THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Kiber məkan – beşinci fəaliyyət məkanı

Siz buradasınız: Əsas səhifə »» KİBER MƏKAN »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
14172
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 2 mart 2015 – Newtimes.az

Məlumatlara əsasən, kiber məkan terminindən ilk dəfə 1984-cü ildə Uilyam Qibsonun "Yanan Xrom” (Burning Chorme) romanında istifadə edilmişdir. Kiber məkan müasir mənada kompüterlər və kompüter yaddaşı vasitəsilə dünyada istifadə edilən açıq məkan anlayışıdır. Fransız filosofu Pyer Leviyə görə, kiber məkan hamar, yüksək dəqiqliyi ilə seçilən, interaktiv və virtual şəkildə real zamanda emal olunan məkandır. Bu məkan informasiyanın alınmasına, ötürülməsinə, modelləşdirilməsinə və qeydiyyatına imkan yaradır.

XXI əsrin başlanğıcından kiber məkandakı bütün qlobal proseslər dünya ölkələri arasında bu məkana nəzarəti ələ keçirmək üçün bir mübarizənin başlanmasına səbəb oldu. Sosial, iqtisadi, siyasi, ictimai və digər məsələlərin həll edildiyi kiber məkan ona nəzarət edənlərin marağına xidmət edərək, həyatın bütün sahələrini öz təsiri altına alır. İdarəetmədə informasiyadan istifadənin effektivliyinin artırılması, dövlətin, vətəndaşların informasiyaya olan tələbatının təmin edilməsi və ölkənin informasiya cəmiyyətinə keçidi üçün şəraitin yaradılması məqsədi ilə cəmiyyətin həyatının bir çox sahələrində informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunur.

Kiber məkanın əsas tərkib hissələrindən biri də internetdir ki, bu, dünyanın istənilən yerindən dərhal və ucuz qoşulmaq vasitəsi kimi məlumat mübadiləsinin, əməliyyatların çevik və rahat həyata keçirildiyi məkandır. İnternet dünya üzrə dövlət, kommersiya, hərbi və s. şəbəkələri özündə birləşdirən qlobal kompüter şəbəkəsidir. İnternet TCP/IP protokolu əsasında kompüterlərə, müxtəlif diskussiya qruplarına, informasiya resurslarına, elektron poçt xidmətlərinə çıxışı təmin edir. Tam əminliklə kiber məkanda baş verən əməliyyatların böyük hissəsinin internetdə getdiyini demək mümkündür. Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatına əsasən, 2014-cü ildə dünyada internet istifadəçilərinin sayı 3 milyarda yaxın olmuşdur ki, bunların da 66%-i inkişaf etmiş ölkələrin payına düşür.

Hansısa bir web-resursun dərc etdiyi istənilən xarakterli material hər hansı bir senzuraya məruz qalmadan internet məkanında istifadəçilər tərəfindən rahatca oxunur və izlənir. Forumlarda, sosial şəbəkələrdə (facebook, twitter, vkontakte və s.) müzakirələr və debatlar şəklində yazılan interaktiv mətnlər kiber məkanın xarakterik elementlərindəndir.

Məlumatlara görə, dünyada 1,2 milyarddan çox internet səhifəsi mövcuddur. İnternet saytların, böyük və kiçik şəbəkələrin xaos yaratdığı təəssüratı yaranır. Müəyyən mənada həqiqəti əks etdirsə də bu idarə olunan xaosa bənzəyir. İnternetdə həm də müəyyən icmalar formalaşır və bu icmalar daxilində tədricən subyektlərin informasiya mübadiləsi prosesində bütün iştirakçılar üçün ümumi davranış qaydaları yaranır. Bütün internet resursları üçün ümumi qaydaların olmadığını iddia etmək yanlış olardı. Onlar mövcuddurlar və xüsusən kiber məkandan istifadənin texnoloji aspektlərinə aiddirlər.

Kiber məkan həm də böyük həcmdə məlumat toplusudur və burada kəşfiyyat fəaliyyəti üçün də geniş imkanlar mövcuddur. Böyük dünya gücləri kiber məkanın yaratdığı imkanlardan məharətlə istifadə edərək burada öz hərbi, iqtisadi və siyasi maraqlarına uyğun fəaliyyətlər aparırlar. ABŞ rəsmilərinin bildirdiklərinə görə, onlar heç zaman iqtisadi dividentlər əldə etmək üçün kiber məkanda casusluq fəaliyyəti ilə məşğul olmurlar. Halbuki, ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenə görə, Amerika tərəfi xarici dövlətlərdə iqtisadi maraqlarına görə də bu məkandan istifadə etmişdir. ABŞ tərəfi Çini hər zaman xaker hücumları etməkdə ittiham edir. Rusiyanın da bu məkanda öz maraqları vardır. Rusiyanın hərbi doktrinası hətta kiber məkanda hərbi əməliyyatlar aparmaq imkanı verir.

Müasir dövrün əsas təhlükələrindən biri də məhz kiber hücumdur. Kiber məkanda təhlükə yeni bir hadisə deyildir. Müasir kiber məkan milli təhlükəsizlik baxımından müdafiə sisteminin yaradılması zərurətini doğurur. Çünki bir çox vacib sahələrin idarə olunması və istifadəsində kompüter, internet texnologiyasından geniş istifadə olunur və bu, hər an həmin sistemlərin kiber hücumlar nəticəsində sıradan çıxmasına gətirib çıxara bilir. Xakerlər (ilk dövrlərdə xaker daha çox proqramlaşdırmanı yüksək dərəcədə aparan bir şəxs kimi başa düşülürdü. Lakin illər keçdikcə xaker sözü daha çox kompüter haqqında geniş biliklərini qeyri-qanuni və zərərverici fəaliyyətə sərf edən cinayətkar kimi başa düşülməyə başlanıldı) vacib dövlət sistemlərini, eyni zamanda, hərbi sistemləri də iflic etmək iqtidarındadırlar. Onlarla mübarizədə dövlətlər bəzən acizdirlər. Bir sıra dövlətlər və beynəlxalq təşkilatlar kiber məkanda təhlükəsizlik sisteminin yaradılması zərurətini qeyd edirlər.

Dünyada gedən proseslər – terror, müharibələr, iqtisadi mübarizələr kiber məkana da sıçrayaraq leksikonumuza yeni "kibermüharibə", "kiberterrorizm'', "kibercasusluq'' və s. kimi terminləri gətirmişdir. Ənənəvi silahlardan fərqli olaraq, kiber məkanında istifadə olunan müharibə vasitələri dinc dövrdə də istifadə olunur. Bu vasitələrin əsas xüsusiyyətlərindən biri də budur ki, onlar nəinki dövlət, eyni zamanda, terrorçular, kriminal aləm və ayrı-ayrı şəxslər tərəfindən istifadə oluna bilər.

Kiber məkanda müharibə nədir? Küçədə partlayış, qan və tankların yerinə daha səlis və sarsıdıcı zərbədən istifadə etmək mümkündür. Zaman keçdikcə bir çox dövlətlər anlamağa başladılar ki, müharibə həm də virtual aləmdə də gedə bilər. Bu aləm isə yeni beşinci fəaliyyət məkanı kimi qəbul olunur (torpaq, dəniz, hava və kosmik fəzadan sonra). Kiber məkan qarşıdurmaların, müharibələrin yeni məkanına çevrilir. Kibermüharibə danılmaz bir hadisədir, bu cür müharibə kompüterlər arasında olan mübarizə deyildir. Bu çox ciddi fəsadlara, fəlakətə gətirib çıxara bilən bir müharibədir.

Bir-birilə rəqabətdə olan ölkələr, təşkilatlar arasındakı mübarizə internet məkanında da müşahidə olunur. Dünyanın nəbzinin vurduğu kiber məkan, internet saytları, sosial şəbəkələrdəki səhifələr münaqişə məkanına, əksər məsələlərin həll olunduğu müstəviyə çevrilir. Bir sıra dövlətlər informasiya üstünlüyünü təmin etmək məqsədi ilə öz məlumatlarını qorumaqla, rəqibin şəbəkələrinə zərər vurmaq üçün müəyyən vasitələrə əl atırlar və bunun bəzən çox ağır nəticələri olur.

Müasir dövrün əsas tələblərindən biri də məhz kiber məkanda baş verən prosesləri izləmək, orada gedən hadisələrə müəyyən mənada inteqrasiya olunmaqdan ibarətdir. Bu mənada özümüzdən asılı olmayan səbəblərdən bizi hadisələrin içərisinə daxil olmağa vadar edən reallıqlar çoxdur. Kiber məkandan gələ biləcək hər hansı bir təhlükədən qorunmaq üçün özünümüdafiə sistemi hər zaman çevik reaksiya vermək fazasında olmalı, müdafiə üçün isə kiber məkanın, internetin, sosial şəbəkələrin yaratdığı imkanlardan səmərəli və düşüncəli şəkildə istifadə olunmalıdır.

Asif Babayev

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...