THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Fukuyamanın müsahibəsi: postsovet məkanında liberalizm və reallıq

Siz buradasınız: Əsas səhifə »» KİBER MƏKAN »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
1241
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 18 may 2018 – Newtimes.az

Məşhur amerikalı alim və siyasi filosof Frensis Fukuyama "Deutsche Welle" agentliyinə müsahibə verib. Onun bir çox məsələlər üzrə söylədiyi fikirləri böyük maraqla qarşılanıb. F.Fukuyama liberalizm, "tarixin sonu" və postsovet məkanında sosial-siyasi transformasiyalardan bəhs edib. Xüsusi olaraq Ukrayna, Gürcüstan, Rusiya və Ermənistan hadisələri üzərində dayanıb. F.Fukuyamanın Ermənistandakı olayları müsbət inqilabi dəyişiklik kimi təqdim etməsi birmənalı qəbul edilmir. Proseslərin təhlili göstərir ki, orada situasiya qeyri-müəyyəndir. Hadisələrin nəticələrini proqnozlaşdırmaq risklidir. Təcrübəyə əsasən fikir yürütdükdə isə, əslində, Ermənistanda postsovet məkanında "məxməri inqilab", yaxud "liberal dəyişiklik" adı alında tamamilə başqa prosesin getdiyi qənaəti alınır. Bu kimi məqamlar üzərində daha geniş dayanmağa ehtiyac hiss etdik.

"Tarixin sonu" və "yeni tarix": postsovet məkanına bir baxış haqqında

Stenford Universitetinin professoru, yapon əsilli amerikalı filosof, iqtisadçı, eyni zamanda, siyasətçi Frensis Fukuyama jurnalist Janna Nemtsovaya müsahibə verib. F.Fukuyama dünyada daha çox "tarixin sonu" ifadəsi ilə məşhurdur. Onun bu fikrində yanıldığını deyənlər də vardır. Ancaq müəllif özü sadəcə dünyanın qarşı-qarşıya duran iki ideoloji sistemdən birinə keçdiyini ifadə etmək istədiyini söyləyir. Yəni F.Fukuyama bəşəriyyətin gələcəyinin liberal ideologiya və liberal siyasi sistemlə bağlı olduğu iddiasındadır. Sonuncu müsahibəsi də məhz bu kontekstdə maraqlıdır. Bizim üçün daha əhəmiyyətlisi odur ki, F.Fukuyama postsovet məkanında müstəqil dövlətlərin formalaşması prosesini öz nəzəri mövqeyindən təhlil etməyə çalışır.

Öncə, vurğulamaq istərdik ki, F.Fukuyama fikirlərində daha çox nəzəriyyəçi təsiri bağışlayır. Onu əsas olaraq təkamül modelləri maraqlandırır. Ukrayna, Gürcüstan, Ermənistan və Mərkəzi Asiya haqqında ifadə etdiklərində bu məqam özünü daha qabarıq göstərir. Onun yanaşmasında gizli şəkildə aşağıdakı tezis ifadə olunur: liberal demokratiya hazırda ən mütərəqqi modeldir. Buna uyğun gəlməyənlər avtomatik olaraq mənfi şkalada göstərilir. İnkişaf məsələsinə də həmin prinsip çərçivəsində baxılır. Əgər hansısa ölkədə "məxməri inqilab" baş veribsə, bu, F.Fukuyamaya görə, müsbət haldır, lakin tamamlanmış proses deyil. Gərək həmin inqilabın nəticələri sona qədər təmin edilsin, əks halda, prosesin geri dönüşü də ola bilər.

Maraqlıdır ki, bu zaman F.Fukuyama ayrı-ayrı ölkələrin özünəməxsus təkamül tarixini nəzərə almır, onların hamısına eyni qəlibdə baxmağa çalışır. Bu baxımdan F.Fukuyamanın Ermənistanla bağlı dedikləri ekspertlərin diqqətini çəkib. Amerikalı alim hesab edir ki, Ermənistanda "məxməri inqilab" müsbət məna daşıyır (bax: Френсис Фукуяма об Армении / lragir.am, 11 may 2018).

Burada gənclər kiminsə uzun müddət hakimiyyətdə olmasına etiraz ediblər. Onlar yenilik arzulayırlar. Ancaq Rusiya bu prosesin qarşısını kəsə bilər. Belə ki, Ermənistanın müstəqil siyasət yeritməsi Moskvanı qane etmir. Kreml Ermənistanda köhnə korrupsioner sistemin mövcudluğunda maraqlıdır. Bu cür vəziyyət inqilabda qalib gələnlərin real demokratik addım atmaması halında mənfi nəticələrə aparıb çıxara bilər. Başqa sözlə, Ermənistan indi qeyri-müəyyən siyasi durumdadır və orada proseslərin hansı istiqamətdə inkişaf edəcəyi məlum deyil.

Etiraf edək ki, F.Fukuyamanın bu mövqeyində bir ziddiyyət var. Məsələ ondan ibarətdir ki, hər bir etiraz hərəkatını liberal demokratiya əlaməti kimi təqdim etmək doğru deyil. Bu, reallığa uyğun gəlmir. Məsələn, postsovet məkanında hələ elə bir nümunə yoxdur ki, bu tezisi inkar etsin. F.Fukuyamanın özü də etiraf edir ki, Ukrayna və Gürcüstandakı yeniləşmə prosesləri yarımçıqdır, onların faktiki olaraq potensialı tükənib.

Deyək ki, Ukraynada cəmiyyət hələ də korrupsiya sistemindən yaxa qurtara bilməyib və indiki sistemin bunu etmək imkanının tükəndiyini deyirlər. Hazırda ümid növbəti seçkiyə qalıb ki, hansısa yeni qüvvə real islahatlar həyata keçirə bilsin. Belə çıxır ki, əslində, Ukraynada inqilabi proses hansısa sıçrayışa gətirib çıxarmadı. Faktiki olaraq cəmiyyət köhnə problemlərin məngənəsində sıxılmaqda davam edir. Üstəlik, həm siyasi qüvvələr arasında mübarizə radikallaşıb, həm də ölkənin ərazi bütövlüyü pozulub. Və bu problemlərin heç birini "liberal demokratiya" həll edə bilmir. Bu səbəbdən belə bir sual meydana gəlir: bəlkə Ukraynada inqilabi deyil, tədrici keçid daha doğru proses olardı? Ümumiyyətlə, orada baş verənləri liberal demokratik proses adlandırmaq nə dərəcədə elmi yanaşmadır? Çünki hazırda liberal demokratiyanın özü haqqında fərqli fikirlər mövcuddur.

"Erməni liberalizmi": həqiqətlə yalan arasında tərəddüdlər

Bir sıra alimlər bu anlayışın təhrif olunduğunu və özünün real məzmununu itirdiyini deyirlər. Bunun başlıca səbəbi isə böyük dövlətlərin əsasən öz maraqlarından çıxış etmələri göstərilir. Belə olan halda, ümumiyyətlə, hansı mənada liberalizmdən, demokratiyadan, yaxud obyektiv inqilabi prosesdən danışa bilərik? Hansı radikal prosesi araşdırırsan, arxasından kənar gizli qüvvə çıxır.

Bunu "Ərəb baharı" deyilən prosesdə daha aydın gördük. İndi də ərəb ölkələri nəinki "bahar"da deyillər, heç "şaxtalı və öldürücü qış"dan da yaxa qurtara bilmirlər. Lakin bu proses guya bir gəncin öz haqları uğrunda mübarizəsindən başlamışdı. İndi o, dövlətlərarası mübarizəyə, Suriya və İraqın parçalanması cəhdlərinə çevrilib. Bütün bunları eyni meyarla izah etmək və adını liberal demokratik dəyişiklik qoymaq çox riskli deyilmi?

Bu bağlılıqda Ukrayna da istisna deyil. Orada proseslərin necə sonuclanacağını heç kəs bilmir. Hətta ölkənin parçalanması belə mümkün ssenarilərdəndir. Krıma Rusiyadan körpü çəkilib, Donbas savaş məkanıdır. Budurmu, "məxməri", yaxud "liberal" inqilabın "müsbət bəhrələri"? Eyni fikri Gürcüstan haqqında da demək olar. F.Fukuyama özü söyləyir ki, Gürcüstanda Mixeil Saakaşvili müəyyən islahatlar apardı, lakin indi proses tamamilə fərqli müstəviyə keçib. Orada Bidzina İvanişvili pərdə arxasından hadisələri idarə edir və heç bir məsuliyyət daşımır. Bu şəxs isə oliqarxdır! (bax: Фрэнсис Фукуяма: Людям надоели лидеры, желающие править пожизненно / dw.com, 9 may 2018).

Bunların nəticəsi olaraq, F.Fukuyama ehtiyat edir ki, Gürcüstanda islahatlarda əldə edilən bütün nailiyyətlər puç ola və hətta həmin ölkədə siyasi proseslər geriyə dönüş edə bilər.

Onda sual olunur: necə olur ki, "məxməri" adlanan "zərif" inqilablar yenidən oliqarxları və köhnə sistemin adamlarını hakimiyyətə gətirir? Bu prosesdə liberallıq əlamətləri hansılardır? Kim hansı meyara görə müəyyən edir ki, küçədə etiraz edən həqiqi liberal düşüncəlidir və ya demokratik ruhdadır? Faktlar göstərir ki, küçədən demokratiyaya xeyli yol var və əksəriyyət bu yolu qət edə bilmir. Eyni fikri Ermənistan haqqında da deyə bilərik.

F.Fukuyamanın müsbət qiymətləndirdiyi küçə hərəkatı ermənilərə nə verdi? Konkret olaraq heç nə! Onlar indi Nikol Paşinyana yalvarırlar ki, küçədən təzyiq üsulundan imtina etsin, demokratik addımlar atsın, islahatlar həyata keçirsin. O isə bunların nə demək olduğunu anlamır. N.Paşinyanın "liberalizmi" və "məxməriliyi" özünə sərf edən məsələlərin necə olursa-olsun, reallaşmasıdır. Əgər bu baş verirsə, onda demokratiyadır, olmasa, N.Paşinyan yenə küçə ilə hədələyir.

Belə çıxır ki, Ermənistanda heç bir real etiraz prosesi baş verməyib. Küçəyə adamları hansısa gizli əl çıxarıb və onları oyuncaq kimi idarə edib. Yəni bir oliqarx və ya siyasi mafioz qrup digərini səhnədən sıxışdırıb. Xalq isə, həmişə olduğu kimi, heç nə qazanmayıb. Erməni kəndlisi Serj Sarkisyanın dövründə də çörəyə möhtac idi, indi də möhtacdır. O, Sarkisyanla Paşinyanın, yaxud Koçaryanla Ter-Petrosyanın və ya Sarukyanın siyasi mövqeləri haqqında qətiyyən məlumatlı deyil. İndi də bunlardan xəbərsizdir. Sadə insanı güzəranı maraqlandırır ki, o da müsbətə doğru dəyişməyib. Demək ki, bir müddət sonra həmin adamlar yenə küçələrə çıxıb bu dəfə Paşinyandan çörək istəyəcəklər. Bunun adını Ermənistana havadarlıq edənlər "yeni liberal inqilab" qoyacaqlar. Bununla Ermənistan silsilə "məxməri inqilablar" məkanına çevriləcək. Lakin insanlar çörəyə möhtac qalmaqda davam edəcəklər. Yəni inqilablar və liderlər dəyişəcək, dəyişməyən cinayətkar qruplaşmalar arasında baş verən toqquşmalar, siyasi qeyri-stabillik, korrupsiya və kasıbçılıq olacaq!

Deməli, Frensis Fukuyama da daxil olmaqla Ermənistanda baş verənlərin həqiqi olaraq deyil, kimlərəsə sərf edən məzmunda qiymətləndirilməsi ilə real liberalizm və demokratiya arasında heç bir əlaqə yoxdur. Həm də ona görə ki, mahiyyətcə Ermənistan cəmiyyətinin həyat tərzi və siyasilərin təfəkkürü həqiqi liberalizmdən çox uzaqdır. Demokratiya ilə Ermənistan arasında böyük bir uçurum mövcuddur. Onun yaxın perspektivdə aradan qaldırılması imkanı da görünmür!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

ABD çekilirse
06 aprel 2018 Habertürk

ABD çekilirse

Çarşamba günü Astana süreci ortakları Rusya, İran ve Türkiye'nin dünyaya bir birlik ve güç mesajı verdikleri çok yazıldı çizildi.

Davamı...
The West Is Wrong About China's President
03 aprel 2018 Project Syndicate

The West Is Wrong About China's President

China's recent constitutional amendment eliminating the term limits for the president and vice president has left much of the West aghast.

Davamı...