THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

İran Azərbaycanı regionda vacib ölkə və Qafqaza açılan bir pəncərə hesab edir

Siz buradasınız: Əsas səhifə »» Diplomatik guşə »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
272
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 2 dekabr 2016 – Newtimes.az

Möhsün Pakayin,

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı

fövqəladə və səlahiyyətli səfiri

1918-ci ildən bəri Azərbaycan və İran arasında diplomatik əlaqələr mövcuddur. 1991-ci ildə İran Azərbaycanın müstəqilliyini tanıyıb və 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr bərpa olunub.

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra iki ölkə arasındakı əlaqələr oxşar tarixi, mədəni və dini köklər, həmçinin uzun ümumi sərhədlər və qarşılıqlı maraqlar səbəbindən inanılmaz dərəcədə genişlənib. Beləliklə, bu əlaqə strateji xarakterli olub.

Qonşu ölkələrlə əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı İranın xarici siyasətinin prioritet istiqamətlərindən olub. İran və Azərbaycan arasında əlaqələrin inkişafı qonşu ölkələr üçün nümunə ola bilər.

Son illər hər iki tərəfin mövcud imkanlardan istifadə edərək ikitərəfli əlaqələrin gücləndirilməsi üçün istəklərini nümayiş etdirmələrini görmək çox xoşdur. Bu da tərəflər arasında əlaqələrin genişləndirilməsinin zəruriliyinin göstəricisidir. Həqiqətən hər iki ölkənin liderləri uzaqgörənlikləri ilə əlaqələrin inkişafına yol açıblar və biz son illər mühüm nailiyyətlərin şahidi olmuşuq.

İran Azərbaycanı regionda vacib ölkə və Qafqaza açılan bir pəncərə hesab edir. Qafqaz strateji əhəmiyyətli regiondur və bu da həmçinin İranla Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində səbəb rolunu oynayır.

Mən inanıram ki, iki ölkə arasında qarşılıqlı faydalı əlaqələr regionda və Qafqazda sülhə gətirib çıxaracaq. Təəssüflə xüsusi qeyd etmək lazımdır ki, üçüncü ölkələrin dəstəyi ilə bəzi qüvvələr İranla Azərbaycan arasında münasibətləri gərginləşdirməyə çalışıblar, lakin hər iki ölkə rəsmilərinin sayıqlıqları nəticəsində onların səyləri nəticəsiz qalıb.

İran və Azərbaycanın media orqanları da faktları və reallıqları üzə çıxararaq münasibətlərin inkişafında əhəmiyyətli rol oynayıblar. Hər iki ölkənin alim və ziyalıları da Tehran və Bakı arasında münasibətlərin möhkəmlənməsində konstruktiv mövqe nümayiş etdiriblər. Üçüncü ölkələrin təsiri olmasaydı, iki ölkə arasında münasibətlər regionda sülhə, əmin-amanlığa və təhlükəsizliyə daha səmərəli xidmət edərdi və bu, iki ölkənin uzunmüddətli maraqlarını gələcəkdə də təmin edərdi.

Mən inanıram ki, Azərbaycanla İran arasında sıx əməkdaşlıq iki ölkə arasında total münasibətlərin inkişafına və terrorizmə qarşı ümumi mübarizədə öz töhfəsini vermişdir. İran regionda və bütün dünyada sülhə, bərabərliyə xidmət etməyə, terrorizm və zorakılığın aradan qaldırılmasına çalışır.

Bakı və Tehran daim regiona ən ciddi potensial təhlükə hesab olunan terrorizm və ekstremizm fenomeni ilə mübarizə aparılmasına ehtiyac olduğunu vurğulayıb. Hər iki ölkə rəsmiləri inanırlar ki, İran və Azərbaycanın təhlükəsizliyi bir-birinə bağlıdır və hər iki tərəf terrorizm və ekstremizmlə mübarizədə əməkdaşlıq etməlidir.

İran həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və Qarabağ münaqişəsinin həlli üçün təqdim edilən istənilən layihənin əhəmiyyətli olduğunu vurğulayıb. Bu problemin həlli üçün geosiyasi detalları olan müxtəlif layihələr mövcuddur. Qarabağ münaqişəsi region ölkələrinin təhlükəsizliyi ilə əlaqəlidir. İran Azərbaycanın ərazi bütövlüyünün qorunmasında dürüst vasitəçiliyə və qarşılıqlı hörmətə inanır və bu, münaqişəyə cəlb edilən tərəflərlə müzakirələrdə müsbət bəhrəsini verə bilər.

Mən bu əqidədəyəm ki, Minsk Qrupu bu münaqişənin həllində güclü stimula malik deyil. Minsk Qrupunun üzvü olan güclü transregional ölkələr digər məsələlərə cəlb olunublar. Bu səbəbdən Qarabağ məsələsi onlar üçün çox az əhəmiyyət kəsb edir. Biz hesab edirik ki, bu münaqişə yalnız region ölkələrinin köməyi ilə həll edilə bilər.

Tehran beynəlxalq arenada keçmiş təcrübə və mövqeyini nəzərə alır və köməyini təklif etməyə hazırdır. Bu münaqişənin həll olunması üşün sərf edilən vaxt çox uzanıb. Qarabağ münaqişəsinin davam etməsi bütün regionun iqtisadi inkişafı üçün ciddi problem ola bilər.

İran və Azərbaycanın mədəni əlaqələrindən danışarkən qeyd etməliyəm ki, Azərbaycan müstəqillik əldə etdiyi ilk günlərdən hər iki ölkə mədəniyyət sahəsində əməkdaşlıq etməyə başlayıb. Bütün mədəni və ədəbi sahələrdə demək olar ki, əlaqələr genişləndirilib və bunu inkişaf etdirməyə çalışırıq.

Bu gün İran və Azərbaycan ümumi mədəni dəyərlərə malikdirlər. İki ölkə arasında əlaqələr müxtəlif məqamlara görə fərqlənir, lakin mədəni əlaqələr nə qədər qədimdirsə, qarşılıqlı əlaqələr də bir o qədər möhkəmlənir.

Bizim əsas vəzifəmiz əcdadlarımızın mədəniyyətini gələcək nəsillərə çatdırmaqdır. İslamın və digər ilahi dinlərin davamçıları dünyada sülh və sabitlik axtarırlar. İki müsəlman və şiə ölkəsi mədəni həftələr keçirməklə, İran və Azərbaycan rejissorlarının hər iki ölkədə filmlərini nümayiş etdirməklə mədəni əlaqələri gücləndirə bilərlər. İnanıram ki, Tehran və Bakı arasında mədəni sazişlərin həyata keçirilməsi ikitərəfli qarşılıqlı fəaliyyətimizin inkişafına təkan verəcəkdir.

O ki qaldı Tehranla Bakı arasında beynəlxalq əməkdaşlığa, İran və Azərbaycan Respublikası bir-birinin mövqeyini dəstəkləyir, beynəlxalq və regional forumlarda yaxşı əməkdaşlıq yaradılıb. Bu sahədə BMT, Tərəfsiz Dövlətlər Hərəkatı (Non-Aligned Movement - NAM), İKT və İƏT kimi müxtəlif təşkilatlarda hər iki ölkənin üzvlüyünü xüsusi qeyd etmək olar.

Hər iki ölkənin parlamentləri arasında əlaqələr çox yaxşıdır və parlamentdəki dostluq qruplarının çox səmimi və müsbət münasibətləri mövcuddur. Bu parlamentlərarası dostluq qruplarının qarşılıqlı səfərlərinin baş tutması gözlənilir.

İqtisadi baxımdan İran ticarət, tranzit və enerji sahələrində əlaqələrin möhkəmləndirilməsində və inkişafında maraqlıdır.

1. Ticarət

Azərbaycan və İran arasında iqtisadi əlaqələr hər iki tərəf üçün prioritetdir və bu, qeyri-neft sektorunda iki ölkə arasında ticarətin genişlənməsinə səbəb olmuşdur.

İranın Gömrük İdarəsinin məlumatına görə, 2015-ci il martın 20-də başa çatan İran təqvimi ilində Azərbaycan İranın qeyri-neft məhsullarının 12-ci aparıcı idxalçısı olub. İran Azərbaycana 435.34 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib, ölkədən isə 22.022 milyon dollar dəyərində qeyri-neft məhsulu idxal edib. Ona görə də, Azərbaycan və İran arasında ticarət dövriyyəsi 500 mln. dollardan çoxdur. Lakin bu rəqəm iqtisadi potensialların müxtəlifliyinə görə hər iki ölkədə daha da artırıla bilər.

Dövlət rəsmilərinin özəl sektoru daha yaxşı şərait və inkişaf etmiş biznes mühiti ilə təchiz edilməsində mühüm rol oynamalarını nəzərə alsaq, biz İran və Azərbaycan özəl sektorlarının qarşılaşdıqları problemləri təqdim etmək niyyətindəyik və həmin problemlərin aradan qaldırılmasında həll yollarını axtarmağa çalışacağıq. Bundan başqa, viza rejiminin sadələşdirilməsi, İran vətəndaşlarına sərhəddə viza verilməsi, gömrük məsələlərinin nizamlanması, xüsusilə bütün sərhəd məntəqələrində gömrüyün 24 saat fəaliyyət göstərməsi çox vacibdir.

İran Azərbaycanla sıx ticarət əlaqələrini artırmağı planlaşdırır, çünki İranın 4 vilayətinin Azərbaycanla ümumi sərhədləri var. Həmin sərhədlər qarşılıqlı münasibətləri möhkəmləndirməyə kömək edə bilər.

İran Azərbaycan vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib. Azərbaycan hökuməti də viza rejiminin ləğvində maraqlıdır.

Hər iki ölkənin prezidentləri ikitərəfli əlaqələrin genişləndirilməsi üçün özlərinin güclü siyasi iradələrini artıq nümayiş etdiriblər. Ümid edilir ki, iş adamları bu imkandan geniş istifadə edəcəklər.

2. Enerji

Azərbaycan və İranın nəhəng neft və qaz ehtiyatları var. Bu da hər iki ölkə arasında bu sahədə, həmçinin ümumilikdə neft və qaz sənayesində əməkdaşlığın genişləndirilməsinə ehtiyac duyulduğunu göstərir. İki ölkənin müxtəlif sahələrdə böyük oxşarlıqları var. Bundan başqa, Xəzər dənizində neft və qaz yataqlarının hasilatında iki ölkənin şirkətlərinin əməkdaşlığı məqsədəuyğundur.

1997-ci ildən başlayan və 12 ildir davam edən neft mübadiləsi razılığına əsasən, İran Xəzər sahilindəki şimal Neka limanında Azərbaycan, Qazaxıstan və Türkmənistanın xam neftini alır. Bu neft ölkənin şimalında neft emalı zavodlarında istifadə olunur. İran da öz növbəsində eyni ölkələrin açıq sulara, özünün Fars Körfəzi terminallarına çıxmaq imkanı olmayan müştərilərinə eyni həcmi çatdıra bilər. Bu xidmət üçün Tehran Xəzəryanı dövlətlərdən tranzit haqqı ala bilər. Mübadilə əməliyyatlarının bərpa olunması texniki baxımdan mümkündür və İrana qarşı sanksiyalar aradan qaldırılandan sonra bərpa olunacaq.

İran ekspertləri Transanadolu boru kəməri vasitəsilə İran qazının Avropaya nəql edilməsi imkanlarını nəzərdən keçirirlər. Avropa bazarının qaza olan tələbatını ödəmək üçün Azərbaycan və İran neft və qaz şirkətləri arasında koordinasiyaya ehtiyac var. TANAP layihəsi qazın "Şahdəniz'' yatağı vasitəsilə ölkənin Avropa ilə sərhədlərinə nəqlini nəzərdə tutur. TANAP səhmdarları 2014-cü ildə bu qaz kəmərinin əsasını qoyublar, 2018-ci ildə isə istifadəyə verməyə hazırlaşırlar. Bu səbəbdən bizim iranlı ekspertlərin tədqiqat və mülahizələri üçün kifayət qədər vaxtları var.

"Şahdəniz'' qaz layihəsində qarşılıqlı investisiyaların təşviqi və Xəzər dənizində ümumi azad zonada investisiyaların qoyulması sahəsində də iki tərəf arasında daha möhkəm əməkdaşlığı görmək istərdik. Bu, həmçinin İran və Azərbaycan rəsmiləri arasında keçirilmiş və artıq ənənə halını almış qarşılıqlı görüşlərdə də prioritet müzakirə mövzusu olub.

3. Tranzit

İki qonşu ölkə arasında münasibətləri daha da yaxşılaşdırmaq üçün digər addımlar da atıla bilər. Bu addımlardan biri kimi nəqliyyat (yükdaşıma) sahəsində Tehran-Bakı əməkdaşlığının inkişaf etdirilməsi və Şimal-Cənub Dəhlizinin genişləndirilməsi istiqamətində Azərbaycan əraziləri daxilində dəmiryolu şəbəkəsi ilə Qəzvin-Rəşt-Astara dəmiryolunu birləşdirmək üçün Azərbaycan ərazisindən 8 km uzunluğunda dəmiryolunun tikintisini misal çəkmək olar. Bakı-Astara dəmiryolunun qalan hissəsinin tikintisi 2016-cı ildə başa çatmalıdır. Bu yolun əhəmiyyəti böyükdür. Bu, İran və Azərbaycanı Şimal-Cənub Dəhlizinin çox mühüm tərəfdaşına çevirəcək. Beləcə, Şərq- Qərb və Şimal-Cənub yolları İran və Azərbaycan ərazilərindən keçəcək.

Tranzit sahəsində həmçinin İranın Əmirabad limanı ilə Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında "sisterşip'' münasibətlərin əsasının qoyulması, gəmilərin təmiri və istehsalı, liman qurğularının tikintisi, hər iki ölkənin böyük şəhərləri arasında birbaşa hava marşrutlarının təmin edilməsi Tehran-Bakı iqtisadi əlaqələrinin inkişafına kömək edəcək.

İki ölkənin dəmiryollarının birləşdirilməsi və birləşdirilmiş daxili yolların gələcəkdə də inkişaf etdirilməsi, İran vətəndaşları, xüsusən iranlı iş adamları üçün giriş vizası tələbinin aradan qaldırılması iqtisadi əlaqələri inkişaf etdirəcək.

Sanksiyanın ləğv olunması ilə enerji sahəsində (neft və qaz) və bank sektorunda sıx əməkdaşlıq, zəmanətlə geniş sığorta imkanlarının və hedc-fondlarının təqdim edilməsi, İran və Azərbaycanın böyük özəl şirkətləri tərəfindən birgə müəssisələrin əsasının qoyulması bizim əsas prioritetlərimizi təşkil edir. Bu addımlar qarşılıqlı əlaqələrin gələcək inkişafı üçün ilkin şərtlərdir.

Gömrük sahəsində əməkdaşlıq və turizm də hər iki tərəf üçün vacibdir. Biz Tehran-Bakı gömrük əməkdaşlığını genişləndirməli və birgə sərhəd gömrük idarələrinin gecə-gündüz fəaliyyət göstərmələrini mümkün etmək üçün lazımi tədbirlər görməli, həmçinin hər iki ölkənin tranzit yollarından istifadə edərək məhsulların daşınmasını asanlaşdırmalıyıq. Bu addımlar əhəmiyyətli dərəcədə iki ölkə arasında makroiqtisadi və ticarət əlaqələrinin inkişafına yol aça bilər. Turizm sənayesinə gəldikdə isə biz daha çox azərbaycanlı turist və zəvvar, o cümlədən tibb və səhiyyə məsələləri ilə bağlı gələn turistlər görmək istərdik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tehrana, İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaninin isə Bakıya ənənə halını almış qarşılıqlı səfərləri ölkələrarası münasibətlərdə yeni səhifənin açılması cəhdi kimi dəyərləndirilə bilər. Tehran və Bakıda Birgə İqtisadi Komissiyanın daimi görüşlərinin keçirilməsi və rəsmi şəxslərin səfər mübadilələri də iki ölkənin münasibətlərinə müsbət təkan vermişdir.

Dövlət başçıları inanırlar ki, Azərbaycan-İran münasibətləri nəinki iki ölkənin maraqlarına xidmət edir, hətta regionda sabitliyin və təhlükəsizliyin gələcəkdə də möhkəmlənməsinə səbəb olur.

Sonda bir daha qeyd edim ki, İran və Azərbaycan arasında münasibətlərin inkişafı üçün böyük potensial var. Bu potensial tərəflərin yaxınlaşmasına səbəb olaraq onları strteji tərəfdaşlara çevirə bilər.

Bütün bu faktları nəzərə alaraq, qeyd edə bilərik ki, İran və Azərbaycan münasibətlərinin gələcəyi çox parlaqdır. Əminəm ki, iki ölkə arasındakı səmimi və faydalı əlaqələr gələcəkdə daha da inkişaf edəcək. 

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...