Davamlı inkişaf gələcək nəsillərin istehlak tələblərinin ödənilməsi imkanlarının qarşısını almadan indiki nəsillərin tələbatının normal şəkildə təmin olunmasına hesablanmış konseptual, mütərəqqi yanaşmadır. Davamlı inkişaf konsepsiyasının mahiyyəti planetin təbii ehtiyatlarından zəruri ehtiyac yoxdursa istifadə etməmək və ya qənaətlə istifadə etmək, ətraf mühitin qorunmasına həssaslıq göstərmək, indiki və gələcək nəsillərin həyat keyfiyyətinin yaxşılaşdırılmasına çalışmaqdan ibarətdir. Bununla yanaşı, davamlı inkişaf insanların tələbatının ağıllı şəkildə ödənilməsi və bütün planetdə sülhün əldə edilməsinə, qorunmasına yönəlmiş sosial-iqtisadi və ekoloji inkişafı nəzərdə tutur.