THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Koreya və Azərbaycan yüksək iqtisadi əməkdaşlıq potensialına malikdir

Siz buradasınız: Əsas səhifə »» Diplomatik guşə »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
285
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 8 dekabr 2016 – Newtimes.az

Kim Çanq-gyu,

Koreya Respublikasının

Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri

Koreya Respublikası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlər 1992-ci ildə qurulmuşdur və 24 il ərzində böyük inkişaf yolu keçmişdir. Bu müddət ərzində ölkə başçılarının üç rəsmi səfəri və bununla yanaşı, baş nazirlər və digər yüksək rütbəli dövlət məmurlarının çoxsaylı səfərləri hayata keçirilmişdir.

İki ölkə arasında ticarət dövriyyəsi son zamanlarda 310 milyon dollara çatmış, Azərbaycanda yaşayan Koreya vətəndaşlarının sayı isə 300-ü keçmişdir. İl ərzində 4000-ə yaxın Azərbaycan və Koreya vətəndaşı qarşılıqlı olaraq səfər mübadiləsi həyata keçirir, həmçinin Koreya hökumətinin təqaüd proqramı ilə təhsil alan tələbələrin sayı da ildən-ilə artmaqdadır. Bu günə qədər Koreya səfirliyinin nəzdində fəaliyyət göstərən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) ayırdığı qrantın həcmi 40 milyon ABŞ dolları həcmində olmuşdur. Bu qrant vəsaiti Azərbaycanda ''Elektron hökumətin təsis olunması'', ''Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması'', ''Təhsil Nazirliyində təhsil informasiya sisteminin yaradılması və müəllimlərin peşəkarlığının artırılması'', ''Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və çirkab sularının təmizlənməsi qurğusunun yaradılması'' və ''Kürdəmirdə İrriqasiya və Drenaj Şəbəkəsinin bərpası və idarə olunmasının təkmilləşdirilməsi'' layihələrinə sərf olunmuşdur. Koreyanın İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun aşağı faizli kreditlərinin həcminin bu il 70 milyon ABŞ dollarına çatdırılması planlaşdırılır.

Məlum olduğu kimi, Koreya dünyada özünəməxsus və zəngin mədəniyyətə malik ölkə kimi tanınır. Qədim zamanlarda Koreya xalqı Koreya yarımadasında və Mancuriyanın cənub-şərq hissəsində ilkin məskunlaşmasından etibarən özünəməxsus məharətli bacarığa və Altay mədəni köklərinə əsaslanan nadir mədəniyyət yaratmışdır. Yarımadanın coğrafi xüsusiyyətləri Koreya xalqına həm quru, həm dəniz mədəniyyəti, həm də zəngin resurslar qazanmaq imkanı vermişdir. Bu da öz növbəsində Koreya xalqına musiqi, incəsənət, ədəbiyyət, rəqs, memarlıq, geyim, mətbəx və s.-dən ibarət öz çiçəklənən mədəniyyətini yaratmaq imkanı vermişdir. Koreya bəzi nümunələrinin YUNESKO tərəfindən qorunan insan mirasları (qeyri-maddi mədəni irs) siyahısına salınan çox qiymətli mədəniyyət tarixi xəzinəsini uğurla mühafizə edir. Hal-hazırda ümumilikdə 38 sayda Koreya irsinin nümunələri "Bəşəriyyətin şifahi və qeyri maddi şah əsərləri'' siyahısına və ya YUNESKO-nun "Dünya yaddaşı'' qeydiyyatına daxil edilmişdir.

Hal-hazırda Koreyanın incəsənəti və mədəniyyəti dünyanın çoxsaylı həvəskarlarını özünə cəlb edir. Əsrlər boyu Koreyanın qazandığı mədəni və bədii nailiyyətlər sayəsində bu gün onun çoxsaylı istedadları dünyanın ən nüfuzlu rəqs və musiqi müsabiqələrində iştirak edir. Koreya ədəbiyyatı nümunələri isə dünya oxucuları üçün müxtəlif dillərə tərcümə olunur. Son zamanlarda Koreyanın pop ifaçısı PSY-in "Gangam Style'' mahnısının nümunəsində Koreyanın pop musiqiçiləri dünyanın müxtəlif yerlərindən böyük pərəstişkar kütləsini özlərinə cəlb ediblər.

Azərbaycan yüksək inkişaf etmiş və zəngin mədəniyyətə malik ölkədir. Müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşən Azərbaycan musiqi, rəqs, mətbəx, geyim, ədəbiyyat və digər sahələrdə özünəməxsus və zəngin mədəniyyət yaratmışdır.

Muğam – Azərbaycan mədəni irsinin misli-bərabəri olmayan bir hissəsini təşkil edərək Azərbaycanın mədəniyyət tarixi ilə sıx bağlı olan musiqisinin nadir nümunəsidir. Koreyanın milli simli alətləri ilə ifa olunan ''Gayageum'' musiqisi muğama oxşayır. Azərbaycanın dahi musiqiçiləri muğam ifaçılıq mədəniyyətini yaratmış və muğam Azərbaycanın hüdudlarından kənarda tanınmağa başlamışdır. Muğam Azərbaycan bəstəkarlarına, rəssamlarına, heykəltəraşlarına, şairlərinə böyük ilham verir. Zəngin mədəniyyətin bir hissəsi olan Azərbaycan rəqsləri də bütün dünyada məşhurdur. Bu rəqslər dostluğu, birliyi və cəsarəti təmsil edir.

Xalqlarımız Altay dil ailəsinə mənsub xalqlar olaraq ortaq mədəni kökləri paylaşırlar. Bununla da xalqlarımız arasında mədəniyyət sahəsində əməkdaşlıq üçün böyük potensial kəşf olunur. İki ölkə arasındakı mədəni əlaqələr bu ortaq mədəni adətlər əsasında sıx şəkildə inkişaf etməkdədir. Bu sahədə SEBA (Seul-Bakı) Mədəniyyət Mübadiləsi Assosiasiyasının səyləri yüksək qiymətləndirilməlidir. Assosiasiyanın səyləri nəticəsində hər il hər iki ölkədə musiqi, incəsənət, kino, mətbəx və digər sahələri əhatə edən yüksək səviyyəli tədbirlər təşkil edilir. Xüsusilə də, taekvondo idman növü sahəsində mübadilə təqdirəlayiqdir. Bu idman növü üzrə Azərbaycan idmançıları beynəlxalq səviyyəli yarışlarda yüksək nəticələr göstərirlər. Ən mühüm faktor isə ondan ibarətdir ki, Koreya dili Azərbaycanda geniş şəkildə istifadə olunur.

Koreya və Azərbaycan yüksək iqtisadi əməkdaşlıq potensialına malikdir. Ölkələrimizin sənayesinin yüksək səviyyədə qarşılıqlı töhfəsi və inkişaf etmiş iqtisadiyyatı iki ölkə arasındakı səmərəli iqtisadi əməkdaşlığın əsas amillərini təşkil edir. Sovet İttifaqının dağılmasından qısa müddət sonra Azərbaycan mühüm iqtisadi uğuru ilə daha yüksək ortagəlirli ölkə olaraq təzahür etdi. Belə qısa müddətdə ümumi daxili məhsulun (ÜDM) sürətlə 20 dəfə artması və kasıblıq dərəcəsinin 5 faizə enməsi möcüzə adlandırılmalıdır. Yüksək savadlılıq dərəcəsi və orta ömür müddətinin 60 yaşdan 70 yaşa qədər artması ölkənin böyük uğurunun göstəricisidir. İqtisadiyyatın davamlı inkişafı növbəti illərdə Azərbaycan hökumətinin ən mühüm prioritet siyasəti olacaqdır. Düşünürəm ki, bu məqsədin həyata keçirilməsində ölkə iqtisadiyyatının diversifikasiyası əsas rol oynayacaqdır. Azərbaycan Asiya və Avropa, həmçinin Rusiya və Ərəb dünyası arasında əlaqələndirici coğrafi mövqedə yerləşdiyindən ölkənin Avrasiya materikində nəqliyyat mərkəzi kimi inkişaf etməsi ehtimal oluna bilər. Fərqli iqlimi və zəhmətkeş fermerləri ilə Azərbaycanın hər cür tərəvəzi istehsal edən uğurlu kənd təsərrüfatı ölkəsi olması gözləniləndir. Bütün potensialların istifadə olunması baxımından Koreya iqtisadiyyatının inkişaf təcrübəsi Azərbaycan üçün ən faydalı istinad ola bilər.

Koreya öz iqtisadiyyatının inkişafı və sənayenin yüksək səviyyədə diversifikasiyası ilə "Han çayı möcüzəsi''nə çevrilmişdir. 1960-cı ilin əvvəllərində Koreyanın ixracı cəmi 32.8 milyon ABŞ dolları təşkil edirdi və adambaşına düşən ÜDM çox cüzi, cəmi 60 ABŞ dolları idi. Buna baxmayaraq, Koreya hazırda yarımkeçiricilər, gəmi, avtomobil, mobil telefon kimi yüksək texnologiyaları ilə dünyada seçilən iqtisadiyyatın bütün sahələrində inkişafın təmin olunduğu inkişaf etmiş ölkəyə çevrilmişdir. Bu gün Koreyanın ixrac dövriyyəsi 559 milyard ABŞ dolları təşkil edir və ÜDM 27,000 ABŞ dolları və ya alıcılıq qabiliyyəti pariteti ilə 35,500 ABŞ dolları təşkil edir. Cənubi Koreya az maliyyə vəsaiti və resursları ilə inkişafın təqibi prosesində böyük bizneslərdə mərkəzləşən ixraca yönəlmiş iqtisadi struktur yaratmışdır. 1998- ci ildə iqtisadi böhranın öhdəsindən gəldikdən sonra Koreyanın iqtisadiyyatı sürətli inkişafını davam etdirmişdir. Hətta 2008-2010-cu illərdə dünyada baş verən iqtisadi böhran zamanı Koreya iqtisadiyyatında 6.3% möhtəşəm iqtisadi inkişaf müşahidə olunmuşdur. 2010-cu ildən etibarən Cənubi Koreya illik xarici ticarətin 1 trilyon ABŞ dolları həcminə çatdırılması hədəfinə müvəffəq olaraq dünyanın yeddinci ən böyük ixcaratçı ölkəsi kimi təzahür etmişdir. Ölkənin xarici valyuta ehtiyatları 2013-cü ilin dekabr ayında 36.5 trilyon ABŞ dolları təşkil etmişdir. Qazandığı mükəmməl iqtisadi nailiyyətlər nəticəsində ölkənin suveren krediti "Aa2'' reytinqinə yüksəlmişdir ("Moody'' agentliyi).

İnformasiya texnologiyaları (İT) ölkə iqtisadiyyatının ən güclü ünsürü olmaqla, idarəetmədə innovasiya və inzibati islahat üçün tələb olunan bütün bacarıqları əhatə etməklə yanaşı kompüter proqramları, internet, multi-media və kommunikasiya cihazları ilə bağlı bacarıqları da əhatə edir. Qabaqcıl informasiya texnologiyaları ölkənin mobil kommunikasiya texnologiyasını dünyanın ən yaxşı sənayelərindən birinə çevirmişdir. İT-nin inkişafı sayəsində Koreya elektron hökumətin qurulması və müasir texnologiyaların tətbiqi təcrübəsi ilə tanınır. Gəmiqayırma Cənubi Koreyanın uğurlu sahələrindən biridir və 2011-ci ildə ölkə 13.55 milyon kapitaldan gəlir vergisi dəyərində, qlobal gəmiqayırma sifarişlərinin 48.2%-i həcmində sifariş qazanmışdır. Ölkə ildə 4.56 milyon avtomobil istehsal etməklə dünya üzrə avtomobil istehsalında 5-ci yeri tutur. Koreya inkişaf etmiş stansiyaları ilə nüvə elektrik stansiyasının ixrac edilməsı üzrə dünyada 6-cı yeri tutur.

Həmçinin, ölkə açıq bazar iqtisadiyyatını qəbul etmişdir və bu baxımdan digər ölkələrlə daha çox Azad Ticarət Sazişləri imzalamaq üçün danışıqlar aparır. Eyni zamanda xarici sərmayəçilərə ölkədə sərbəst sərmayə yatırmaq imkanı yaratmaqla, yerli biznes təşilatlarını da bərabər şəkildə sərbəst sərmayə yatırmağa həvəsləndirir. Ölkə xarici sərmayəçilərə Şimal-Şərqi Asiyada uzunmüddətli məqsədlə maliyyə mərkəzi və təchizat bazası kimi formalaşmaq üstünlüyü təklif edir. Ölkə öz bazarını kənd təsərrüfatı daxil olmaqla əksər sahələrə açmışdır. Cənubi Koreya 2013-cü ilin may ayına kimi Çili, Sinqapur, Avropa Azad Ticarət Assosiasiyası (AATA), Cənub-Şərqi Asiya Xalqlarının Assosiasiyası, Hindistan, Avropa İttifaqı (Aİ), Peru, Amerika Birləşmiş Ştatları, Türkiyə, İndoneziya, Kanada, Avstraliya və Vyetnam daxil olmaqla, dünyanın 46 ölkəsi ilə Azad Ticarət Sazişi imzalamışdır.

Cənubi Koreya ticarət dövriyyəsinin 2 trilyon dollara çatacağı dövr üçün hazırlıqlar görür. Ölkə öz ixracını artırmaq, ixrac məhsullarının şaxələndirilməsi, birinci dərəcəli keyfiyyətli məhsulları hər il seçməklə keyfiyyətin artırılması üzrə fəaliyyətini daha da artırır. 2012-ci ildə seçilən birinci dərəcəli keyfiyyətli məhsullar arasında dünya bazarında ən yüksək yerləri paylaşan 143 məhsul yer almışdır ki, bunlara yaddaş yarımkeçiriciləri, TFT-LCD-lər, dəniz suyunun duzsuzlaşdırılması avadanlıqları, mayeləşdirilmiş təbii qaz daşıyıcıları, flaş yaddaş kartları və digər məhsullar daxildir. Ölkə həmçinin Şimal-Şərqi Asiyada təchizat mərkəzinə çevrilməyə səy göstərir. İnçon Beynəlxalq Hava Limanı dünyanın 1700 hava limanının məşvərət şurası olan Beynəlxalq Hava Limanları Şurası tərəfindən keçirilən hava limanları xidmətlərinin illik qiymətləndirilməsində doqquz il ardıcıl olaraq birinci yerə layiq görülmüşdür. Koreyada kənd təsərrüfatı yüksək səviyydə inkişaf etmişdir. Koreya həmçinin tibb sahəsində dünya standartlarına cavab verən qabaqcıl inkişafa nail olmuşdur.

Azərbaycanda sənayenin diversifikasiyası siyasətinin reallaşdırılmasında Koreya təcrübəsinin böyük faydası olacaq və Koreya bu təcrübəni bölüşməyə tam hazırdır. Bundan əlavə, Altay dil ailəsinə məxsus olan iki qohum xalq olaraq təkcə dil xüsusiyyətləri baxımından deyil, mədəniyyətin digər sahələrində də ortaq cəhətlərimiz çoxdur. Bu ortaq cəhətlər əməkdaşlığımız üçün, şübhəsiz ki, möhkəm özül olacaqdır. İki ölkə arasında informasiya texnologiyaları, tibb, dərman istehsalı, turizm, nəqliyyat və kənd təsərrüfatı sahələrində böyük əməkdaşlıq potensialı mövcuddur. Azərbaycan xalqının yüksək standartlara malik təhsili və biliyi ona yüksək inkişaf etmiş sənaye və tərəqqiyə nail olmaq imkanı verir. Koreya xalqının milli inkişaf dövründə əldə etdiyi təcrübə və sənayenin hər bir sahəsində qazandığı yüksək standartlara malik nailiyyətlər Azərbaycan hökumətinin sənayenin şaxələndirilməsi siyasətinin həyata keçirilməsi üçün olan bütün tələblərə kifayət edəcəkdir. Azərbaycanda Koreyanın ümumi xəstəxana sisteminin təsis olunmasının reallaşması Azərbaycan xalqının daha sağlam həyat sürməsinə və tibb sənayesinin bundan sonrakı inkişafına təkan verəcəkdir. Bu, eyni zamanda ölkənin Cənubi MDB məkanında tibb mərkəzinə çevrilməklə böyük gəlirli sahənin yaranmasına səbəb ola bilər.

Bundan əlavə, Koreyada neft emalı, nəqliyyat, dəmiryolu tikintisi və digər sahələr qabaqcıl sahələrdir. Koreyanın inkişaf təcrübəsi Azərbaycanın yüksək inkişaf etmiş sənaye özülünə əlavə olunduğu zaman bu, şübhəsiz, uğur hekayəsi yaradacaqdır. Nəqliyyat infrastrukturu əməkdaşlığın qarşılıqlı faydalı sahəsidir. Bu yaxınlarda Koreyada yüklənmiş ilk sınaq qatarı Çini keçərək Bakıya 10 günə çatmışdır. Bu sınaq Yeni İpək Yolunun açılmasının carçısı ola bilər. Koreyada belə bir ifadə var: "Yol açılanda əvvəlcə insan, sonra isə iqtisadiyyat inkişaf edir''. Azərbaycan hökumətinin İpək Yolunu bərpa etmək siyasətini yüksək qiymətləndirirəm. Azərbaycan Koreyada öz təbiətinin gözəlliyi və təbii sərvətlərinin zənginliyinə görə tanınır. İnanıram ki, nəqliyyat dəhlizinin daha da rahat olması Koreya turistlərinin Azərbaycana səyahətinə və onun füsunkar təbiətindən zövq almağa təkan verəcəkdir.

Məhsuldarlığın artırılması, keyfiyyətə nəzarət və marketinq sahəsində əməkdaşlıq Azərbaycanın kənd təsərrüfatının inkişafına böyük dəstək ola bilər.

Azərbaycanı müstəqilliyinin 25-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Müstəqillikdən sonra Azərbaycan xalqının əldə etdiyi nailiyyətləri və inkişafı yüksək qiymətləndirirəm. Azərbaycan xalqının yüksək intellekti və səmimiliyi gələcəkdə daha böyük nailiyyətlərin əldə edilməsində mühüm rol oynayacaqdır. Xalqlarımızın ortaq düşüncə tərzi və mədəni xüsusiyyətlərini nəzərə alaraq gələcəkdə münasibətlərimiz daha da inkişaf etdiriləcəkdir.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...