THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASƏTİNİN BÜTÜN SİRLƏRİNİ AÇIRIQ

Layihə haqqında

Siz buradasınız: Əsas səhifə »» Haqqımızda »»
Yazı aralığı+- AFont Ölçüsü+- Çap
11375
Yazı aralığı+- AFont Ölçüsü+- Çap

Hörmətli oxucular,

Bu gündən başlayaraq media aləmində yeni bir portal ilə sizinlə görüşə gəlmişik. "New Times" adı altında fəaliyyət göstərəcək bu analitik informasiya portalını zamanın çağırışına reaksiya hesab edirik.

Məqsədimiz bu gün dünyada siyasət, beynəlxalq və dövlətlərarası münasibətlərdə baş verən hadisələri, prosesləri, atılan addımları təhlil edərək, onların ətrafında fikir mübadiləsi aparmaq, mahiyyəti haqqında oxuculara tərəfsiz, obyektiv, əsaslandırılmış mövqe bildirməkdir. Hesab edirik ki, bu sahədə ciddi problemlər var. XX əsrdə bir-birinə qarşı duran iki qütbdən birinin iflasından sonra yaşadığımız iki onillikdə baş verən hadisə və proseslərin mürəkkəbliyi və intensivliyi onların mahiyyətinə varmağı çətinləşdirsə də, bunun nə dərəcədə vacib və əhəmiyyətli olması heç kimdə şübhə doğurmur.

Bu gün planetin informasiya təminatında hökm sürən monopoliya və bu monopoliyadan məqsədli istifadə siyasətçilərə, politoloqlara, ictimai-siyasi xadimlərə, bir sözlə bu sahə ilə məşğul olan mütəxəssislərə sirr deyil. Siyasətçilər, diplomatlar, ekspertlər və digərləri monopolist media orqanlarının çox zaman heç bir sosial-siyasi əhəmiyyəti olmayan məlumatı xüsusi canfəşanlıqla təbliğat vasitəsinə çevirməsinin tez-tez şahidi olurlar.

Hətta bəzən məkrli informasiya təminatı o qədər kobud, açıq-aydın aparılır ki, siyasətdən uzaq insanların da nəzərindən qaçmır. Bir çox hallarda isə mahiyyəti, proseslərə təsiri ilə mühüm əhəmiyyət daşıyan hadisələr haqqında bir kəlmə də olsun danışılmır. Əlbəttə bu yanaşmalar səbəbsiz deyil. Amma bu gün dünyanı informasiya idarə edir desək, yəqin ki, yanılmarıq. Bu zaman informasiyaya ədalətli, həssas, tərəfsiz yanaşmanın nə dərəcədə mühüm əhəmiyyət daşıması fikri ilə razılaşmamaq mümkün deyil.

Düşünürük ki, bu gün Qərbin haqlı olaraq müdafiəsinə qalxdığı universal dəyərlər sırasında ən birincisi və əsası, heç şübhəsiz, ədalət prinsipidir. Ədalət olmayan yerdə qalan digər prinsiplər də tam həyata keçirilə bilməz. Prezident R.Reyqanın 1983-cü ildə söylədiyi belə bir fikri diqqəti çəkir: Amerika ədalətli olmalıdır, Amerika ədalətli olmasa böyük olmayacaqdır. Doğrudan da əgər dünyada baş verən proses və hadisələrə ədalətli yanaşma olmasa, onda bəyan edilən dəyərlər, onların həyata keçirilməsi iddia olunan məqsədlərə çatmağa imkan verməyəcəkdir.

Aydındır ki, dünyanın super dövlətlərinin bütün prosesləri yalnız öz maraqları çərçivəsində həll etməyə çalışması və beləliklə də hətta çox zaman dost, tərəfdaş dövlətlərin maraqlarına belə laqeyd münasibət nümayiş etdirməsi beynəlxalq münasibətlərə, dövlətlərarası münasibətlərə mənfi təsir göstərir, dövlətlərin bir-birinə inamını azaldır, bu da nəticədə beynəlxalq münasibətlərdə gərginliyə səbəb olur, bloklaşma meyllərinə rəvac verir və s.

Beləliklə də, uzun illər arzu edilən, məqsəd kimi qarşıya qoyulan qarşılıqlı hörmət, anlaşma və əməkdaşlıq münasibətləri, eləcə də davamlı sülh, sabitlik və tərəqqi təmin edilə bilmir, dövlətlər arasında, beynəlxalq və regional təşkilatlar çərçivəsində qəbul edilən, imzalanan yüzlərlə müqavilə, saziş, konvensiya, nizamnamə, xartiya və sair və ilaxır, bu kimi sənədlərdə təsbit olunan nəcib prinsiplər tam həyata keçirilə bilmir.

Axı, XX əsrdə baş verən iki dəhşətli dünya müharibəsinin, onların katastrofik nəticələrinin, bəşəriyyəti düçar etdikləri fəlakətlərin təkrar olunmaması üçün siyasi və ideoloji platformasından asılı olmayaraq planetin nüfuzlu dövlətləri böyük səylər göstərərək dövlətlərarası və beynəlxalq münasibətləri müəyyən bir hüquqi çərçivəyə salmaq, dövlətlər arasında baş verən anlaşılmazlıq, münaqişə və digər problemlərin sülh, danışıqlar yolu ilə həllinə nail olmaq məqsədilə beynəlxalq hüquq mexanizmi yaratmaq qərarına gəldilər. Bir sıra beynəlxalq qurumlar yaratdılar.

Çətin yol olsa da – mühüm addımlar atıldı. Mükəmməl olmasa da beynəlxalq hüquq, onun norma və prinsiplərini özündə ehtiva edən çoxsaylı sənədlər – Nizamnamələr, Xartiyalar, Konvensiyalar, Müqavilələr və s. razılaşdırıldı, imzalandı, qəbul edildi. Doğrudan da tarixi əhəmiyyətli işlər görüldü.

Güman etmək olardı ki, dünyanın ən mühüm aparıcı dövlətlərinin xüsusi səyləri nəticəsində formalaşmış beynəlxalq hüquqa rəayət edilməsi prosesi elə onların səyləri sayəsində də asanlıqla həyata keçiriləcəkdir. Və nəhayət planetdə hamını təmin edən, ədalətli qayda-qanun, durum hökm sürəcəkdir.

Lakin göründüyü kimi bu arzu, istək elə arzu, istək olaraq qalmaqda davam etdi. Burada çox sadə, lakin, güclü məntiqə söykənən bir sual ortaya çıxır. Bu qədər nəhəng səylər nəticəsində, uzun sürən proseslərdən sonra hamı tərəfindən qəbul edilən beynəlxalq hüququn norma və prinsiplərinin, heç olmasa fundamental müddəaları yerinə yetirilərsə bəşəriyyət üçün – mehriban qonşuluq, dostluq, əməkdaşlıq – bunların sayəsində isə sabitlik, təhlükəsizlik, tərəqqi, inkişaf təmin edilə bilməzmi? Axı beynəlxalq münasibətlərlə bağlı hər gün verilən bəyanatlar, edilən çıxışlar, yazılan məqalələr, yayılan materiallar, imzalanan sənədlər mövcud beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq bu məqsədə çatmağı qarşılarına məqsəd qoyurlar. Amma təəssüf ki, hələlik buna nail olmaq mümkün olmur.

U.Çorçillin İngiltərənin daimi dostları yox, daimi maraqları var – cümləsindən sonra çox görkəmli ingilis siyasətçisi elə bu qədər səmimiliklə bəyan etmişdir ki, beynəlxalq hüquq yalnız böyük dövlətlərə xidmət etmək üçündür. Buradan belə bir nəticəyə gəlmək olar ki, beynəlxalq hüquq gücə xidmət etmək üçün formalaşdırılıb. Bu tezisin həqiqətə yaxın olmasını təsdiq edən hadisə və proseslərin çoxluğu onu təbii olaraq yazılmamış normaya çevirir.

Belə olduqda başqa bir suala cavab axtarmaq lazım gəlir. Bu nə qədər davam edəcəkdir. Beynəlxalq münasibətlərin tarixinə nəzər salaraq ilk dövrlərdən indiyə kimi nəyin dəyişdiyini müəyyənləşdirmək istəsək çətin vəziyyət yaranır. Bu gün baş verən proseslərin ətraflı, əsaslı və dərin təhlili mahiyyət etibarı ilə elə bir dəyişikliyin olmadığını söyləməyə əsas verir.

Dəyişən isə daha çox ritorika, forma və metodlardır. Elə buna görə də universal dəyərləri sıralamaq lazım gələrsə, onların içərisindən heç şübhəsiz, ən vacibi olan ədalət prinsipinin beynəlxalq münasibətləri əhatə edən bütün proseslərin ana xətti kimi nə dərəcədə vacib olması hamıya aydındır.

Daha bir həqiqət də aydındır. Əgər dövlətlərarası və beynəlxalq münasibətlərdə ədalət olmasa bir tərəfdən universal dəyərlərin təmin edilməsi məsələsi daim gündəlikdə qalaraq hansısa geosiyasi maraqlara xidmət edəcək, digər tərəfdən isə dövlətlərarası və beynəlxalq münasibətlərdə geosiyasi maraqların əsas faktora çevrilməsi tez-gec gərginliyin, soyuq müharibənin və daha təhlükəli situasiyaların yaranmasına gətirib çıxaracaqdır.

Belə situasiya isə hətta superdövlətlərin də maraqları ilə üst-üstə düşmür. Bunu görməmək, nəzərə almamaq strateji səhvdir. Tarixdə mövcud olmuş imperiyaların taleyi həm sübut, həm də dərsdir. Əsas məsələ görmək və nəticə çıxarmaqdır. Nəticə çıxarmaq isə heç vaxt gec deyil.

Elə bu məqsədlə də "New Times" analitik informasiya portalı Sizinlə görüşə gəlmişdir. Düşünürük ki, birgə səylərimizlə regionda və beynəlxalq aləmdə gedən prosesləri araşdıraraq, təhlil edərək ədalətli mövqenin formalaşmasına öz töhfəmizi verə bilərik. Bu vacib missiyanın həyata keçirilməsində hamımıza uğurlar arzulayırıq.

NewTimes

Oxşar yazılar

Qoşulu olduğu bölmələr

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Yeni layihə

Xarici mətbuat

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka
03 noyabr 2017 Anadolu Ajansı

Türkiye-Azerbaycan: Savunma iş birliğinden askeri ittifaka

Türkiye ile Azerbaycan arasındaki kardeşlik bağları Güney Kafkasya stratejik dengesini değiştirecek bir askeri ittifak haline gelmiş durumda.

Davamı...
Баку-Тбилиси-Карс оставляет Армению вне игры?
30 oktyabr 2017 Regnum

Баку-Тбилиси-Карс оставляет Армению вне игры?

«Армения становится тысячелетней слепой совой, сидящей на высоком камне на перекрестке больших дорог»

Davamı...