Əks halda, Ermənistanda antirusiya eksperimenti yenidən həyata keçirilə bilər.
Müəllif: Zəfər Nəcəfov
Sentyabrın 27-də əks-həmlə ilə başlanan və Vətən müharibəsi kimi xarakterizə edilən İkinci Qarabağ müharibəsi cəmi 44 gün çəkdi. Ay yarım ərzində Ermənistan, Qarabağ, xaricdə yaşayan ermənilərdən, PKK, PYD/YPG, ASALA və Yaxın Şərqin digər terror təşkilatlarından ibarət işğalçı və cinayətkar ordunun qarşısında sinəsini sipər etmiş şanlı Azərbaycan Ordusu elə bir zəfər salnaməsi yazdı ki, bu barədə xarici ölkələrin qərargahlarında, hərbi təhsil və hərbi-tədqiqat müəssisələrində, hərb tarixi dərsliklərində indən belə çox yazılacaq və tədqiqatlar aparılacaq.
Hərbi əməliyyatların 25-ci günü bir sıra həlledici məqamlarla yadda qaldı. Belə ki, Azərbaycan Ordusu 27 ildən sonra Qarabağ istiqamətində İranla 132 km-lik sərhəd xəttinə nəzarəti bərpa etdi. Bu istiqamətdən separatçı rejim qanunsuz fəaliyyətlər həyata keçirirdi. Həmin yolun bağlanması cənub qapısının separatçı xuntanın üzünə bağlanması deməkdir. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlmiləlləşməsinə rəvac verə biləcək istiqamətlərdən biri məhz işğal altında olan 132 km-lik ərazilərimiz idi. Belə ki, həmin istiqamətdə gedən hərbi əməliyyatlar zamanı İranın sərhədyanı əraziləri raket atəşinə məruz qalmış və dağıtılar qeydə alınmışdır. Əgər münaqişə eskalasiya olunsaydı, istər-istəməz onun həmin ərazilərə yayılması və oradakı azərbaycanlıların buna biganə qalmayacağı mütləq idi.
Azərbaycan Ordusu sentyabrın 27-dən başlayaraq əks-hücuma keçməklə öz ərazilərini erməni işğalından təmizləməyə başlayıb. Bu müharibə XXI əsrin hərb tarixinə düşəcək legitim və müasir konvensional müharibədir. Adətən "Soyuq müharibə"dən sonra belə bir fikir dominantlıq təşkil etməyə başlamışdır ki, yeni dövrün müharibələri daha çox dövlətdaxili parametrlərdən: etnik-dini, ərazi və resurs, həmçinin siyasi statusların (hakimiyyət) ziddiyyətlərindən doğan setsessiya və vətəndaş münaqişələri olacaq. Klauzevitsin banisi olduğu simmetrik müharibə-dövlətlərarası hərbi qarşıdurmanın isə getdikcə tarix səhnəsindən silinəcəyinə dair elmi dairələr arasında müxtəlif fikirlər səslənirdi. Həqiqətən Klauzevits irsinin tarixin arxivinə göndərilməsinə rəvac verən hərbi-siyasi proseslər baş verməkdə idi. Belə ki, əksər beynəlxalq araşdırma mərkəzlərinin statistikasında mütləq üstünlük daxili münaqişələrin xeyrinə öz əksini tapırdı.
Azərbaycan Ordusunun son iki həftə ərzində müəyyən əraziləri işğaldan azad etməsi, xüsusən də Füzuli, Cəbrayıl, Hadrut, Suqovuşan və Murovdağ istiqamətində uğurla irəliləməsi artıq ermənilərin qondarma "DQR" ilə Azərbaycan əraziləri arasında təhlükəsizlik zolağı kimi təqdim etdiyi bufer zona (Dağlıq Qarabağa bitişik ərazilərimiz) və ya belə demək mümkündürsə Aprel döyüşlərində sarsıdılmış və hazırkı hərbi əməliyyatlar zamanı tamamilə darmadağın edilmiş "Ohanyan xətti" adlı bir sipər daha yoxdur. Bundan əlavə, Azərbaycan Ordusu Hadrutu işğaldan təmizləməklə separatçı rejimin qanunsuz idarə etdiyi torpağımıza – Dağlıq Qarabağ ərazisinin içərisinə daxil olub. Bu isə erməni işğalçılarının "ərazi əvəzində status" adlı təcavüzkar formulunun aradan qalxmasına və "işğal olunmuş ərazilərimizin deokkupasiyası" şərtini – yəni yeni "fait accompli"ni istər Ermənistan, istərsə də həmsədrlər tərəfindən qəbul edilməsinə dəlalət edir.
Diplomatiyamızın uğurlarını elə sentyabrın 27-dən başlamış hərbi əməliyyatların gedişatından hiss etmək mümkündür. Qardaş Türkiyə rəsmiləri birmənalı şəkildə Azərbaycanın yanında olduqlarını və ölkəmizin hərbi yardımla bağlı edəcəyi müraciətinə müsbət baxılacağını açıq-aşkar bəyan edirlər. Rusiya qonşularının daxili işlərinə qarışmayacağını, İran isə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. O ki, qaldı ABŞ və Fransa kimi regiondan kənar qüvvələrə, onların regiondakı proseslərə təsiri yox dərəcəsindədir. Cənubi Qafqazda yaranmış hərbi-siyasi şərait dövlətimizin xeyrinədir və belə bir məqamda ölkəmizin işğal edilmiş ərazilərdə suverenliyini təmin etmək şansından maksimum yararlanmalıyıq.
Ermənistan 2016-cı ilin aprelində baş vermiş dördgünlük savaşda xeyli sayda canlı qüvvə və 2 min hektar ərazini itirmiş, erməni cəmiyyətində, orduda mənəvi-psixoloji durum aşağı düşmüş, əvvəlcə hərbi rəhbərliyin bir sıra aparıcı xidmət rəisləri tutduqları vəzifələrdən kənarlaşdırılmış, sonda isə müdafiə naziri S.Ohanyan öz vəzifəsini tərk etməli olmuşdur. Aprel döyüşlərinin ən mühüm nəticəsi Ermənistanı 1998-ci ildən bəri idarə edən Qarabağ klanının hakimiyyəti "məxməri inqilabçıya" – Ermənistan ermənisi N.Paşinyana təhvil verməsiylə tamamlanmışdır. Aprel döyüşlərinin erməni cəmiyyəti üçün kabusa çevrilməsi bununla bitməmişdir. Mənəvi-psixoloji cəhətdən düşkün vəziyyətdə olan Ermənistan iki ilin tamamında daha bir ciddi zərbə almışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduqca mürəkkəb və həlli müşkülə çevrilmiş bir münaqişədir. Qarsıduran tərəflərdən savayı, "üçüncü tərəflərin" bu münaqişədə kifayət qədər mühüm geosiyasi və geoiqtisadi maraqları var. Rusiya, İran və Türkiyə daim bu münaqişənin neqativ təsirini hiss edirlər. "Status-kvo"nun sürüşkən olması region ölkələrinin sərhəd təhlükəsizliyinə ciddi təhdid edir. Münaqişənin hərbi fazasının bərpa olacağı təqdirdə, onun asanlıqla eskalasiyasına gətirə bilər. Çünki münaqişə ətrafında maraqlı qüvvələr həm fərdi, həm də kollektiv (ittifaq) şəkildə siyasət həyata keçirirlər. Bu da istər-istəməz hərbi əməliyyatlar zamanı kənar müdaxilələrin olacağını və nəticədə, münaqişənin genişmiqyaslı hərbi əməliyyatlar səhnəsinə çevriləcəyini istisna etmir.
Azərbaycanın Zəngilan rayonu – İpək Yolu üzərində strateji qovşaq
Zəngilan Azərbaycan üçün çox əlverişli məkanda yerləşir
Davamı...