərin gətirilməsidir. Məsələn, hazırda 400-dən çox "SamAvto”avtobusları Azərbaycanın sərnişin xətlərində xidmət göstərir,

Azərbaycanda kənd təsərrüfatı sahəsində islahatların aparılması üzrə dövlət proqramlarının həyata keçirilməsi ilə əlaqədar, "UzKlass Agro” birgə müəssisəsi və "Daşkənd traktor zavodu” ASC tərəfindən istehsal olunan kombayn və traktorların, həmçinin geniş çeşidli müxtəlif asma kənd təsərrüfatı texnikasının və mineral gübrələrin Azərbaycan bazarına tədarük edilməsi perspektivdə nəzərdə tutulub.

Özbəkistan buğdasının Azərbaycan bazarına tədarükünun təcrübəsi vardır. Azərbaycan şirkətləri hər il ölkəyə 50 min tona yaxın taxıl tədarük etmək üzrə əməkdaşlığın davam etdirilməsində maraqlıdırlar. Eyni zamanda, Özbəkistanın pambıqçılıq və toxuculuq sahələrindəki böyük potensialı qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsi baxımından vacib ola bilər.

Ümumiyyətlə, Azərbaycanla aparılan ikitərəfli danışıqların və həyata keçirilən tədbirlərin dinamikası əməkdaşlığın daha da dərinləşməsinə və genişlənməsinə böyük imkanların olduğunu göstərir. Azərbaycana avtomobillərin və ehtiyat hissələrinin, kənd təsərrüfatı texnikasının, ərzaq buğdasının, mineral gübrələrin, kabel-keçirici məhsulların və digər malların idxalı üzrə imzalanmış müqavilələr buna sübütdur.

Mədəni-humanitar sahədə əməkdaşlıq. Dərin hörmət və etibara, yaxınlıq və milli dəyərlərin, adət-ənənələrin, dil və mədəniyyətin, dinin oxşarlığına əsaslanan Özbəkistan-Azərbaycan münasibətləri əsrlərin dərinliyinə gedib çıxır və daim qarşılıqlı yardım və dəstək mənbəyi olmuşdur. 2004-cü ilin martında Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışı buna parlaq sübutdur. Prezident İslam Kərimov bu abidəni "qardaş Azərbaycan xalqına olan hörmət və inamın, onun qədim tarixi və mədəniyyətinin, ölməz ruhu, iradəsi və əsrlərin sınağından keçmiş mətanətinin, parlaq gələcəyinin rəmzi” adlandırmışdır.

Azərbaycanda da özbək xalqının zəngin tarixi və mədəniyyətinə, dünya sivilizasiyasının inkişafına verdiyi töhfələrə böyük hörmətlə yanaşılır. Xüsusi maraq doğuran isə özbək ədəbiyyatının böyük klassik şairi və mütəfəkkiri Əlişir Nəvainin yaradıcılığıdır. 2002-ci ilin may ayında Azərbaycanda Əlişir Nəvainin "Mezonul avzon” əsərinin Azərbaycan dilinə tərcüməsinin təqdimatı, 2008-ci ilin sentyabr ayında isə Bakıda böyük özbək şairinin abidəsinin açılış mərasimi keçirilmişdir. Azərbaycan paytaxtının mərkəzi küçələrindən biri görkəmli alim və dövlət xadimi Mirzə Uluqbəyin şərəfinə adlandırılmışdır. Bununla əlaqədar Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfəri çərçivəsində təntənəli mərasim keçirilmişdir. Dövlət rəhbəri açılış mərasimində bildirmişdir ki, "dörd il əvvəl Daşkənddə Nizami Gəncəvinin heykəlinin açılışı olmuşdur. İndi isə Bakıda Əlişir Nəvainin heykəli ucaldılıb. Xalqlarımız böyük maraq və hörmətlə Nəvainin və Nizaminin əsərlərini oxuyur, onların yaradıcılığından ilhamlanır və bir-birini tərcüməsiz başa düşürlər. Bu, bizim mühüm nailiyyətlərimizdəndir. Özbəkistan bir çox ölkələrlə əməkdaşlıq edir, lakin Azərbaycanla münasibətlərimiz xüsusi mənəvi yaxınlıqla fərqlənir”.

Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, Azərbaycan xalqı dahi şair və mütəfəkkir Əlişir Nəvaini çox yaxşı tanıyır və hörmət edir, demək olar ki, bütün əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir.

Mədəni-humanitar sahədə münasibətlərin tarixində daha bir mühüm hadisə 2010-cu ildə Daşkənddə Azərbaycan xalqının görkəmli oğlu, ikitərəfli əlaqələrin inkişafına misilsiz töhfələr vermiş özbək xalqının böyük dostu Heydər Əliyevin adına Azərbaycan Mədəniyyəti Mərkəzinin açılışı olmuşdur. 2003-cü ildən fəaliyyət göstərən və qardaş xalqlar arasında münasibətlərin möhkəmləndirilməsi işinə öz töhfəsini verən bu mədəniyyət mərkəzi Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasına daxil edilmişdir.

Hazırda Özbəkistanın müxtəlif vilayətlərində 40 mindən çox azərbaycanlı yaşayır. Müstəqillik illərində ölkəmizin 27 nəfər azərbaycanlı vətəndaşı - müəllimlər, inşaatçılar, hərbçilər, mədəniyyət və incəsənət ustaları - yüksək dövlət mükafatlarına layiq görülüblər.

Mədəni-humanitar sahədə qarşılıqlı fəaliyyət iki ölkədə keçirilən müxtəlif mədəniyyət və incəsənət festivallarında, forum və sərgilərdə Özbəkistan və Azərbaycan nümayəndələrinin fəal iştirakı ilə dəstəklənir. Xüsusilə Azərbaycanın incəsənət xadimləri dəfələrlə mükafatlar qazandıqları Səmərqənddə keçirilən "Şərq təranələri” beynəlxalq musiqi festivalının, "Əsrlərin sədası” layihəsinin, "Art Week Style.uz”, opera, teatr və kino festivallarının daimi və fəal iştirakçılarıdırlar. Öz növbəsində Özbəkistan nümayəndələri hər il Bakıda keçirilən Beynəlxalq Muğam Festivalında iştirak edir və mükafatlar alırlar.

Bu sahədə perspektiv istiqamətlərdən biri elmi-texniki layihələrin birgə hazırlanması, iki ölkənin Elmlər Akademiyaları və ali təhsil müəssisələri arasında birbaşa əlaqələrin inkişaf etdirilməsidir. Özbəkistan və Azərbaycan arasında bu sahədə əməkdaşlıq "Təhsil sahəsində əməkdaşlıq haqqında Hökumətlərarası Saziş”ə əsaslanır.

"Kamolot” Özbəkistan Gənclər İctimai Hərəkatının Mərkəzi Şurası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında məqsədyönlü əməkdaşlıq, gənclər təşkilatları arasında 2002-ci ildə imzalanmış sazişlər əsasında gənclərin nümayəndə heyətlərinin müntəzəm mübadiləsi həyata keçirilir.

****

Özbəkistan və Azərbaycanın ümumi sərhədləri olmasa da, ölkələrimizi birləşdirən bir çox məqamlar vardır. Bura səmimi qardaşlıq münasibətləri, tarix, dil, mədəniyyət və adət-ənənələrimizin yaxınlığı və ümummiliyi, Cənubi Qafqazın və Orta Asiyanın artan qarşılıqlı geosiyasi və geoiqtisadi asılılığı və s. daxildir.

Özbəkistanın xarici siyasət kursu dövlətin milli mənafelərinin qorunması və həyata keçirilməsi üçün effektiv vasitədir. Müstəqilliyin ilk günlərindən başlayaraq Özbəkistan Cənubi Qafqaz regionunda əsas tərəfdaş kimi qəbul etdiyi Azərbaycanla əməkdaşlığın dərinləşməsinə xüsusi əhəmiyyət verir.

Öz gücünə güvənərək və əsas islahatları həyata keçirərək, bu gün Azərbaycan inamlı addımlarla irəliləyən və gələcəyini quran qüdrətli bir ölkəyə çevrilmişdir.

Biz böyük məmnunluq hissi keçirərək Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında baş verən dəyişikliklərin və böyük uğurların şahidi oluruq. Özbəkistan Azərbaycanın yaxın dostu və tərəfdaşı olaraq davamlı olaraq öz müstəqilliyini möhkəmləndirən, insanların rifahını yaxşılaşdıran, beynəlxalq arenada öz mövqeyini gücləndirən Azərbaycanla qürur hissi duyur. Bunun əsas sübutlarından biri Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü statusunu alması, həmçinin Azərbaycanda böyük beynəlxalq forumların, tədbirlərin, o cümlədən 2015-ci ildə Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsidir. Bu kimi böyük nailiyyətlər, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən ardıcıl və uzaqgörən daxili və xarici siyasət müasir Azərbaycanın memarı, Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfələr vermiş ümummilli lider Heydər Əliyev siyasi kursunun davam etdirilməsinə əsaslanır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən effektiv siyasət Özbəkistan-Azərbaycan münasibətlərinin perspektivliyinə və gələcəyinə böyük ümid verir. 

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...