THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Azərbaycan müstəqillik əldə etdikdən bəri Misir Azərbaycana, onun ərazi bütövlüyünə və suverenliyinə siyasi dəstəyini ifadə edir

Siz buradasınız: Əsas səhifə »» Diplomatik guşə »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
435
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 26 dekabr 2016 – Newtimes.az

Suzanne Mohamed Gamil

Misir Ərəb Respublikasının

Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri

Misirlə Azərbaycan arasında əlaqələrin tarixi çox qədim dövrlərə gedib çıxır. Bu əlaqələr Sovet İttifaqının mövcud olduğu dövrdə davam etmişdir. Azərbaycanın neft və təbii qaz ehtiyatları ilə zəngin olması onun keçmiş Sovet İttifaqı respublikaları arasında əhəmiyyətli yer tutmasına səbəb olmuşdur. Məlumdur ki, Misir hərbi, iqtisadi və siyasi sahələrdə Sovet İttifaqı ilə uzun müddət əməkdaşlıq etmişdir.

Sovet İttifaqı dağıldıqdan sonra 70 il onun əsarəti altında olmuş dövlətlərin, o cümlədən Azərbaycanın müstəqilliyi üçün əlverişli zəmin yarandı. Azərbaycan 1991-ci il oktyabrın 18-də öz müstəqilliyinə qovuşdu.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyəti dövründə və ondan sonrakı illərdə Misirlə Azərbaycan arasındakı əlaqələr aşağıdakı üç əsas istiqamət üzrə inkişaf etmişdir:

1. Siyasi əlaqələr

2. İqtisadi-ticari əlaqələr

3. Təhsil və mədəniyyət sahəsində əlaqələr.

Hər üç istiqamət üzrə ayrı-ayrılıqda məlumat verməyə çalışacağıq.

I. Misirlə Azərbaycan arasında siyasi əlaqələr

Misir Ərəb Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 26-da tanımışdır. Bununla da Misir Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmuşdur.

Misir yeni müstəqillik əldə etmiş dövlətlərin onun üçün nə qədər əhəmiyyətli olduğunu ilk vaxtlardan anlamışdır. Bu baxımdan, 1992-ci il aprelin 4-də Misirlə Azərbaycan arasında diplomatik münasibətlərin yaradılması haqqında Protokol imzalanmışdır. 1993-cü ilin aprel ayından Misirin Bakıda, 1994-cü ilin yanvar ayından isə Azərbaycanın Qahirədə səfirliyi fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikasının mərhum Prezidenti, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirəyə işgüzar səfəri Misirlə Azərbaycan arasında diplomatik əlaqələrin və yüksək səviyyəli səfərlərin faktiki başlanğıcı hesab olunur. Səfər çərçivəsində Azərbaycan Prezidenti Misirin sabiq Prezidenti Hüsnü Mübarəklə görüşmüşdür. Görüş zamanı aparılan intensiv danışıqlar iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm rol oynamışdır.

Misirlə Azərbaycan arasındakı siyasi əlaqələr 1994-2002-ci illər arasında sürətlə inkişaf etmişdir. Bu dövr ərzində iki ölkənin hökumət rəsmiləri səviyyəsində bir sıra qarşılıqlı səfərlər həyata keçirilmişdir. Bu səfərlər çərçivəsində ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafına təkan verən xeyli sayda mühüm sazişlər imzalanmışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6-8 may 2007-ci il tarixlərində Misir Ərəb Respublikasına rəsmi səfəri Azərbaycanın Misirlə əlaqələrinə nə dərəcədə önəm verdiyinin göstəricisidir. Bu səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misirin sabiq Prezidenti Hüsnü Mübarək, əl-Əzhərin Şeyxi, Misir Xalq Məclisinin sədri, neft və beynəlxalq əməkdaşlıq nazirləri ilə görüşmüşdür. Bu səfər iki ölkə arasında müxtəlif sahələrdə 12 sazişin imzalanması ilə nəticələnmişdir. Prezident İlham Əliyevin bu rəsmi səfəri iki ölkə arasında əlaqələrin genişləndirilməsi və gücləndirilməsində böyük iz buraxmışdır.

Digər tərəfdən, ölkələr arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə Misir tərəfi bir sıra səfərlər həyata keçirmişdir. Bunların ən əhəmiyyətlisi Misirin sabiq Prezidentinin xanımı Süzan Mübarəkin 2008-ci ilin sentyabr ayında Azərbaycana səfər etməsi və Azərbaycan Respublikası Prezidentinin xanımı Mehriban Əliyeva ilə birgə Gənclərin Məşğulluq Sammitinə sədrlik etməsi olmuşdur. Bundan əlavə, Misirin sabiq Xarici işlər naziri cənab Əhməd Əbu əl-Ğaytin 2010-cu il mayın 24-25-də Bakıya səfər etmişdir. Səfər zamanı diplomatik və xüsusi pasportlara malik şəxslərin vizadan azad olunmasına, xüsusilə də gənclər sahəsində və Azərbaycan Diplomatik Akademiyası ilə Misir Diplomatiya İnstitutu arasında əməkdaşlığa dair 3 saziş imzalanmışdır.

Azərbaycanla Misir arasındakı güclü diplomatik əlaqələr çərçivəsində Misirin Qəlyubiyyə vilayətində bu ölkənin tarixində ilk dəfə olaraq Misir-Azərbaycan dostluğu parkı salınmış, bu parkda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılmış, həmin vilayətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva adına məktəb açılmışdır. Bunun qarşılığında Abşeron rayonunda Azərbaycan-Misir dostluğu parkı salınmış, Firon dövründə yaşamış bir yazarın heykəli ucaldılmış, burada Misir məktəbi istifadəyə verilmişdir.

Hər iki ölkə bir-birini beynəlxalq təşkilatlarda dəstəkləyir. Misir Ərəb Respublikasının Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsinə göstərdiyi dəstəyinə cavab olaraq Azərbaycan Respublikası da Misirin bu Şuranın qeyri-daimi üzvlüyünə seçilməsinə dəstək vermişdir.

Misirin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibəti

Misirlə Azərbaycan arasındakı siyasi əlaqələrdən danışdıqda bir vacib məqamı da qeyd etmək lazımdır ki, Azərbaycan dövlət müstəqilliyini elan etdikdən etibarən Misir beynəlxalq arenada Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinə kömək və dəstəyini elan etmişdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın yeganə problemidir. Belə ki, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində bir milyondan çox insan doğma el-obalarından didərgin düşmüşdür. BMT Təhlükəsizik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul etmişdir. Bu qətnamələr erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Həmçinin İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bu məsələdə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyərək, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı faktını pisləyən qərarlar qəbul etmişdir. İƏT-in qəbul etdiyi qərarlar da ermənilərin işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edir.

Azərbaycan müstəqillik əldə etdikdən bəri Misir Azərbaycana, onun ərazi bütövlüyünə və suverenliyinə siyasi dəstəyini ifadə edir. Bu münaqişənin həlli üçün beynəlxalq ictimaiyyətin sülh səylərinə Misirin verdiyi töhfə açıq-aydın görünməkdədir. Misir BMT Təhlükəsizlik Şurasının Ermənistanın təcavüzkar və işğalçı siyasətini pisləyən məlum dörd qətnaməsini qəbul etməklə, həmçinin münaqişə ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən ümumi mövqeyin ortaya qoyulması üçün səy göstərməklə münaqişənin həll edilməsində beynəlxalq ictimaiyyətin sülh çağırışlarında mühüm rol oynayır.

Misirin MDB ölkələri və yeni müstəqillik qazanmış dövlətlər üzrə Texniki Əməkdaşlıq Fondu

Misirin Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən bu fond keçmiş sovet ölkələrinə texniki dəstək göstərir. MDB ölkələri və yeni müstəqillik qazanmış dövlətlər üzrə Texniki Əməkdaşlıq Fondu bir sıra sahələrdə Azərbaycan Respublikasına tam dəstək göstərir. Fond fəaliyyətə başladığı 1993-cü ildən bəri təqribən 20.000 şəxs üçün media, ərəb mədəniyyəti, diplomatiya, sülhməramlı qüvvələr, turizm, kənd təsərrüfatı, səhiyyə və tibb, hüquq, banklar, özəlləşdirmə, arxeologiya və təhlükəsizlik sahələrində 1030-dan artıq kurs təşkil etmişdir. Qeyd edək ki, bu fond bilavasitə Sovet İttifaqının dağılmasından və bu imperiyanın tərkibində olan dövlətlərin müstəqilliklərini elan etmələrindən sonra təsis edilmişdir. Bu isə Misirin bu dövlətlərə, o cümlədən Azərbaycana ciddi əhəmiyyət verdiyini göstərir.

Fond Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən 1200-ə yaxın işçi üçün 200-dən çox təlim kursu təşkil etmişdir. Bu fond qarşılıqlı səfərlər çərçivəsində iki ölkənin mühüm sektorlarını təmsil edən 80-dən çox məsul şəxsin bütün səfər xərclərini öz üzərinə götürmüşdür.

Həmçinin Fond Azərbaycan tərəfinə müxtəlif maddi və digər yardımlar göstərmiş, Misirdə təhsil almış bəzi azərbaycanlı tələbələrin təhsil xərclərini öz üzərinə götürmüşdür.

Fondun Azərbaycana göstərdiyi bu dəstək iki dövlət arasında əlaqələri möhkəmləndirmək və müxtəlif sahələrdə təcrübə mübadiləsini sürətləndirmək məqsədi daşıyır.

II. Misirlə Azərbaycan arasında ticari-iqtisadi əlaqələr

Misirlə Azərbaycan arasındakı diplomatik əlaqələrin start götürməsi tərəflərin 7 aprel 1994-cü il tarixində Qahirə şəhərində imzaladığı "Misir Ərəb Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş”lə eyni vaxta təsadüf edir. Sazişin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası hökuməti və Misir Ərəb Respublikası hökuməti arasında iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya yaradılmışdır.

23-25 oktyabr 2002-ci il tarixlərində Komissiyanın birinci iclasının keçirilməsi ilə əlaqədar Misir tərəfindən olan həmsədr Xarici işlər üzrə dövlət naziri xanım Faizə Əbu əl-Nəca Bakıda səfərdə olmuşdur. Səfər zamanı xanım Faizə Əbu əl-Nəca Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyev, Baş nazir Artur Rasizadə, Milli Məclisin Sədri Murtuz Ələsgərov, Xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşmüşdür.

Komissiyanın işi nəticəsində bir sıra sənədlər – Birgə Komissiyanın protokolu, Azərbaycan Respublikası hökuməti ilə Misir Ərəb Respublikası hökuməti arasında investisiyaların qarşılıqlı qorunması və təşviqi haqqında saziş, Ticarət və Sənaye Palataları arasında razılaşma imzalanmışdır.

2005-ci il dekabrın 25-də Birgə Komissiyanın ikinci iclası keçirilmişdir. İclas zamanı iki ölkə arasında ticarət mübadiləsinə dair 4 saziş imzalanmışdır. Azərbaycan Respublikası Misirdə keçirilən bir sıra iqtisadi forumlarda, eləcə də 39-cu Beynəlxalq Qahirə Sərgisində iştirak etmişdir.

Lakin Misir və Azərbaycan arasında iqtisadi əlaqələr hər iki ölkənin iqtisadi potensialını əks etdirən və arzu olunan səviyyəyə yüksəlməmişdir. Belə ki, iki ölkə arasında bağlanmış ticari və iqtisadi müqavilələrə baxmayaraq, ikitərəfli ticarət mübadiləsinin həcmi 2011-ci ildə 163,68 milyon dollara çatmışdır. Misirin Azərbaycana ixracatının əsasını dərman, geyim, düyü, dondurulmuş tərəvəz, şəkər kimi ərzaq məhsulları, keramika, mərmər və baytarlıq dərmanları təşkil edir. Azərbaycanın Misirə ixracatına gəlincə, burada əsasən neft-kimya məhsulları, geofizika cihazları, ehtiyat hissələri və nasoslar üçün boruları nümunə kimi göstərmək olar.

Hal-hazırda ticarət mübadiləsinin həcmini artırmaq üçün ilk addım kimi iki ölkə arasında Şarm əl-Şeyx şəhərinə birbaşa təyyarə reyslərinin açılması istiqamətində danışıqlar aparılır. Deyilənlərdən belə qənaətə gəlmək olar ki, Misir tərəfi Azərbaycan bazarını tədqiq etməklə öz ixracatının həcmini artıra, eləcə də Azərbaycanın neft məhsulları və xam neftindən faydalana bilər.

III. Misirlə Azərbaycan arasında təhsil və mədəniyyət sahəsində əlaqələr

Ötən iyirmi il ərzində Misirlə Azərbaycan arasında mədəniyyət dahəsində əlaqələr birgə əməkdaşlığın möhkəmləndirilməsində və xalqlarımız arasında qarşılıqlı anlaşmada mühüm rol oynamışdır.

İki dövlət arasındakı diplomatik əlaqələrdə mədəniyyətin roluna etinasızlıq göstərmək olmaz. Ölkələrin müştərək dininin Misir və Azərbaycan xalqlarının yaxınlaşmasında böyük rolu olmuşdur.

Etiraf etmək lazımdır ki, Misirlə Azərbaycan arasındakı mədəni əlaqələr qurulduğu andan davamlı şəkildə inkişaf etmişdir. Lakin bu əlaqələr 2005- ci ildən daha da intensiv hal almışdır. Belə ki, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Misirə səfər etmiş və tərəflər 2005-ci ilin noyabr ayında Misirdə "Azərbaycan mədəniyyəti günləri” və 2006-cı ilin aprel ayında Azərbaycanda "Misir mədəniyyəti günləri”nin keçirilməsi barədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Misir Ərəb Respublikası Mədəniyyət Nazirliyi arasında Niyyət Protokolu imzalamışlar.

Azərbaycan həmçinin 2005-ci ilin sentyabr ayında Qahirədə keçirilmiş 17- ci Beynəlxalq Teatr Festivalında iştirak etmişdir. Misir də 2014-cü ilin iyun ayında Azərbaycanda "Misir mədəniyyəti günləri”ni keçirmişdir.

Bundan əlavə, Azərbaycan Televiziyası ilə Misir Radio və Televiziya Birliyi arasında imzalanmış Anlaşma Memorandumu (2007-ci il), Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu ilə Misir Əlyazmaları və Kitabxanası arasında imzalanmış Protokol (2007-ci il), Azərbaycan Milli Kitabxanası və İskəndəriyyə Kitabxanası arasında əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumu (2007-ci il), AzərTAC və Yaxın Şərq informasiya agentliyi arasında imzalanmış əməkdaşlıq sazişi və s.-ni Misir və Azərbaycan arasında gözəçarpan mədəni əlaqələrin göstəricisi kimi göstərmək olar.

Qeyd etmək lazımdır ki, Azərbaycan Qahirə Beynəlxalq Sərgisində ilk dəfə 2015-ci ildə, Misir də həmçinin Bakı Beynəlxalq Kitab Sərgisində ilk dəfə elə həmin il iştirak etmişdir.

● Bakıdakı Misir Mədəniyyət Mərkəzi:

Misirin öz mədəniyyətini Azərbaycanda yaymaq niyyətində olduğu və bu ölkəyə mühüm əhəmiyyət verdiyi üçün Bakıda Misir Mədəniyyət Mərkəzi açılmışdır. Bu mərkəz Azərbaycanda ilk və yeganə ərəb mədəniyyəti mərkəzidir. Mərkəz fəaliyyətə başladığı tarixdən (1999-cu ildən) ərəb mədəniyyətinin bu ölkədə tanıdılmasında böyük rol oynamaqla yanaşı, Misirlə Azərbaycan arasında elmi-mədəni əməkdaşlıqda canlı bir körpü rolunu yerinə yetirir. Mərkəz müntəzəm olaraq seminarlar, mədəniyyət axşamları, elmi konfranslar təşkil edir, Misirin müxtəlif mövzularda çəkilmiş filmlərini nümayış edir və azərbaycanlılara Misir incəsənətinin və mədəniyyətinin özəlliklərini çatdırmaqda öz töhfəsini verir.

Həmçinin, Azərbaycanda ərəb dilinə çox böyük marağın olduğunu nəzərə alaraq, Mərkəz burada ərəb dili kursları təşkil edir. Azərbaycanda böyük universitetlərin əksəriyyətində ərəb dili kafedraları fəaliyyət göstərir. Burada təhsil alan tələbələr bu dilin praktik öyrənilməsində və onun ərəblər vasitəsilə gücləndirilməsində Misir Mədəniyyət Mərkəzinə bir mayak kimi baxırlar.

Ərəb dilinin tədrisi və yayılmasında həmçinin Misir Tərəfdaşlıq Agentliyində təmsil olunan əl-Əzhər Universitetini və Misirin Xarici İşlər Nazirliyinin rolunu qeyd etməmək qeyri-mümkündür. Belə ki, bu agentlik Azərbaycan universitetlərində ərəb dilinin tədrisi üçün təmənnasız olaraq hər il iki nəfər ərəb dili mütəxəssisi göndərir və Misir tərəfi burada nəzərdə tutulan bütün xərcləri öz öhdəsinə götürür.

Qeyd etmək lazımdır ki, Misir Mədəniyyət Mərkəzinin elm, mədəniyyət və dilçilik mövzularını əhatə edən zəngin bir kitabxanası var. Bu kitabxana, sözün əsl mənasında, ərəb dilini öyrənənlər üçün dəyərli bir xəzinə hesab edilir.

Misir Mədəniyyət Mərkəzi Azərbaycanın müxtəlif universitetlərində magistr və doktorluq dərəcələri üzrə təhsil alan misirli tələbələri himayə edir. Belə ki, 30-dan çox misirli tələbə Azərbaycan universitetlərində doktorluq dərəcəsinə yiyələnmişdir. Bu isə Azərbaycan Respublikasının sabiq Təhsil naziri Misir Mərdanovun 18-23 aprel 2005-ci il tarixlərində Misirə səfəri zamanı Azərbaycan və Misir Təhsil nazirlikləri arasında bağlanmış əməkdaşlıq proqramı əsasında baş tutmuşdur. Bu proqrama əsasən, hər iki tərəf hər il 20 tələbəyə ödənişsiz təhsil almaq imkanı verir. Magistr və doktorluq dərəcələrini almaq üçün Misirin müxtəlif universitetlərindən artıq 20 tələbə göndərilmişdir. Bunun müqabilində azərbaycanlı tələbələr bakalavr və magistr pillələrində təhsil almaq üçün Misir universitetlərinə göndərilir.

2016-cı ilin mart ayında Xəzər Universiteti ilə Misir Elm və Texnologiya Universiteti arasında elmi mübadilə və əməkdaşlıq haqqında saziş imzalanmışdır.

● Misirdə Azərbaycan dili:

İlk dəfə Azərbaycan dili Ayn-Şəms Universitetində tədris olunmuşdur. Belə ki, 2000-ci ildə Ayn-Şəms Universitetinin ədəbiyyat fakültəsində Azərbaycan dilini öyrənmiş məzunların ilk buraxılışı olmuşdur. Azərbaycan dili fakültənin üçüncü və dördüncü kurslarında indiyədək tədris olunur. Bu dili öyrənən tələbələrin sayı 130-a çatmışdır. Misirli tələbələr türk dilləri ailəsinə daxil olan Azərbaycan dilini öyrənməyə böyük maraq göstərirlər. Eyni zamanda Azərbaycan dili əl-Əzhər Universitetinin humanitar tədqiqatlar fakültəsinin türk dili bölməsində təhsil alan tələbə qızlara da tədris olunur. Bu fakültədə Azərbaycan dilini təqribən 550 tələbə qız öyrənir. Dünyanın heç bir ölkəsində bu sayda Azərbaycan dilini öyrənən əcnəbi tələbə yoxdur. Bu da Misirdə Azərbaycan dilinə olan marağın ən bariz sübutudur.

Heç şübhə yoxdur ki, Misirdə Azərbaycan dilinin tədris olunması Misir və Azərbaycan xalqları arasında əlaqələrin möhkəmləndirilməsində mühüm addımdır. Eyni zamanda son dövrlərdə ərəb dilindən Azərbaycan dilinə və əksinə tərcümə sahəsində böyük canlanma müşahidə edilməkdədir. Lakin bu proses hələ arzu olunan səviyyəyə çatmamışdır.

Sonda uzun əsrlər boyu möhkəm tarixi əlaqələrlə bir-birinə bağlı olan Azərbaycan və Misir xalqlarını iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının iyirmi illiyi münasibətilə təbrik edirəm.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...
How To Address Strategic Insecurity In A Turbulent Age
03 yanvar 2017 The Huffington Post

How To Address Strategic Insecurity In A Turbulent Age

The ideal geopolitical response to the crisis of global power is a trilateral connection between the United States, China and Russia.

Davamı...