THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Yeni dünya müharibəsini alovlandıracaq 5 ocaq: Qərbin silah şirkətləri bazarlarını genişləndirir

Siz buradasınız: Əsas səhifə »» KİBER MƏKAN »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
12203
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 26 noyabr 2015 – Newtimes.az

Hazırda dünya müxtəlif regionlarda baş verən qanlı toqquşmalara son qoyulması üzərində düşünür. Xüsusilə İŞİD təşkilatının qarşısının alınması üçün hamının birləşməsi zərurətindən danışılır. Bu mübarizəyə hətta hakerlər belə qoşulublar. Görünən odur ki, beynəlxalq terror qrupları yalnız "Kalaşnikov"larla silahlanmayıb, müasir elektron vasitələrdən belə istifadə edə bilirlər. Vəziyyətin bu dərəcədə mürəkkəbləşməsinin səbəbləri çoxdur. Onları siyasi, ideoloji, sosial, psixoloji və hərbi qruplara bölmək olar. Lakin bunlarla yanaşı, silah satışı prosesi də mütləq nəzərə alınmalıdır. Faktlar göstərir ki, indi terrorçuların əllərində olan silahları kimlərsə satır və mənfəət götürür. Gizli oyun gedir – bir tərəfdən radikallara imkan yaradılır, digər tərəfdən isə guya onlara qarşı mübarizə aparılır. Hər iki halda isə ortada silah alverindən qazananlar olur. Arada məsum insanlar həlak olur.

Yeni savaşa doğru: dünyanı silkələyən bombalar

Dünya bu gün müharibələrdən əziyyət çəkir. Tarixin bütün dönəmlərində savaşlar olub. Hətta "100 illik müharibə" ifadəsi belə vardır. Lakin bəşəriyyət heç zaman indiki kimi qırğınlarla üz-üzə qalmamışdı. Silahlı toqquşmalar kütləvi şəkildə qətllərə səbəb olmaqla yanaşı, ümumiyyətlə, dünyanın mövcud olub-olmaması haqqında düşüncələrə yol açır. Bu səbəbdən, yeni qlobal müharibənin mümkünlüyü haqqında istənilən informasiya böyük marağa səbəb olur.

XX əsrdə böyük dövlətlər hərbi savaşların ölkələr arasında münasibətləri tənzimləmədə səmərəsiz olduğu barədə razılığa gəldilər. Xüsusilə ABŞ və o zaman mövcud olan SSRİ nüvə müharibəsi təhlükəsinin reallaşmaması üçün təkcə siyasi-diplomatik yolla mübarizə aparmaqla bağlı ortaq fikrə gəldilər. Lakin təcrübə göstərdi ki, bu, yalnız sözdə belə imiş. Reallıqda müharibənin yeni formalarından istifadə edilməsi müşahidə edildi.

Bununla diplomatik və hərbi leksikona "qeyri-konvensional müharibə" termini daxil edildi. Məsələ ondan ibarətdir ki, tarixin əvvəlki mərhələlərində də müharibənin bu formasından istifadə olunsa da, indi o, əsas üsul olaraq tətbiq olunmaqdadır. Məsələnin bu tərəfi ayrıca təhlilin mövzusudur. Bu səbəbdən də indi müharibə təhlükəsinin böyük olduğu bir zamanda silah satışlarının anatomiyasına və dinamikasına nəzər salaq.

Öncə bir mühüm məqamı vurğulamaq istərdik. ABŞ-ın "The National Interest" jurnalı üçüncü dünya müharibəsini alovlandıra biləcək 5 ocağın olduğundan yazıb (bax: Robert Farley. How World War III Starts: 5 'Sparks' That Could Set the World Ablaze / "The National Interest", 21 noyabr 2015).

Bu sırada ilk yeri Suriya münaqişəsi tutur. İŞİD-in güclənməsi dünyanın bütün ölkələrinin təhlükəsizliyinə təhdidlər yaradır. Avropa, Asiya, Afrika və Amerikada yerləşən dövlətlərin heç biri terror aktlarından sığortalanmayıblar. Demək olar ki, hər gün müxtəlif ölkələrdən həyəcanlı xəbərlər verilir. Belə görünür ki, İŞİD kifayət qədər silaha və texnoloji vasitələrə malikdir.

Daha düşündürücüsü odur ki, bu terror qruplaşmasına üzv olmaq üçün dünyanın 100 ölkəsindən 30 minə yaxın insan axın edir. Bu barədə ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi təmsilçisinin köməkçisi Brett McGurk məlumat verib (bax: ABD’den Türkiye-Suriye sınır açıklaması! / "Habertürk", 21 noyabr 2015). Amerikalı diplomat etiraf edir ki, bu, misli görünməmiş bir hadisədir.

Bundan başqa, dünya hakerlər qrupu olan "Anonymous" İŞİD-ə bağlı olan adamların elektron ünvanını izləməklə dəhşətli informasiya yayıb. Onun iddia etdiyinə görə, bu təşkilat bir neçə ölkədə dalbadal terror aktları həyata keçirməyə qadirdir. Lakin sual olunur: bu qədər imkana bir terror qrupu necə nail olub?

Atəş çəmbəri genişlənir: ədalət olmayanda və vicdan susanda

İŞİD terror təşkilatının tarixçəsi "əl-Qaidə"nin meydana çıxmasını xatırlatmırmı? Keçən əsrin 70-80-ci illərində Amerika ilə SSRİ Əfqanıstan uğrunda mübarizə apararkən "əl-Qaidə" ortaya atıldı, güclü silahlandırıldı, sonra isə bütün dünyanın başağrısına çevrildi. Məntiq diktə edir ki, İŞİD də silahlandırıldı, yeni texnologiyalarla təmin edildi, kimlərə qarşısa istifadə olundu və hazırda bəşəriyyəti müharibəyə sürükləyə biləcək əsas təhlükəyə çevrilib. Ona silahları kimlər satıb?

"The National Interest" ikinci təhlükə mənbəyi kimi Pakistan-Hindistan münaqişəsini göstərir. Burada da radikal terror qrupları dinc durmurlar. Belə vəziyyət tərəflərin səbir kasasını daşıra və Asiyada da ciddi hərbi toqquşmalar başlaya bilər. Təbii ki, həmin ssenaridə Pakistan və Hindistanın müttəfiqləri də işə qarışmağa məcbur olacaqlar. Bəs Asiyada fəaliyyət göstərən radikal qruplaşmalara silahları kimlər və nə üçün satırlar?

Üçüncü təhlükə mənbəyi kimi Cənubi Çin dənizi ətrafında yaranmış vəziyyət göstərilir. Burada da Çin, Yaponiya, Koreya, Vyetnam, Tayland, Sinqapur, Malayziya arasında özünü göstərməkdə olan gərginliyə diqqət yetirilir. Onlar arasındakı münasibətlərdə son zamanlar hərbi gücün nümayişi hallarına tez-tez rast gəlinir. Bunun fonunda həmin regionda ABŞ-ın silahlı qüvvələrini artırması və müttəfiqlərinə yeni silahlar satması haqqında informasiyalar da yayılır. Öz növbəsində Pekin həmin ərazidə yeni hərbi qruplaşma (məsələn, ballistik raket daşıya bilən yeni nəsil sualtı qayıqlar) formalaşdırır.

Dördüncü təhlükə mənbəyi kimi ABŞ-la Çin arasında gedən silah yarışması göstərilir. Bu ölkələr hərbi sahədə bir-birini qabaqlamağa çalışırlar. O cümlədən Cənubi Çin dənizi akvatoriyasında onların yeni silahlar yerləşdirmək yarışı daha da intensivləşir.

Beşinci təhlükə Ukrayna məsələsi ilə bağlıdır. Dünya KİV-i bu ölkəyə silah satışının daha da genişləndiyini vurğulayır. Qərb həm hərbi kontingenti təkmilləşdirir, həm də müasir silahlar verir. Hətta NATO-nun vəziyyətə birbaşa müdaxiləsindən də bəhs olunur. Belə olan halda Rusiya tərəfdən də konkret addımlar atıla bilər.

Beləliklə, Qərb dünyası yeni qlobal müharibənin ortaya çıxa biləcəyindən ehtiyat edir. Onun beş mənbəyini göstərməklə, konkret ünvanlara işarə edir. Bəs həmin ocaqların alovlanmasında ilk rolu silah satışları oynamayıbmı? Terrorçunun əlində silah olmasa, o, necə döyüşə bilər? Çox qəribədir ki, problemin bu tərəfinə nə Qərbdə, nə də Şərqdə diqqət yetirmirlər. Əksinə, inkişaf etmiş ölkələr "kim daha çox silah sata biləcək?" yarışına girişiblər.

Getdikcə daha müasir və geniş məhvetmə gücünə malik silahlar müxtəlif ölkələrə satılır. Deyək ki, Çin Rusiyadan müasir "Su-35" qırıcılarını almağa hazırlaşır, Böyük Britaniya isə 138 "görünməz" tipli yeni qırıcı almaq fikrinə düşüb. Onun dəyəri 12 milyard funt-sterlinq təşkil edir. Bu silahlardan harada istifadə olunacaq?

Bunlarla yanaşı, faktlar hərbi ixtilafların tüğyan etdiyi yerlərə silah satışı mənzərəsini də ortaya qoyur. Belə ki, İngiltərə son 5 ildə 32 milyard ABŞ dolları həcmində silah satıb. Özü də silah ixracatının 40%-i həmin regionlarda həyata keçirilir. Təkcə Şimali Afrikaya 8,4 milyard funt-sterlinq həcmində ölümsaçan silahlar verilib. Bu işlərdən dünyada ən çox "qazanan" Böyük Britaniya və ABŞ şirkətləri olub (bax: Ortadoğu'da kaos silah şirketlerine yaradı / "Habertürk", 21 noyabr 2015).

Biz hələ qanunsuz olaraq hansı həcmdə silah alverinin aparıldığını və konkret olaraq kimlərə satıldığını bilmirik. Görünən odur ki, dünyanın müxtəlif regionlarında terror törədən qruplar kifayət qədər silahlara malikdirlər. Fransada və Malidə baş verən son terror hadisələrində də bu, öz təsdiqini tapdı. Belə çıxır ki, Qərbin narahatlıq keçirdiyi müharibə ocaqlarını elə Qərbin silah şirkətləri formalaşdırır. Bir tərəfdən radikal qruplar yaradılır, silahlandırılır, qarşı-qarşıya qoyulur, digər tərəfdən də bir sıra dövlətlərə müasir silahlar satılır, onları toqquşdurmağa çalışılır. Hər iki variantda isə silah istehsal edən şirkətlər maliyyə qazancı əldə edirlər. Faktlar göstərir ki, son 5 ildə Qərbin həmin şirkətlərinin maliyyə imkanları xeyli genişlənib. Bunun qarşısını almaq fikirləri isə, deyəsən, yoxdur.

Ancaq "The National Interest"in bir xəbərdarlığına diqqət yetirmək gərəkdir. Jurnal yazır: "Ölkələrin liderləri anlamalıdırlar ki, müharibə oyunu çox təhlükəli ola bilər və böhranların artmasına imkan verməməlidirlər" (bax: Robert Farley. How World War III Starts: 5 'Sparks' That Could Set the World Ablaze / "The National Interest", 21 noyabr 2015).

Bu çağırışı eşidəcəklərmi? Bizcə, çətin! Bu halda hər hansı terror qrupuna qarşı aparılan mübarizənin də real səmərəsi ola bilməz. Dünyanın böyük gücləri sadəcə oyun aparır və bu zaman ədalətsiz mexanizmlərdən istifadə edirlərsə, qan tökülməsi dayanmaz, terror bitməz. Bu cür oyunda uduzan bütövlükdə insanlıq və bəşəriyyət olur!

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

İran-Rusya ittifakının geleceği ve Trump politikaları
13 fevral 2017 Anadolu Ajansı

İran-Rusya ittifakının geleceği ve Trump politikaları

ABD Başkanı Trump'ın işbaşına gelmesiyle ABD-Rusya ilişkilerinin düzene gireceğine dair işaretler, İran'ı yeniden hedef haline getirdi.

Davamı...
How To Address Strategic Insecurity In A Turbulent Age
03 yanvar 2017 The Huffington Post

How To Address Strategic Insecurity In A Turbulent Age

The ideal geopolitical response to the crisis of global power is a trilateral connection between the United States, China and Russia.

Davamı...