THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Misir inqilabının məlum və "görünməyən" iştirakçıları

Siz buradasınız: Əsas səhifə »» KİBER MƏKAN »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
6352
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 30 aprel 2015 – Newtimes.az

''Kapitan Rafat (dövlət təhlükəsizliyi xidmətinin əməkdaşı) və həmkarları misirliləri dini inanclarına görə qruplaşdırmaqdansa, internet barədə daha çox düşünsəydilər, onlar rəqəmsal sunamiyə daha hazırlıqlı olardılar''.

Vael Qonim

Bir neçə gün əvvəl vaxtı ilə Qərbin strateji tərəfdaşı və Yaxın Şərqdə sülhün qarantı hesab olunan Hüsnü Mübarəkin 87 yaşında vəfat etdiyi xəbərinin yayılması və bir müddət öncə dövrünün ən böyük "inqilab ruhlandırıcısı'', "Ərəb Baharı''nın mənəvi "atası'' kimi də qəbul edilən 87 yaşlı amerikalı alim Cin Şarpın növbəti 4-cü dəfə Nobel Mükafatına namizədliyinin irəli sürülməsi bizi bir daha 2011-ci il hadisələrini yada salmağa vadar etdi.

Axı necə oldu ki, bir-birini tanımayan bir neçə gənc üsyanlar tarixinə "Facebook inqilabı'' kimi düşən hərəkatı güclü təkan verməyə və qısa zaman ərzində istədikləri "nəticəyə'' nail ola bildilər? Məlum proseslərin siyasi tərəfi barədə dünya mətbuatında yüzlərlə, hətta minlərlə təhlil verilsə də, analitik məqalə və şərh yazılsa da, inqilabın görünməyən detalları ilə bağlı beynəlxalq ictimaiyyətə çox az məlumat verildi. Bu yazıda informasiya texnologiyaların Misir inqilabında oynadığı sürətləndirici rolunu qeyd etməklə yanaşı, o vaxtkı Misir hakimiyyətin buraxdığı səhvləri işıqlandırmağa çalışacağıq.

Bu inqilabının bilinən tərəfi odur ki, 2010-cu ildə müəmmalı şəkildə Misir polisi tərəfindən döyülərək öldürüldüyü bildirilən Xalid Səid adlı bir gənclə bağlı Facebook sosial mediasında yaradılan səhifə nəticə etibarı ilə yüz minlərlə insanın küçələrə axışmasına və Mübarək hakimiyyətinin qısa müddət ərzində devrilməsinə səbəb oldu. Daha sonra o da məlum oldu ki, bu səhifənin yaradıcısı və əsas moderatoru ABŞ vətəndaşı ilə evli olan, o zaman Google şirkətinin Dubayda yerləşən regional ofisinin əməkdaşı kimi fəaliyyət göstərən Vael Qonim adlı misirli bir gənc imiş. Bəs Misirdən kənarda, qayğısız həyat sürdüyü bir vaxtda, onu qəfildən dəyişiklik etməyə sürükləyən səbəb nə ola bilərdi? Vətən sevgisi mi?!

Qonim ilk öncə anti-Mübarək kampaniyasına Beynəlxalq Atom Enerjisi Agentliyinin sabiq rəhbəri, 2005-ci ildə Nobel Sülh Mükafatına layiq görülmüş, Qərbin dəstəklədiyi və beynəlxalq nüfuza malik Məhəmməd Əl-Baradeiyə yardım etməklə başlamış və onun Facebook səhifəsinin yaradıcısı və idarəçisi olmuşdur. Lakin sonradan Əl-Baradeiyin ölkə daxilində o qədər də populyar olmadığını anlayaraq (və ya verilən təlimata uyğun) bütün resursları "Hamımız Xalid Səidik'' adlı facebook səhifəsi vasitəsi ilə sadə misirlilərə hesablanmış psixoloji əməliyyatlara (anti-dövlət təbliğatına) yönləndirdi.

Onu bütün bunlara vadar edən səbəblərin içində təbii ki, Misirin gələcək taleyi maraqlandırmaya bilməzdi, ancaq burada xarici kəşfiyyat orqanları ilə əməkdaşlığı da görməmək ən azı sadəlövhlük olardı. Bunu o özü etiraf etməsə də, 2011-ci il hadisələrinə həsr etdiyi "İnqilab 2.0: Xalqın gücü hakimiyyətdə olanların gücündən daha qüvvətlidir'' adlı memuarında dolayı yolla təsdiqləyir. Müəllif qeyd edir ki, Google şirkətinin daxili qanunları siyasi proseslərə qarışmağı qadağan etdiyi halda, o həbs olunan zaman həmkarları Google-un hədəfli reklam funksiyasından istifadə edərək misirlilərə yönələn kampaniyaya başladılar.

Həbsi ilə bağlı isə Qonim bildirir ki, mitinqlərin olduğu qızğın bir günün axşamı şirkətin ABŞ-dan olan iki əməkdaşı ilə Qahirə restoranlarının birində şam yeməyi etdikdən sonra dərhal Misir xüsusi xidmət orqanları tərəfindən saxlanılır və ona ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə işlədiyi ittihamı irəli sürülür. Axı o günlər Qahirə və digər şəhərlərdə iğtişaşların getdiyi, əksər səfirliklərin fəaliyyətini dondurduğu və Misirə səfərlərin təhlükəli olduğu bir zaman Google işçilərinin ölkəyə gəlmələri və həyatlarını riskə atmaları nə dərəcədə məntiqə uyğun idi? Müəllif kitabında qeyd edir ki, onların səfərinin məqsədi İrlandiyada dini radikalizm və ekstremizmlə bağlı keçiriləcək konfransa hazırlıq məqsədi ilə Misirdəki nüfuzlu dini liderlərlə görüşmək imiş. Həmin şəxslərin dini liderlərlə görüşüb-görüşmədiyi barədə bir məlumat verilməsə də, inqilabdan sonra məhz "Müsəlman qardaşları''nın hakimiyyətə gəlməsi diqqət çəkən məqamdır.

Burada həmçinin iki maraqlı fakt diqqəti cəlb edir. Birincisi, Qonimin sadə Google əməkdaşları kimi təqdim etdiyi şəxslərlə bağlı apardığımız araşdırma nəticəsində məlum oldu ki, bu iki nəfərdən biri şirkətin vitse-prezidenti, digəri isə ABŞ-ın xarici siyasət sahəsində çox məşhur, vaxtı ilə iki dövlət katibinin (Kondoliza Rays və Hilari Klinton) ən yaxın siyasi məsələlər üzrə müşavirlərindən biri olan Cared Kohen (Jared Cohen) imiş. İkincisi, saat yarımlıq görüşdən sonra onlardan ayrılan Vael Qonim, dərhal "Misir üçün dua edin. Deyəsən hakimiyyət sabah qətliam törətməyi planlaşdırır'' şərhini sosial mediada paylaşır. Bu isə öz növbəsində ölkədə hökm sürən ajiotaj, xaos, hakimiyyətə olan nifrət hissini daha da artırmış və lokal qarşıdurmaları alovlandırmışdı. O nahaq yerə kompüterinin klaviaturasını "pulemyot'', yazılan şərhləri isə "güllə'' adlandırmırdı. Artıq kütlənin tələbi yalnız Xalid Səidin ölümünə səbəb olan şəxslərin deyil, məhz prezident Mübarək və ətrafının hakimiyyətdən getməsi və cəzalandırılması idi.

Bəs necə oldu ki, təbiətcə qorxaq xarakterə malik Qonim, istəyinə belə rahatlıqla nail oldu? Bu suala cavab verməmişdən öncə, qeyd etmək lazımdır ki, o, həbs olunduğu günə kimi bütün fəaliyyətini Misirdən kənarda, şəxsiyyətini virtual aləmdə də gizlədərək həyata keçirirdi. Bunun üçün o, ABŞ hökumətinin maliyyə dəstəyi ilə yaradılan, hər kəsə məlum olmasa da, əsasən jurnalistlər, dissidentlər və legitim hakimiyyətlərlə mübarizə aparan radikal qüvvələrin istifadə etdiyi xüsusi kompüter proqramından yararlanırdı.

Onun kitabını oxuyarkən belə bir qənaətə gəlinir ki, inqilabı misirlilər tək başına, heç bir kənar yardım və texniki dəstək olmadan ediblər. Ən azından Qonim 300 səhifəlik kitabında bu haqda heç bir fikir səsləndirmir. Bəs əsl həqiqət necədir? Əvvəldə bildirildiyi kimi, burada xarici xüsusi xidmət orqanlarının inqilabçılara göstərdiyi texnoloji yardımları qeyd etməmək mümkün deyil.

2011-ci ilin əvvəlində Misir hökuməti mitinq təşkilatçılarına mane olmaq və xaricə ötürülən xəbərlərə nəzarət etmək niyyəti ilə ölkədə internetə girişi məhdudlaşdırmışdı. Nümayişlərin təşkili və təbliğat məsələləri Facebook, Twitter və Youtube vasitəsi ilə gedirdi deyə, bu xidmətlərə həm xaricdən, həm də daxildən girişin mümkünsüzlüyü bütün anti-Mübarək qüvvələrini narahat edirdi. Bu vəziyyət maraqlı qüvvələrin, o cümlədən dünyanın ən güclü hakerlərinin (internetdə qeyri-qanuni fəaliyyətlə məşğul olan şəxslər), internet fəallarının və nəhayət "Misir sevənlər”in vahid, idarə olunan "çətir'' altında birləşmələri üçün yaxşı bir bəhanə oldu. Onlar yaranmış informasiya blokadasını yarmağa və dövlətə qarşı əks fəaliyyətə başladılar.

Məşhur amerikalı kibertəhlükəsizlik mütəxəssisləri Piter Singer və Allan Fridman "Kibertəhlükəsizlik və kibermüharibə: hər kəsin bilməli olduğu məqamlar'' adlı kitabın "Ərəb Baharı''na həsr olunan hissəsində Google, Twitter və Skype kimi şirkətlərin Misirdəki nümayişçilərə göstərdikləri texniki dəstəklə bağlı bunu söyləyirlər: "Nümayişlər vaxtı Misir hakimiyyəti internetə girişi qadağan etdiyi zaman xəbərlərin yayımı kəsilməsin deyə bu şirkətlər telefon vasitəsilə edilən səsli mesajları yazı və audio fayla çevirə bilən "Speak to Tweet'' adlı xidməti istifadəyə vermişdilər''. Bu xidmət vasitəsi ilə Mübarək hakimiyyətinə qarşı hazırlanmış mübarizə metodları sadə insanlar arasında yayılır və daha çox insanın anti-dövlət fəaliyyətinə cəlb edilməsi üzərində mütəşəkkil iş aparılırdı.

Dünyanın ən güclü haker qrupu olan "Anonymous'' (Anonim) isə Misirə qarşı "#Op Egypt'' (Misir Əməliyyatları) adlı geniş miqyaslı kiber əməliyyatlara start verdi. Bu əməliyyatların nəticəsində Misirin bütün hökumət strukturları və iqtidar yönümlü KİV-ləri kiber hücumlara məruz qalaraq iflic vəziyyətə düşdülər. Onlar həmçinin ABŞ, Almaniya, İsveç və Fransadan olan internet fəallarından ibarət "Telecomix'' adlı başqa bir qrupla birləşərək Avropadakı iki serverin (mərkəzi kompüter şəbəkəsi) vasitəsi ilə misirlilərə internetə daxil olmalarına imkan verən 42 giriş nöqtəsi ayırdılar. Bu giriş nöqtələrinə dair məlumatları isə Misirdəki bütün mümkün yerlərə (ofis, universitet, xəstəxana, kafe, mağaza və s.) müxtəlif vasitələrlə (zəng, faks, radio və s.) çatdırırdılar ki, insanlar internetə giriş yollarından xəbərdar ola və istifadə edə bilsinlər. Bundan sonra isə Amsterdamda yerləşən köhnə nəsil internetlə təmin edən "XS4All'' (Access for all – ingiliscədən tərcüməsi hər kəs üçün giriş) adlı şirkətə qoşulub öz fəaliyyətlərini davam etdirsinlər.

Eyni zamanda "Anonymous'' qrupu "ehtiyat paketi'' adı altında misirli fəallara kiber məkanda öz kimliklərini gizlətmək metodları ilə bağlı təlimatlar verir, Cin Şarpın ərəbcəyə tərcümə olunmuş qeyri-zorakı mübarizə üsullarını əhali arasında yayırdılar.

Ekspertlərin fikrincə Misir hakimiyyətinin bəlkə də ən böyük səhvlərindən biri interneti, daha sonra isə ölkədəki mobil rabitə vasitələrini tamamilə kəsmək oldu. Bu yanlış addım nümayişlərin daha da kütləvi olmasına təkan verdi. Belə ki, siyasətdən uzaq və qarşıdurmalarda maraqlı olmayan insanlar özləri də bilmədən hadisələrə qoşulmağa başladılar; ölkədəki məlumat qıtlığı insanları nələrin baş verdiyini öyrənmək üçün küçə və meydanlara çıxmağa təhrik etdi (bu isə öz növbəsində "hər kəs hakimiyyətdən narazıdır'' effekti yaratdı); və nəhayət nümayişçilər xarici texniki dəstək vasitəsilə əlaqə saxlayırdılar deyə, hakimiyyət onlara nəzarəti tam itirdi.

Qərb siyasi texnoloqları müasir tariximizdə bəlkə də birinci dəfə kiber məkanın imkanlarını Cin Şarpın hazırladığı qeyri-zorakı mübarizə metodları ilə birləşdirərək hakimiyyət dəyişikliyi etməyə müvəffəq oldular. Nəticə etibari ilə Misirdəki "Mübarək erası'' başa çatdı.

Hüsnü Mübarəkə gəldikdə isə, onun ölüm xəbəri öz rəsmi təsdiqini tapmasa da, vaxtı ilə Misir xalqının qəhrəmanı kimi ölkəsi üçün etdiklərini indi demək olar heç kim yadına salmır. Bu gün nümayişlərin aktiv fazasını həbsdə keçirən (təxminən 11 gün) Vael Qonim barəsində də heç danışılmır. Lakin onun ev tapşırığını uğurla yerinə yetirməsi və xarici havadarlarının yardımı ilə sosial mediada yaratmış olduğu "rəqəmsal sunami''nin gətirdiyi fəlakət barəsində hələ uzun illər danışılacaq. Bu xidmətlərinə görə "Time'' jurnalı onu 2011-ci ildə dünyanın 100 ən nüfuzlu şəxsi sırasına daxil etdi və Dünya İqtisadi Forumu isə 2012-ci ilin gənc qlobal liderlərindən biri seçdi. Onun Misir ictimai-siyasi həyatından ani gedişi, elə gəlişi kimi də oldu. 2014-cü ildə yayılan gizli telefon danışıqları isə onun inqilabdan şəxsi mənafeyi üçün istifadə etdiyini üzə çıxardı. Hazırda isə Qonim doğma Misirini ABŞ-ın Kaliforniya Ştatının San Fransisko şəhərindən, təqribən 12 min kilometr məsafədən sevməyə davam edir.

Digər tərəfdən, hər il olduğu kimi bu ildə bütün dünyanın nəzəri müxtəlif nominasiyalarda verilən Nobel mükafatlarını kimlərin alacağındadır. Cin Şarp bu dəfə də laureat ola bilməzsə, demək sülh üzrə qalibi seçən Norveç Nobel İnstitutu mükafatın hələ də həqiqi sülhə töhfə verən şəxslərə verildiyini qismən də olsa sübut etməli olacaq.

Fərqli üsulla hakimiyyət dəyişikliyi baş verən Misiri isə bundan sonra nələrin gözlədiyini proqnozlaşdırmaq çətin olsa da, 2011-ci il hadisələrinin tam mahiyyətinin nədən ibarət olduğunu tarix mütləq göstərəcək.

P.S. Vael Qonimin həbsindən öncə görüşmüş olduğu Cared Kohen "Time'' və "Foreign Policy'' jurnalları tərəfindən müvafiq olaraq dünyanın 100 ən nüfuzlu şəxsi və qlobal mütəfəkkirlərindən biri seçilmiş, ''Washington Post'' qəzeti və Harvard Kennedi Məktəbinə görə isə o, Amerikanın 6 ən nüfuzlu liderindən biri olmuşdur. Kohen həmçinin Dünya İqtisadi Forumunun gənc qlobal liderlərindəndir.

Newtimes.az

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

We are returning to a world of great-power rivalry
19 oktyabr 2016 The Financial Times

We are returning to a world of great-power rivalry

The US unipolar era lasted less than 25 years, undone by war and financial crisis

Davamı...
Musul Operasyonu: "Topyekûn Muamma"dan "Topyekûn Savaş"a...
17 oktyabr 2016 Milli Gazete

Musul Operasyonu: "Topyekûn Muamma"dan "Topyekûn Savaş"a...

Şimdiden şu söylenebilir: Musul, İslam dünyasının önüne atılmış büyük bir tuzak.

Davamı...