THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Meksika və Azərbaycan dünyanın müvafiq yerlərində Şərq və Qərb, Şimal və Cənub arasında sərhədlərə çevrilməkdədir

Siz buradasınız: Əsas səhifə »» Diplomatik guşə »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
552
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 20 dekabr 2016 – Newtimes.az

Rodrigo Labardini,

Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı

fövqəladə və səlahiyyətli səfiri

Azərbaycan Respublikasının müstəqilliyinin 25-ci ildönümünün qeyd olunmasının bir hissəsi olaraq Meksika ilə Azərbaycan arasında ikitərəfli münasibətlər haqqında təcrübə və fikirlərimi ifadə etmək mənə şərəf və məmnunluq hissi yaşadır.

Mənim nəzər-nöqtəmə gəldikdə, ilk öncə qürürla təmsil etdiyim ölkənin və bir ilə yaxındır ki, səfir kimi fəaliyyət göstərməyim üçün qapılarını mənə açan xalqın arasında olan münasibətlərin qısa məzmununa nəzər yetirməklə başlamalıyam.

Meksika Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabr ayında tanımışdır. Yalnız bir aydan sonra, yəni 1992-ci il yanvar ayının 14-də biz diplomatik əlaqələr qurduq. On yeddi il ərzində hər iki ölkə arasında ikitərəfli əlaqələrdə arabir kiçikhəcmli ixrac ilə nisbi sakitlik yaşanırdı. 2007-ci ildə münasibətlərimizə töhfə verən Azərbaycanın Meksikada (Latın Amerikasında ilk) səfirliyinin açılması və 2009-cu ildə səfirin gəlişi oldu. İkitərəfli münasibətlərin inkişafında bu ilk mərhələnin nəticəsi 2014-cü ildə Meksikanın Azərbaycanda səfirliyinin açılması oldu. Mən Meksikanın Azərbaycandakı ilk səfiri olaraq ölkəyə 2015-ci ilin may ayında gəldim və qarşımda qoyduğum məqsəd ikitərəfli mübadilə, əlaqələr və münasibətləri qurmaq və inkişaf etdirməkdir.

Meksika Azərbaycanda öz səfirliyini digər səbəblərlə yanaşı, ölkənin Qafqaz regionunda mühüm rol oynamasına görə açmışdır. Xəzər dənizinə çıxış və Mərkəzi Asiya ilə sərhədin olması ölkənin strateji mövqeyini müəyyənləşdirir və bunun əsasında Meksika Azərbaycanı regionun vacib tərəfdaşı kimi tanıyır. Meksika və Azərbaycan dünyanın müvafiq yerlərində Şərq və Qərb, Şimal və Cənub arasında sərhədlərə çevrilməkdədir. Meksika kimi Azərbaycan da tranzit, ticarət və energetika mərkəzi olmağa səy göstərir.

İkitərəfli münasibətlər inkişaf etməkdədir. Siyasi əlaqələri möhkəmləndirmək, iqtisadi əməkdaşlıq, ticarət və turizm potensialını araşdırmaq və kursu müəyyənləşdirməq məqsədilə 2008-ci ildə Siyasi Məsləhətləşmə Mexanizmini təsis etdik. O vaxtdan etibarən xarici işlər nazirlərinin görüşləri daxil olmaqla bir neçə yüksək səviyyəli səfər baş tutmuşdur.

Ölkələrimiz arasında geniş əlaqələri gücləndirmək məqsədilə hər iki ölkənin qanunverici orqanlarının nümayəndələri qarşılıqlı səfərlər həyata keçirmişlər. Bu səfərlər iqtisadiyyat, ticarət, turizm, idman və mədəniyyət daxil olmaqla müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı inkişaf etdirmək naminə təməl bazanın müəyyənləşməsinə xidmət etmişdir. Adıçəkilən səylərin bir hissəsi olaraq xüsusi işlər icra olunmuşdur və onların arasında qarşılıqlı səfərlərin həyata keçirilməsi daxil olmaqla, hər iki qanunverici orqan arasında əlaqələrin inkişafı haqqında Meksika Senatı və Azərbaycan Respublikasının Milli Məclisi arasında Anlaşma Memorandumu yer almışdır.

Bakıya gəldiyim zaman burada gündən-günə canlanan, həyat və fəaliyyətlə dolu bir şəhəri gördüm. Muzeylərində, musiqisində, memarlıq və mətbəxində qədim tarixi əks olunmuş, qaynayıb-qarışan bir şəhərlə rastlaşdım. Azərbaycanın son iki onillikdə nail olduğu iqtisadi inkişafın mühüm nəticələri göz qabağında idi. 20 idman növü üzrə 6.000 idmançının (London Olimpiya Oyunlarının iştirakçı sayından ikiqat çox) yarışdığı və idman tarixinin vacib tədbiri olan Birinci Avropa Oyunlarının izləyici qismində bir hissəsi olmaq mənim üçün çox xoş idi.

Odlar Yurdunu qarış-qarış gəzdikcə özüm üçün "Qafqazın incisi”ni kəşf edirəm. Burada mən karvansaralar, qalalar, yanaşı yerləşən məscidlər, kilsələr və sinaqoqları görürəm. Hər zaman olduğu kimi Xəzər dənizi, palçıq vulkanları, göllər və qumları seyr edirəm. Yemək mədəniyyətinin bir hissəsi olan dadlı, ləzzətli təamlar və bir çox yerlərdə bitən narın dadına baxıram. Muğama qular asıram, azərbaycanlıların əliaçıq və istiqanlı olmasını kəşf edirəm. Azərbaycanı ziyarət etmiş Sikeyros kimi mən meksikalılara oxşar keçmişi ilə qürur duyduğu və gələcəyi üçün çalışan insanları görürəm. Mən xalqlarımız arasında geniş bir potensialı görürəm.

Neft və qaz Meksika ilə Azərbaycan arasında təbii bağlılıqlar sayılır. Bakıda 1848-ci ildə tarixdə ilk dəfə olaraq neftin sənaye üsulu ilə çıxarılmasından sonra XX əsrin sonlarında Azərbaycanın payına dünya neft hasilatının yarısı düşürdü. Meksikada ilk neft 1904-cü ildə aşkar edilmiş və 2014-cü ildə ölkə dünyanın 10-cu neft istehsalçısına çevrilmişdir. İki ölkə arasında olan ixracatda neft sənayesi ilə bağlı avadanlığı tapmamağımız heç də təəccüb doğuran hal deyil. Hal-hazırda Meksikanın energetika üzrə konstitusiya islahatı layihəsi üzərində işlər getdiyini nəzərə alsaq, Azərbaycanın "Əsrin müqaviləsi”nin imzalanmasından sonra məhsul bölgüsü haqqında sazişlərin 20 ildən artıq tarixindən biz öyrənə bilərik.

İkitərəfli münasibətlərin gücləndirilməsində ticarət vacib amildir. Hal-hazırda ticarətin həcmi o qədər böyük olmasa da, daima artmaqda və böyük potensialını göstərməkdədir. Meksika ilə Azərbaycan arasında ticarətin ümumi həcmi 2014- cü ildə 2 milyon ABŞ dollarından bir qədər az idi, 2015-ci ildə isə onqat artaraq 20 milyon ABŞ dollarından çox təşkil etmişdir. Məhsulların arasında sənayə istehsalına aid neftqazma avadanlığı, elektrik hissələr, maşınlar, kimyəvi və farmakoloji məhsullar, həmçinin Meksika şəkəri və merluza (xek) balığı vardır. Səfirliyin açılmasından öncə Azərbaycanda təqdim olunan məhsulların sırasına elektron hissələr, həmçinin tekila və pivə kimi içkilər yer tuturdu. Təəccüblü deyil ki, bu, Meksikanın dünya üzrə ən iri pivə ixracatçısı, mobil telefonların üçüncü istehsalçısı və tekilanın yeganə istehsalçısı olmasından irəli gəlir.

Bundan əlavə, statistika göstərir ki aramızda uzaq məsafənin olmasına baxmayaraq ikitərəfli ticarətdə artım templəri özünü göstərir. Xüsusilə iki yüksəliş mərhələsi diqqəti cəlb edir: 2007-2009-cu illər və 2015-ci ildən sonrakı dövr. Hər iki mərhələ Azərbaycanın Meksikada və Meksikanın isə Azərbaycanda səfirliklərinin açılması ilə bilavasitə bağlıdır. Bu dövrlərdə ticarət açıq şəkildə artmışdır. Bu məsələdən dərs almaqla başa düşülür ki, bir-birimizdən xəbərdar olmaq yalnız Meksika ilə Azərbaycanın mövcudluğunu anlamaq deyil, həmçinin qarşılıqlı mənfəətə gətirə biləcək geniş imkanların olmasını bilməkdir. Ticarət imkanlarını genişləndirmək məqsədilə Azərbaycan və Meksikada ən iri idxalçı və distribüterləri tanımaq üçün işləri davam etdirəcəyik. Bu xüsusda hər iki ölkə üçün əlverişli olan bazar imkanlarını araşdırmağa səy göstəririk.

Ölkələrimiz arasında qarşılıqlı tanıtım nə qədər çox olsa da, ümumi anlayışlardan bizi birləşdirən dəyərlərin aşkar edilməsinə keçid almalıyıq.

Mədəniyyət birinci və ən önəmli vasitədir. Mən əminəm ki, mədəniyyət təbiətin və şəraitin bizə verdiyi elementlər ilə gündəlik həyatımızda baş verənləri həll etməyimizin yoludur. Meksika və Azərbaycanda tərxun var, meksikalılar onu ədviyyat kimi istifadə edir, azərbaycanlılar isə ondan sərinləşdirici içki hazırlayırlar. Sizdə pərpətöyün var, bizdə isə verdolagas. Siz onun əsasən gövdəsindən istifadə edərək soyuq qəlyanaltı hazırlayırsınız, biz isə yarpaqlarından isti yemək bişiririk. Eyni bitkilərdən fərqli şəkildə istifadə edərək eyni ehtiyacları ödəmək – bundan gözəl misal varmı? Bir-birimizdən öyrənsək və biliklərimizi bölüşsək, bu, hər birimizin qarşılıqlı şəkildə xeyrinə və yüksəlməsinə gətirib çıxara bilər.

Meksika ilə Azərbaycanın ortaq nöqtələri çoxdur. Azərbaycan gənc ölkədir. Meksika kimi onun da minilliklərə söykənən qədim tarixi və mədəniyyəti vardır. Bunun sübutunu biz Meksikanın piramidalarında və Xəzər dənizinin nefti ilə yandırılmış Makedoniyalı İsgəndərin lampalarında görürük. Dolma, lülə-kabab, piti və takos, mole, çilakiles təamlarının mövcudluğu hər iki xalqın dadlı və ləzzətli yeməklərə xoş münasibətinin göstəricisidir.

Nizami Gəncəvi, Füzuli, Xurşudbanu Natəvan, Mirzə Fətəli Axundov və Sor Xuana, Xuan Rulfo, Karlos Fuentes və Oktavio Pazdan gələn ədəbiyyata və poeziyaya olan sevgi damarlarımızda axan qanda həkk olunub. "Leyli və Məcnun” əsəri ilə biz məhəbbət mövzusunda nostaljı hissləri bölüşürük, "Богатые тоже плачут” və "Просто Мария” əsərləri vasitəsilə isə drama olan sevgimizi nümayiş etdiririk. Hər iki ölkənin mənəvi dəyərləri YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir: Azərbaycanın muğamı və Meksikanın mariaçi musiqisi. Dillərimiz – Azərbaycan və ispan dilləri fərqli olsa da, səmimi danışdığımız üçün bizə doğma səslənir. Tarixdən və ənənələrdən gələn dəyərlər vasitəsilə bir-birimizə fərz etdiyimizdən daha yaxın olduğumuzu anlayırıq. Mətbəxi və ənənələri təqdim etməyin ən yaxşı üsullarından biri də kinodur. Burada hər iki ölkənin müxtəlif dövlət və özəl qurumlarının əməkdaşlığı ilə Azərbaycan dilinə tərcümə edilmiş və Bakıda təqdim olunmuş filmləri xatırlamaq istərdim. Həmçinin, Bakıda 2015-ci ilin may ayında keçirilmiş Mədəniyyətlərarası Dialoq üzrə III Dünya Forumunda Meksikanın nümayəndə heyəti də iştirak etmişdir.

Biz idmana olan sevgimizi də bölüşürük. Hər iki ölkənin fərqli idman növləri üzrə qazandığı uğurlar da var. Azərbaycan güləş, gimnastika və ağır atletikadakı uğurları, Meksika isə suya tullanma, boks və taekvando idman növləri ilə tanınır. Müvafiq sahələr üzrə bir-birimizdən öyrənə və biliklərimizi bölüşə bilərik. Mexiko şəhərinin yüksəklikdə yerləşməsi və Meksika idmançıları ilə məşqlərin keçirilməsi üçün Azərbaycanın boks üzrə milli yığması 2015-ci ildə iki dəfə – Birinci Avropa Oyunları və Qətərdə keçirilən Dünya Birinciliyindən öncə Meksikaya üz tutmuşdur. Azərbaycanın taekvando üzrə milli komandası Mexiko şəhərinə səfər edib və burada Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarına bir neçə lisenziya qazanmışdır. Meksikanın tapança, tüfəng və pnevmatik tüfəng kateqoriyalarında atıcılıq üzrə milli yığması Dünya Kubokunda iştirak etmək üçün Azərbaycanın Qəbələ rayonuna səfər etmişdir. Adıçəkilən tədbirə həmçinin Beynəlxalq Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranya da təşrif buyurmuşdur.

Dünya ÜDM-nin 10%-i turizm sahəsindən gəldiyi üçün bu sektorda hər iki ölkə üçün böyük imkanlar var. 2015-ci ildə 32 milyondan çox turist Meksikaya səfər etmişdir. Meksika dünyanın ən çox ziyarət olunan 10 ölkəsindən biridir. Bu istiqamətdə qazandığı uğurları, bilikləri və gözəl təcrübəni Meksika Azərbaycanla bölüşə bilər. Həmçinin, öz növbəsində Meksika da Azərbaycanın Şəki şəhərindən və Xan sarayından çox şey öyrənə bilər. Hər iki ölkənin paytaxtından Nyu-York, Frankfurt və Paris şəhərlərinə birbaşa uçuşlar mövcuddur. Beləliklə, iki ölkə arasında artıq birdayanacaqlı məsafə olduğundan bir-birimizə indi daha yaxınıq.

Təhsil gələcək inkişafın təməlidir. Hər iki millətin gücü onun gənclərində, xüsusilə universitetlərimizdə hiss olunur. Tələbə-müəllim mübadiləsi, Latın Amerikası və Xəzər/Qafqaz üzrə tədrisdə birgə tədqiqatların aparılması hər iki tərəfin xeyrinə olacaq. Belə ki, bunun əsasında yeni fikirlər və nəzər nöqtələri yaranacaq. Ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələr yaradıb onları inkişaf etdirməliyik. Biz ölkələrimiz arasında əlaqələr və birliklər qurmalıyıq. Xüsusilə informasiya texnologiyaları bizə ailələrimiz və yeni dostlarımızla danışmaq və onları görmək imkanını yaratdığı üçün.

Təbiətin bizə verdiyi eyni elementlər vasitəsilə reallıqda baş verənləri həll edən insanlardan öyrənəcəyimiz, biznesi təşkil edə biləcəyimiz, heç vaxt dadına baxmadığımız ləzzətli təamlar və içkilərdən həzz alacağımız, gözəl təcrübələri bölüşəcəyimiz və bizimkindən fərqli, amma eyni zamanda oxşar minillik mədəniyyətə malik insanların baxışı, mədəniyyəti və keçmişindən zövq alacağımız yolları və biznes-turizmi təşviq etdirməliyik.

Ölkələrimiz üçün yeni və unikal yollar açılmaqdadır. Bizə çətinlik yaradan bəzi məsələlər var və onları daha yaxşı dialoq və güclü münasibətlərin qurulması vasitəsilə aradan qaldıracağıq. Xalqlarımıza xeyir gətirmək üçün istifadə edəcəyimiz vasitələr mədəniyyət, idman, ticarət, turizm, mətbəx, incəsənət, kino, dialoq və iştirakdır. Biz bunun üçün hər cür səy göstəririk. Mən şəxsən daha artıq məqsədlərə nail olmağa can atıram və böyük həvəslə işləyirəm.

Hər iki ölkə əməkdaşlıq üçün möhkəm təməl qoymaqdadır. Münasibətlərimizin tarixində yeni səhifəni yazmaqdayıq və planetimizin hər iki tərəfində bizi qonşu kimi yaxınlaşdıracaq mərhələyə daxil olmaqdayıq. Fikirləşdiyimizdən də daha yaxınıq. Meksika və Azərbaycan – artıq daha yaxındır.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...