THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Tramp-Putin görüşü: Helsinki sınağının bir sıra məqamları

Siz buradasınız: Əsas səhifə »» KİBER MƏKAN »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
2034
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 6 avqust 2018 – Newtimes.az

Müasir mərhələdə dünyanın ciddi geosiyasi problemlərini həll etmək, əlbəttə, o qədər də asan deyil. Xüsusilə, uzun müddətdir ki, böyük dövlətlər nüfuz uğrunda amansız mübarizə aparırlar. Müxtəlif regionlarda – Yaxın Şərqdə, Şərqi Avropada, Cənubi Qafqazda və Mərkəzi Asiyada həllini gözləyən münaqişələrdə hələ də qan tökülür. Bunlara son zamanlar daha geniş miqyas alan ticarət müharibəsi də əlavə olunub. Bununla dünya daha mürəkkəb geosiyasi vəziyyətə yuvarlanmaqdadır. Helsinkidə D.Trampla V.Putinin danışıqları bütün bunların fonunda çox aktual görünürdü. Ekspertlər görüşün səmərəli olub-olmayacağına dair proqnozlar verir, fikir bildirirdilər. Artıq bu məsələləri daha geniş kontekstdə təhlil etmək zərurəti yaranıb.

Problemlər və ümidlər: müzakirə öncəsi qeyri-müəyyənliklər

Bütün dünya Donald Tramp-Vladimir Putin görüşünü maraqla gözləyirdi. İnsanlara elə gəlirdi ki, bu iki lider dünyanın bütün problemlərini həll edə bilərlər. Hər bir halda, ABŞ-Rusiya münasibətlərinin taleyinin bütövlükdə bəşəriyyətin gələcəyinə ciddi təsir edə biləcəyinə inananlar az deyil. Burada bir həqiqət var. Çünki bu iki dövlət dünyanı bir neçə dəfə məhv edə biləcək nüvə silahına malikdir. Onların hərbi gücü olduqca çoxdur və aktiv siyasət yeridirlər. Müqayisə üçün deyək ki, dünyanın ikinci güclü dövləti olmasına baxmayaraq, Çin Rusiya qədər geosiyasi mühitdə aktivlik göstərmir.

Bəlkə də insanlar intuitiv olaraq bunların təsiri altında Tramp-Putin görüşünə həm də xilas imkanı kimi baxırdılar. Bunlarla yanaşı, masada dünyanın müxtəlif regionlarında özünü göstərən bir sıra münaqişələrin həllində Vaşinqton və Moskvanın birbaşa rol oynaması faktoru da mövcuddur. Məsələn, Ukrayna, Şimali Koreya, Suriya kimi məsələlərdə hər iki dövlətin böyük təsir gücünə malik olduğu sirr deyil.

Ümidlər özünü doğrultdumu? Liderlər hansısa razılığa gələ bildilərmi? Gəlinən qərarlar haqqında demək olar ki, informasiya verilmir. Lakin liderlərin görüşdən sonra keçirdikləri mətbuat konfransında ifadə etdikləri fikirlərə əsasən ümumi qənaətlər əldə etmək mümkündür.

Hər şeydən öncə, belə təəssürat yaranır ki, prezidentlər bu görüşdən daha çox tanışlıq və bir-birinin nəbzini yoxlamaq üçün istifadə ediblər. Onlar məsələləri konkret qoysalar da, daha çox qarşı tərəfi dinləməyə üstünlük veriblər. Bu üsuldan kimin daha çox istifadə etməsi bu halda elə də önəmli deyil. Çünki hər iki lider kifayət qədər təcrübəli və məlumatlıdır. Brifinqdə səsləndirilən fikirlərin məzmunundan aydın olur ki, prezidentlər özləri üçün aktual olan və ortaq şəkildə həll edilməsinə ehtiyac duyduqları məsələləri analiz ediblər. Burada Suriya, İsrail, Ukrayna, İran və Şimali Koreya məsələləri əsas yer tutub.

Lakin maraqlıdır ki, görüşdən öncə D.Tramp yenə də çoxlarını təəccübləndirən bəyanatlar vermişdi. O, V.Putinlə görüşə ciddi hazırlaşdığını demiş, Rusiya Prezidentinin çox güclü olduğunu bəyan etmiş və onunla yaxşı danışıqlar aparacağını qeyd etmiş, hətta bir qədər də irəli gedərək Avropa İttifaqı və Çinlə bərabər Rusiyanı da Amerikanın düşməni saydığını ifadə etmişdi. Ekspertlər vacib görüş ərəfəsi ABŞ Prezidentinin nəyə görə bu cür danışdığını anlamağa çalışırlar.

Məsələ ondan ibarətdir ki, D.Tramp bu fikirləri ilə istənilən müzakirəyə hazır olduğunu və fikirlərini konkret deyəcəyini bildirib. O, "öncə Amerika" şüarından bir addım belə kənara çıxmayacağını bəyan edib. Bu məsələdə hətta Avropa ölkələrinə belə güzəştin olmayacağını çatdırıb. Belə olduqda, təxmin etmək olar ki, D.Tramp sanki V.Putinə mesaj verib: "biz dost ola bilərik, yalnız bu şərtlə ki, ABŞ-ın maraqlarına toxunulmasın". Bu yolda hətta Aİ-dən belə imtina edilə bilinər!

Deməli, D.Tramp topu görüşdən öncə faktiki olaraq V.Putinin meydanına atıb. Ancaq çətin ki, Rusiya Prezidenti bu tələyə düşsün. Çünki həm keçən əsrin 70-80-ci illərinin acı təcrübəsi unudulmayıb, həm də Moskvanın geosiyasi iddiaları Trampın təklifindən daha geniş məzmunludur.

1970-1980-ci illərdə Henri Kissincerin aktiv diplomatik fəaliyyəti nəticəsində Vaşinqton Moskvanı Pekindən ayıra bilmişdi. Nəticəsi SSRİ-nin dağılması və Rusiyanın faktiki olaraq supergüc statusunu itirməsi oldu. Onun dünya proseslərinə təsiri sürətlə azaldı. Təbii ki, indi V.Putin bu halın təkrarlanmasına imkan verməz. Bu səbəbdən də Helsinki görüşündən sonra D.Tramp "Putin çox güclüdür" deyib.

Ortaq mövqe: hələ çox var

Doğrudur, bir sıra ekspertlər bunu Donald Trampın Vladimir Putini aldatması kimi izah etməyə çalışırlar. Onlar konkret olaraq Krım məsələsində Trampın Putini irəli verdiyini iddia edirlər. Mətbuat konfransında Krım ilə bağlı suala D.Tramp cavab verməyib, əvəzində, Amerikanın mövqeyini V.Putin ifadə etməli olub. Rusiya Prezidenti deyib: "O (D.Tramp nəzərdə tutulur – red.), Krımın Rusiyaya qanunsuz birləşdirilməsi haqqında danışır. Biz hesab edirik ki, referendumu beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə ciddi uyğunluqda keçirmişik. Bizim üçün, Rusiya Federasiyası üçün bu sual bağlanıb" (bax: Трамп жестоко обманул Путина в Хельсинки / Dni.ru, 17 iyul 2018).

Ancaq burada V.Putinin aldanıldığına dəlalət edən bir məqam belə yoxdur. Əksinə, Rusiya Prezidenti açıq bildirib ki, Moskva Vaşinqtonun Krımla bağlı mövqeyini dəqiq bilir və onunla razılaşmır. Kreml D.Trampın NATO sammitində "Krım Rusiyanındır, çünki orada rus dilində danışırlar" kimi ifadələrini ciddi qəbul etmir. Əgər V.Putin bu fikri ciddi qəbul etdiyini Helsinkidə desəydi, onda aldanmış olardı. Əvəzində, Rusiyanın dövlət başçısı birbaşa D.Trampın üzünə deyib ki, "bu sual bizim üçün bağlıdır, müzakirə edilməz"! D.Tramp isə cavabında heç bir şey deməyibsə, deməli, ən azından V.Putinin mövqeyinin qəti olduğuna əmindir.

Tərəflərin digər məsələlərlə bağlı da hansısa razılığa gəldiyini əks etdirən fikrə rast gəlinmir. O cümlədən bəzi ekspertlərin bir proqnozu özünü doğrultmadı. Onlar deyirdilər ki, Helsinkidə Suriya ilə Ukraynanı "dəyişəcəklər". Yəni, D.Tramp Suriyada Rusiyanın dominantlığını qəbul edəcək, əvəzində isə V.Putin Ukrayna məsələsində güzəştə gedəcək. Təbii ki, bu cür sövdələşmənin baş tutacağına inanmaq çətin idi. Çünki Rusiya heç zaman öz sərhədlərinin bilavasitə yaxınlığında olan münaqişəni Yaxın Şərqdəki münaqişə ilə əvəzləyə bilməz. Ukrayna Rusiya üçün həyati məsələdir. O cümlədən Krım strateji faktordur. Prezidentlərin bəyanatlarından da göründüyü kimi, bu barədə hansısa razılıq əldə edilməyib.

Müzakirələrdə maraqlı məqamlardan biri tərəflərin İsrailin təhlükəsizliyi ilə bağlı demək olar ki, ortaq mövqe nümayiş etdirməsi olub. Rusiya Prezidenti Suriyanın cənubunda terror qruplarının məhv edilməsinin Holan təpələri məsələsində 1974-cü il şərtlərinə qayıtmaq şansı verdiyini ifadə edib. Niyə məhz 1974-cü il şərtləri? Məlumdur ki, Holan təpələri 23 il Suriyanın nəzarətində olub (1944-1967-ci illər). 1967-ci ildə İsrail 24 saat ərzində buranı tutub. İsrail Suriya və Misir ordusunu məğlub edib.

1974-cü il mayın 31-də "Suriya və İsrail arasında qüvvələrin ayrılması haqqında müqavilə" Imzalanıb. Həmin müqaviləyə görə, Holan yüksəkliklərinin A xəttindən şərqə doğru olan bütün ərazisi Suriyaya verilib. Lakin 1981-ci ildə İsrail parlamenti Holan yüksəkliklərinin İsrail ərazisi olduğu barədə qərar qəbul edib, BMT isə onu tanımayıb.

V.Putinin indiki təklifi onu göstərir ki, Moskva İsrail parlamentinin qəbul etdiyi həmin qərarı tanımaq istəmir və Holan yüksəkliklərinin bir hissəsinin Suriyaya aid olduğunu qəbul edir. Bu, Vaşinqtonun Yaxın Şərq siyasətinə uyğun deyil. Çünki D.Tramp faktiki olaraq İsraili müdafiə etmək mövqeyini tutub. Deməli, bu məsələdə də tərəflər arasında fikir ayrılığı qalmaqdadır.

Bütün bunlar D.Tramp-V.Putin görüşünün səmərəsiz olması anlamına gəlmir. Əksinə, onu göstərir ki, liderlər dünya üçün aktual olan problemlərin birbaşa müzakirəsi prosesinə başlayıblar. Buraya orta və kiçik mənzilli raket silahları ilə bağlı sazişin hazırlanması da daxildir. Həmin məsələni müzakirə etmək üçün ekspertlər qrupu yaradılıb. Eyni qayda ilə Suriyada əməkdaşlığı daha sistemli hala gətirmək haqqında razılıq əldə olunub.

Beləliklə, iki böyük dövlətin müzakirələri Helsinkidən başlayıb. Onlar hələlik yalnız bundan danışa bilərlər. Özlüyündə uğurdur. Prezidentlər də belə hesab edirlər. Başlanğıcdakı uğuru konkret problemlər üzrə razılıq səviyyəsinə yüksəldə bilib-bilməyəcəkləri başqa məsələdir. Bunu isə zaman göstərəcək!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...