THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Hindistan-Azərbaycan: əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri

Siz buradasınız: Əsas səhifə »» Diplomatik guşə »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
587
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 25 noyabr 2016 – Newtimes.az

Sanjay Rana,

Hindistan Respublikasının

Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri

Hindistan və Azərbaycan qədim tarixi əlaqələr və ortaq ənənələrə əsaslanan yaxın dostluq münasibətləri və inkişaf edən ikitərəfli əməkdaşlığa malikdir. Bakı ətrafında yerləşən "Atəşgah” od məbədi bu tarixi dostluq münasibətlərinə yaxşı bir misaldır. "Devanağrı” və "Gürmuxi” divar yazıları olan bu orta əsrlər abidəsi iki ölkə arasındakı qədim tarixi əlaqələrin, hind tacirlərinin Böyük İpək Yolu vasitəsilə Avropaya doğru gedərkən Azərbaycandan keçdikləri dövrün nişanəsidir. Yaxın keçmişdə Prezident Dr. S.Radhakrişan, Baş nazir Pandit Cəvahirləl Nehru və kino ulduzu Rac Kapur Bakıya səfər etmişlər. Rac Kapurun yaxın dostu, məşhur Azərbaycan müsiqiçisi Rəşid Behbudov Azərbaycan musiqisini Hindistanda və hind musiqisini Azərbaycanda təbliğ etmişdir. 1950-ci illərin sonunda məşhur müğənni Elmira Rəhimova iki il Hindistanda hind musiqisini və rəqsini öyrənmişdir.

Diplomatik münasibətlər

Hindistan Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabr ayında tanımışdır. Azərbaycanla diplomatik münasibətlər 1992-ci il fevralın 28-də qurulmuşdur. Bakıda Hindistanın daimi nümayəndəliyi 1999-cu ilin mart ayında, Azərbaycanın Nyu Delhidəki ilk daimi nümayəndəliyi 2004-cü ilin oktyabr ayında açılmışdır. Hindistan və Azərbaycan rəhbərliyi bir-biri ilə etibarlı, güclü, dinamik və qarşılıqlı faydalı əməkdaşlıq formalaşdırmaqda istəklidir.

İkitərəfli sazişlər

İki ölkə arasında bu vaxta qədər 1998-ci ilin iyun ayında "İqtisadi və texniki əməkdaşlıq haqqında Müqavilə”, 2007-ci ilin aprel ayında "Ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hindistan- Azərbaycan Hökumətlərarası Komissiyasının yaradılması haqqında Saziş”, 2012-ci ilin aprel ayında "Azərbaycan Respublikası hökuməti ilə Hindistan Respublikası hökuməti arasında hava əlaqəsi haqqında Saziş” və Hökumətlərarası Komissiyanın Protokolu, 2013-cü ilin aprel ayında "Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında Müqavilə”, "Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə”, "Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında təslimetmə haqqında Müqavilə”, 2013-cü ilin may ayında "Hindistan Respublikası və Azərbaycan Respublikası Xarici İşlər Nazirlikləri arasında əməkdaşlıq haqqında Protokol”, diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad olunması, ikitərəfli investisiyaların təşviqi və qorunması, ikiqat vergitutmadan yayınma haqqında müqavilələr və 2016-cı il fevralın 29-da "Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında Müqavilə”nin ratifikasiya fərmanları mübadiləsi Protokolu imzalanmışdır. Bundan başqa, nəqliyyat, səhiyyə, mədəniyyət, turizm və təhsil sahələrində əməkdaşlığa dair müzakirələr aparılır.

Hindistan-Azərbaycan Hökumətlərarası Birgə Komissiyası

2007-ci ildə imzalanmış müqaviləyə uyğun olaraq yaradılmış ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hindistan-Azərbaycan Hökumətlərarası Komissiyası bu vaxtadək 3 iclas keçirmişdir: Nyu Delhi (26 noyabr 2009-cu il), Bakı (16 aprel 2012-ci il) və Nyu Delhi (24-25 fevral 2014-cü il). Hökumətlərarası Komissiyada ikitərəfli müzakirələr ticarət və investisiya, nəqliyyat, enerji, kimyəvi maddələr və gübrələr, kənd təsərrüfatı, maliyyə sektoru, elm və texnologiya, İT, səhiyyə və əczaçılıq, təhsil, mədəniyyət, gənclər və idman, vizasız səyahət, məhkum olunmuş şəxslərin transferi və turizm də daxil olmaqla geniş sahələri əhatə edir. Hökumətlərarası Komissiyanın üçüncü iclasına Hindistan tərəfindən Dövlət naziri (ticarət, sənaye) Dr. E.M.S.Natçiappan və Azərbaycan tərəfindən Ekologiya və təbii sərvətlər naziri cənab Hüseynqulu Bağırov həmsədrlik etmişdir. İkitərəfli əlaqələr və əməkdaşlığı daha da genişləndirəcək Hindistan- Azərbaycan Hökumətlərarası Komissiyanın növbəti iclasının 2016-cı ildə Bakıda keçirilməsi planlaşdırılır.

Son dövlərdəki ikitərəfli səfərlər

Yaxın münasibətlərə malik iki dost ölkə olaraq Hindistan və Azərbaycan mütəmadi olaraq rəsmi və biznes nümayəndələrinin səfərlərini həyata keçirirlər.

Hindistandan Azərbaycana edilən bəzi son səfərlər

24-25 may 2013-cü il tarixlərində Lok Sabha (Aşağı Palata) və Rajya Sabhanın (Yuxarı Palata) millət vəkillərindən ibarət 9 nəfərlik parlament nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondu (BVF) yanında Parlament Şəbəkəsinin 10-cu illik konfransında, Ticarət Nazirliyinin katibi cənab Ravi Kapurun rəhbərlik etdiyi 6 nəfərdən ibarət nümayəndə heyəti 24-25 iyun 2013-cü il tarixlərində "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Əlaqələndirmə Şurasının 5-ci iclasında iştirak etmək üçün Bakıya səfər etmişdir. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) dəvəti ilə 20 üzvdən ibarət Hindistan parlamentinin nümayəndə heyəti 6-10 oktyabr 2013-cü il tarixlərində müşahidəçi qismində Azərbaycanda keçirilən prezident seçkiləri zamanı Bakıda olmuşdur. Maliyyə Nazirliyinin Gömrük, Aksiz və Narkotiklər üzrə Milli Akademiyasının Baş direktoru Dr. G.Sreekumar Menon 21-25 may 2014-cü il tarixlərində Gömrük Universitetləri Beynəlxalq Şəbəkəsinin "Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi” mövzusunda ilk qlobal konfransında iştirak etmək üçün Bakıya gəlmişdir. Hindistan Hökuməti Dəmiryolları Nazirliyinin İcraçı direktoru cənab Ved Prakeş Dudecanın rəhbərlik etdiyi 2 üzvdən ibarət nümayəndə heyəti 15-16 oktyabr 2014-cü il tarixlərində "Bakı-Tbilisi-Qars dəmiryolu xətti – Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Bakıya səfər etmişdir. Gənc Prezidentlər Təşkilatının Bombay şöbəsi öz illik iclasını 16 aprel 2014-cü il tarixində Bakıda təşkil etmişdir. Bu tədbirdə Hindistandan olan 30-a yaxın iş adamı da iştirak etmişdir. 29 aprel 2015-ci il tarixində Narkotiklərə Nəzarət Bürosunun Delhi bölgə vahidinin direktoru cənab Rohit Şarma narkotiklərlə mübarizədə etimad quruculuğu tədbirlərinə dair Regional Texniki Qrupun iclasında iştirak etmək üçün Bakıya gəlmişdir. 4-5 may 2015-ci il tarixlərində Hindistanın Maliyyə naziri cənab Arun Caitley nümayəndə heyətinin müşayəti ilə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısında iştirak etmək üçün Bakıya səfər etmişdir.

Azərbaycandan Hindistana edilən son əlamətdar səfərlər

Azərbaycan Respublikasının Energetika naziri cənab Natiq Əliyev 9-10 oktyabr 2012-ci il, Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədov 3-6 aprel 2013-cü il, Azərbaycan Respublikasının Maliyyə naziri cənab Samir Şərifov 2 may 2013-cü il, Azərbaycan Respublikasının Xarici işlər naziri cənab Elmar Məmmədyarov 3 may 2013-cü il, Azərbaycan Respublikasının Ekologiya və təbii sərvətlər naziri cənab Hüseynqulu Bağırov 24-25 fevral 2014-cü il tarixlərində Hindistana səfər etmişlər. Bundan başqa, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin Sədri Hicran Hüseynovanın rəhbərlik etdiyi 3 nəfərdən ibarət nümayəndə heyəti 7-9 fevral 2014-cü il tarixlərində Banglorda keçirilən VI Beynəlxalq Qadınlar Konfransında iştirak etmişdir. Hindistan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Dr. Qənirə Paşayeva 20-26 sentyabr 2014-cü il tarixlərində Türk İncəsənəti, Tarixi və Folkloru III Beynəlxalq Simpoziumunda iştirak etmək üçün Nyu Delhiyə səfər etmişdir.

İkitərəfli ticarət və kommersiya

İllər ərzində ikitərəfli ticarətin həcmi əhəmiyyətli dərəcədə – 2005-ci ildə olan təxminən 50 milyon ABŞ dollarından 2015-ci ildə təxminən 250 milyon dollara qədər artmışdır. İkitərəfli ticarətdə bu sıçrayış Hindistan neft şirkətlərinin böyük miqdarda xam neft aldığı Aralıq dənizi limanlarına doğru Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin açılması ilə üst-üstə düşmüşdür. Hindistanın Azərbaycandan əsas idxalı xam neftdir. Hindistandan birbaşa, yaxud vasitəli idxalın əsas hissəsi dərman, maşın, paltar və tekstil, çay, ət, ərzaq emal edən cihazlar, elektron kartlar, buxar qazanları və digər zavod cihazlarıdır.

Hindistanla ikitərəfli ticarət (yanvar-dekabr 2015-ci il)

Azərbaycanın Hindistandan idxalı

35 milyon ABŞ dolları

Azərbaycanın Hindistana ixracı

270 milyon ABŞ dolları

Ümumi ikitərəfli ticarət

305 milyon ABŞ dolları

 

Azərbaycanın neft və qaz sektorunda Hindistanın investisiyası

Hindistamın "ONGC Videş Limited” (OVL) şirkəti 2013-cü ilin martında ABŞ-ın "Hess” şirkətindən Azəri-Çıraq-Günəşli neft yatağı (2.72 %) və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin (2.36 %) inkişaf layihəsinə dair 1 milyard ABŞ dolları dəyərində pay almışdır və Bakıda öz idarəsini təsis etmişdir.

Hindistanın "GAIL Limited” şirkəti mayeləşdirilmiş təbii qaz tədarükü və mayeləşdirilmiş təbii qaz layihələrinin qlobal miqyasda təşviqi vasitəsilə mayeləşdirilmiş təbii qaz imkanlarının birgə reallaşdırılması üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) ilə anlaşma memorandumu imzalamışdır.

Biznes nümayəndə heyətlərinin mübadiləsi

Hindistan Sənaye Konfederasiyasının (HSK) biznes nümayəndə heyəti 19-22 fevral 2012-ci il tarixlərində Bakıya gəlmiş və AZPROMO ilə birgə Hindistan-Azərbaycan Biznes Forumunu (20 fevral 2012-ci il) keçirmişdir. Digər bir biznes-forum isə Bakıda Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə birlikdə 2013-cü il martın 14-də keçirilmişdir. Frankfurt Turizm İdarəsi (GOI) və Hindistandan olan 3 turoperator 2-4 aprel 2015-ci il tarixlərində Bakıda keçirilmiş 14-cü Azərbaycan Beynəlxalq "Turizm və səyahətlər” sərgisində (AİFT) 4-cü dəfə iştirak etmişdir.

HSK "ANM Exhibitions Private Limited” şirkəti ilə birlikdə 2015-ci ilin martın 27-dən 29-dək Bakıda "Hindistan müəssisələr sərgisi”ni təşkil etmişdir. "ANM Exhibitions Private Limited” şirkəti mütəmadi olaraq Bakıda "Hindistan sərgisi”ni təşkil edir. Geyim əşyası, cavahirat, mebel, sənətkarlıq məhsulları, ərzaq, suvenir və s. kimi müxtəlif Hindistan məhsullarını nümayiş etdirən 3 belə sərgi 27 mart - 12 aprel 2015-ci il, 1-18 oktyabr 2015-ci il və 8 - 27 mart 2016-cı il tarixlərində keçirilmişdir.

Hindistan şirkətləri mütəmadi olaraq Azərbaycandakı biznes sərgilərində iştirak edirlər. Son dövrdə Hindistan müəssisələri 21-23 may 2015-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilmiş XXI Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində (World Food Azerbaijan-2015), 18-20 sentyabr 2015-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilmiş 9-cu Beynəlxalq Azərbaycan Gözəllik və Estetik Tibb Sərgisində iştirak etmişlər. Hindistan İxracatçılar Təşkilatı Federasiyasının nümayəndə heyəti Bakı İnşaat Sərgisində (21-24 oktyabr 2015-ci il) inşaat və tikinti məhsullarının müxtəlif çeşidini sərgiləyən 28 şirkətdən ibarət bir heyət ilə iştirak etmişdir.

Mədəni mübadilələr

Əsrlər ərzində Azərbaycan və Hindistan arasında mədəni mübadilə yaxın mədəni oxşarlıq və ortaq ənənələrə səbəb olmuşdur. Dünyaca tanınmış Azərbaycan şairi Nizami Gəncəvinin Əmir Xüsrayi kimi məşhur Hindistan şairi üzərində dərin təsiri olmuşdur. Azərbaycan mahnılarını Avropa klassik ənənəsi tərzində oxumağa çalışan tanınmış müğənni Rəşid Behbudov mərhum Rac Kapurun yaxın dostu idi. Rəşid Behbudov, Elmira Rəhimova və digər sənətkarlar hind musiqisi və mahnılarının Azərbaycanda xalqa sevdirilməsinə vəsilə olmuşlar.

Hindistan kinosu geniş tamaşaçı auditoriyasına sahib olmaqda davam edir və Azərbaycan televiziya kanalları Rac Kapur, Amitabh Baçhan, Mithun Çakraborti, Hema Malininin əvvəlki filmləri ilə yanaşı yeni Bollivud kinosu da daxil olmaqla mütəmadi olaraq hind filmlərini nümayiş etdirirlər. Azərbaycandan olan bir tələbə Hindistan Film və Televiziya İnstitutunda bakalavr dərəcəsi almışdır.

Kəlkütdən olan Hindistan raga ifaçısı İndrani Mukharci 2011-ci ilin martında Bakıda keçirilən İkinci Beynəlxalq Muğam Festivalında iştirak etmişdir. Qurudev Rabindranat Tagorenin anadan olmasının 150-ci ildönümü 2011-ci il mayın 6-da Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən təşkil olunmuş elmi seminarda qeyd edilmişdir. Visva-Bharati, Şantiniketandan Tagor alimi professor Abhicit Sen tədbirdə iştirak etmişdir. Hindistanlı alim həmçinin Azərbaycan Dillər Universitetinin tələbələri ilə də görüşmüşdür. Hindistan Mədəni Əlaqələr Şurası 2011-ci il iyunun sonlarında Bakıda keçirilmiş "İpək yolu” Beynəlxalq Musiqi Festivalında iştirak edən sarod ifaçıları – Aman və Ayan Ali Xanın səfərini maliyyələşdirmişdir.

2012-ci il ərzində Nizami Gəncəvinin 870-ci ildönümünə həsr edilmiş tədbirlər Azərbaycan və Hindistanda keçirilmişdir. Hindistan, İran, Əfqanıstan, Türkiyə və Mərkəzi Asiya arasında mədəni əlaqələrin güclü bağı kimi sufizm kontekstində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan Dr. Kərimov və Dr. Pərvin 2-4 fevral 2012-ci il tarixlərində Cavahati Universiteti tərəfindən təşkil olunmuş Hind-İran mədəni irsinə həsr olunmuş beynəlxalq seminarda iştirak etmişdir.

Təhsil sahəsində əməkdaşlıq

Hindistan Texniki və İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində Hindistan hökuməti Azərbaycandan olan mütəxəssislərə hər il tam ödənilmiş 10 təlim kursu təklif edir. Hindistan həmçinin Mədəni Əlaqələr Şurasının (HMƏŞ) Ümumi Təqaüd Sxemi əsasında Azərbaycan tələbələrini iki akademik yerlə təmin edir. HMƏŞ-in dəstəyi ilə Azərbaycan Dillər Universitetində 2010-cu ilin oktyabrından etibarən Hindistan Mərkəzi fəaliyyət göstərir. Hal-hazırda seçmə fənn əsasında 30 azərbaycanlı tələbə hind dilini öyrənir. Azərbaycandan olan bir neçə tələbə Aqradakı Kendriya Hindi Sansthanda xaricilər üçün xüsusi kursu tamamlamışdır.

Azərbaycanda yaşayan hindistanlılar

Beynəlxalq şirkətlərdə işləyən mütəxəssislər, əmtəə ticarəti, iaşə və restoran biznesinə cəlb olunmuş iş adamları və qısamüddətli müqavilə əsasında tikinti sahəsində çalışan işçilər də daxil olmaqla 2000-ə yaxın hindistanlı Azərbaycanda yaşayır. Hindistanın Bakıdakı səfirliyi ilə yaxın əlaqədə olan iki Hindistan Assosiasiyası, Hindistan-Azərbaycan Assosiasiyası (HAA) və Bakı-Malyali Assosiasiyası vardır. Onlar müntəzəm olaraq Hindistana dair müxtəlif festival və sosial tədbirlər təşkil edirlər. Azərbaycanda yaşayan əcnəbilər arasında say baxımından 4-cü və ya 5-ci yerdə olan hindistanlılar həm peşəkar, həm də sosial olaraq cəmiyyət həyatında fəaldırlar, yerli əhali ilə yaxşı münasibət qurublar. HAA-nın üzvü Dr. Suçita Set "Namaste Bakı'' adlanan hind jurnalını çap etdirir.

Hindistan səfirliyi və Azərbaycandakı Hindistan Assosiasiyası Bakıda müntəzəm olaraq Azərbaycanın müvafiq təşkilatları və vətəndaşları ilə birlikdə Qeyri-rezident Hindistanlıların Günü (10 yanvar), Dünya Hindi Günü (9 yanvar), Respublika Günü (26 yanvar), Beynəlxalq Yoqa Günü (21 iyun), Hindistanın Müstəqillik Günü (15 avqust), Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) Günü (18 dekabr) və Mahatma Qandi Jayantini (2 oktyabr) qeyd edirlər. Onlar həmçinin hindistanlı və azərbaycanlıları bir araya gətirən festival və tədbirlərdə iştirak edirlər.

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...