Gürcüstan Cənubi Qafqazda etnik müxtəlifliyi ilə seçilən ölkədir. Belə ki, burada əhalinin 83,8%-ini təşkil edən gürcülərdən əlavə digər böyük etnik qruplar da vardır ki, bunlar azərbaycanlılar (6,5%), ermənilər (5,7%), ruslar (1,5%) abxazlar, acarlar və osetinlərdir. Cənubi Qafqazın aborigen sakinləri olmayan ermənilər XIX əsrdən etibarən Qafqazın digər regionları ilə yanaşı, Gürcüstanda da məskunlaşdırılmışdır. 1801-ci ildə Şərqi Gürcüstanın Rusiya tərəfindən işğalından sonra, erməni ailələri Lazarevin rəhbərliyi altında İran və Osmanlı imperiyasından Gürcüstanın Şəmşədil (Lori) və Abxaziya bölgələrinə köçürüldü. Tarixi mənbələr və dövrün kameral siyahılarında verilən məlumatlar sübut edir ki, 1807-1808-ci illərdə 338 erməni ailəsi (1906 nəfər) Tiflisin ətrafında Avlabari rayonuna, 1809-1811-ci illərdə Bolnisiyə (Borçalı) 428 erməni ailəsi (2140 nəfər) köçürülmüşdür. 1828-1829-cu illərdə Rusiya-Osmanlı müharibəsində osmanlıların məğlub olması Kiçik Asiyadan ermənilərin Cənubi Qafqaza xüsusilə də Gürcüstan və Azərbaycana köçürülməsi üçün şərait yaratdı. Qars, Ərzurum və Bəyazid vilayətlərindən Gürcüstana 8 min erməni ailəsi köçürülməli idi. Lakin köçürülmə başlanandan sonra ailələrin miqdarı 14 minə çatdırıldı.