THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Kiber məkanda vahid siyasətin təmin edilməsinin çətinlikləri

Siz buradasınız: Əsas səhifə »» KİBER MƏKAN »»
 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
16236
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 24 fevral 2015 – Newtimes.az

Müasir dövr elə bir mərhələyə çatmışdır ki, dövlətlər rəqəmsal şəbəkələrdən daha da asılı vəziyyətə düşüb, yer, dəniz, hava və kosmosda olduğu kimi kiber məkanda da rəqabət etməyə başlamışlar. Kiber məkandakı texnoloji nailiyyətlər isə dünya güclərini bu məkanda öz bacarıqlarını daha da inkişaf etdirməyə məcbur etmişdir. XXI əsrdə kiber məkan modern müharibə formasının həlledici arenasına dönmüş, "kiber təsir'' isə beynəlxalq təhlükəsizlik aləmində gücün davamlı mənbəyinə çevrilmişdir. Eyni zamanda, internet istifadəçilərinin artması, iqtisadi və sosial sistemlərin şəbəkələrdən asılılığı ölkələr üçün birbaşa təhlükələr yaratmışdır. Bu məqalədə qeyd olunan sahədə hazırkı əsas problemlər vurğulanmaqla yanaşı, Birləşmiş Millətlər Təşkilatının (BMT) kiber məkanda sülhün və təhlükəsizliyin qorunub saxlanılması istiqamətində potensial rolu ilə bağlı təkliflər veriləcəkdir.

Birinci və İkinci Cahan müharibələrindən sonra dünya gücləri yeni dünya nizamını müəyyən edəcək beynəlxalq sənədlərlə – Millətlər Liqası və BMT-nin nizamnamələri ilə bağlı razılığa gəlməyə məcbur oldular. Sonuncu sənəd isə yer, dəniz və hava məkanında beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasınında beynəlxalq hüququn əsasını təşkil edir. 2007-ci ildə Estoniya və 2008-ci ildə Gürcüstana olan kiber hücumları saymasaq, kiber məkanda hər hansı ciddi müharibənin olduğunu demək olmaz. Buna baxmayaraq, bu məkanda "Dünya müharibəsi'' ehtimalını nəzərə alaraq, beynəlxalq birlik bu cür fəlakətin baş verməsini gözləmədən, dərhal kiber məkanda əməkdaşlığı formalaşdırmalı və beynəlxalq öhdəlik halına salmalıdır.

Bu gün, kompüter və internet cinayətləri ilə bağlı yeganə beynəlxalq müqavilə hal-hazırda 45 ölkənin də tərəfdar çıxdığı (bəziləri ratifikasiya edib, bəziləri sadəcə qoşulublar) Avropa Şurasının "Kibercinayətkarlıq haqqında'' və yaxud Budapeşt Konvensiyasıdır. Bu sənəd beynəlxalq xarakterli olsa da, onu tam beynəlxalq edə bilməyən onunla bağlı bəzi fikir ayrılıqlarının mövcudluğudur. Misal üçün, Rusiya və bir sıra digər ölkələrin bu müqaviləni imzalamaqdan imtina etmələrinin səbəbi Konvensiyanın 32-ci maddəsidir. Onların fikrincə, bu maddə milli təhlükəsizliyə birbaşa təhdid və ölkənin suverenliyinin pozulmasıdır. Konvensiyanın 32-ci maddəsi (Müvafiq razılıq əsasında kompüterdə saxlanılan və ya ümumi məlumatlara transsərhəd daxilolma) bir tərəfə (yəni üzv dövlət və ya onun hüquq mühafizə orqanına) digər tərəfin icazəsi alınmadan, məlumatın yerləşdiyi coğrafi məkandan asılı olmayaraq açıq kompüter məlumatlarına giriş hüququ verir. Bundan əlavə, birinci tərəf öz ərazisində yerləşən kompüter sistemi vasitəsi ilə digər tərəfin ərazisində olan məlumatın qanuni və ya könüllü əsasla paylaşa bilən şəxsdən əldə olunması hüququnun verilməsidir. Rusiya rəsmilərinə görə, 32-ci maddə hüquq mühafizə orqanlarına (kəşfiyyat xidmətlərinə) xarici dövlətlərdəki məlumatlara icazə verilmədən daxil olmaq imkanı yaradır. Onların fikrincə, bu, suverenlik məsələsidir, həm BMT-nin Nizamnaməsinə, həm də beynəlxalq hüquqa ziddir.

Buna baxmayaraq, 1990-cı illərdən etibarən Rusiya bu sahədəki liderliyi əla almağa çalışır və beynəlxalq əməkdaşlığa çağıran bir sıra sənədlərin təşəbbüskarı olmuşdur. 1998-ci ildə Rusiya BMT-nin Baş Assambleyasına informasiya təhlükəsizliyi ilə bağlı qətnamə layihəsi təklif etmişdir. O vaxtdan etibarən bu məsələ ilə bağlı hər il qətnamələr qəbul olunmuşdur. Bundan əlavə, 2004-cü ildən, kiber məkandakı potensial təhdidləri təftiş edən və onların həlli yollarını tapan hökumət ekspertlərindən ibarət üç qrup yaradılmış və onlara müəyyən mandat verilmişdir. Bununla belə, milli təhlükəsizlik və suverenliklə bağlı ekspertlər arasındakı fikir ayrılıqları bəzən qrupun məqsədlərini az məhsuldar etmişdir.

Bundan əlavə, Rusiya 2011-ci ildə kiber məkanda sülhü və təhlükəsizliyi qorumaq üçün universal mexanizm ola biləcək Beynəlxalq İnformasiya Təhlükəsizlyi haqqında Konvensiyanın layihəsini təqdim etmişdir. Bu sənədin təqdimatı beynəlxalq birlik tərəfindən qeyri-adekvat reaksiyalarla qarşılanaraq fikir müxtəlifliyinə gətirib çıxarmışdı. Sənəd özündə informasiya müharibəsi, informasiya təhlükəsizliyi, informasiya silahları və kiberterrorizm kimi bir sıra konsepsiyaları ehtiva etsə də, Qərbdə bu demokratik dəyərlərə, məlumatların azad axını, fikir və şəxsi azadlıqlara qarşı olduğu bildirildi. Qeyd olunan sənədin bütöv bir fəsli isə hərbi konfliktlərin informasiya (kiber) məkanında aparılmasına həsr edilmişdir.

Bu gün NATO-ya üzv ölkələr və onların müttəfiqləri kiber müdafiə və böhranın idarə olunması adı altında öz "Kiber Bloklarını'' yaradaraq bir sıra əməliyyatlar aparırlar. NATO müttəfiqləri ilə birgə hər il keçirilən "Kiber Koalisiya'' təlimində kiber müdafiə tədbirləri və imkanlarının effektivliyini yoxlayır. Bu təlimlərin bilinməyən bir Afrika ölkəsinə qarşı olduğunu qeyd etsələr də, NATO rəsmiləri bunu Rusiya, Çin və İrandan olan hücumlardan qorunmaq üçün etdiklərini bildirirlər. Digər tərəfdən Rusiya Çin və bir necə MDB ölkəsi ilə birgə güclü əməkdaşlıqlarını quraraq, kiber məkandakı imkanlarını inkişaf etdirməkdədirlər.

Bir sıra ölkələr isə öz hərbi qüvvələrini bu sahəyə artıq uyğunlaşdırmışlar. Rusiyanın elektron müharibə qoşunları və hərbi doktrinaları vardır ki, bu onlara siyasi məqsədlərə çatmaq üçün müasir texniki sistemlərdən və hərbi konfliktlərin qarşısını almaq məqsədi ilə informasiya texnologiyalarından istifadə etmək imkanını verir. ABŞ Müdafiə Nazirliyinin Kiber Komandanlığı isə (USCYBERCOM) kiber təhlükələrə cavab verir, nazirliyinin informasiya və kommunikasiya şəbəkələrinin dayanaqlı və etibarlı olmağını və kiber məkana rahat girişi təmin edir. Bundan əlavə, Komandanlıq gündəlik əsasda komanda və nəzarət sistemləri, silah sistemi platformalarını dəstəkləyən infrastrukturu dağılmaqdan, müdaxilələr və hücumlardan qoruyur. Edvard Snoudenə görə isə ABŞ kəşfiyyat orqanları kiber casusluq və hücum əməliyyatları kimi fəaliyyətlərlə də məşğul olurlar.

Bu məkanda həm də dövlətə bağlı olmayan, dəniz quldurlarına bənzər müstəqil aktorlar da vardır ki, onlar ayrı-ayrı ölkələrə təhlükə yaradırlar. Onlardan biri də, "Team GhostShell'' adlı xaker qrupudur ki, onlar Rusiyanın əsas təhlükəsizlik orqanları və təhsil müəssisələrinə kiber müharibə elan etməmişdən öncə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi, Vol Strit (Wall Street) və dünyanın 100 dən çox aparıcı universitetlərindən məlumatları oğurlaya bilmişdilər. Bu xaker qrupunun məlumatına görə onlar müxtəlif təşkilatlardan 2,5 milyon hesab/siyahıya giriş əldə etmişlər.

Həm dövlət, həm də müstəqil aktorlar tərəfindən bu cür əməllərin çoxalmasına baxmayraq, BMT kiber məkanda sülhü və təhlükəsizliyi bərqərar edilməsi istiqamətində hər hansı konstruktiv addım atmamışdır. Təşkilatın bu sahə ilə məşğul olan yeganə orqanı isə Beynəlxalq Telekommunikasiya İttifaqıdır ki, onlar da yalnız informasiya və kommunikasiya texnologiyalarına cavabdehdirlər.

Görünür, BMT-nin Nizamnaməsini kiber məkanda əvəz edəcək hər hansı bir beynəlxalq sənəd üzrə razılığa gəlinməməyinin səbəbi ya üzv dövlətlərin həvəssizliyi, ya da ki, bunu bilərəkdən etmirlər. Heç olmazsa, onlar dövlətə bağlı olmayan qüvvələrə qarşı birləşələ bilsələr müəyyən bir nəticəyə gəlmək mümkün olar. Bütün üzv dövlətlər xakerlər və mütəşəkkil kiber cinayətkarlıqla mübarizədə BMT-nin Beynəlxalq Dəniz hüququnun 100-cü maddəsində olduğu kimi davransınlar: "Yüksək dənizlərdə və ya dövlətin yurisdiksiyasında olmayan başqa bir yerdə dəniz quldurlarının cəzalandırılması ilə bağlı mümkün qədər tam əməkdaşlıq edilsin''.

Faktiki olaraq BMT Nizamnaməsində qeyd olunmasa da, kiber məkanda hərbi konflikt baş verdiyi zaman onu buraya aid etmək də olar. Üzv ölkələr konflikt anında ilk öncə bunu danışıqlar yolu ilə BMT Təhlükəsizlik Şurasına müraciət edərək və ya Nizamnamənin 41-ci maddəsində qeyd olunduğu kimi kommunikasiya formalarının kəsilməsini (məsələn internetin) təmin edə bilərlər. İstənilən halda BMT Nizamnaməsi yeganə hüquqi əsas kimi xidmət etməyə kifayət deyildir. Ona görə hər hansı bir dövlət yox, məhz təşkilatın özü beynəlxalq hüquqi çərçivəni müəyyən etmək üçün təşəbbüsü ələ almalı və bu vacib məkanda beynəlxalq əməkdaşlığa çağırmalıdır.

Ramid Namazov

Oxşar yazılar

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Yerevan Moskvanı şantaj edir
05 sentyabr 2019 1in.am

Yerevan Moskvanı şantaj edir

"Yerevanın Moskvaya layiqli cavabı: Rusiyada başa düşməlidirlər ki, vəziyyət dəyişib"

Davamı...
2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı
29 avqust 2019 Foreign Policy Journal

2019-cu ildə keçirilmiş "ümumerməni oyunlar"ı sülh perspektivinə kölgə saldı

Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda "ümumerməni oyunları'' təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.

Davamı...