THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İsrail Azərbaycanı qeyri-sabit regionda sabitliyin bir bünövrəsi hesab edir

Siz buradasınız: Əsas səhifə »» Diplomatik guşə »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
346
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 6 dekabr 2016 – Newtimes.az

Dan Stav,

İsrail Dövlətinin Azərbaycan Respublikasındakı

fövqəladə və səlahiyyətli səfiri

"52 il bundan öncə İsrail dövlətinin yaradılması dünyada böyük bir hadisə idi. İsrail dövlətinin son illərdəki mövcudluğu, yəhudi xalqının əsrlərlə davam edən əziyyətlərindən sonra onun inkişafı və ölkənin formalaşdırılması 52 il bundan öncə baş verən bu hadisənin yəhudilər və bütün bəşəriyyət üçün nə qədər vacib olduğunu nümayiş etdirdi… Azərbaycan və İsrail arasında mövcud olan dostluğun dərin kökləri vardır. Yəhudilər əsrlər boyu Azərbaycanda bərabərhüquqlu xalqlar kimi yaşamışlar. Azərbaycanlılar heç zaman onları başqa bir xarici millətin nümayəndəsi hesab etməmişdir. Bizim xalqımız XIX əsrin sonlarından və XX əsrin əvvəllərindən etibarən Azərbaycanda yaşayan yəhudilərin Azərbaycan elminin, mədəniyyətinin, ictimai səhiyyəsinin, iqtisadiyyatının və sənayesinin inkişafında böyük xidmətlərini və davam edən izlərini heç zaman unutmayacaqdır''.

Azərbaycan Respublikasının mərhum Prezidenti möhtərəm Heydər Əliyevin İsrail Milli Günü münasibətilə 11 may 2000-ci il tarixində təşkil edilmiş rəsmi qəbuldakı çıxışından

Azərbaycan Respublikası və İsrail Dövləti arasındakı münasibətlər dərin və həqiqi dostluq, müxtəlif sahələrdə paylaşılan maraqlar, həm dövlətlər, həm də xalqların qarşılıqlı faydası naminə münasibətlərin gələcək inkişafı üçün möhtəşəm potensial, Yaxın Şərqə xas olan qeyri-sabit şəraitdən meydana gələn oxşar çətinliklər, münaqişələrin və ziddiyyətlərin dinc və sülh yolu ilə həllinə dair prinsipial yanaşma kimi sağlam və hərtərəfli amillərə əsaslanır.

İsrail Azərbaycan Respublikasını 1991-ci il oktyabrın 25-də, Azərbaycanın Ali Məclisinin Müstəqillik haqqında Bəyannaməni qəbul etməsindən cəmi bir həftə sonra tanımışdır. Bununla da İsrail Azərbaycanın müstəqilliyini tanıyan dördüncü dövlət olmuşdur. Bu, hətta müstəqillik tərəfdarlarının mütləq əksəriyyətinin lehinə səs verdiyi 29 dekabr 1991-ci il tarixli referendumdan da əvvəl baş vermişdir.

Tam ədalətlə söyləmək lazımdır ki, Azərbaycanla diplomatik münasibətlərin qurulması bütün Mərkəzi Asiya və Qafqaz regionu ilə münasibətlərin inkişaf etdirilməsi üzrə geniş planın tərkib hissəsi idi. Bununla belə, bu münasibətlər vahid və unikal platforma üzərində qurulmuşdur. Hazırda İsrailin bu regiondakı 8 dövlətin hər biri ilə yaxşı münasibətləri mövcuddur. Mən əminəm ki, Azərbaycanla münasibətlərin unikallığı və əhəmiyyəti Azərbaycanın müstəqilliyinin ilk günlərində olduğu kimi davam edir.

Hər iki ölkə qədim zamanlardan strateji baxımdan əhəmiyyətli beynəlxalq yollar üzərində yerləşir. İsrail torpağı Aralıq dənizinin sahilyanı zolağı istiqamətində yerləşərək Nil çayı vadisində bir-birinin ardınca meydana gələn və süqut edən imperiyaları Mesopotamiya ilə birləşdirmiş və minilliklər boyu bir çox imperiyaların yaranmasına və dağılmasına şahidlik etmişdir. Hər iki dövlət ən azı bir qonşusu ilə viranedici müharibə yaşamış, qaçqın və ya məcburi köçkünlərin böyük axını ilə üzləşmək məcburiyyətində qalmışdır. Hər iki ölkə və cəmiyyət yeni gələnlərlə inteqrasiya etmək üçün çoxlu səylər göstərmişdir. Hər iki ölkə indiyə qədər uzun sürən münaqişələrlə məşğul olmağa məcbur olmuşdur. Bununla belə, hökumətlərini milli büdcənin əhəmiyyətli hissəsini müdafiə xərcləri üçün ayırmaq məcburiyyətində buraxan regional həssas vəziyyət və uzun sürən münaqişələrə baxmayaraq, hər iki tərəf əhəmiyyətli inkişaf yolu keçməyə müvəffəq olmuşdur.

Bəziləri mübahisə edə bilər ki, bu dövlətlər arasındakı münasibətlər onların maraqlarına əsaslanır və tarixi oxşarlıqlar, onların üzləşdiyi çətinliklər özlüyündə sağlam və sabit uzunmüddətli əlaqələr üçün möhkəm təməl yarada bilməz. Lakin bunu da vurğulamaq lazımdır ki, bu tarixi bənzərliklər Azərbaycan və İsrail xalqları arasındakı heyranedici bağların, Azərbaycan Respublikası və İsrail Dövlətinin yaranmasından ən azı min beş yüz il əvvələ gedib çıxan əlaqələrin yalnız bir hissəsidir. Bu müddət çiçəklənən və inkişaf edən dağ yəhudiləri icmasının tarixin müxtəlif dövrlərində müxtəlif dinlərə – zərdüştlüyə, xristianlığa və daha sonra isə islama sitayiş edən qonşuları ilə harmonik şəkildə birgəyaşayışı ilə səciyyələnir və seçilir. Xalqlar arasında uzun müddət birlikdə paylaşılan dövrün həm tarixi, həm də arxeoloji sübutları mövcuddur. Bununla bərabər, hətta ehtimal olunur ki, yəhudilər burada min il daha öncə yaşamışlar. Bu, eramızdan əvvəl təxminən 720-ci ildə İsrail Krallğının dağılmasından sonra bəzi İsrail qəbilələrinin Qafqaza üz tutduqları zamana təsadüf edir. Digər heyrətamiz bir tarixçə yəhudilərin Xəzər imperiyasının həyatında oynadığı rolla bağlıdır. Yəhudilərin Azərbaycana təxminən 25 əsr bundan öncə gəlmələrini sübut etmək bir qədər mümkünsüz olsa da, çoxlu sayda yəhudinin bugünkü Azərbaycan ərazisində uzun tarix boyunca yaşadığı daha inandırıcıdır. Azərbaycan xalqı onun ərazisinə sürgün edilmiş azlıqlara, o cümlədən istər XIX əsrin əvvəllərində Azərbaycanda yerləşən molokanlara, istərsə də təxminən eyni vaxtda Azərbaycana köç etmiş ilk Aşkinaz yəhudilərinə böyük qonaqpərvərlik göstərmiş və onları səxavətlə qəbul etmişdir. O zamandan etibarən Aşkinaz yəhudiləri İkinci Dünya müharibəsi dövrü də daxil olmaqla Azərbaycana gəlməyə davam etmişlər. Onların hamısı Azərbaycan xalqı tərəfindən mehribanlıqla qarşılanmış, Bakının və Azərbaycanın yüksək etnik-dini mozaikasına sürətlə inteqrasiya edərək, yerli xalqın elm və mədəniyyətinə öz töfhələrini vermişlər. Yəhudilər İsrail Dövlətinə miqrasiya edərkən bunu qorxu və ya təqib səbəbindən etməmişlər, onlar səxavətli və qonaqpərvər bir ölkəni öz yəhudi qardaşları ilə birləşmək üçün tərk etmişlər. Yəhudilər öz ölkələrinə köç etdikdən bəri müxtəlif səviyyəli və zəngin münasibətlərə öz dərin töhfələrini verərək, iki xalq arasında insani (mədəni) körpü rolunu oynayırlar. Onlar İsrailin hörmətli vətəndaşlarıdırlar və eyni zamanda iki dost dövlət arasında münasibətləri möhkəmləndirmək üçün fəal şəkildə və səylə çalışırlar.

Həm İsrail, həm də Azərbaycan milli təhlükəsizliklərini, eləcə də xarici siyasətlərini formalaşdırarkən Qərbi Asiyadakı sosial-iqtisadi inkişaf dinamikasını və həmçinin hərbi-siyasi vəziyyəti özləri üçün vacib hesab edirlər. İsrail Qərbi Asiyanın bir hissəsi olduğuna görə Azərbaycan onunla sərhədlərə malikdir. Regionda son illərin hadisələrinin dinamikası, xüsusilə 2010-cu ildən etibarən baş verən və Qərbdə "Ərəb baharı” kimi qəbul edilən hadisələr bir sıra zorakılıq və qəddarlıq hallarının xaotik şəkildə artması ilə səciyyələnmişdir. Sürətli və dramatik hadisələr bəzi hallarda bu regionun siyasi təsisatları üçün xarakterik olan dərin dəyişikliklərə səbəb ola bilər ki, bu da Qərbi Asiyanın geniş ərazilərinin əbədi olaraq qanlı döyüş bölgələrinə çevrilməsinə gətirib çıxara bilər. Qərbi Asiyanın bəzi hissələri milyonlarla günahsız və köməksiz insana, o cümlədən qadın və uşaqlara qarşı öncədən planlaşdırılmış və dəhşətli zorakılıq kampaniyaları səhnələrinə çevrilmişdir. Qərbi Asiya bir rejim tərəfindən öz xalqına qarşı görünməmiş zorakılıq aktlarına şahidlik etmişdir; o, minlərlə cihadçının dünyanın bütün bölgələrindən axınına və bu bölgənin hegemon güclər arasında birbaşa və yaxud onların havadarlığı altındakı terror təşkilatları vasitəsilə nüfuz mübarizəsinə çevrilməsinin şahidi olmuşdur ki, bu da şiə və sünni məzhəbləri arasında parçalanmanın daha da artması ilə nəticələnmişdir. Qərbi Asiya heç bir fərq qoyulmadan məscidlərin və müqəddəs yerlərin cihadçılar tərəfindən hədəfə alınmasına şahidlik etmişdir. Onlar insan həyatına heç bir rəhm etməmiş və digər inanclara və ya etiqadlara heç bir hörmət göstərməmişlər.

Bunun əksinə olaraq, İsrail Azərbaycanı etnik qruplar, mədəniyyətlər və dinlər arasında dərin köklərə malik harmonik birgə mövcudluğa əsaslanan bir sabitlik lövbəri kimi görmüşdür. Faktiki olaraq, Azərbaycan ağlasığmaz vəhşiliyə, şiə və sünnilər arasında tolerantlığın tamamilə yoxluğuna alternativ bir model kimi çıxış edir. Azərbaycan, bəlkə də, Qərbi Asiyada çox az ölkələrdən biridir ki, burada şiə və sünni müsəlmanlar birlikdə dua edirlər. Bu sülhpərvər və dinc ənənə dinin dövlətdən ayrı olduğuna zəmanət verən ölkə konstitusiyası ilə genişləndirilir və orda təsbit olunmuşdur. Bundan başqa, İsrail və Azərbaycan, onların hökumətləri və xalqları arasındakı möhkəm əlaqələr sübut edir ki, müsəlmanların əksəriyyət təşkil etdiyi bir ölkə və yəhudi dövləti mükəmməl və hərtərəfli münasibətlərdən faydalana bilər. Bu münasibətlər bir-birinə qarşılıqlı hörmət, möhkəm dostluq bağları, qarşılıqlı maraqlar, regional və qlobal məsələlər haqqında təsəvvürlərin əhəmiyyətli dərəcədə yaxınlığına əsaslanır.

Həqiqətən də, İsrail və Azərbaycan arasında münasibətlər sadəcə zamanın sınağından çıxmış dostluğa söykənmir. İsrail Azərbaycanı qeyri-sabit regionda sabitliyin bir bünövrəsi hesab edir. Bundan əlavə, Azərbaycanın iki əsas nəqliyyat marşrutunun – Şərq-Qərb nəqliyyat dəhlizinin və eləcə də Şimal-Cənub dəhlizinin üzərində yerləşməsi, strateji mövqeyi Azərbaycanı qlobal səviyyədə əsas nəqliyyat qovşağına çevirir. Bu marşrutları müasirləşdirmək üçün tələb olunan investisiyalar, eləcə də Şərq-Qərb dəhlizindən potensial istifadə İsrailin özəl sektoru üçün böyük imkanlar təklif edir.

İsrail və Azərbaycan davamlı olaraq ikitərəfli iqtisadi əlaqələri təşviq etmək üçün böyük maraq göstərirlər. Həqiqətən də bu münasibətlər ikitərəfli əlaqələrin daha bir möhkəm sütununa çevrilmişdir. İsrail möhkəm və dayanıqlı iqtisadi əlaqələrin daha da inkişaf etməsi üçün geniş imkanların olduğuna qətiyyətlə inanır. Buna nail olmaqdan ötrü hər iki ölkənin hökumətlərinin özəl sektorun biznes fəaliyyəti ilə məşğul olması üçün əlverişli mühitin yaradılması məqsədilə birlikdə işləməsi lazımdır. İnvestisiyaların təşviqi və qorunması haqqında imzalanmış saziş belə əlverişli mühitin göstəricisidir. İkiqat vergitutmanın aradan qaldırılmasına dair sazişin də qısa müddət ərzində imzalanacağına ümidvarıq. Bundan başqa, İsrail hesab edir ki, iqtisadi əməkdaşlıq haqqında sazişin imzalanması yüksək dərəcədə arzuolunandır. Bu da öz növbəsində həm Azərbaycanın, həm də İsrailin özəl sektorunun fəaliyyətlərinin canlandırılmasına və bütün sahələrə cəlb olunmasına yönəlmiş səyləri sistemləşdirəcək.

Azərbaycan İsrail üçün yüksək dərəcədə vacib və etibarlı enerji mənbəyi olaraq qalmaqdadır. İsrail özünün neftə olan tələbatının əhəmiyyətli hissəsini Azərbaycandan idxal etməklə ödəyir. İsrail həmçinin TANAP layihəsinin inşasında əldə edilən nəzərəçarpan irəliləyişi böyük maraqla izləyir. İsrailin enerji siyasətinə dair daxili proseslər tamamlandıqdan sonra İsrail qazının TANAP vasitəsilə ixracı imkanları ciddi şəkildə nəzərdən keçirilə bilər. Belə bir inkişaf hər iki ölkə üçün qarşılıqlı faydalı olacaqdır.

Bir çox İsrail şirkətləri Azərbaycanda müxtəlif sahələrdə (informasiya texnologiyaları, əczaçılıq, kənd təsərrüfatı, müdafiə, milli təhlükəsizlik, təmiz texnologiyalar, su ehtiyatlarının idarəçiliyi) aktiv fəaliyyət göstərirlər. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi və Azərbaycan hökumətinin iqtisadiyyatın şaxələndirilməsi, eləcə də dərin məzmunlu islahatlar həyata keçirmək niyyəti Azərbaycanı İsrail məhsullarının ixracı və investisiyaların yatırılması üçün daha da cəlbedici məkana çevirir. 2015-ci il yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti kənd təsərrüfatının inkişafına yeni bir təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək məqsədilə 2015-ci ili "Kənd təsərrüfatı ili'' elan etmişdir. İsrail kənd təsərrüfatı sektorunda böyük potensialın mövcud olması qənaətindədir. İsrail şirkətləri kənd təsərrüfatı sektorunun gücləndirilməsində iştirak etmək üçün imkanlardan faydalanmaq məqsədilə getdikcə daha çox maraq göstərirlər.

Əczaçılıq əməkdaşlıq üçün daha bir cəlbedici və əlverişli sahədir. İsrailin bu sahədəki bəzi böyük şirkətləri Azərbaycanda fəaliyyət göstərməyə çalışırlar. Azərbaycan hökuməti yüksək keyfiyyətli yerli dərman vasitələrinin istehsalının təşviq edilməsində maraqlı olduğunu bildirmişdir. Belə birgə müəssisələr İsrail şirkətləri üçün böyük imkanlar təklif edə bilər.

İsrail və Azərbaycan yerli alimlər və mütəxəssislərə əsaslanan dayanıqlı inkişafı təmin etmək üçün bir vasitə kimi ali təhsilə yüksək diqqət yetirirlər. Buna görə də İsrailin Bakıdakı səfirliyi bu sahədə əməkdaşlığın daha da dərinləşdirilməsinə böyük əhəmiyyət verir. Belə əməkdaşlıq ali təhsilin bir sıra aspektlərində, eləcə də müxtəlif sahələrdə – İT, kənd təsərrüfatı, aqrobiznes, tibb elmləri, körpələrin erkən inkişafı və digər mövzularda da arzuediləndir. İsrailin təşviq etməyə səy göstərdiyi layihələrdən biri də kənd təsərrüfatı sahəsində bacarıqların, mütəxəssis biliklərinin və təcrübənin paylaşılmasından ibarətdir. Bu layihə Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti vasitəsilə həyata keçirilə bilər.

Azərbaycan və İsrail müxtəlif və qarşılıqlı faydalı ikitərəfli münasibətləri inkişaf etdirməkdə yüksək uğurlar əldə ediblər. Bu uğur tarixçəsi bir sıra amillərin nəticəsində yaranmışdır: qədim zamanlardan bəri hər iki xalq arasında yaranmış sıx və mehriban münasibətlər; hər iki ölkənin siyasi rəhbərliyi arasında qarşılıqlı hörmət və ehtirama əsaslanan sıx münasibətlər; qonşu ölkələrlə münaqişələrin dinc vasitələr və diplomatiya yolu ilə nizamlanmasının arzu edilməsinə güclü inam; son illərdə Orta Şərqdə misli görünməmiş sektant zorakılıqların meydana çıxması ilə kəskinləşən və ağırlaşan xroniki qeyri-sabitliyin yaratdığı təhlükələr haqqında ümumi anlayış, multikulturalizm və dinlərarası uyğunluğun əsas əhəmiyyəti. Bundan başqa, özəl sektorun təmsilçiləri arasında artan qarşılıqlı iqtisadi əməkdaşlıq faydalı və əhəmiyyətli iqtisadi əlaqələrin qorunmasında vacib rol oynayır. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından keçən 25 il ərzində ikitərəfli münasibətlərdə əldə olunmuş nailiyyətlərə əsaslanaraq qeyd edə bilərik ki, İsrail və Azərbaycan, şübhəsiz ki, növbəti illərdə münasibətlərin daha da möhkəmlənməsinə və genişləndirilməsinə ümid edə bilərlər.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...