Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Yaxın Şərq və Şimali Afrika ölkələrinə səfər turnesinə Misirdən başlayıb. Misir Ermənistanın müstəqilliyini tanıyan ilk ərəb ölkələrindəndir. Erməni nazir misirli həmkarı ilə ortaq mətbuat konfransında Osmanlı Türkiyəsinə qarşı birgə mübarizədən və hazırda iki ölkənin təhlükəsizliklə bağlı ortaq maraqlarından danışıb. Mnatsakanyan "ortaq təhlükəsizlik maraqları" dedikdə əslində hər iki dövlətin antitürkiyə mövqeyinə işarə edib. Təsadüfi deyil ki, erməni nazir sonrakı cümləsində Şərqi Aralıq dənizində Yunan Kiprinin, Yunanıstanın və Misirin mövqelərini müdafiə etdiklərini vurğulayıb. Məlumdur ki, adı çəkilən ölkələr Türkiyənin Şərqi Aralıq dənizində enerji kəşfiyyat işlərinə mane olmağa çalışırlar. Daha sonra erməni nazir Şimali Afrikadakı vəziyyətlə Cənubi Qafqazdakı vəziyyət arasında paralellər aparmağa çalışıb.