THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Abxaziya dəmir yolu problemi: Gürcüstanın strateji maraqları və reallıqlar

 0 şərh Yazı aralığı+- AFont Ölçüsü+- Çap
8595
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Bakı, 10 aprel 2013 – Newtimes.az

1 oktyabr 2012-ci ildə keçirilən parlament seçkilərində "Gürcü Arzusu” koalisiyası qələbə çaldıqdan və hökuməti qurduqdan sonra Gürcüstanın daxili və xarici siyasətində ciddi dəyişikliklər yaşandı. Hökumət Prezident Mixail Saakaşvilinin hakimiyyəti dövrünə xas olan siyasətdən uzaqlaşaraq siyasi kursa yeni çalarlar gətirməyə çalışır. Bu dəyişiklik cəhdləri Gürcüstan, region və beynəlxalq mətbu orqanlarda müxtəlif aspektlərdən müzakirə edilir. Baş nazir B.İvanişvili və Prezident M.Saakaşvili arasında şəxsi münasibətlər zəminində yaşanan anlaşmazlıqların Gürcüstanın siyasətində də əks olunması ciddi problemlərin ortaya çıxmasına səbəb olmuşdur.   

17 yanvar 2013-cü ildə İvanişvili Ermənistanda səfərdə olarkən Abxaziya üzərindən Ermənistan və Rusiyanı birləşdirən dəmir yolu xəttinin açılmasının mümkün olduğunu bildirmişdir. Bu, İvanişvili tərəfindən regionda təhlükəsizlik və xarici siyasətin dəyişməsi istiqamətində verilən ciddi bəyanat idi və hələ də bu mövzu regionun KİV-də müzakirə edilir. Bəzi mənbələr İvanişvilinin Ermənistanda belə bəyanat verməsini bu ölkə ilə münasibətlərini qaydaya salmağa təşəbbüs kimi dəyərləndirsələr də, İvanişvili hökumətinin xarici siyasət kursunun künc daşlarını dəyişdirməyə cəhd etməsi Abxaziya dəmir yolunun açılması məsələsinin bəsit bir bəyanat olmadığını göstərir. İvanişvilidən sonra cari ilin martın 7-də Ermənistana səfər edən Gürcüstanın müdafiə naziri İrakli Alasaniya da analoji bəyanatla çıxış etmişdir.

Ermənistan Prezidenti Serj Sərkisyanın 11 martda Rusiyaya səfərindən bir neçə gün əvvəl Abxaziya Prezidenti Aleksandr Ankvabın da Rusiyaya səfər etməsinin təsadüf olmadığı haqqında müxtəlif fikirlər səslənir. Bu zaman Gürcüstanın məsələyə necə münasibət bildirməsi olduqca vacibdir. Gürcüstan ərazi bütövlüyünün təmin edilməsindən sonra Abxaziya dəmir yolunun açılmasının mümkün olduğunu bildirsə də, ərazi bütövlüyünün həll edilməsi mümkün görünmür. Gürcüstanın Rusiya ilə sadəcə iqtisadi münasibətlərinin qurulmasına qarşılıq Abxaziya dəmir yolunun açılmasına razılıq verməsi İvanişvili hökumətinin süqutu ilə nəticələnə bilər.

İş adamı zehniyyəti ilə hökuməti idarə etməyə çalışan İvanişvili belə bir yanlışlığa yol verə bilərmi? Dövləti idarə etmək üçün iş adamı zehniyyəti yetərli deyildir, siyasəti, region və beynəlxalq tarazlığı bilmədən hakimiyyətdə qalmağın mümkünsüzlüyünü yəqin ki, İvanişvili acı təcrübəsi ilə öyrənəcəkdir.

İvanişvili hökumətinin Rusiya ilə münasibətlərini qaydaya salacağı haqqında müxtəlif fikirlər səslənsə də, bir neçə gün bundan əvvəl Gürcüstan parlamentinin yeni xarici siyasət sənədini qəbul etməsi bu fikirləri təsdiq etmir. Belə ki, bu sənəddə "ərazilərin işğaldan azad edilməsi və ölkənin beynəlxalq aləmdə tanınmış sərhədlərinin bərpa edilməsi..., Gürcüstan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyan ölkələrlə diplomatik münasibətlər qura bilməz” ifadəsinin yer alması hökumətə Rusiya ilə münasibətləri qaydaya salmağa imkan vermir. Ancaq İvanişvilinin bu sənəddən irəli gələn müddəaları zədələmədən başqa yollarla Rusiya ilə münasibətləri qaydaya salmağa təşəbbüs göstərməsi ehtimalı istisna edilməməlidir.

Rusiyanın Abxaziya dəmir yolunun açılması istiqamətində fəaliyyətini anlamaq mümkündür. Rusiya bununla Ermənistan ilə iqtisadi, siyasi və hərbi əməkdaşlığını genişləndirməyə, Ermənistanda dislokasiya edilən 102-ci hərbi bazasını gücləndirməyə cəhd edir. Rusiyanın bu istəyini Gürcüstan hökuməti də bilir. Məsələ budur ki, Abxaziya və Cənubi Osetiya problemləri Gürcüstanın ərazi bütövlüyü çərçivəsində həll edilmədiyi müddətdə Gürcüstanın Abxaziya dəmir yolunun açılmasına razılıq verməsi Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini de fakto tanıması deməkdir. Rusiyanın regionda güclənməsi hazırda Gürcüstanın strateji maraqlarına xidmət etmir.

Rusiya son zamanlarda Ermənistanın Avrasiya İttifaqına və Gömrük İttifaqına üzv olması üçün təzyiqlərini artırır. Ermənistan hələlik bu barədə konkret cavab verməsə də, Rusiyanın təzyiqlərinə nə zamana qədər davam gətirəcəyi məlum deyil. Rusiyanın Ermənistana təzyiqlərini artırdığı bir ərəfədə Britaniya xarici işlər nazirinin müavini Saymon Freyzer Prezident Serj Sərkisyanın Rusiyaya səfəri zamanı 11 martda verdiyi bəyanatda Ermənistanın Avropa ilə inteqrasiyası və Rusiya ilə inkişaf edən münasibətlərinin bir-biri ilə təzad təşkil etmədiyini, ancaq Ermənistanın Gömrük İttifaqına üzv olmasının, onun Avropa İttifaqı ilə azad ticarət zonası haqqında əməkdaşlığında ciddi problemlərə səbəb olacağını vurğulamışdır. Əlbəttə, bu bəyanatın Sərkisyanın Rusiyaya səfər etdiyi gün verilməsi təsadüf deyildir.

Sərkisyan Moskvada olarkən Avrasiya İttifaqı və Gömrük İttifaqına üzv olacaqları barədə konkret bəyanat verməkdən çəkinsə də, Rusiya səfərindən sonra, 14 martda Avropa Xalq Partiyasının Sammitində iştirak edərkən, Avropa ilə inteqrasiyanın Ermənistanın xarici siyasətinin prioritet məsələsi olduğunu bəyan etmişdir. Əlbəttə, Abxaziya dəmir yolunun açılması ilə Ermənistan Rusiya ilə nəqliyyat dəhlizinə sahib ola bilər. Bu Ermənistan iqtisadiyyatının güclənməsinə paralel olaraq Rusiyanın bu ölkədə dislokasiya edilən 102-ci hərbi bazasının da güclənməsi deməkdir. Belə olduqda Ermənistanın Rusiyadan asılılığı daha da artacaqdır. Ermənistan hökuməti tək tərəfli asılılıqdan narahatdır, amma bu asılılığı azaldaraq Avropa İttifaqı ilə inteqrasiyasını genişləndirmək üçün iqtisadi və siyasi resurslara sahib deyildir.

Buna görə də Ermənistan yol ayrımında qalmışdır. Bir tərəfdən Rusiyanın Avrasiya İttifaqına və Gömrük İttifaqına üzv olması üçün təzyiqlərinin artırması, digər tərəfdən isə daha mütərəqqi və gələcək vəd edən Avropa İttifaqı ilə əməkdaşlıq perspektivləri Ermənistanın gələcəyə hansı qurumla addımlayacağına dair qərar verməsində çətinlik yaradır. Birmənalı olaraq Sərkisyanın Rusiyanın tələblərinə yox deməyə siyasi gücü və cəsarəti çatmır. Ermənistan Avropa İttifaqı və Rusiya arasında tarazlığı qorumağa çalışsa da, hər keçən gün bu tarazlığı qorumaq bir az da çətinləşir.

Dr. Hatəm Cabbarlı

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb
16 oktyabr 2018 Foreign Policy

"Foreign Policy": Ermənistanda "inqilabdan sonrakı" şadyanalıq başa çatıb

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalında Ermənistanda korrupsiya və siyasi qarşıdurmalar barədə məqalə dərc edilib.

Davamı...
"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib
16 oktyabr 2018 Washington Times

"The Washington Times" Con Boltonun Bakıya qarşıdakı səfəri və ABŞ-Azərbaycan strateji tərəfdaşlığı haqqında məqalə dərc edib

ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri kimi Azərbaycanın rolu lazımınca qiymətləndirilməyib.

Davamı...