THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Rusiya-Çin: yeni alyans, yaxud aldadıcı geosiyasi manevrlər?

Siz buradasınız: Əsas səhifə »» KİBER MƏKAN »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2842
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 25 sentyabr 2018 – Newtimes.az

Vladivostokda keçirilmiş iki tədbir dünya siyasətində böyük maraq oyadıb. Onlardan biri Şərq İqtisadi Forumu, digəri isə "Vostok-2018" hərbi təlimləri idi. Hər iki tədbirdə Rusiya və Çin aparıcı rolda çıxış ediblər. Moskva iqtisadi forumda həm də regional və dünya miqyası üçün əhəmiyyətli olan siyasi və geosiyasi məsələləri də müzakirə edib. V.Putin Yaponiyanın baş naziri Ş.Abe və Çin dövlət başçısı S.Szinpin ilə danışıqlar aparıb. Eyni zamanda, hərbi təlimlərdə yüzminlərlə rus əsgəri və minlərlə hərbi texnika iştirak edib. Bunların fonunda ekspertlər ABŞ-Rusiya-Çin münasibətləri şəbəkəsində hansı proseslərin baş verdiyi üzərində geniş dayanırlar. İlk baxışdan sadə görünən geosiyasi xarakterli məsələlər, əslində, dərin və mürəkkəb dinamikaya malikdir. Həmin tezis kontekstində biz Rusiya-Çin münasibətlərinə və onun ABŞ bağlılığında verə biləcəyi nəticələrinə təhlili yanaşmağı lazım bilirik.

Təmkin və hirs: Moskva ilə Vaşinqton arasındakı fərqlər haqqında

Çini ABŞ-ın liderliyinə yeganə alternativ kimi qəbul edirlər. Bu fikirlə ekspertlərin böyük əksəriyyəti razılaşır. Hətta ABŞ-ın rəsmi şəxsləri açıq ifadə edirlər ki, Amerika üçün yeganə maneə Çindir. Biz bu "maneə"nin amerikan diplomatiyasında konkret nəyi ifadə etdiyini təxmin edə bilərik. Söhbət, hər şeydən öncə, Çinin dünya liderliyini ABŞ-ın əlindən alması imkanlarından gedə bilər. Burada "imkanlar" sözü də təsadüfi işlənmir. Çünki bir çox ekspertlər (məsələn, C.Nay, C.Fridman və b.) hesab edirlər ki, Çin prinsipcə ABŞ-a alternativ ola bilməz.

Pekin Amerikanın dominantlıq etdiyi mövcud geosiyasi nizamın çərçivəsindən kənara çıxmır. Əksinə, onun inkişaf etməsi üçün cəhd göstərir. Məsələn, Pekin mövcud beynəlxalq təşkilatlar şəbəkəsinin (ilk növbədə BMT-nin) daha səmərəli çalışması üçün islahatlar arzulayır. Sonra, Çin BMT TŞ-nin daimi üzvü kimi fəaliyyətdədir və ondan imtina etmək fikrində deyil. Çin dünya maliyyə sistemində islahatları Qərbin maraqlarına zidd olmayan məzmunda aparmağı təklif edir.

Bunlardan başqa, Çin nə qədər sürətlə inkişaf etsə də, yeni texnologiyalar və iqtisadi sistem cəhətdən aparıcı deyil. O, daha çox Qərbdən qaynaqlanan ideyaların "surətini çıxarır". Bəs onda Çin hansı mənada Amerika üçün "başlıca maneə"dir?

Bu suala Vladivostokda keçirilmiş Şərq İqtisadi Forumu və "Şərq-2018" hərbi təlimləri kontekstində cavab axtarmaq maraqlı olardı. Sentyabrın əvvəllərində baş tutan bu tədbirlər təsadüfənmi zamanca üst-üstə düşüb? Rusiya kimi təcrübəli və güclü dövlətin xarici siyasəti ilə bağlı "təsadüf" termini elə də uğurlu işlənməz. V.Putin Vladivostokda Uzaq Şərqin iki çox güclü dövləti – Çin və Yaponiyanın rəhbərləri ilə əsl "siyasi səhnə" təşkil etdi. S.Szinpin və Ş.Abe tədbirlərdə, əslində, V.Putinin "ssenarisi" üzrə iştirak etdilər.

Birincisi, Rusiya Prezidenti regionda bir-birinə geosiyasi və iqtisadi-hərbi rəqib olan iki dövlətin başçılarını yanaşı oturtdu. Onlar birlikdə regional geosiyasi, iqtisadi və hərbi təhlükəsizlik məsələlərini müzakirə etdilər. Orada təbii ki, konkret razılaşma olmadı. Ancaq V.Putin bunun fonunda S.Szinpin ilə xüsusi yemək mərasimində iştirak etdi, Ş.Abeyə isə Kuril adaları ilə bağlı dolaşdırıcı təklif etdi.

İkincisi, Ş.Abe fürsətdən istifadə edib, V.Putinə sülh müqaviləsi imzalamaq zamanının çatdığını deyəndə V.Putinin cavabı çox diplomatik oldu. Rusiya rəhbəri yaranmış vəziyyətdən istifadə edərək "topu" Yaponiyanın baş nazirinə ötürdü. Rusiya prezidenti dedi ki, yaxşı fikirdir və ilkin şərt qoymadan sülh sazişini imzalayaq, sonra başqa məsələlərə baxarıq. Yəni əvvəlcə qarşılıqlı iqtisadi-hərbi əlaqələri inkişaf etdirək, sonra isə sizin Kurilə iddianız barədə danışa bilərik (bax: "Мир без аннексий и контрибуций" / "Росбалт", 12 sentyabr 2018). Yaponiyanın baş naziri bu təklifə etiraz edə bilmədi və cavab da vermədi. Çünki hər hansı razılıq onun istefası ilə nəticələnə bilərdi.

Üçüncüsü, bir sıra ekspertlər bu kimi diplomatik atmacaların arxasında Rusiyanın "Vostok-2018" hərbi təlimlərində 300 min rus əsgərinin və minlərlə təyyarə və tankların iştirakının dayandığı qənaətindədirlər. Başqa sözlə, Moskva real olaraq güc nümayiş etdirib. O da həqiqətdir ki, Çin son yüz ildə ilk dəfə minlərlə əsgəri və texnikası ilə Rusiya ilə birlikdə hərbi təlimdə iştirak edir. Özü də bu təlimlərin təşkilatçısı Rusiyadır! Bir qədər əvvəl Pekin amerikalıların təşkil etdiyi hərbi təlimdə iştirak üçün müraciət etmişdi, lakin Pentaqon rədd cavabı vermişdi. Bu iki faktın müqayisəsi göstərir ki, ABŞ Çinlə lazımi səviyyədə anlaşıqlı danışmaq istəmir.

Dördüncüsü, Şərq İqtisadi Forumuna Çin ilk dəfə olaraq 600 nəfərlik nümayəndə heyəti ilə qatıldı. Bu, Çinlə Rusiya arasında iqtisadi əlaqələrə önəm verildiyini göstərir. Doğrudur, hələlik bunun böyük ölçüdə faktları gözə dəymir. Bunu çinli və rusiyalı ekspertlər açıq ifadə edirlər (bax: məs., РФ и КНР договариваются, как противостоять санкциям США / "Независимая газета", 10 sentyabr 2018).

Maraqların işığında: geosiyasi əməkdaşlığın faydalı olması şərti

Lakin hər iki dövlət başçısı ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaq niyyətlərini bütün dünyaya nümayiş etdirirlər. Bunun fonunda isə Donald Tramp Çinə qarşı iqtisadi savaşı daha da genişləndirir. Son olaraq Vaşinqton Çindən ixrac edilən 100 milyard dollarlıq mallara əlavə vergi təyin edib. Səbəb kimi Rusiyadan Pekinin qırıcı təyyarələr və S-400 raket komplekslərini almasını göstərib. Çin rəhbərliyi isə buna çox sərt reaksiya verib və cavab tədbirləri ilə hədələyib.

İndi situasiyaya Rusiya-Çin-ABŞ münasibətləri sistemində daha geniş aspektdə baxaq. Aydın görünür ki, Rusiya faktiki olaraq Çin ilə ABŞ arasında uğurla geosiyasi manevrlər edir. Amerika rəhbərliyi emosional, qisasçı və qeyri-rasional addımlar atırsa, Rusiya prezidenti təmkinli, konkret faktlara istiqamətlənmiş və başlıcası Pekini qıcıqlandırmayan gedişlər edir. D.Tramp S.Szinpinə barmaq silkələyəndə V.Putin Çin prezidentinə ballı kökə bişirir. D.Tramp Çin mallarına sanksiyalar tətbiq etdiyi halda V.Putin Çinlə ticarət dövriyyəsini 100 milyarda çıxarmaqdan bəhs edir.

Adi gözlə belə ABŞ və Rusiyanın Çinə münasibətindəki fərq aydın görünür. Biri əsəbiləşir, cəzalandırmağa çalışır, digəri isə faydalı əməkdaşlıqla rəqibini özünə tərəf çəkir. Deməli, ABŞ-Çin rəqabətinə hazırkı dönəmdə Rusiya faktorunu nəzərə almadan təhlili yanaşmaq doğru deyil. Amerika üçün Çinin maneə yaratması məsələsi də bu bucaq altında müəyyən edilə bilər. Konkret olaraq ABŞ Çinə Rusiya ilə yaxınlaşdığına görə və eyni zamanda, Rusiyaya Çinlə əməkdaşlığı davamlı inkişaf etdirdiynə görə qəzəblidir! Ayrı-ayrılıqda bunların heç biri ABŞ-ın liderliyinə təhdid yarada bilməz. Birlikdə isə dünya nizamını belə yeniləşdirə bilərlər.

Burada tarixi ekskursa ehtiyac vardır. Sanki Moskva Vaşinqtondan keçən əsrin 70-80-ci illərində olmuş bir diplomatik hiyləgərliyin əvəzini çıxır. O zaman Henri Kissincerin diplomatik məharəti ilə Amerika Çinlə SSRİ-nin arasını vura bilmişdi. Onun sonu SSRİ-nin dağılması oldu. Təbii ki, V.Putin bunu daha yaxşı bilir və yaddaşı möhkəmdir. İkinci dəfə nəinki amerikalılara fürsət vermək niyyətindədir, hətta onları bu hərəkətlərinə görə geosiyasi-diplomatik alanda cəzalandırmağı düşünür. Hər halda, Rusiya prezidentinin atdığı addımlardan bu nəticəni çıxarmaq mümkündür!

Beləliklə, həm "Vostok-2018" hərbi təlimləri, həm də Şərq İqtisadi Forumu Rusiya və Çin arasında konkret müqavilələrin imzalanması ilə yadda qalmasa da, güclü geosiyasi mesaj kimi inkar olunmazdır. Moskva və Pekin növbəti dəfə iki siyasi məqamı açıq nümayiş etdirdilər.

Birincisi, onların hər biri güclü dövlət kimi öz mövqelərini saxlamaqda və bir-birinə strateji maraqları güzəştə getməməkdə qərarlıdırlar. Çinlə Rusiya arasında böyük müqavilələr imzalanıb, lakin onların konkret reallaşması görünmür. Hər iki dövlət özünün maraqlarını gözləyirlər. Bu, Uzaq Şərqdə olduğu kimi Mərkəzi Asiyada da özünü göstərir.

İkincisi, yuxarıda vurğulanan məqama baxmayaraq, Pekin və Moskva qlobal siyasətdə bir-birinə dəstək verməyə davam edəcəklər. Onlar bu kontekstdə ABŞ-ın iddialarına qarşı birgə dayanmağa çalışırlar və hələlik buna nail olurlar. Maraqlıdır ki, Rusiya bu aspektdə Çindən daha fəaldır. Təbii, Çin müdrikliyi öz sözünü deyir, lakin məhz Moskva konkret addımları ilə D.Trampı özündən daha çox çıxarır. Rusiya S-400-ləri Türkiyəyə, Çinə, İrana, Səudiyyə Ərəbistanına satdıqca Vaşinqton daha çılğın davranır. Bununla da qlobal miqyasda nüfuzunu getdikcə itirir. Çin həm də bu mənada ABŞ üçün ciddi maneədir.

Belə təəssürat yaranır ki, dünya siyasəti güclü oyunçuların sayəsində daha həssas və sonu qeyri-müəyyən olan vəziyyətə düşməkdədir. Müxtəlif istiqamətlərdə aparılan amansız oyunlar bütövlükdə dünyanı xaosa ata bilər. Burada ən pisi odur ki, aparıcı dövlətlər çox riskli davranırlar. Bu riskin arxasında isə əsas olaraq bir faktor dayanır: öz marağını təmin etmək! Bizcə, dünya bu sindromdan təcili qurtulmalıdır. Ancaq xilaskar gözə dəymir!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...